Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-697/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1219/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.2018-ci il tarixdən 10.08.2019-cu il tarixə qədər olan dövr üzrə ünvan 1 saylı binalarda elektrik enerjisindən istifadəyə görə cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı MTK-ya qanunsuz və əsassız hesablanmış 5796,86 manat məbləğində borcun iddiaçının hesabından silinməsi (ləğv olunması), hüquqi yardım haqqının əvəzi olaraq vəkilə ödənilmiş 100 manat, dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2-2(113)-1219/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(81)-101/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilərək, cavabdeh “xxxx” ASC tərəfindən 06.06.2017-ci il tarixdən 01.06.2018-ci il tarixə qədər olan dövr üzrə ünvan 1 ünvanında yerləşən binalarda elektrik enerjisindən istifadəyə görə İddiaçı MTK-ya hesablanmış 8106,99 manat borcun silinməsi və 01.06.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda qeyd edilən hesablaşmanın MTK-nın balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılmasının “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-525/18 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-101/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin “01.06.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması” hissəsi 10.08.2019-cu il tarixdən etibarən icra edilməyə başlanmış və 01.06.2018-ci il tarixdən 10.08.2019-cu il tarixə qədər olan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə 5796,86 manat borc hesablanmışdır. İddiaçı bildirir ki, həmin borcun təkrarən hesablanması qanunsuzdur. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq həmin dövr üçün borcun silinməsi və hesablamanın yalnız 6 ədəd sayğac üzrə aparılması qət edilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hesablama qətnamənin qanuni qüvvəyə mindiyi tarixə qədər aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdeh “xxxx” ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 101/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsinin “01.06.2018-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən binalarda elektrik enerjisindən istifadəyə görə hesablaşmanın iddiaçının balansında olan yalnız 080730263M18044, 3405688M535153, 013187M1438695, 180830955M91023, 016536M1434416 və 016790M1433301 nömrəli elektrik sayğaclarının göstəricilərinə əsasən aparılması” hissəsini bundan 1 il sonra, yəni 10.08.2019-cu il tarixdən etibarən icra etməyə başlanmış və 01.06.2018-ci il tarixdən 10.08.2019-cu il tarixə qədər olan dövr üzrə borcu əvvəlki qaydada hesablayaraq elektrik enerjisindən istifadəyə görə 5796,86 manat borc yazmışdır. Göründüyü kimi cavabdeh həmin qətnamənin icrasını tam təmin etməmiş və qeyd olunan dövr üzrə cavabdeh tərəfindən borcun hesablanması düzgün olmamışdır. Halbuki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü hissəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh isə 01.06.2018-ci il tarixdən 10.08.2019-cu il tarixə qədər olan dövr üzrə əsassız olaraq 5796,86 manat borc hesablamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1219/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Tofiq Səmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-697/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-697/2021
06.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver