Məhkəmə qərarları › İş №2-2(103)-698/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-698/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-698/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1543/2021 saylı qətnaməsindən (hakim Ü.Həsənova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2839/2018 saylı 28 avqust 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 102 saylı evin 64/67 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə 19 sentyabr 2019-cu il tarixli hesabfakturaya əsasən “X3” MMC-yə 4930,20 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin, Yasamal rayon Məhkəməsinin 2(004)-2657/2018 saylı 09 iyul 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin 29 noyabr 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2 saylı evin 135 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə 19 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “X3” MMC-yə 814,14 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin, Nəsimi rayon Məhkəməsinin 2(006)- 1876/2018 saylı 04 iyun 2018-ci il tarixli icra sənədinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 28 sentyabr 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi, 11 saylı evin 34 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə 19 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “X3” MMC-yə 1215,81 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin, Nərimanov rayon Məhkəməsinin 2(005)-3342/2011 saylı 03 oktyabr 2011-ci il tarixli icra sənədinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2018-ci il tarixli sifariş məktubuna əsasən Şamaxı rayonu Sis kəndinə yerləşən 2,1256 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərrac üzrə 19 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “X3” MMC-yə 425 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin; İsmayıllı rayon Məhkəməsinin 2(037)545/2012 saylı 17 dekabr 2012-ci il tarixli icra sənədinə və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 08 oktyabr 2018-ci il tarixli sifariş məktubuna əsasən İsmayıllı rayonu, Mican kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə 19 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1845 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin, ümumilikdə, cəmi "xxxx" ASC (hazırkı adı İddiaçı ASC) tərəfindən cavabdehə ödənilmiş 9.257,1 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1543/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1543/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sadələşdirilmiş verginin mahiyyəti və tutulması əsaslarını müəyyən edən müddəalara nəzər saldıqda aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret olaraq satıçı, sahənin mülkiyyətçisi) çıxış edir. Bank borcun əvəzi olaraq ona təklif olunmuş əmlakları qəbul etmiş, lakin hərraca çıxarılmış ipoteka predmetlərinin satıcısı olmamaqla, vergilərin ödənilməsi tələb olunduğundan Bank tərəfindən həmin əmlakların onun adına rəsmiləşdirilməsinə dair vergini ödəmişdir. Belə olan halda isə, əmlaklar alınarkən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır. Bununla da, hərraca çıxarılmış ipoteka predmetinin satılmaması, yəni hərracın baş tutmaması nəticəsində ipoteka saxlayanın əmlakı əldə etdiyi zaman ondan sadələşdirilmiş verginin tutulmasının, faktiki olaraq ipoteka saxlayanın sonradan əmlakı satarkən həmin vergini təkrar ödəmək məcburiyyətində qalmasına və bunun, Bankın bir əmlak üzrə bir-neçə dəfə eyni vergini ödəmək öhdəliyi ilə yüklü edilməsinə səbəb olur. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən, ipoteka qoyan həmin əmlakı idarə etmək və barəsində sərəncam vermək imkanından məhrum olur ki, bu da onun hərrac əməliyyatında satıcı qismində iştirak etməsini istisna edir. Həmçinin, məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirəm ki, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında icra məmurunun hərrac təşkilatına verdiyi şifarişə əsasən keçirilmiş təkrar hərrac baş tutmadığı halda, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı ödəmə mənbəyində tutulması tələb olunan sadələşdirilmiş verginin ödənilməsi əsaslarını müəyyən edən hüquq normalarının qeyrimüəyyənliyi və məhkəmələrdə belə mübahisələrin həlli zamanı fərqli yanaşmaların mövcudluğunu nəzərə alınmalıdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığnı bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığnı bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1543/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən “X3” MMC tərəfindən keçirilmiş, baş tutmamış hərraclar nəticəsində hərraca çıxarılmış əmlakların əldə edilməsi üçün təqdim edilmiş hesab fakturalara əsasən ümumilikdə 9.257,1 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, “X3” MMCnin təsisçilərinin 18 sentyabr 2020-ci il tarixli 04 saylı qərarı ilə adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. İddiaçı həmin verginin ondan tələb edilməsinin və tutulmasının qanunsuz olduğunu iddia edərək qeyd edilən məbləğin cavabdehdən tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətini isə əsassız hesab edir. İşin mübahisəsiz halıdır ki, iddiaçının cavabdehdən tələb etdiyi vergi məbləği dövlət büdcəsinə köçürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Dövlət büdcəsinə artıq ödənilmiş vergilərin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin cavabdehdən tutulması barədə iddiaçının tələbinin qanuni əsası olmadığından iddia düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1543/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1543/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar