Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-70/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehn nümayəndələri Qanuni nümayəndə və X1 iştirakı ilə cavabdehin çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3600/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi, cavabdeh ilə həmin mənzillərin, qeyri-yaşayış sahələrinin, zirzəmi və qarajların alqısatqısına dair müqavilələrin və həmin obyektlərin təsdiq olunmuş ümumi plançertyojlarının əsllərinin, ştamp və möhürlərinin və ev kitabçasının verilməsi, vurulmuş ziyana görə 26.132 manat məbləğdə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakı qadağan edilmiş, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binada yerləşən məzillərə, qeyri-yaşayış sahələrinə, zirzəmi və qaraj sahələrinə dair cavabdeh ilə bağlanmış müqavilələrin, həmin sahələrin plan-çertyojları, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya dair ev kitabçasının (müqavilələrin qeydiyyatı kitabı) cavabdeh tərəfindən iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tamamilə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq hesab edir ki, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq ümumi məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə iddiaçının 12.04.2019-cu il tarixdə 1119-MM6-0117 nömrə ilə dövlət qeydiyyatına alınmış nizamnaməsindən müəyyən edilir ki, cəmiyyət qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir, yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək və sairdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. İşdən görünür ki, iddiaçı qeyri-kommersiya hüquqi şəxsidir, hazırkı mübahisə bilavasitə onun yaradılmasının əsas məqsədinə yönəlmiş fəaliyyəti ilə bağlı olmaqla, yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının:
21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir;
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Digər tərəfdən, MPM-in 26.1-ci maddəsi açıq şəkildə bildirir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı qeyri-kommersiya hüquqi şəxsidir və hazırkı mübahisə də bilavasitə onun yaradılmasının əsas məqsədinə xidmət edən fəaliyyəti ilə bağlı olmaqla, sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Ali Məhkəmənin Plenumu eyni Qərarın 14-cü bəndində bu mövqeyini qüvvətləndirərək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.” MPM-in 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Cavabdehin hüquqi ünvanı Bakı şəhərinin Yasamal rayonundadır. MPM-in 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3600/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və sair tələblərə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova