Məhkəmə qərarları › İş №2-2(103)-693/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-693/2024

11.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-693/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-392/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat məbləğində pulun, 200 manat mediasiya xərcinin və ödənilmiş 25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsasının dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin təklifinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh iddiaçını aldadaraq 45000 manat pul vəsaitini nağdlaşdırıb əldə etmişdir. Həmin məbləğin 15000 və 20000 manatının əldə edilməsinə dair rəsmi sənəd təqdim edilmiş, qalan 10000 manat pul vəsaiti Oğuz rayonu, Sincan kəndində cavabdehə şəxsən verilmişdir. Bu vəsaitlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyəti yoxdur. Cavabdeh həmin vaxtlarda aldığı vəsaitlərə uyğun preslənmə avadanlığı, anbar stelajları, sortlama masaları, skada, CCTV və s. alınmasına və təmin edilməsinə söz vermişdir. Lakin həmin vaxtdan İddiaçı MMC-dən X2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini kənarlaşdırıb Yapon vətəndaşı Tanio Munechikanı aldadaraq özünə yeni bir "xxxx" MMC yaratmışdır. Daha sonra saxta müqavilə tərtib edərək Tanio Munechikanın etibarından sui-istifadə edərək yuxarıda qeyd olunanların alınmasına dair aldığı vəsaitləri təkrar saxta aktlara əsasən yenidən iddiaçıdan almışdır.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-392/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh 45.000 manat pulu İddiaçı MMC-dən nağd şəkildə götürdüyünü etiraf etmişdir. Lakin, həmin pulu nağd şəkildə "xxxx" MMC-yə verdiyini bildirmiş və məhkəmə "xxxx" Qapalı Səhmdar Cəmiyyətini üçüncü şəxs kimi işə cəlb etmişdir. Mahiyyəti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə izahatında göstərmişdir ki, 45000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən qəbul və mədaxil edildiyini bildirir. Ancaq həmin vəsaitin hara xərcələnməsini və hansı işlərin görülməsini qeyd edilən vəsaitin cavabdeh tərəfindən üçüncü şəxsə mədaxil edilməsi üçün rəsmi tapşırığın verilməsi barədə rəsmi sənədin olub-olmaması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmənin cavabdeh qismində üçüncü şəxsi cəlb etməsinə dair vəsatətimdə 45.000 manat pulun "xxxx" MMC tərəfindən qəbul edildiyi üçün həmin pulun qaytarılmasını öhdəlik olduğunu bildirmişəm. Çünki, cavabdeh və üçüncü şəxs 45.000 manat pulun xərclənməsinə dair sənəd təqdim etməmişlər. Bundan əlavə həmin vəsaitin təyinatı üzrə xərclərini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırmanı tam ətraflı obyektif araşdırmadan qərəzli olaraq iddia tələbini rədd etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdeh tapşırıq almadan qanunsuz olaraq üçüncü şəxsə ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlar iş üzrə faktlarla və iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qətnaməsində 20 sentyabr 2019-cu il tarixli FBQ 021386 seriya və nömrəli kassa mədaxil orderi ilə 15000 manat, 15 oktyabr 2019-cu il tarixli FBQ 021387 seriya və nömrəli kassa mədaxil orderi ilə 20000 və 21 noyabr 2019-cu il tarixli FBQ 021388 seriya və nömrəli kassa mədaxil orderi ilə 10000 manat məbləğində pulun Cavabdeh tərəfindən üçüncü şəxsin hesabına mədaxil edildiyi təsdiq olunduğunu qeyd etsə də lakin, mülki iş materiallarında olan sübutlara uyğun gəlməmişdir. Məhkəmə cavabdehin 45.000 manat vəsaiti nağdalaşdırıaraq tapşırığı müqaviləsinin olubu olmamasını və üçüncü şəxsin cavabdehdən pulu kimin tapşırığı əsasında qəbul etməsi və vəsaitin xərclənməsinə dair rəsmi səndələrin təqdim edilməməsinə dair yeni sübutlar əldə olunmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

9. Üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" QSC (əvvəlki "xxxx" MMC) arasında 25 iyul 2019-cu il tarixli AH/X/19/135 nömrəli xidmət müqaviləsi bağlanmış, üçüncü şəxs müqavilə müddəti ərzində təmir-tikinti işlərini görməyi, iddiaçı xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə üçüncü şəxs arasında 01 avqust 2019-cu il tarixli AH/AS/20/01 nömrəli podrat müqaviləsi bağlanmış, üçüncü şəxs müqavilənin 1 saylı əlavəsindəki işləri görməyi, iddiaçı isə işin dəyərini qüsursuz icra edilməsi müqabilində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli PB/VBOUT-01457/2024 nömrəli məktubuna əsasən, iddiaçı tərəfindən üçüncü şəxsin hesabına xx.xx.2019-cü il tarixdə 30000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019- cu il tarixdə 9000 manat, xx.xx.2019-cu il tarixdə 60000 manat, xx.xx.2019-cu il tarixdə 10800 manat, xx.xx.2019-cu il tarixdə 70000 manat və 12600 manat, xx.xx.2020-ci il tarixdə 118 000 manat, xx.xx.2020-ci il tarixdə 3901,31 manat və xx.xx.2020-ci il tarixdə 21673,96 manat olmaqla ümumilikdə 355 975,27 manat pul köçürülmüş, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 18000 manat geri qaytarılmışdır. Bundan başqa müəyyən olunur ki, çekin tərtib edilmə yeri "xxxx" ASC olmaqla xx.xx.2019-cu il tarixdə 15000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat pul iddiaçı tərəfindən möhürlə təsdiq edilməklə və cavabdeh tərəfindən çekə imza edilməklə sonuncuya təqdim edilmişdir. 20 sentyabr 2019-cu il tarixli FBQ 021386 seriya və nömrəli kassa mədaxil orderi ilə 15000 manat, 15 oktyabr 2019-cu il tarixli FBQ 021387 seriya və nömrəli kassa mədaxil orderi ilə 20000 manat və 21 noyabr 2019- cu il tarixli FBQ 021388 seriya və nömrəli kassa mədaxil orderi ilə 10000 manat Cavabdeh tərəfindən üçüncü şəxsin hesabına mədaxil edilmişdir.

16. İddiaçı cavabdehə 45000 manat məbləğində avans ödənildiyini, lakin cavabdeh tərəfindən hər hansı iş görülmədiyini bildirmiş və pulun tutulmasını tələb etmişdir. Həmçinin iddiaçı üçüncü şəxsin əlavə cavabdeh kimi cəlb edilməsi barədə vəsatət vermiş, lakin ona qarşı tələbinin olmadığını bildirmiş, vəsatəti bu hissədə müdafiə etmədiyini qeyd etmişdir.

17. Cavabdeh özü müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həmin məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı "xxxx" QSC) işçisi kimi qəbul etdiyini və kassaya mədaxil etdiyini bildirir və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Üçüncü şəxs mübahisəli 45000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən üçüncü şəxs üçün qəbul edildiyini və üçüncü şəxsə mədaxil edildiyini bildirmişdir.

19. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu əsasən işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə almışdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 45000 manat məbləğində pul vəsaitinin verildiyi vaxt cavabdehin üçüncü şəxsin işçisi olduğu işin mübahisəsiz halıdır. Cavabdeh ilk məhkəmə iclasında həmin məbləği üçüncü şəxsin işçisi kimi əldə etdiyini və sonuncuya mədaxil etdiyini göstərmiş, yalnız üçüncü şəxsin vəkili cavabdehin buna səlahiyyətli olmadığını, lakin işlərin görülməsi ilə bağlı müəyyən məsələləri dəqiqləşdirməli olduğunu bildirdikdən sonra cavabdehin nümayəndəsi və vəkili pul vəsaitinin cavabdehin özü tərəfindən işlərin görülməsi üçün qəbul edildiyini, işlərin görüldüyünü və iddia müddətinin ötdüyünü qeyd etmişdir. Üçüncü şəxs kassa mədaxil orderlərini təqdim etdikdən sonra isə cavabdehin nümayəndəsi və vəkili ilkin mövqelərinə qayıtmış və sonrakı mövqelərinin hüquqi müdafiə üçün formalaşdırıldığını bildirmişdir. Vurğulanmalıdır ki, mülki prosesdə hər bir tərəf qanunvericiliklə qadağan edilməyən istənilən üsulla öz hüquqi müdafiələrini qurmaqda sərbəstdir. Bu mənada cavabdeh özünə qarşı irəli sürülən iddianın rəddi üçün prosessual müdafiə vasitəsi olan iddia müddətinin tətbiqini xahiş edə bilər, iddiaya etiraz edə bilər, faktı etiraf və ya rədd edə bilər. Belə olan halda, üçüncü şəxsin ilkin mövqeyi fonunda cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinə istinad etməklə iddianın rəddinə nail olmağa çalışması ağlabatandır.

21. İşdə olan sübutlarla (üçüncü şəxsin vəkili hazırlıq iclasında dəqiqləşmələr aparıb sübutlar təqdim edəcəyini bildirdiyindən, məhkəmə hansı sübutların təqdim olunmasının mümkünlüyünü hazırlıq iclasında müzakirə etdiyindən və işə baxılmasının prosessual müddətinin başa çatmasını nəzərə alaraq baxış iclasını təyin etdiyindən üçüncü şəxsin sübutlarını qəbul edilən hesab etmişdir) isə 20 sentyabr 2019-cu il tarixli FBQ 021386 seriya və nömrəli kassa mədaxil orderi ilə 15000 manat, 15 oktyabr 2019-cu il tarixli FBQ 021387 seriya və nömrəli kassa mədaxil orderi ilə 20000 və 21 noyabr 2019-cu il tarixli FBQ 021388 seriya və nömrəli kassa mədaxil orderi ilə 10000 manat məbləğində pulun Cavabdeh tərəfindən üçüncü şəxsin hesabına mədaxil edildiyi təsdiq olunur.

22. İddiaçı həmin sübutların qeyri-mötəbər olduğunu bildirsə də, həmin halı təsdiq edəcək, yəni kassa mədaxil orderlərinin mötəbərliliyini inkar edən heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehlə müqavilə münasibətlərində olduğunu təsdiq edən sübut da təqdim edə bilməmişdir.

23. Əksinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir.

24. Başqa sözlə, üçüncü şəxsin hazırkı adının "xxxx" QSC olduğu və əvvəlki adını göstərən möhürün müvafiq icra hakimiyyətinə təhvil verilməsi nəzərə alındığında, FBQ 021386, FBQ 021387 və FBQ 021388 kassa mədaxil orderlərinin məhkəmə icraatının gedişində düzəldildiyi istisna edilir. Eyni zamanda üçüncü şəxsin nümayəndəsi və vəkilinin iştirak etdiyi ilk məhkəmə iclasında müvafiq məsələlərin dəqiqləşdirilməli olduğunu bildirdiyi də diqqətə alındığında üstündən uzun müddət keçmiş sənədlərin tapılması və məhkəməyə gec təqdimi də ağlabatan hesab olunmalıdır.

25. Mülki Məcəllənin 777-ci maddəsində göstərilmişdir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

26. Qeyd edilməlidir ki, iddiaçının tapşırıq müqaviləsindən irəli gələn hər hansı subyektiv hüquqa malik olub-olmaması tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin məzmununu təşkil edən subyektiv hüquqlar və vəzifələrin təqdim olunan sübutlar əsasında müəyyənləşdirilməsi yolu ilə aydınlaşdırıla bilərdi ki, hazırda iddiaçı belə bir müqavilənin olduğunu yalnız izahatı ilə təsdiq edir. Digər tərəfdən, iddiaçı “skada”ların qurulması, nasosların alınması, xüsusi qurğuların gətirilməsi üçün müvafiq məbləğin cavabdehə avans formasına verildiyini bildirsə də, diqqətə çatdırılmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir və kifayət qədər böyük vəsaitin hər hansı yazılı müqavilə bağlamadan avans qaydasında ödənişi də ağlabatan görünmür.

27. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlə hər hansı öhdəlik münasibətində olduğu, məhz həmin öhdəlik münasibəti ilə əlaqədar pul məbləğinin verildiyi ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, əksində üçüncü şəxs cavabdehə təqdim olunan pul vəsaitlərini iddiaçı ilə üçüncü şəxs arasında olan müqavilədən irəli gələn öhdəliklərə görə təqdim olunaraq cavabdeh tərəfindən onun kassasına mədaxil edildiyini təsdiq edən sübutlar təqdim etdiyindən, beləliklə də, iddiaçı subyektiv hüquqa malik olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

28. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-392/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar