Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-69/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2510/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024 il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, SMN- 00036-14/21A saylı “Əsas Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 72 (yetmiş iki) ay müddətinə, maksimal faiz dərəcəsi 35 (otuz beş) % olmaqla xx.xx.2027-ci il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verə bilər.
2. Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, SMN- B0036-14/21A saylı “Əlavə Kredit Müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə 90 000 (doxsan min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.
3. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNZ-00036- 14/21 saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, SMN-00036-14/21A nömrəli “Əsas Kredit Müqavilə”si üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
4. Eyni zamanda, Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA00036-14/21A saylı ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir.
5. Müqavilələr tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNB0036- 14/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 61.540,75 manat əsas borc, 2.302,02 manat faiz borcu, 3.077,0375 manat dəbbə borcu, ümumilikdə 66.919,80 manat borc, iddia qaldırılması üçün 291 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh2 MMC və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditin təminatı qismində cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobil açıq hərracda satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMN-00036-14/21A saylı “Əsas Kredit Müqaviləsi”nə əsasən müəyyən olunur ki, bank cavabdehə 72 (yetmiş iki) ay müddətinə, maksimal faiz dərəcəsi 35 (otuz beş) % olmaqla xx.xx.2027-ci il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 500 000 (beş yüz min) AZN məbləğində kredit verə bilər. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMN-B0036-14/21A saylı “Əlavə Kredit Müqaviləsi”nə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə 90 000 (doxsan min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı biznes məqsədi olmuşdur. Həmin kreditin təminatı qismində iddiaçıyla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA- 00036- 14/21A saylı ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobildir. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMNZ-00036- 14/21 saylı “Zaminlik Müqaviləsi”nə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, SMN00036-14/21A nömrəli “Əsas Kredit Müqavilə”si üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Əcəmi ” filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, SMN-B0036-14/21A saylı kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh ümumilikdə 3.299.04 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2510/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 61.540 (altmış bir min beş yüz qırx) manat, 75 (yetmiş beş) qəpik, faiz borcu üzrə 2.302 (iki min üç yüz iki) manat, 02 (iki) qəpik, cərimə borcu üzrə 3.077 (üç min yetmiş yeddi) manat, 03 (üç) qəpik olmaqla, cəmi 66.919 (altmış altı min doqquz yüz on doqquz) manat, 80 (səksən) qəpik məbləğində pulun Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 291 (bir yüz iyirmi iki) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2021- ci il tarixli kredit müqaviləsinə əsasən tutma X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
9.1. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 9.2. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. 9.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. 9.4. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. 9.5. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. 9.6. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. 9.7. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin əsas borc üzrə 61.540,75 manat, faiz borcu üzrə 2.302,02 manat, cərimə borcu üzrə 3.077,0375 manat olmaqla, cəmi 66.919,8075 manat təşkil edir. 9.8. Cavabdeh tərəf isə müəyyən ödənişlər etdiyini bildirsə də, qəbzləri saxlamadıqlarını və ona görə də, məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. 9.9. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 61.540,75 manat, faiz borcu üzrə 2.302,02 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 9.10. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır. 9.11. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 9.12. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 3.077,03 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. 9.13. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. 9.14. İşdə olan Bank "xxxx" ASC ilə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SMMGA00036-14/21A saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh2 MMCyə məxsus olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, XUG0050GVMCB06616 ban nömrəli, sarı rəngli avtomobil təşkil edir. 9.15. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ipoteka qoyan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 təqvim günü gecikdirildiyi və ya kredit müqaviləsinin şərtləri pozulduğu təqdirdə və ya bu müqavilədə və qanunvericiliklə müəyyən olunmuş digər hallarda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosesinin başlanması haqqında ipoteka qoyana bildiriş göndərə bilər. Əsas öhdəlik bildiriş ipoteka qoyana təqdim edildiyi gündən 21 təqvim günü müddətində ipoteka qoyan tərəfindən icra olunmadığı təqdirdə ipoteka predmetinə tutma yönəldilir və ipoteka predmeti aşağıdakı üsullarla satılır: a) açıq bazarda: b) hərracda. 9.16. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən tutma X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 2021-ci il buraxılışlı, XCMG ZL50GN markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı frontal yükləyici avtomobilə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir. 9.17. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 291 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 9.18. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 291 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. 9.19. Məhkəmə həmçinin qeyd edir ki, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da Cavabdeh1 və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 269.5, 462.1, 739.1, 741-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1, 59.3.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1 və 36.2-ci maddələri, eləcə də “Mediasiya haqqında” Qanunun 36.5.-ci maddəsini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2510/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, Bankın iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, 23 avqust 2023-cü il tarixli arayışa əsasən cavabdeh 60.000 manata yaxın ödəniş etmişdir. Edilmiş digər ödənişlərin qəbzləri qalmadığı üçün tərəf təqdim edə bilməmişdir. Elə iddiaçının özünün təqdim etdiyi sənədlərə baxdıqda bu açıqaşkar görsənir. Borc məbləği iddiaçı tərəfindən verilmiş sənədlərə əsasən 30.000 manat olmasına baxmayaraq bunun iki qatından çox məbləğ tələb edilir. Bakı Kommersiya Məhkəməsində icraat zamanı nə borc məbləğinin dəqiqləşdirilməsi ilə bağlı, nə də texnikanın qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Ən azından ekspertiza təyin olunub, bu məsələlər dəqiqləşdirilməli, daha sonra qətnamə qəbul edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallara qiymət verilməmişdir. Qətnamə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə ancaq iddiaçının bildirdiyi və təqdim etdiyi sübutlara qiymət vermiş, işin həqiqi hallarını araşdırmamışdır. İşin hallarından da göründüyü kimi tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Lakin bu onu deməyə əsas vermir ki, birmənalı olaraq iddiaçı tərəfindən üzərinə düşən öhdəlik icra edilmiş, cavabdeh isə həmin öhdəliyin icrasında yayınmışdır. Öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsi və ya yerinə yetirilməməsində ifadə olunur. Lakin işin hallarından da göründüyü kimi, tərəfimdən kifayət qədər ödənişlər edilmiş, lakin edilmiş ödənişlər əsas borc məbləğindən çıxılmamışdır. Halbuki, iddiaçının özlərinin təqdim etdiyi arayışla belə 60.000 manat pul vəsaiti ödənildiyi öz təsdiqini tapmışdır. Hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında işin faktiki halları geniş şəkildə məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin bu halların heç biri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə cərimə məbləğini ümumiyyətlə azaldılmamışdır. Məhkəmə tərəfindən cərimə məbləğini tam saxlamaqla iddiaçının tələb etdiyi əsas borc məbləğinin həddən artıq yüksək olmasını, habelə cavabdehlər tərəfindən edilmiş ödənişlərin əsas borc məbləğindən çıxılmadığını nəzərə almamışdır. Və nəticə etibarı ilə cərimə məbləğini azaltmamışdır. Edilmiş ödəniş əsas borc məbləğindən çıxılmalı olduğu təqdirdə çıxılmamışdır. Ən azından ekspertiza təyin olunub, bu məsələlər dəqiqləşdirilməli, daha sonra qətnamə qəbul edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallara qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
19. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
23. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
34. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
35. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə iddiaçının izahatını, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
47. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
49. Cavabdeh1 öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyini qeyd edərək, xüsusi bilik tələb etdiyi halda iş üzrə ekspertiza təyin edilmədiyini bildirmişdir.
50. Belə ki, əsaslı qətnamə qəbul edilməsi üçün işə aid bütün zəruri məsələlərə aydınlıq gətirmək, ziddiyyətli məqamlar aradan qaldırılmaq məqsədilə Məhkəmə kollegiyası tərəfindən e-2-2(103)-937/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli, 9/1862-9/1724 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 MMC-nin əsas borcu 60.916,00 manat; faiz borcu isə 2.371,50 manat müəyyn edilmişdir.
52. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
53. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli, SMNB0036-14/21A saylı kredit müqaviləsi üzrə əsas borc 60.916,00 manat müəyyən edilməlidir.
54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə ki, əldə edilmiş ekspert rəyinə əsasən faiz borcu isə 2.371,50 manat müəyyn edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən faiz borcunun məbləği iddia ərizəsi ilə tələb edilən məbləğdən çox olduğundan məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli, SMNB0036-14/21A saylı kredit müqaviləsi üzrə faiz borc 2.302,02 manat müəyyən edilməlidir. 1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 50
55. Apellyator apellyasiya şikayətində müəyyən ödənişlər etdiyini bildirsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsini yerinə yetirməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
56. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
57. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
58. Kollegiyanın qənaətinə görə, tələb olunan 3.077 manat cərimə borcu 60.916 manat olduğu müəyyənləşdirilən əsas borca mütənasibdir. Bu da qətnamə ilə tutulan əsas borcun cəmi 5 faizini təşkil edir.
59. Məhkəmə kollegiyası həmçinin, apellyasiya şikayətinin texnikaların qiymətləndirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz.
60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyi avtomobilə vizual baxış həyata keçirilmədən, qiymətləndirmənin yalnız təqdim olunmuş sənəd və məlumatlar əsasında verildiyindən əsaslı hesab edilə bilməz. Belə olan halda müvafiq rəy əsasında qiymətin müəyyən edilməsi ipoteka institutunun yuxarıda qeyd edilən prinsiplərinə ziddir.
61. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur.
62. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci iddiaçı Bank "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2510/2024 nömrəli qətnaməsi kredit müqaviləsinə əsasən əsas borc üzrə 61.540 (altmış bir min beş yüz qırx) manat hissəsində dəyişdirilərək 60.916,00 (altmış min doqquz yüz on altı) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı Bank "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.