Məhkəmə qərarları › İş №2-2(103)-69/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-69/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-69/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2150/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 61K/13 nömrəli 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3.800.000 manat məbləğində əsas borc, 2.264.801,33 manat məbləğində faiz borcu və 221.224,58 manat məbləğində cərimə borcu, cəmi 6.286.045,91 manat məbləğində borc və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 1 manat məbləğində bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.08.2021-ci il tarixli 2-2(113)-2150/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-dən 3.800.000 (üç milyon səkkiz yüz min) manat məbləğində əsas borc, 600.644,24 manat (altı yüz min altı yüz qırx dörd manat iyirmi dörd qəpik) məbləğində faiz borcu, 100.000 (yüz min) manat məbləğində dəbbə pulu, cəmi 4.500.644,24 manat (dörd milyon beş yüz min altı yüz qırx dörd manat iyirmi dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğinin 100 (yüz) manat hissəsinin Cavabdeh-dən, 50 (əlli) manat hissəsinin Ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sənədlər - bank çıxarışları bankın özünün təqdim etdiyi və birtərəfli qaydada tərtib etdiyi sübutdur. Bundan başqa cavabdeh tərəfindən hər hansı bir kreditin götürülmədiyi qeyd edilmişdir. Sözügedən çek isə cavabdehin cari hesabından çıxardığı vəsaitin çıxardığını təsdiq edir. X4ydalarına görə əgər cavabdeh vəsaiti kassadan nağd çıxarmış olsaydı, bu barədə kassa məxaric orderi olmalı idi və ya bank bunu cavabdehin cari hesabına köçürsəydi sintetik uçotu və köçürməni təsdiq edən sənədi - memorial orderləri təqdim etməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında 16 iyul 2013-cü il tarixli, 61K/13 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsi bağlanılmış və müqaviləyə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faizlə 3.800.000 manat məbləğində kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi və kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 3.800.000 manat, faiz borcu 2.264.801,33 manat, cərimə borcu 221.224,58 manat, cəmi borcu isə 6.286.045,91 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və kredit məbləğinin ona ümumiyyətlə verilmədiyini bildirir. Apellyasiya şikayətində də cavabdeh məhz həmin dəlillərə istinad etmişdir. Kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 iyul 2020-ci il tarixli, 9/4409 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatlardan göründüyü kimi, tərəflər arasında imzalanmış 16.07.2013-cü il tarixli 61K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsi şərtləri əsas götürülməklə 16.07.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) Cavabdeh-nin iddiaçı ləğv prosesində olan "xxxx" ASC– yə olan əsas borcu 3.800.000 manat, faiz borcu 600.644,24 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, cərimə borcunu da azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, o cümlədən ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, apellyasiya baxışının həddində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, 16.07.2013-cü il tarixli mübahisəli kredit xətti müqaviləsinə əsasən müvafiq kredit məbləğinin "xxxx" ASC tərəfindən cavabdehə ayrılması və sonradan cavabdeh tərəfindən istifadə edilməsi iş materiallarında olan 1-68833-1 saylı bank hesabından çıxarışla, həmin məbləğin 3.762.175 manat hissəsinin nağdlaşdırılaraq Cavabdeh-nin direktoruna təqdim edilməsi isə 16.07.2013-cü il tarixli BOA 108452 nömrəli çeklə öz təsdiqini tapır. Bununla yanaşı kredit məbləğinin Cavabdeh-nin sərəncamına verilməsi faktı həmçinin onunla da təsdiq edilir ki, cavabdehin qanuni təmsilçisi 16.07.2013-cü il tarixli müddətli öhdəliyə imza etməklə 3.800.000 manat məbləğində borc öhdəliyini üzərinə götürmüş və öhdəliyin tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına akseptsiz qaydada silinməsinə razılıq vermişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2150/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.08.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar