Məhkəmə qərarları › İş №2-2(103)-70/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-70/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-70/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdeh “X11” QTSC-nin nümayəndələri X7 (qanuni təmsilçi) və X9 (vəkil) iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər “X11” QTSC-yə və “Cavabdeh2”nə (3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi) qarşı “boruların geri qaytarılması və satılmış boruların dəyərinin ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “X11” QTSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yenidən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MTK cavabdehlər “X11” QTSC-yə və “16 №-li X8” Trestinə (bundan sonra - 16 saylı Trest) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1614 ədəd borunun “X11” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması və QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088,00 manat məbləğin cavabdehlərdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İİ cild i.v 27-30). İddiaçının iddia ərizəsində istinad olunan hallar aşağıdakılardan ibarətdir.

1. xx xxxx 2014-cü il tarixdə İddiaçı MTK-nın hüquq sələfi MKM-Mənzil Tikinti Kooperativi” ilə cavabdeh 16 №-li Trest arasında bağlanmış borc müqaviləsinə əsasən sonuncuya 2 il müddətinə 2.099.200 manat borc verilmişdir. Həmin müqavilənin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən 2-ci cavabdehə məxsus ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir borular 1 tonu 800 manat qiyməti ilə iddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılır.

3. xx xxxx 2016-cı il tarixdə iddiaçı ilə 2-ci cavabdeh arasında notarial qaydada bağlnmış “Borcun əvəzləşməsinə dair” müqaviləyə əsasən 16 №-li Trest ödənilməmiş borcun müqabilində İddiaçı MTK-nın ərazisində saxlanılan ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir borular 1 tonu 800 manat qiyməti ilə iddiaçının mülkiyyətinə keçmiş, bununla tirestin iddiaçı qarşısındakı öhdəliyinə xitam verilmişdir.

4. 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları iddiaçının ərazisinə gələrək sözügedən dəmir boruların üzərində həbsin olduğunu və onları aparacaqlarını bildirmişlər. Boruların iddiaçıya məxsus olması barədə sənədlərin təqdim edilməsinə baxmayaraq, icra məmurları bir gün (qeyri-iş günü) ərzində 2141 ədəd boruları daşımışlar. Qeyri-iş günü olduğu üçün iddiaçı heç bir tədbir görə bilməmişdir.

5. Sonradan məlum olmuşdur ki, boruların həbsinə və daşınmasına əsas 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(81)-509/2015 saylı qətnaməsinin icrası çərçivəsində Binəqədi rayon İcra və Probasiya Şöbəsinin məhkəmyə verdiyi təqdimatı üzrə məhkəmə qərardadı olmuşdur. Belə ki, Həmin qətnamə ilə 16 №-li Trestdən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat məbləğində pulun tutulması qət edilmişdir. İcra şöbəsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə 16 saylı Trestə məxsus 2100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Halbuki, həmin anda artıq 13 gün idi ki, «Borcun əvəzləşməsinə dair» müqaviləyə əsasən həmin borular iddiaçının mülkiyyətində idi. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 8-2(103)-21/2016 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin həmin qərardadı ləğv olunmuş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfində işə yenidən baxılmış və məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə təqdimat təmin etməmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2-2(102)-252/2017 saylı qərarı ilə Bakı Apellysiya Məhkəməsinin həmin qərardadı ləğv edilmiş, 2100 ədəd borunun üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Ali Məhkəmə həmin qərarın əsaslandırıcı hissəsində vurğulanmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən borular artıq cavabdehə təklif olunmuş və 2.081.820 manat dəyəri ilə (6.468.936 manat məbləğindəki pul tələbindən çıxılmaq şərti ilə) xx xxxxxxxx 2016-cı il tarixli akt üzrə sonuncunun mülkiyyətinə keçmişdir.

5. Paralel olaraq “Biləcəri Təmir-Quraşdırma” QTSC 16 №-li Trestinə və “xxxx” MTKya qarşı «Borc müqaviləsi»nin və «Borcun əvəzləşməsinə dair müqavilə»nin etibarsız hesab edilməsini və iddiaçı tərəfindən aparılmış boruların cavabdehə təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmış və həmin iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-560/2017 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədə isə borulara , məhz İddiaçı mülkiyyət hüququ təsdiq edilmişdir.Bu qətnamədən şikayət edilməmiş və qanuni qüvvəyə minmişdir.

6. Beləliklə, sözügedən borulara həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı qəbul edilərkən onlar artıq iddiaçının mülkiyyətində olmuşdur. Ali Məhkəmə tərəfindən xx xxxx 2017-ci il tarixdə qərar qəbul edilən anda «Borcun əvəzləşməsinə dair müqavilə»nin etibarlılığını təsdiq edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir. Buna görə də, həmin qərarda cavabdehin borulara münasibətdə mülkiyyət hüququnu vurğulayarkən sırf xx xxxxxxxx 2016-cı il tarixli aktı rəhbər tutmuş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsini nəzərə almamışdır. Qərarda deyilir ki, “Hazırda xx.xx.2014-cü il tarixli “Borc müqaviləsi” və xx.xx.2016-cı il tarixli “xxxxnə dair” müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları da qeyd etməyi zəruri hesab edir”. Qərarda müqavilələrin etibarlılığına qiymət verməmiş və iddiaçının borulara münasibətdə mülkiyyət hüququnun olub-olmamasına münasibət bildirməmiş, xx xxxxxxxx 2016-cı il tarixli aktı rəhbər tutaraq cavabdehin (QTSC-nin) borulara münasibətdə mülkiyyət hüququnu tanımışdır. İddiaçı ilə cavabdehin mübahisəsinə isə mahiyyəti üzrə hüquqi qiymət verilməmiş, bu məsələ açıq saxlanılaraq «Borc müqaviləsi»nin və «Borcun əvəzləşməsinə dair müqavilə»nin etibarlı olub-olmamasından asılı etmişdir.

7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi isə qüvvəyə mindiyi andan bu məsələyə nöqtəni qoymuşdur. Həmin qətnamədə həmçinin borulara cavabdehin deyil, məhz, İddiaçı MTK-nın mülkiyyət hüququ təsdiq edilmişdir. Belə ki, cavabdeh bu iddiası ilə özü təsdiq etmişdir ki, «Borcun əvəzləşməsinə dair müqavilə» ilə iddiaçının mülkiyyətinə məhz cavabdehin sonradan qanunsuz olaraq əldə etdiyi borular keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (“MPM”) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən borular hazırda cavabdehin qanunsuz sahibliyindədir və üçüncü şəxslərə özgəninkiləşdirilir. Məhkəmə tərəfindən boruların saxlanıldığı əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən boruların 527 ədədi satılmış, ümumi dəyəri 502,088.00 manat və hazırda yalnız 1614 ədəd boru cavabdehin qanunsuz sahibliyindədir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İV hissəsinə, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad olunur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işə baxılaraq 2-2(81)-449/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1614 ədəd borunun cavabdeh “X11” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması, “X11” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088.00 (beş yüz iki min səksən səkkiz) manat məbləğ və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin QTSC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “X11” QTSC həmin qətnamədən apellyasiya şikayəti verərək, - maddi və prosessual hüquq normalarının kobud pozulduğunu, düzgün tətbiq edilmədiyini və göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır:

1. Məhkəmə ilk növbədə iddia tələbində göstərilən dəmir boruların cavabdehin sahibliyində olmasının qanuni və yaxud qanunsuz olmasına qiymət verməli idi. Dəmir boruların cavabdehin sahibliyində olmasının qanuni və yaxud qanunsuz olmasını isə ümumiyyətlə, məhkəmə araşdırmamışdır. Araşdırılacağı təqdirdə müəyyən olunardı ki, dəmir borular nəinki, cavabdehin sahibliyinə qanuni şəkildə verilmiş, ümumiyyətlə, cavabdehin mülkiyyəti hesab olunur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-509/15 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “X11” QTSC-nin cavabdeh 16 saylı X2 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh 16 saylı X1 iddiaçı “X11” QTSCnin xeyrinə 6.160.936 manat əsas borcun, 308.000 manat cərimə borcunun, cəmi, 6.468.936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, pul borcu tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərlə, o cümlədən, 16 saylı Trestə satılmış ******* manat məbləğində müxtəlif ölçülü dəmir boruların dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasındakı razılaşma ilə əlaqədar olmuşdur. Yəni, həmin qətnamə ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən lap əvvəldən QTSC-yə məxsus olmuş borclar trestə satılmış, pulu ödənilmədiyindən QTSC tərəfindən ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılmışdır.

2. Həmin qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra, Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 2(81)-509/15 saylı icra sənədinin icrası qaydasında məhkəməyə tələbin 16 saylı Trestdə aşkar olunmuş QTSC-yə məxsus 2100 ədəd borunun üzərinə həbs qoyulması, tələbin həmin borulara yönəldilməsi, xüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi xahiş olunmuşdur (Təqdimata tərəflər arsında boruların qiymət razılaşmasına dair akt, foto və video çəkiliş əlavə olunmuşdur). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin edilmiş, 16 saylı Trestə məxsus 2100 ədəd borunun üzərinə həbs qoyulmuş, borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühifizə olunan sahədə yerləşdirilməsi qərara alınmışdır. Həmin qərardadın icrası qaydasında Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli aktdan görünür ki, 2.081.820 manat dəyərində qiymətləndirilmiş borular QTSC-yə təhvil verilmişdir. Həmin aktla icra vərəqi üzrə borcdan 6.468,936 manat borc məbləğindən 2.081.820 manat pul əvəzlənərək, tələbkara ödənilmiş hesab edilmiş, borclunun qalan borcu 4.387.116 manat kimi müəyyən edilmişdir. Sonradan, maraqlı şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə İddiaçı MTK tərəfindən mübahisələndirilmiş, və yekun olaraq Azərbaycan Respublikası Ali Məhəsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə borclu 16 saylı Trestə məxsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönədilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən və Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin yekunu olaraq adı çəkilən dəmir borular «Biləcəri Təmir-Quraşdırma» QTSC-nin mülkiyyətinə verilmişdir. Lakin əksi barədə heç bir mötəbər sübut olmadığı halda, 1-ci instansiya məhkəməsi «Biləcəri Təmir-Quraşdırma» QTSC-nin mülkiyyətində olan dəmir boruların digər bir hüquqi şəxsə verilməli olması barədə qətnamə qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələbləri, Mülki Məcəllənin 152-ci maddəsinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur.

3. Bundan başqa, İddiaçı MTK iddia tələbində 16 saylı Trest ilə aralarında imzalanmış xx xxxx 2016-cı il tarixli «xxxx»yə əsasən boruların MTK-nın mülkiyyətində olmasını, məhkəmənin qərardad qəbul edərkən və icra məmurları tərəfindən icra tədbirləri həyata keçirilərkən, həmin halların nəzərə alınmadığını əsas gətirməklə, boruların onlara verilməli olmasını iddia etmişdir. İddiaçının göstərdiyi həmin hal tamamilə əsassızdır. Mübahisəli boruların müqavilə əsasında QTSC tərəfindən 16 saylı Trestə verilməsi və həmin borulara görə sonuncunun Cəmiyyət qarşısında öhdəliyinin yaranması işin mübahisələndirilməyən halı olmaqla yanaşı, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tam sübut olunmuşdur.

5. Bundan əlavə, iş materiallarında olan icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borular aşkar edilərkən, borulara tutma yönədilməsi ilə bağlı aktların tərtibi zamanı, 16 saylı İnşaat-İstehsalat Trestinin direktoru Yusif Nəsirov sözügedən müqavilələrə əsasən boruların borc əvəzinə İddiaçı MTK-ya verildiyini bildirməmişdir. Adıçəkilən dəmir borular «Biləcəri Təmir-Quraşdırma» QTSC tərəfindən boruların istehsalçısı olan zavod qarşısında olan borcunun ödənilməsi məqsədi ilə əvəzləşdirilmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla iddiaçının tələbinin tam əsassız olması sübut olunmuşdur. Lakin məhkəmə MPM-in 88 və 217-ci maddələrinin tələblərini pozaraq, sübutları düzgün qiymətləndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-548/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “X11” QTSC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 57/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “X11” QTSC şikayətlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin həmin qərarının Konstitusiyaya uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbayjan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi 2-2(102)-57/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmiş, işə prosessual qanunverijilyin müəyyən etdiyi qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 13-2(102)-1(k)/2020 saylı qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi 2-2(102)-57/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-548/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir (Qanuni təmsilçi N.Tahirov həmin izahatla razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, mübahisəli borların 2014-cü ildən İddiaçı MTK-nın həyətində olduğunu və bununla bağlı sübutların işə əlavə olunduğunu, qanuni qüvvəsini almış məhəmə qətnaməsinə əsasən boruların MTK-nın mülkiyyəti olduğunun sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ikinci cavabdeh və üçüncü şəxs (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 146, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh “X11” QTSC-nin şikayəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilən mövqeyinə görə MPM-in 82.3-cü maddəsinə uyğun olaraq, preyudisallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: -konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş olmalıdır. -bu fakt həmin işdə iştirak edən şəxslərin başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, hazırkı mübahisənin həllini əhəmiyyətli dərəcədə çətinləşdirən halını - mübahisəli boruların cavabdeh “Biləcəri Təmir- Quraşdırma» QTSC-nin mülkiyətinə verilməsini müəyyən edən Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı və iddiaçı «İddiaçı” MTK ilə cavabdeh 16 saylı Trest arasında bağlanmış “borc” və “xxxx barədə” müqavilələrinin etibarlılığını müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 02 iyun 2017-ci il tarixli qətnaməsi arasında yaranmış kolliziya təşkil edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı proses iştirakçılarının iştirakı ilə xx xxxx 2017-ci il tarixli məhkəmə iclasında qəbul etdiyi qərarından isə görünür ki, həmin qərar icra məmurunun 16 saylı Trestə məxsus mübahisəli boruların üzərinə həbs qoyulması barədə təqdimatı ilə bağlı olmuşdur. Belə ki, başqa bir iddiaçı “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin cavabdeh 16 saylı Trestə qarşı “pul tələbinə dair” iş üzrə qəbul olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-509/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun (Tural Süleymanovun) “mübahisəli boruların üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi, xüsusi mühafizə sahəsində yerləşdirilməsi və realizə işlərinin həyata keçirilməsi barədə” təqdimatı son nəticədə, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş : -borclu 16 saylı Trestə məxsus 2100 ədəd borunun üzərinə - xüsüsi mühafizə sahəsində yerləşdirilməklə həbs qoyulmuş; - realizə işlərinin həyata keçirilməsi hissəsində isə təqdimat təmin edilməmişdir. Ali Məhkəmə tərəfindən həmin qərarda təqdimatın “realizə işlərinin həyata keçirilməsi” hisəsində rədd edilməsi aşağıdakı kimi əsaslandırılmışdır: -«İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı məsələlər «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirildiyindən Kollegiya hesab edir ki, təqdimat realizə işlərinin həyata keçirilməsi hissəsində təmin edilməməlidir.” Göründüyü kimi, Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarında boruların üzərinə həbs qoyulması və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərarına gəlinsə də, həmin boruların borc əvəzi tələbkara verilməsini ehtiva edən icra hərəkətlərinin İcra qanunvericiliyinə müvafiq surətdə həyata keçirilməli olduğu vurğulanmaqla, həmin hissədə təqdimat rədd edilmişdir. Belə olan halda, son nəticədə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə boruların üzərinə həbs qoyulması və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi faktiki olaraq boruların hələ həmin icra işi üzrə tələbkar QTSC-nin mülkiyyətinə verilməsi anlamını verə bilməz. Ən azından, Mülki Məcəllənin 159-cu maddəsinə əsasən əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Ali Məhkəmə xx.xx.2017-ci il tarixli qərarında da, məhz, üzərinə həbs qoyulmuş borularla bağlı realizə işlərinin icrası ilə əlaqədar icra hərəkətlərinin «İcra haqqında» Qanuna müvafiq olaraq həyata keçirilməli olduğunu qeyd etmişdir. Bu baxımdan, deməli, həmin iş üzrə tələbkar (hazırkı işdə cavabdeh) QTSC-nin – "üzərinə həbs qoyulmuş boruların “mülkiyyətçisi” kimi adlandırılması istisna olunur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 53.1, 55, və 89-cu maddələri ilə “üzərinə həbs qoyulmuş əmlakın” realizə olunmasının aşağıdakı qaydaları müəyyən edilmişdir: -üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur (53.1). -əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir (55). -tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (məsuliyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı şəxsin fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər (89). İşdə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin xx xxxxxx 2018-ci il və xx xxxx 2017-ci il tarixli qərardadlarına, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin “X11” QTSC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli qərarına və xx.xx.2017-ci il tarixli məktubuna əsasən və s. müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş boruların - aparılan icra hərəkətləri nəticəsində tələbkar QTSC-yə verilməsi faktiki olaraq xx.xx.2017-ci il tarixindən sonra baş tutmuşdur. Halbuki, həmin tarixə artıq İddiaçı MTK ilə 16 saylı Trest arasında bağlanmış xx.xx.2014-cü il tarixli “borc” və xx.xx.2016-cı il tarixli “xxxx” barədə müqavilələrin etibarlılığını və MTK-nı həmin boruların mülkiyyətçisi kimi müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 02 iyun 2017-ci il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır. Belə olan halda, xx xxxx 2014-cü il tarixində İddiaçı MTK-nın hüquq sələfi “MKM- Mənzil Tikinti Kooperativi” ilə 16 saylı Trest arasında 16 №-li Trestə 2.099.200 manat məbləğində borcun verilməsi və həmin müqavilənin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən ümumi çəkisi 2620 ton olan, 2200 ədəd dəmir boruların 1 tonu 800 manatdan iddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılması, eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə “boruların üzərinə həbs qoyulmamışdan 13 gün əvvəl, yəni, xx xxxx 2016-cı il tarixində İddiaçı MTK ilə 16 №-li Trest arasında notariat qaydasında “borcun əvəzləşməsinə dair” ikinci bir müqavilənin bağlanması, bütün bunlar - iddiaçının həmin boruların qanuni mülkiyyətçisi olduğunu sübuta yetirir. Mülki Məcəllənin 181.1-ci maddəsinin tələbindən də görünür ki, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənin birbaşa sahibliyinə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinin tələbindən isə görünür ki, əşyanının əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi əşyanın verilməsidir. Həmin Məcəllənin 181.6-cı maddəsinin tələbindən isə görünür ki, hüquq şəxs yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ onun hüquqi varisi olan hüquqi şəxsə keçir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, mülki qanunvericidiyin qeyd olunan tələbləri baxımından, İddiaçı MTK ilə 16 №-li Trest arasında xx xxxx 2016-cı il tarixində bağlanmış “borcun əvəzləşməsinə dair müqavilə bağlandığı andan qanuni qüvvəsini almış və tərəflər üçün məcburi olmuşdur. Hər bir halda, işə əlavə olunmuş foto görüntülərdə (kosmik görüntülər) xx.xx.2014 xx.xx.2016-cı il tarixinədək olan dövrdə İddiaçı MTK-ya məxsus ərazidə dəmir boruların mövcud olduğu müşahidə olunur. Həmçinin, işə əlavə olunmuş digər fotoşəkillər üzrə də boruların İddiaçı MTK-ya məxsus ərazidə yerləşdiyinin cavabdeh tərəfindən mübahisələndirildiyi müəyyən olunmur. Əksinə, cavabdeh QTSC-nin birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi (qanuni təmsilçisi) N.Tahirov İddiaçı MTK-nın nümayəndəsi Q.Fətullayevin “boruların 2014-cü ildən artıq onlara məxsus Güzdək qəsəbəsində əraziyə gətirildiyi” sözləri qarşılığında məhkəmənin sualını cavablandırarkən aşağıdakıları bildirmişdir: “Bir dəfə bu şəxs ona zəng etdi... mən boruların mənim olduğunu bildirəndə, «Yusif»in borunu ona verdiyini” demişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, «Yusif» adlı şəxs iddiaçı “Cənnət Park” MTK ilə borc və borcun əvəzləşdtirilməsi müqavilələrini bağlayan cavabdeh 16 saylı Trestin rəisidir (X10). Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı MTK mübahisəli boruların qanuni mülkiyyətçisidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə də mülki qanuvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MTK-nın cavabdeh “X11” QTSC-dən 1614 ədəd borunun cavabdeh “X11” QTSC-nin qanunsuz sahibliyindən alınaraq, İddiaçı MTK-ya qaytarılmasını və 527 ədəd satılmış borunun əvəzi olaraq 502.088.00 manat məbləğində dəyərinin ödnilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün MPM-in 385.1-ci maddəsində göstərilən əsaslar yoxdur. Qətnamə işdə olan sübutlarla müəyyən olunan hallara, maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu mənada məhkəmə kollegiyası cavabdeh “X11» QTSC-nin apellyasiya şikayətinin qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulduğunu və düzgün tətbiq edilmədini, göstərilmiş nəticələrin işin hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

Cavabdeh “X11» QTSC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-449/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar