Məhkəmə qərarları › İş №2-2(103)-694/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-694/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-694/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1944/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7950 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51315.0 kv.m. torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 461835 manat; aylıq icarə haqqı 38486,25 manat təşkil edir.

2. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2025-ci il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 234549,73 manat təşkil edir

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Firmasına qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 192.339 manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarəhaqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixinə ödənilməli olan 192339 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 19255/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarəhaqqı borcunu ödəməkdən imtina etmişlər (akt iddia ərizəsinə əlavə edilir).

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini, MM-in 700.1-ci maddəsini göstərmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 234549,73 manat məbləğində vəsaitin iddiaçıya köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1944/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 142863,82 manat vəsait ödənilmiş, icarə müqaviləsini imza edən şəxsə iddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə vermiş, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumnetini əsassız hesab etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixə 234549,73 manat borcu qalmış, müqavilə bağlandığı tarixdən hazıradək göstərilən torpaq sahəsi cavabdehin sahiblik və istifadəsindədir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 234.549,73 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 350, 351.2, 351.3, 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Konstitusiya Məhkəməsinin Qərarlarına, məhkəmə xərcləri hissəsində isə və Mülki Prosessual Məcəllənin 119.1, 119.2-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1944/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi təmsil etdiyi şəxsin qanuni nümayəndəsi tərəfindən deyil, onun tamamilə başqa məqsədlər üçün verdiyi etibarnamə əsasında üçüncü kənar şəxs tərəfindən imzalanmışdır. Yəni, cavabdehin bu icarə müqaviləsini bağlamağa iradə ifadəsi olmamışdır. Qeyd edilən etibarnamənin verilməsində məqsəd firmaya məxsus torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsidir. Etibarnaməni alan və digər bir qrup halında fəaliyyət göstərən şəxslərin niyyəti Cavabdeh Firmasına özəlləşdirməyə dair guya sənədlər düzəltmək adıyla onlardan külli miqdarda pul vəsaitinin mənimsəməsi olmuşdur ki, həmin şəxslər də bu cinayət əməlini törətmişlər. Hazırda həmin şəxslər saxlanılmış, onlar təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara AR CM-nin 178.4- cü maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilmə və ittiham elan olunmasına dair qərardan da göründüyü kimi həmin bir qrup şəxs dələduzluq edərək Cavabdeh Firması, onun nümayəndəsindən külli miqdarda pul vəsaitini almışlar. İddiaçının istinad etdiyi xx.xx.2024cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi isə həmin cinayət əməlinin həyata keiçirilməsi məqsədilə təmsil etdiyi şəxsin iradəsi əleyhinə bağlanmışdır. Hazırda yuxarıda qeyd edilən xüsusatlarla yanaşı icarə müqaviləsinin hansı şəraitdə bağlanması və sair hallar da istintaq tərəfindən araşdırılmaqdadır. Qeyd edilən cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin icraatındadır. Cinayət işinin nömrəsi 2********. Buna dair cavabdeh tərəfindən məhkəməyə müvafiq vəsatət verilərək qeyd edilmişdir ki, AR MPM-nin 254.1-ci maddəsinin tələblərinə müvafiq surətdə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə təqdim etdikləri vəsatətə hərhansı bir mövqe bildirməyərək, iddianın təmin edilməsinə dair birbaşa qətnamə çıxarmışdır. Cavabdeh dəfələrlə qeyd etdi ki, Qardaş firmasının niyyəti icarə müqaviləsni bağlamaq yox, sənədlər üzrə torpaq sahəsinə mülkiyyət hüququq əldə etməkdir. Qardaş firmasının etibarından sui-istifadə edən etibarnamə üzrə nümayəndə etibar edəni aldatmaqla bu müqaviləni bağlamışdır. Lakin məhkəmə bu xüsusata hər hansı bir əhəmiyyət verməmişdir. Hazırda da cinayət işinin istintaqı davam etdirilməkdədir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

12. Apelyator şikayətinin maddi və prosessual əsası kimi AR MM-in 339.1, 339.4, 337.3, 337.1-ci maddələrinə, MPM-218.1, 385-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi, iş üzrə icraatın dayandırılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: - 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

18.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 15-cü maddəsinə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. - 19-cu maddəsinə əsasən icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək icarəverənin hüquqlarına daxildir.

19. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

20. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

21.Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək həmin şikayətdə qətnamə bütövlükdə mübahisələndirilmişdir. Odur ki, hazırkı halda qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə Cavabdeh Firması arasında xx.xx.2024-cü il tarixli, 7950 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 51315.0 kv.m. torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdükləri icarə haqqının vaxtında və tam həcmdə ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə icarə haqqı borcu yaranmışdır. Hazırda iddiaçı mübahisəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinədək olan müddət üçün hesablanmış icarə haqqı üzrə 234549,73 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir.

27. Məhkəmə ilk növbədə mübahisəli müqavilənin bağlanmasına dair iradə ifadələrinin olmaması və belə olan halda həmin müqavilənin etibarsız olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, icarə müqaviləsini imza edən şəxsə iddiaçı xx.xx.2024-cü il tarixdə etibarnamə vermiş, müqavilə cavabdehin möhürü ilə təsdiq edilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 142863,82 manat vəsait ödənilmişdir. Bununla yanaşı icarə haqqının tələb edildiyi müddət ərzində mübahisəli torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olması da işin mübahisələndirilməyən halını təşkil edir. Göstərilən hallar isə məcmu şəkildə mübahisəli müqavilədə iradə və ya iradə ifadəsinin qüsurunun olması barədə cavabdehin dəlillərinin əsassızlığına dəlalət edir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icarə haqqının tutulması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

29. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 7950 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 234549,73 manat məbləğində icarə haqqının ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1944/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar