Məhkəmə qərarları › İş №2-2(103)-693/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-693/2021

02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-693/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-116/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 21.06.2016-cı il tarixli 096398 nömrəli, 29.03.2019-cu il tarixli ******* nömrəli, 25.04.2019-cu il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 12.420 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamədə iddia tələbinin təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ AR Qanununun tələblərinin pozulması ilə əsaslandırmışdır. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının istixanasında aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bildirir ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Qanunun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada heç bir yoxlama keçirilməmişdir. Küçə qaz xətlərinə və sayğaclara baxış keçirilən zaman iddiaçıya məxsus istixanada sayğacdankənar xətt, qaz sayğacının işləməməsi müəyyən edilmiş və akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Məhkəmə əsassız olaraq aşkar olunmuş sayğacdankənar qazdan istifadəni, qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Qanunun tələblərinin cavabdeh tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu il tarixli ******* saylı aktın iddiaçı tərəfindən imzalanmasını etirafedici hərəkət kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdən müəyyən edilir ki, Salyan rayonunun Qarabağlı kəndində iddiaçıya məxsus istixananın qaz xətti üzərindən çıxarılmış qaz sayğacı ARDNŞ-nin İTR İdarəsi tərəfindən yoxlamadan keçirilmiş və sayğacın plasmast ekranının alt hissədən deşilməsi barədə rəy verilmiş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.06.2016-cı il tarixli 096398 saylı akt tərtib edilmişdir. Qeyd olunan akta əsasən 1.296 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı istixanada istismarda olan L şəkilli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 12 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır. 29.03.2019-cu il tarixdə Salyan RQİİ-nin nümayəndələri tərəfindən Salyan rayonunun Qarabağlı kəndində iddiaçıya məxsus istixananın qaz təsərrüfatına baxış keçirilən zaman iddiaçının sayğacdan əvvəl rezin boru birləşdirərək həyətyanı sahədə yerləşən istixanada sayğacdankənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. Aşkar olunmuş qazdan qanunsuz istifadə ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.03.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qeyd olunan akta əsasən 10.800 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı istixanada istismarda olan L şəkilli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 15 kub.m/saat, orta günlük iş rejimi 20 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 54.000 kub.m. miqdarda (10.800 manat məbləğdə) itirilmiş qazın dəyəri hesablanmışdır. 25.04.2019-cu il tarixdə Salyan RQİİ-nin nümayəndələri tərəfindən Salyan rayonunun Qarabağlı kəndində iddiaçıya məxsus istixananın qaz təsərrüfatına baxış keçirilən zaman iddiaçının sayğacdan əvvəl rezin boru birləşdirərək həyətyanı sahədə yerləşən istixanada sayğacdankənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. Aşkar olunmuş qazdan qanunsuz istifadə ilə əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25.04.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qeyd olunan akta əsasən 324 manat məbləğdə dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı istixanada istismarda olan L şəkilli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 15 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 27 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 1.620 kub.m. miqdarda (324 manat məbləğdə) itirilmiş qazın dəyəri hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilir, cavabdehin iddiaya qarşı etirazlarının əsasları iş üzrə təsdiqini tapmır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hər üç yoxlama sənədlərindən göründüyü, habelə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, mübahisəli yoxlamalarda cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə, baxış keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsində isə açıq və aydın göstərilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən ... baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Eyni tələb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndində də əks olunmuşdur və bu tələb Əsasnamə ilə həm də “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər” kimi cavabdehə də aid edilmişdir. Bundan əlavə, həm “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. İddiaçının hazlrkı iddia ilə məhkəməyə müraciət etməsi isə onu göstərir ki, o, nə cavabdehin sözügedən yoxlamaları, nə də ki, bu yoxlamalar nəticəsində tərtib etdiyi aktlarla razıdır və onun hər hansı aktı imzalaması etiraf kimi qəbul edilə bilməz. Digər tərəfdən, qanunvericilik birmənalı qaydada müəyyən edir ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-116/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar