Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-694/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-350/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2-2(113)-350/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək 02.06.2015-ci il tarixdə ********** saylı VÖEN əldə etmişdir. Sahibkarlıq fəaliyyətini Salyan rayonu, Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 1,5 ha sahəsi olan istixana kompleksində həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında 25.10.2020-ci il tarixli AUX 1/3187 saylı təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, istixana icarə müqaviləsinə əsasən X2 istifadəsində olan zaman qaz təchizatında 15.11.2018-ci il tarixdə gecə saat 00:50 radələrində cavabdehə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçının xətti arasında yerləşən qaz sayğacı və qaz tənzimləyici reduktoru sıradan çıxartmışdır. Baş vermiş hadisə ilə əlaqədar X4 ilə cavabdeh arasında məhkəmə mübahisəsi mövcuddur. Təsərrüfatda baş vermiş hadisədən sonra qaz sayğacı sıradan çıxdığı üçün hər ay əsassız olaraq artıq qaz sərfiyyatı hesablandığından əsassız hesablanmış 73663,34 manat Həmid Məmmədov tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Həmid Məmmədovun icarə müddəti bitdikdən, yəni 2019-cu ilin aprel ayından sonra sayğacda yaranmış problem aradan qaldırılmadığı üçün əlavə olaraq 22774,20 manat iddiaçıya əsassız olaraq artıq qaz sərfiyyatı hesablanmışdır. 2020-ci ilin mart ayında cavabdeh tərəfindən qaz sayğacı dəyişdirilmiş və qaz tənzimləyici reduktor sayğacdan əvvələ keçdikdən sonra sərfiyyat normal vəziyyətinə qayıtmış, lakin əsassız olaraq artıq hesablanmış borc silinməmişdir. Qeyd olunanlar “abonentin saldosu” sənədi ilə də tam təsdiqini tapır. Abonent saldosunda yanvar 2018-ci il tarixə 11826 manat, fevral 2018-ci il tarixə 10803,20 manat, mart 2018-ci il tarixə 10615,40 manat, aprel 2018ci il tarixə 4031,40 manat, may 2018-ci il tarixə 0,20 manat, iyun 2018-ci il tarixə 0 manat, iyul 2018-ci il tarixə 0 manat, avqust 2018-ci il tarixə 0 manat, sentyabr 2018-ci il tarixə 0 manat, oktyabr 2018-ci il tarixə 1694,60 manat məbləğində qaz sərfiyyatı işlənildiyi qeyd edilmişdir. 2018-ci ilin noyabr ayında sayğac sıradan çıxandan sonra isə sərfiyyat təxminən 2 dəfə artmışdır. Göründüyü kimi qış aylarında orta hesabla 11000 manat qaz sərfiyyatı olmalı idi. Lakin qaz sayğacı düzgün işləmədiyindən oktyabr 2019-cu il tarixə 2834,80 manat, noyabr 2019-cu il tarixə 12335 manat, dekabr 2019-cu il tarixə 21450 manat, yanvar 2020-ci il tarixə 21675 manat və sayğac tamamilə dayandığından fevral 2020-ci il tarixə 3118,20 manat dəyərində sərfiyyat hesablanmışdır. Torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan istixananın həcmi dəyişmədiyi təqdirdə 2018-ci ilin müvafiq dövrü ilə 2019-2020-ci ilin müvafiq dövründə qaz sərfiyyatının təxminən iki dəfədən artıq artması nəticəsində iddiaçıya əsassız olaraq 22774,20 manat dəyərində artıq qaz sərfiyyatı hesablanmışdır ki, həmin məbləğ də cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gəldiyindən silinməlidir Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə 13.02.2019-cu il tarixdə 61575 manat borcla bağlı razılaşdırılma protokolu tərtib olunmuşdur. Sayğacda problem olduğu halda iddiaçının 2018, 2019 və 2020-ci illərdə həmin sayğacdan istifadə etməsi anlaşılan deyil. Qaz həcminin çox yanması əkilən əkindən asılı ola bilər, əkilənin sortundan da asılı ola bilər, yəni əkilən bitki hansı temperaturda yetişir və s. Əgər sayğacın günü gündən əlavə yazması ilə bağlı şübhə var idisə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan istixana sahibinin öz səlahiyyətidir ki, müraciət edər, sayğac açılar və öz hesabına yoxlamaya göndərilər. Yoxlamada cavabdehin təqsiri göstərilərsə cavabdeh ödəyər. Lakin bu 3 ildə bu hal baş verməmişdir. Yəni sayğac açılmamış və sayğacın açılması ilə bağlı müraciət olunmamışdır. Sayğacın da mexanika və elektron hissəsi bir birinə uyğundur və qazın təzyiqinə görə sayğacdan keçmiş qaz hesablanmışdır. Elan olunan sənədlərdə, müraciətlərdə sayğacın işləməsi ilə bağlı heçnə qeyd olunmamışdır. Bu müraciətlərdə sayğacın işləməməsi və ya zədələnməsi ilə bağlı heçnə qeyd olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Lakin hazırki işdə cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialının 04 aprel 2019-cu il tarixli və 04 dekabr 2019-cu il tarixli məktublarından müəyyən olunur ki, iddiaçıya məxsus istixananın qaz xəttinə su dolmuşdur. Salyan Qaz İdarəsinin 16.11.2018-ci il tarixli baxış aktına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus istixanada 15.11.2018-ci il tarixdə gecə saat 12:00-00:30 radələrində D=108 mm qaz xəttinə mayenin (su) daxil olması və boru vasitəsi ilə qazana daxil olması, qazanın elektrik hissəsini sıradan çıxarmasına səbəb olmuşdur. Qaz xəttinə maye (su) qazla birlikdə daxil olmuşdur. Bundan başqa iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı X4 cavabdeh "Cavabdeh" İB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-yə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış ümumilikdə 73663,34 manat pul məbləğinin silinməsi, iddiaçıya dəyən 169154,69 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 654154,69 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya mübahisəsi üzrə məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 aprel 2021-ci il tarixli 10/3358 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertiza tədqiqatına Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasında təqdim edilmiş mübahisəli G-400 markalı turbin tipli 80116834 nömrəli EZ sayğacına keçirilmiş yoxlama zamanı qaz sayğacın daxili detalların üzərində və içərisində mayənin (suyun) təsirindən əmələ gəlməsinə xarakterik olan çoxlu miqdarda paslama (korroziya) dərinin və tozun olması, həmin sayğacdakı nasazlıqların qaz kəmərinin daxilinə mayenin suyun) daxil olması nəticəsində yarandığını göstərir; qaz sayğacında kənar müdaxilə izləri aşkar edilməmişdir (yoxlama zamanı yalnız sayğacın gövdə tıxacına vurulmuş üzərində «2017,İV» rəqəmləri olan qurğuşun plombun (möhürün) simləri qırılmış halda olmuşlar); G-400 markalı turbin tipli qaz sayğacların elektron korrektorların ayırca quraşdırmaqla sayğacla yalnız ötürücü mexanizmlə bağlı olduğunu nəzərə aldıqda, həmin elektron korrektorun içərisinə mayenin keçməsi və onun bundan yararsız məziyyətə düşməsi mümkün deyildir; laboratoriya şəraitində mübahisəli qaz sayğacı yoxlayan zaman, kompüter vasitəsi ilə həmin sayğacın elektron korrektorun arxiv məlumatları oxunduqda, laboratoriyanın işçiləri tərəfindən baxış, iştirakçılarına mübahisəli dövr üçün saatlıq qaz sərfi qeydə alınmadığına (uzun müddət keçdiyindən pozulduğuna), günlük və aylıq qaz sərfinin isə qeydə alındığı bildirmişlər. 11 mart 2021-ci il tarixdə keçirilmiş baxış zamanı, iddiaçı X2 istifadəsində olan istixananın qaz sayğacının göstəricilərində bir müddət (3 saat) ərzində qazın sərfiyyatında dəyişmələrin olmadığına əsasən, istixanaya qaz sayğacından çəkilmiş qaz kəmərində (xəttində) qazın sızma (suyun kəmərin içərisinə dolması mümkünlüyü) halının (yəni dəliyin, çatın və digər buna oxşar zədələrinin) olmadığı müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan sübutlarla hazırda iddiaçı, əvvəl isə X2 istifadəsində olan istixanaya çəkilmiş diametri 110 (115) mm olan qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olması tam təsdiq olunur. Eyni zamanda qaz kəmərində suyun kəmərin içərisinə dolmasına səbəb olan qüsur müəyyən edilməmişdir. Həmçinin iddiaçının adına olan abonent saldosundan aşağıdakılar müəyyən olunur: - 2018-ci ilin yanvar ayında qazın sərfi 59133 m3 (11826,6 manat), fevral ayında 54016 m3 (10803,2 manat), mart ayında 53077 m3 (10615,4 manat), aprel ayında 20157 m3 (4031,4 manat) təşkil etmiş; - 2019-cu ilin yanvar ayında qazın sərfi 143248 m3 (28649,6 manat), fevral ayında 110445 m3 (22089 manat), mart ayında 94464 m3 (18892,8 manat), aprel ayında 31300 m3 (6260 manat) təşkil etmiş; - 2021-ci ilin yanvar ayında qazın sərfi 51865 m3 (10373 manat), fevral ayında 56367 m3 (11273,4 manat), mart ayında 37251 m3 (7450,2 manat) təşkil etmiş və həmin illərdə may-sentyabr ayları üzrə qaz sərfiyyatı qeydə alınmamışdır. Qeyd olunan göstəricilərdən müəyyən edilir ki, iddiaçının istifadəsində olan istixanada qış ayları və mart-aprel aylarında qazdan istifadə olunur və 2018-ci ilin yanvaraprel ayları ilə 2019-cu ilin yanvar-aprel ayları üzrə qaz sərfiyyatı ilə bağlı göstəricilər, habelə 2021-ci ilin yanvar-mart ayları ilə 2019-cu ilin yanvar-mart ayları üzrə qaz sərfiyyatı ilə bağlı göstəricilər aşağıdakı qaydada kəskin fərqlənir: - 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında 84115 m3 (143248-59133=84115) və 16823 manat (28649,6-11826,6=16823) artıq sərfiyyat hesablanmış; - 2018-ci ilin fevral ayı ilə müqayisədə 2019-cu ilin fevral ayında 56429 m3 (110445- 54016=56429) və 11285,8 manat (22089-10803,2=11285,8) artıq sərfiyyat hesablanmış; - 2018-ci ilin mart ayı ilə müqayisədə 2019-cu ilin mart ayında 56429 m3 (94464- 53077=41387) və 8277,4 manat (18892,8-10615,4=8277,4) artıq sərfiyyat hesablanmış; - 2018-ci ilin aprel ayı ilə müqayisədə 2019-cu ilin aprel ayında 11143 m3 (31300- 20157=11143) və 2228,6 manat (6260-4031,4=2228,6) artıq sərfiyyat hesablanmış; - 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında 91383 m3 (143248-51865=91383) və 18276,6 manat (28649,6-10373=18276,6) az sərfiyyat hesablanmış; - 2019-cu ilin fevral ayı ilə müqayisədə 2021-ci ilin fevral ayında 54078 m3 (110445- 56367=54078) və 10815,6 manat (22089-11273,4=10815,6) az sərfiyyat hesablanmış; - 2019-cu ilin mart ayı ilə müqayisədə 2021-ci ilin mart ayında 57213 m3 (94464- 37251=57213) və 11442,6 manat (18892,8-7450,2=11442,6) az sərfiyyat hesablanmışdır. Eyni zamanda saldodan müəyyən edilir ki, 2018-ci ilin yanvar-mart ayları ilə 2021-ci ilin yanvar-mart ayları üzrə qaz sərfiyyatı təxminən eynidir (2018-ci ilin yanvar ayı üzrə 59133 m3, 2021-ci ilin yanvar ayı üzrə 51865 m3; 2018-ci ilin fevral ayı üzrə 54016 m3, 2021-ci ilin fevral ayı üzrə 56367 m3; 2018-ci ilin mart ayı üzrə 53077 m3, 2021-ci ilin mart ayı üzrə 37251 m3). Həmçinin saldodan müəyyən edilir ki, iddiaçının istifadəsində olan istixanaya 04.03.2020-ci il tarixdə yeni qaz sayğac quraşdırılmışdır. Beləliklə, qeyd olunan sübutları və işin hallarını qiymətləndirərək kollegiya hesab edir ki, 2019-cu ilin yanvar ayında 84115 m3 (16823 manat), fevral ayında 56429 m3 (11285,8 manat), mart ayında 56429 m3 (8277,4 manat) və aprel ayında 11143 m3 (2228,6 manat), cəmi isə 208116 m3 (47529,2 manat) artıq sərfiyyatın hesablanmasına məhz 15.11.2018ci il tarixdə iddiaçının istifadəsində olan istixanaya quraşdırılmış qaz sayğacının içərisinə mayənin (suyun) daxil olması nəticəsində sayğacın səhv işləməsi səbəb olmuşdur. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsini tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, iddianı təsdiq edən birbaşa sübutlar olmasa da, yuxarıda göstərilmiş dolayı sübutlar və işin halları məhkəmə tərəfindən iddianın rədd edilməsi və ya digər nəticəyə gəlməsini istisna edir. Eyni zamanda nəzərə alınır ki, həmin istixanada 2018-2021-ci illərdə başqa-başqa bitkilərin yetişdirilməsi, yəni qaz sərfiyyatının artmasının istehsal prosesi ilə bağlı olmasını təsdiq edən hallar və sübutlar mövcud deyil. Cavabdeh də bu hala istinad etmiş, lakin öz etirazının əsası kimi istinad etdiyi bu halı təsdiq sübutları təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, apellyasiya şikayətinə əlavə olunmuş 12 aprel 2021-ci il tarixli 10/3358 saylı ekspert rəyi hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə eyni tarixdə tərtib edildiyinə görə onun sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 371-ci maddəsinin tələblərinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-350/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 22774,20 manat borc məbləği silinsin və cəmi 45 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Tofiq Səmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-694/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-694/2021
06.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver