Məhkəmə qərarları › İş №2-2(103)-696/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-696/2025

17.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-696/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1075/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin hesabından 20000 ABŞ dolları məbləğində vəsaitin (qərar çıxarılan günə məbləğin ABŞ dollarından milli valyuta azərbaycan manatına olan ekvalenti) - 34000 manat vəsaitin, həmçinin dövlət rüsumu üzrə ödənilmiş xərclər üzrə 193 manat məbləğin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1075/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1075/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mərkəzi Bankın məsələ ilə bağlı verdiyi qeyri-dəqiq və ümumi cavabı əsas tutaraq məsuliyyətin cavabdeh qurumda olduğunu nəzərə almamış, müvafiq şəkildə Mərkəzi Bankın fəaliyyətsizliyini qiymətləndirməmişdir. Tərəfimdən təqdim edilmiş sübutlarda 46 milyon ABŞ dollarına qədər bazar dəyərində fərqin yarandığı və bu fərqin sistem nasazlığı nəticəsində baş verdiyi bildirilmişdir. Məhkəmə bu fərqi qiymətləndirmək üçün müstəqil ekspertiza təyin etməmişdir. Prosesual hüquqların pozulması: Birinci instansiya məhkəməsi sübutların dəyərləndirilməsində qərəzli davranmış və təqdim edilmiş sənədlərin hüquqi əhəmiyyətini nəzərə almamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğu məktubuna əlavə etdiyi qoşmada (iddiaçının müraciətinə dair cavab məktubunda) "xxxx"QSC (investisiya şirkəti) ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) aidiyyəti üzrə baxılmışdığı,investisiya şirkətində apardığınız ticarət əməliyyatı üzrə qazandığınız yüksək məbləğdə vəsaitin investisiya şirkəti tərəfindən ona ödənilməməsi barədə ünvanladığı məktubla bağlı qeyd edilir ki, xx.xx.2024-cü il tarixində saat 01:05-07:40 aralığında "xxxx" QSCnin ticarət platformasında (Metatrader 4) yaranan texniki xəta nəticəsində “NATG”, “OİLUS”, "OİLUK” alətləri üzrə qiymətlər real bazar dəyərini əks etdirməmişdiyi qeyd olunmuşdur. Bunun səbəbi şirkətlə qiymətvericilər arasında yaranmış bağlantı problemi olmuş və "Marja ticarəti Qaydası’’nm8.4-cü bəndinə əsasən ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırmışdır. Ticarət platformasında yaranmış texniki nasazlığın səbəbi ilə bağlı yaranmış mübahisəli məsələlərin həlli qanunvericilikdə nəzərdə tutulmadığı hallarda investisiya şirkəti ilə müştərisi arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Azərbaycan Respublikası MərkəziBankının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə razı deyiləm. Hesab edirəm ki, mübahisənin ədalətli həlli məqsədilə yenidən ekspertiza keçirilməli və Azərbaycan Respublikası Mərkəzi Bankının keçirilənaudit rəyini, proqram təminatını, İT xidmətinin yoxlanılması və maliyyə hesabatının nəticələri barədə məlumat məhkəməyə göndərilməlidir. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Şirkət arasında №F-İX-4001-3xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli "Marja ticarəti xidmətinin təqdim edilməsinə" dair müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən xx.xx.2024-cü il tarixədək müştəri İddiaçı məxsus 3 fərqli (№277549, №211974, №212446) ticarət hesabları mövcuddur. 15 aprel 2024-ci ildə "NATG", "OİLUS" və "OİLUK" alətində texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı ilə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək qiymətlər texniki olaraq səhv verilmiş və real bazar qiymətləri əks etdirilməmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə NATG maliyyə alətində texniki nasazlıq zamanı 3 fərqli ticarət hesablarında əməliyyatlar icra etmişdir. Qeyd edirik ki, sözügedən ticarət hesablarının xx.xx.2024-cü il tarixinə gecə saat 02:00-də, daha dəqiq desək texniki nasazlığın baş verməsindən əvvəl mövcud olan üç ticarət hesabları üzrə İddiaçı cəmi kapitalı 3,435.67 USD məbləğdə pul vəsaiti təşkil etmişdir, lakin baş vermiş texniki nasazlıqdan İddiaçı tərəfindən sui-istifadə edilərək qeyri-bazar şərtlərində NATG maliyyə aləti üzrə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək vaxt aralığında ticarət əməliyyatları icra etmişdir və nəticə olaraq İddiaçı yekun əldə etdiyi əsası olmayan məbləğ 46,310,273.3 USD [1347.925.54%) pul vəsaiti təşkil etmişdir. Hər üç ticarət hesabları üzrə əldə edilmiş nəticələr aşağıda ayrı-ayrılıqda qeyd edilmişdir: İddiaçı apellyasiya şikayətinin 5-ci bölməsində "İnvestisiya fəaliyyəti haqqında" AR- nın Qanununa istinad etmişdir. Bu istinadla əlaqədar bildiririk ki, həmin qanunun məqsədi Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarım müəyyən edilməsi, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Göründüyü kimi burada investorların qanuni maraqlarının qorunmasından söhbət gedir. Yəni, Qanun İnvestorun qanuni yolla əldə etdiyi vəsaitin toxunulmazlığını təmin edir, texniki nasazlıq nəticəsində əldə edilmiş qeyri-real gəlirlər bu hüquqa daxil edilə bilməz. Habelə qanun yalnız lisenziyalı fəaliyyətin qanunsuz məhdudlaşdırılması halında tətbiq olunur, lakin konkret texniki əməliyyatlardan irəli gələn mübahisələr tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir. məhkəmənin çəkişmə prinsipinə əməl etməməsi, qərarım tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırması fikri tamamilə yanlışdır. Belə ki, iş üzrə xx.xx.2025,xx.xx.2025,xx.xx.2025,xx.xx.2025,xx.xx.2025, xx.xx.2025 və xx.xx.2024-cü il tarixlərdə məhkəmənin iclasları keçirilmiş, hər iclasda iddianın hüquqi cəhətdən həll edilməsindən irəli gələn bütün məsələlər müzakirə edilmiş, hətta tərəfin vəsatətləri nəzərə alınaraq müvafiq hüquqi tədbirlər həyata keçirilmişdir. İddiaçı ilə Şirkətimiz arasında bağlanmış WF-İX-4001-3-xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 8.4.1-ci maddəsinə əsasən müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər. 8.4.4-cü maddəyə əsasən, fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və investisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi) Belə ki, bağlanılan müqavilədə 8.4.7-ci maddəyə əsasən ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq şilinə bilər. Göründüyü kimi qanunda nəzərdə tutulmuş əqdlərin etibarsızlığı məsələsi ilə bağlı heç bir hal Şirkətimizlə İddiaçı arasında bağlanmış müqaviləyə münasibətdə mövcud deyildir. Eyni zamanda onu da qeyd edirik ki, 8.4.7-ci maddədə söhbət təkcə texniki nasazlıq nəticəsində əldə edilən gəlirin İnvestisiya Şirkəti tərəfindən silinməsindən getmir. Maddədə həmçinin aparılan əməliyyatlar zamanı hər hansı maliyyə alətində nasazlıq olduğu müəyyən edilərsə, İnvestiya Şirkəti tərəfindən müştərinin əldə etdiyi zərərin də silinməsini özündə ehtiva edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətinə müdafiə edərək, məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

11. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

16. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

17. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:

18. Həmin Məcəllənin 779.2.1-ci maddəsinə əsasən peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər;

19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Marja ticarət qaydasının

24. 8.1. -ci bəndinə əsasən, marja ticarəti ilə bağlı bütün əməliyyatlar real vaxt rejimində investisiya şirkətinin müvafiq informasiya sistemində qeydə alınır.

25. 8.2. İnvestisiya şirkəti müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq beş il müddətinə saxlanmasını təmin edir.

26. 8.3. İnvestisiya şirkəti bazarda yaranan qiymət sürüşməsi səbəbindən ticarət platformasında meydana gələn qiymət fərqini müştərilərin əleyhinə (lehinə) olduğu kimi (sifarişinin bir sonrakı ən əlverişli qiymətlə icra olunması zamanı) onların lehinə (əleyhinə) də eyni xüsusiyyətlərlə tətbiq edir.

27. 8.4. Ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam hissədə yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

1. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmək istəyir ki, məhkəmə düzgün olaraq hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına isitnaq etmişdir.

2. Belə ki, qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; investisiya məsləhitinin verilməsi və s. xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə, nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa mövcüd olmasa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

3. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış F-İX-4001-3-xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli “Marja ticarət xidmətinin təqdim edilməsinə” dair müqaviləsi imzalanmışdır.

4. xx.xx.2023-cü il tarixli “ASAN” finans sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsinə əsasən adıkeçən sistem vasitəsi ilə virtual X4 əsasında şəxsiyyətini müəyyən edən fərdi məlumatlar investisiya şirkətində hesabın açılması məqsədilə "xxxx" QSC-yə təqdim olunmasına razılıq vermişdir.

5. xx.xx.2023-cü il tarixli, F-İX-4001-3-xxxxxxx/23 saylı ərizə anketə əsasən İddiaçı ərizəni imzalamaqla aşağıdakıları xahiş etmişdir:

6. – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlara bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

7. – investisiya məsləhitinin verilməsi;

8. . – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;

9. . – qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya təhqiqatı və maliyyə təhlilinin aparılması;

10. - əsas investisiya xidmətlərinin təqdim edilməsi ilə bağlı xarici valyuta mübadiləsi

11. Cavabdeh tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda 15 aprel 2024-ci ildə Cavabdeh QSC- də (bundan sonraŞirkət) “NATG”, “OİLUS” və “OİLUK” alətində texniki nasazlıq yaranması nəticəsində ticarət terminalı vaxtı ilə 15 aprel 02:00-dan 15 aprel 08:49-dək qiymətlər texniki olaraq səhv verilmiş və real bazar qiymətləri əks etdirilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qərarı ilə təsdiq edilmiş "Marja Ticarəti Qayda"sının 8.4-cü maddəsinə uyğun olaraq sözügedən texniki nasazlıq ilə bağlı məlumat Mərkəzi banka təqdim edildiyi, bu texniki nasazlıq Şirkətlə qiymətvericilər arasında yaranan bağlantı problemi əsasında yarandıdığı, bununla bağlı hesabında bu alət üzrə mövqeləri olan müştərilərin hesablarına müvafiq dəyişiklik edilmiş və nəticələr əks etdirilmiş və tərəflərindən baş vermiş texniki nasazlıqlar aradan Qaldırılmış və müvafiq qaydada müştərilər məlumatlandırılmışdır.

12. Marja ticarəti qaydasının 1 saylı əlavəsi olan marja ticarəti üzrə risk məlumatlandırma sənədinə əsasən Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamazdan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır. Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) tanış ola bilərsiniz.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk öncə iddia etsə də ki, xx.xx.2024-ci il tarixdə gecə saat 01.05 - 07.40 aralığında cavabdeh investisiya şirkətində apardığı ticarət əməliyyatı zamanı yüksək məbləğdə vəsait - 46.310.273,3 ABŞ dolları qazanmışdır, lakin “NATG”,“OİLUS” və “OİLUK” alətlərin həmin tarixdə ümumiyyətlə başqa ticarət platformalarda, dünya birjalarında yüksək qiymətdə olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. İş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqavilənin 8.4.1-ci maddəsinə əsasən müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətinin Müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya Şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər. Müqavilənin 8.4.4-cü maddəyə əsasən, fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. 8.4.7-ci bəndinə əsasən Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər. 10.5.Tərəflərdən heç biri bir-birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır; 10.8. İnvestisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıqla, Müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.

15. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixində baş vermiş texniki nasazlıqlara görə cavabdeh şirkətinin iddiaçı qarşısında hər hansı məsuliyyətinin mövcüdluğu müəyyən edilmir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertiza keçirilməsinə dair dəlilinə münaisbətdə qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı vəsatət verilmiş, iddiaçı eksepertiza keçirilməsinə etiraz etmədiyini bildirmiş, lakin ekspertiza keçirilməsinə dair hər hansı vəsatətlə çıxış etməmişdir. Yalnız sorğular verilməsinə dair vəsatət vermişdir.

17. İddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmənin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.

18. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

19. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1075/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar