Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-690/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1646/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat vəsaitin, o cümlədən 46 manat dövlət rüsumunun, ümumilikdə 2546 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1646/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qərarında tərəflər arasındakı münasibətləri nəzərə almamış, elektron qaimənin hansı əsasla göndərildiyini və əvəzində cavadeh tərəfindən hər hansı öhdəliyin yerinə yetirilibyetirilmədiyini araşdırmamış, mövcud qanunvericilik normaları yanlış tətbiq edərək yanlış qənaətə gəlmişdir. Cavabdeh tərəfindən göndərilmiş elektron qaimələrin əvəzində iddiaçıya heç bir mal təqdim olunmamış, işlər görülməmiş və xidmətlər göstərilməmişdir. Bununla yanaşı, tərəflər arasında heç bir öhdəlik münasibəti olmamış, aralarında müqavilə bağlanmamış, cavabdeh tərəfindən dələduzluq məqsədilə saxta elektron qaimələr göndərilmişdir. Bu səbəbdən hesab edir ki, həmin elektron qaimələr əsasında ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə tərəfindən elektron qaimənin göndərilməsi səbəbi və əsası araşdırılmadan işə qiymət verilmişdir. Bu səbəbdən iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Cavabdeh MMC ilə bağlı məhz elə Bakı Kommersiya Məhkəməsinin icraatında eyni xarakterli xeyli sayda iş olmuş və müvafiq qərarlar qəbul edilmişdir. Həmçinin tərəfindən məhkəməyə təqdim edilən Xüsusi Rabitə və X1 Xidmətinin cəmiyyətə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh şirkət uzun müddətdir eyni xarakterli dələduzluqla məşğuldur. Bu halda məhkəmə daxili inamla hərəkət edərək işin hallarına obyektiv qiymət verməni icra etməmişdir. Hər iki qaimə ləğvə göndərilmiş formadadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
12. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya EBDX 146825 nömrəli xx.xx.2024-cü il tarixli 1250 manat məbləğində, EBDX 065679 nömrəli xx.xx.2024-cü il tarixli 1250 manat məbləğində elektron qaimə (www.manarch.org emaillərinə bir illik yerləşmə ilə bağlı) göndərilmişdir. İddiaçı tərəfindən qaimələr təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli **********43622 nömrəli ödəniş tapşırığı ilə 1250 manat, xx.xx.2024-cü il tarixli **********46160 nömrəli ödəniş tapşırığı ilə 1250 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 2500 manat vəsait köçürülmüşdür.
16. İddiaçı tərəflər arasında hər hansı müqavilənin olmamasını bildirsə də, elektron qaimələrin bilavasitə özü tərəfindən hansı səbəbdən təsdiq edilməsi, daha sonrakı günlərdə qaimənin ləğv edilməsi və ya düzəlişə göndərilməsi istiqamətində addım atmamasının səbəbini məhkəməyə ağlabatan şəkildə izah edə bilməmişdir.
17. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
18. Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
19. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia əsassızdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin hüquqi əsası əsassız varlanmadır. İddiaçı iddiada və şikayətdə israrla qeyd edir ki, aralarında müqavilə olmamışdır. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında şifahi qaydada müqavilə olması mümkündür və müqavilənin yalnız yazılı formada bağlanması vacib deyildir. İşin halları onu göstərir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və cavabdehin tələbi iddiaçı tərəfindən təmin edilmişdir. Belə ki, e-qaimələrdən müqavilənin mövcud olması, hətta qüvvədə olma tarixinin olması görünür.
21. Apellyasiya şikayətində qeyd olunan dövlət orqanının yaydığı məlumatın cavabdehə aidiyyəti müəyyən edilmir. Həmçinin şikayətin növbəti dəlili olan qaimənin ləğv statusunda olmasına dair də sübut təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı əsassız varlanmanın tətbiq edilməsinə dair heç bir sübut təqdim etməmişdir.
22. Apellyasiya icraatı zamanı başqa mübahisə ilə əlaqədar iddiaçının təqdim etdiyi qətnaməyə nəzər saldıqda aydın olur ki, həmin işdə e-qaimələr iddiaçı tərəfindən təsdiq edilməmişdir. Hazırkı mübahisədə isə bunun əksi baş vermişdir. Beləliklə apellyasiya şikayətinin dəlillərinin əsassız olması aydın olur.
23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1646/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.