Məhkəmə qərarları › İş №2-2(103)-697/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-697/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-697/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: kredit müqaviləsi üzrə faiz borcu, dəbbə pulu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-696/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC və Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 7000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu İmişli rayonunda qoyunçuluq və maldarlıq təsərrüfatının genişləndirilməsi məqsədi ilə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə olmaqla 13 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Adıçəkilən kredit müqaviləsinin kreditin köçürülməsi və qaytarılması qaydasına əsasən, borcalan tərəfindən kreditin qaytarılmasının xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ayın 20-dən gec olmayaraq, bərabər hissələrlə aylıq 587 manat olmaqla həyata keçirilməsi razılaşdırılmış, qaytarılmış məbləğin ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilməsi şərtləşdirilmişdir;

2. İddiaçı ASC və Cavabdeh3 arasında 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 8299,21 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu restrukturizasiya edilmiş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh3 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə olmaqla 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Adıçəkilən kredit müqaviləsinin kreditin köçürülməsi və qaytarılması qaydasına əsasən, borcalan tərəfindən kreditin qaytarılmasının xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ayın 20-dən gec olmayaraq həyata keçirilməsi razılaşdırılmış, qaytarılmış məbləğin ilk növbədə dəbbə pulu, kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilməsi şərtləşdirilmişdir;

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7663/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 9/10429 – 9/10474 nömrəli ekspert rəyindən görünür ki, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 5525,92 manat, faiz borcu 651,6 manat, 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 6952,1 manat, faiz borcu 45,57 manat, xx.xx.2023-cü il tarixdə əsas borc 6952,1 manat, faiz borcu 48,09 manat təşkil edir, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4030 manat ödəniş edildiyi müəyyən edilir

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ilk icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin, Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019- cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 5483,45 manat əsas borc, 4678,47 manat faiz borcu, 2822,41 manat dəbbə pulu, Cavabdeh3 6953,14 manat əsas borc, 45,29 manat faiz borcunun və cavabdehlərdən 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 28,7 kv.m ümumi, 16,6 kv.m yaşayış, 12,1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilə yönəldilməsi, adıçəkilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya olan 20227,76 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli 631/M saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 İmişli rayonunda qoyunçuluq və maldarlıq təsərrüfatının genişləndirilməsi məqsədi ilə 13 ay müddətinə, illik 15% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh3 arasında 20 dekabr 2019-cu il tarixli 630/REST saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh3 restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə, illik 1% olmaqla 8299,21 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi 20 dekabr 2019-cu il tarixli 630/REST sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 28.7 kv.m ümumi, 16.6 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi **********3-05101-093056, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il). Lakin borclular tərəfindən kredit müqavilələrinin müddəaları pozularaq, öhdəliklər lazımınca icra edilmir. Belə ki, M/22-2564 saylı 19 aprel 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh1 iddiaçıya cəmi borcu 12984,33 manat, M/22- 2563 saylı 19 aprel 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh3 iddiaçıya cəmi borcu 6998,43 manat təşkil edir.

6. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 319.1, 442, 443.1-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 59.3-cü və s. maddələri göstərilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 297/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-696/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi ləğv edilmiş hesab edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə 2967,67 manat əsas borc və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə 5483,45 manat əsas borc, 651,6 manat faiz borcu, 280 manat cərimə olmaqla ümumilikdə 6415,05 manat məbləğində pul və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutma Cavabdeh2 mülkiyyəti hüququ ilə məxsus olan ilkin satış qiyməti 54000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 28.7 kv.m. sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilinə yönəldilərək həmin əmlak açıq hərracda satılması, əmlakın satışından əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5483,45 manat əsas borc, 651,6 manat faiz borcu, 280 manat cərimə olmaqla ümumilikdə 6415,05 manat məbləğində pul və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pul və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2967,67 manat əsas borc və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 150 manat məbləğində pulun Cavabdeh1, 150 manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. 9.2. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. 9.3. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır. 9.4. . İş materiallarından görünür ki, iddiaçı Cavabdeh3 poçt rabitəsi vasitəsilə xx.xx.2023-cü il tarixli bildiriş göndərərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir. 9.5. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3- cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh3 pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və məktubun borcalan tərəfindən qəbul edildiyi xx.xx.2023- cü il tarixdən 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi xitam edilmiş hesab edilməlidir. 9.6. Digər tərəfdən, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2021-cü il tarixdə başa çatdığından həmin müqavilənin ləğvi mümkün deyildir 9.7. Beləliklə, iddiaçı 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı hər iki müqavilə üzrə xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. 9.8. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehlər ekspert rəyinə etiraz etməmiş, iddiaçı isə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, sadəcə faiz məbləği hissəsində ekspert rəyi ilə razı olmadığını bildirmişdir. 9.9. Halbuki 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə iddia tələbinin faiz borcu hissəsi ilə ekspert rəyi arasındakı kəskin ziddiyyət iddiaçının kredit müddətindən sonra da kreditdən istifadəyə görə faiz hesablaması ilə bağlı olmuşdur. Lakin Konstitusiya Məhkəməsi də ifadə etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərar). 9.10. Belə olan halda, iddiaçının 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra da kreditdən istifadəyə görə faiz hesablaması əsassız olmuş, bu əsasla ekspert rəyinə etirazı isə düzgün olmamışdır. 9.11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 9/10429 – 9/10474 nömrəli ekspert rəyindən görünür ki, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 5525,92 manat, faiz borcu 651,6 manat, 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 6952,1 manat, faiz borcu 45,57 manat təşkil edir. 9.12. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. 9.13. Bu səbəbdən 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə əsas borc 5483,45 manat, faiz borcu isə 651,6 manat müəyyən edilməlidir. 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü il tarixə əsas borc 6952,1 manat, faiz borcu 45,57 manat təşkil etmiş, lakin ekspert rəyində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək borcalan tərəfindən 4030 manat ödənişin edildiyi də göstərilmişdir. Belə olan halda, 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsində ödənişlərin əvvəlcə faiz, daha sonra isə əsas borcdan silinməsinin razılaşdırıldığı nəzərə alınaraq, həmin müqavilə üzrə yekun əsas borc 2967,67 ( əsas borc 6952,1-(ödənilən məbləğ 4030 - faiz borcu 45,57)) manat, faiz borcu isə 0 manat olaraq müəyyən edilməlidir. 9.14. 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsinin 5.5-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,25% miqdarında vaxtı keçmiş faiz ödəyir. 9.15. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməsə də, müqavilə müddəti ərzində iddiaçı məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir. 9.16. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə müvafiq olaraq ödənilməli cərimə məbləğinin 280 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. 9.17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi ləğv edilmiş hesab edilmiş hesab edilməli, həmin müqavilə üzrə 2967,67 manat əsas borc Cavabdeh3, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə 5483,45 manat əsas borc, 651,6 manat faiz borcu, 280 manat cərimə olmaqla ümumilikdə 6415,05 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. 9.18. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh X2 (ipoteka qoyan qismində) və cavabdehlər X3 və Cavabdeh1 (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 630/REST saylı, “20” dekabr 2019- cu il tarixli və 631/M saylı, “20” dekabr 2019-cu il tarixli kredit müqavilələrinə əsasən, yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (1.1). İpoteka predmetinin təsviri və olduğu yer: Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 28.7 kv.m ümumi, 16.6 kv.m yaşayış, 12.1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzil (2.1). İpoteka qoyulan əmlak – Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş **********03-05101-093056 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsusdur (2.2). İpoteka predmetinin dəyəri bankın əməkdaşları tərəfindən əmlakın qiymətləndirilməsi 45 000 (qırx beş min) manat məbləğində müəyyən olunmuşdur (2.3). İpoteka qoyan bəyan edir ki, ipoteka predmeti İddiaçı ASC-də girovdadır və onun üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi İpoteka saxlayana, o cümlədən sonrakı İpoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir (2.4). Öhdəliyin yaranma əsası: kredit müqavilələri (3.1). Öhdəliyin ölçüsü və məbləği: Borc alana illik 1 (bir) % olmaqla 60 (altmış) ay müddətinə, 8 299.21 (səkkiz min iki yüz doxsan doqquz manat iyirmi bir qəpik) manat. Öhdəliyin İcra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Borc alana faktiki təqdim edildiyi “20” dekabr 2019- cu il tarixdən “20” dekabr 2024-cü il tarixinədək (3.2). Öhdəliyin ölçüsü və məbləği: Borc alana illik 15 (on beş) % olmaqla 13 (on üç) ay müddətinə, 7 000 (yeddi min) manat. Öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Borc alana faktiki təqdim edildiyi “20” dekabr 2019-cu il tarixdən “20” yanvar 2021-ci il tarixinədək (3.3). Öhdəliyin əsaslandığı müqavilənin tərəfləri: kreditor; borclu (3.4). İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi (4.1) 9.19. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə 60 ay müddətinə, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə 13 ay müddətinə ünvan 1 ünvanında yerləşən 28,7 kv.m ümumi, 16,6 kv.m yaşayış, 12,1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. 9.20. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2023-cü il tarixdə ipoteka qoyana çatdırılmış (ünvan üzrə göndərilmişdir), ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir. 9.21. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilmişdir. 9.22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7663/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 9/10429 – 9/10474 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 28,7 kv.m ümumi, 16,6 kv.m yaşayış, 12,1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin bazar dəyəri təqribən 60 000 manat, likvid dəyəri isə təqribən 54 000 manat təşkil edir. 9.23. Məhkəmə ekspertiza rəyini və tərəflərin həmin rəyə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən 28,7 kv.m ümumi, 16,6 kv.m yaşayış, 12,1 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin ilkin satış qiyməti 54 000 manat müəyyən edilməlidir. 9.24. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdehlər Cavabdeh1 və və Cavabdeh3 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh2 mülkiyyəti hüququ ilə məxsus olan ilkin satış qiyməti 54000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 28.7 kv.m. sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilinə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5483,45 manat əsas borc, 651,6 manat faiz borcu, 280 manat cərimə olmaqla ümumilikdə 6415,05 manat məbləğində pul və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pul və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2967,67 manat əsas borc və mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pulun ödənilməsinə yönəldilməlidir. 9.25. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-01339 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir. 9.26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bərabər hissələrlə tutularaq iddiaçıya ödənilməlidir. 9.27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 30 aprel 2024-cü il tarixli 9/1880 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 05 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/1906 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 10 fevral 2025ci il tarixli 9/10429 – 9/10474 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir. 9.28. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bərabər hissələrdə tutulmalıdır. 9.29. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına münasibətdə isə göstərir ki, iş materialları ilə yalnız 15 manat dövlət rüsumunun ödənilməsi təsdiqlənir. 9.30. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə, mediasiya xərcinin əvəzi olaraq 100 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 7,5 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 150 manat məbləğində pul Cavabdeh1, 150 manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 739.1,739.2, 741, 447.1,447.2, 44.2.2, 447.2.3, 462.1,467, 269.1, 269.4, 270.1, 309.1, 317-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 41, 47.5, 39.3.3, 1.0.9, 4-cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 4.6, 107, 115.0, 115.0.4, 115.0.9, 119.1, 119.3, 216-220, 222, 227, 233, 360-cı maddələrini, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-696/2025 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin müqavilə üzrə 651,6 manat faiz borcu, 280 manat cərimə hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müqavilə üzrə əsas borcdan əlavə əsasız və qanunsuz olaraq 651,6 manat faiz borcu, 280 manat cərimə tutulmasını qət etmişdir. Halbuki, bu müqavilə tərəflər arasında 20 dekabr 2019-cu il tarixdə bağlanmış və müqavilənin 5.3-cü bəndində nəzərdə tutlmuşdur ki, faizlər kreditin verilmə tarixindən etibarən kredit, borc verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Birinci instansiya məhkəmə nəzərə almamışdır ki, məhz 2019-cu ilin dekabr ayında post pandemiya dövrü başladı və nazirlər kabinetinin müvafiq qərarı ilə iş yerləri məhdud qaydada fəaliyyət göstərmişdir. Fos major yarandığından banklarda faiz və dəbbə hesablamaları dayandırıldı. Mübahisəli müqavilə üzrə göründüyü kimi qanunsuz olaraq 651,6 manat faiz borcu, 280 manat cərimə hesablanmışdır. 2019-2023-cü illlər də bütün dünyada və eləcə də ölkəmizdə post pandemiya dövrünün olması hamıya məlum olan hal olduğundan onu sübut etməyə ehtiyac qalmır. Məhkəmə cavabdehin nümayəndəsinin verdiyi izahatı və iddiaçının təqdim etdiyi sübut və dəlillərə birgə əlaqəli şəkildə yolxlamamış və hüquqi cəhətdən düzgün qiymətləndirməmişdir. Belə ki, cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, həqiqətən də müqavilə bağlandığı tarixdən az sonra bütün dünyada olduğu kimi ölkəmizdə də post pandemiya dövrü başladı və iş yerlər məhdud fəaliyyət göstərdiyindən əslində isə fos major yarandığından faizlərin hesablanması qanunsuz və əsasız olmuşdur. Məhkəmə isə cavabdehin nümayəndəsinin izahatına və təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, Cavabdeh1 qətnaməni dəbbə pulu və faiz borcu hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-696/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

38. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

39. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

40. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

41. Belə ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 9/10429 – 9/10474 nömrəli ekspert rəyindən görünür ki, 20 dekabr 2019-cu il tarixli 631/M nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 5525,92 manat, faiz borcu 651,6 manat, 20 dekabr 2019-cu il tarixli 630/REST nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc 6952,1 manat, faiz borcu 45,57 manat, xx.xx.2023-cü il tarixdə əsas borc 6952,1 manat, faiz borcu 48,09 manat təşkil edir, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4030 manat ödəniş edildiyi müəyyən edilir.

42. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Cavabdeh1 651,6 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

43. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, Cavabdeh1 “Covid-19” pandemiyası ilə əlaqədar öhdəliyini icra edə bilmədiyindən öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyət daşımır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, pandemiya ilə bağlı dövlət tərəfindən görülmüş məhdudiyyət tədbirləri heç bir halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz.

44. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

45. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

46. İstinad edilən normalara əsasən pandemiya ilə əlaqədar dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində fəaliyyəti müvəqqəti məhdudlaşdırılmış sahibkarlar müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdikləri halda məsuliyyətdən azad ediləhesablanan cərimə borcları həmin dövr üçün ləğv edilə və ya azaldıla bilər. Öhdəliyin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilmə birmənalı olaraq öhdəliyin özünün icrasından azad edilmə kimi qiymətləndirilə bilməz.

47. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində, o cümlədən Mülki Məcəllədə fors major hal bütün hallarda öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda borcalanın pandemiya ilə əlaqədar kreditdən istifadəyə görə faizlərin ödənilməsi öhdəliyi xitam olunmamışdır.

48. Eyni zamanda Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

49. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2822,41 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borca mütənasib olaraq 280 manat məbləğində müəyyənləşdirmişdir.

50. Hesabdan çıxarışa əsasən borcalan tərəfindən kredit borclarının ödənilməsi pandemiya ilə əlaqədar bəzi sahibkarlıq subyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edildikdən sonra da icra edilmədiyindən cərimə borcunun tam ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

51. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

53. Həmçinin mübahisələndirilən iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-696/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar