Məhkəmə qərarları › İş №2-2(103)-70/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-70/2023

24.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-70/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqaviləyə dəyişiklik edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1742/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı MMC arasında 30 dekabr 2013-cü il tarixli, 37-LA/13 saylı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ******* manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinq alana lizinqə vermişdir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

3. Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 3713/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh İddiaçı MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia təmin edilərək, İddiaçı MMC-dən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 30 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilə üzrə 334568,75 manat gecikdirilmiş borcun, hesablanmış 76281,68 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 411350,43 manat pul vəsaitinin tutulması qət olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "Aqrolizinq” ASC arasında bağlanmış 30 dekabr 2013-cü il 37-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində lizinq obyektinin ümumi dəyərinin 1253355,33 manat müəyyən edilməsi və bununla bağlı müqavilənin 1.1ci bəndinə dəyişiklik edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində "xxxx" MMC-yə dəymiş zərərin 298593,42 manat məbləğində müəyyən edilməsi və həmin zərərin Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2- 2(113)-3713/2021 saylı qətnaməsi üzrə müəyyən edilən borcdan silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilməsi, tərəflər arasında bağlanmış müqavilədə göstərilən lizinq obyektinin İddiaçı MMC-nin mülkiyyətinə verilməsi barədə qətnamə q’bul edilməsini xahiş etmişdir.

5. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” 30 dekabr 2013-cü il 37-LA/13 saylı müqavilə üzrə əsas borc olaraq 736051,25 manat məbləğinin və 35932,68 manat cərimə borcunun cavabdehdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq müqavilənin 1.2-ci bəndinə görə İddiaçı MMC lizinqə verilən avadanlıqların dəyərindən 15000 manat məbləğini əvvəlcədən ödəmiş, qalan məbləği isə 2023-cü ilin sonunadək (ödəniş qrafiki ilə razılaşdırılan müddət) "xxxx" ASC-yə ödəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, həmin bənddə əvvəlcədən ödənilən 15000 manat məbləğində pulun heç bir halda qaytarılmayacağı nəzərdə tutulmuşdur. Lakin, İddiaçı MMC-yə sonrada məlum olmuşdur ki, lizinq obyektlərinin dəyəri tərəflər arasında bağlanan müqavilədə süni şişirdilərək 2 dəfə çox göstərilmişdir. Bu barədə dəfələrlə cavabdehə etirazlar edilmiş, cavabdeh isə müqavilənin dəyişdiriləcəyi obyektlərin dəyərini aşağı müəyyən edəcəyini vəd etmişdir. Həmçinin "xxxx" ASC tərəfindən iddiaçıya bildirilmişdir ki müqavilədən imtina edilərsə, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödənilən 15000 manat vəsait geri qaytarılmayacaq. Ona görə də iddiaçı müqavilədən imtina etməmiş və müqavilə münasibətlərini davam etdirmişdir. Sonradan "xxxx" ASC, eləcə də cavabdehlə danışıqlar aparılaraq bu məsələnin həll edilməsi tələb edilməsinə baxmayaraq, danışıqlar nəticəsiz qalmışdır. Bu halda yaranmış vəziyyət iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Müqavilənin ümumi qiyməti həddindən artıq şişirdilməsi sahibkarlıq subyekti olaraq iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, əldə etdiyi gəlirlərlə öz sahibkarlıq fəaliyyətini genişləndirmək və daha da inkişaf etdirmək imkanı olduğu halda, iddiaçı illərdir ki, əldə etdiyi vəsaitlə ancaq cavabdehə ödənişlər etmək məcburiyyətində qalmış və cavabdeh tərəfindən süni şəkildə şişirdilmiş bu məbləği ödəyib başa çatdıra bilməmişdir. Belə ki, cavabdeh qurumun yaradılma məqsədi dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqların fiziki və hüquqi şəxslərin istifadəsinə münasib şərtlərlə verilməsi təsərrüfatı sahəsinin stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulun həcminin artırılmasıdır. Lakin, cavabdeh ona səlahiyyətlərdən sui-istifadə edərək dövlət büdcəsinin hesabına alınmış texnika və avadanlıqları mövcud bazar qiymətindən dəfələrlə qiymətlərlə sahibkarlara, o cümlədən iddiaçıya vermişdir. Tərəflər arasında sözügedən müqavilənin bağlanılmasından sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətində tenderlərin keçirib müqavilələrin bağlanılması zamanı yol verilən pozuntulara görə bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, elə analoji işlərdə həqiqətən də lizinq obyektlərinin dəyərinin süni şəkildə yüksək göstərilməsi ilə bağlı qəbul edilən məhkəmə aktları iddianın əsaslı olmasını göstərir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanılarkən lizinq avadanlıqlarının dəyəri tərəflərin razılığı ilə bazar qiymətinə uyğun müəyyən edilmişdir. İddiaçı bu məbləğlə bağlı "xxxx" ASC-yə etiraz etdiyini bildirsə də, nə müqavilə bağlanılarkən, nə də ki, sonradan bu məbləğlə bağlı tərəflər arasında hər hansı fikir ayrılığı olmamış, iddiaçı lizinq avadanlıqlarının dəyərini mübahisələndirməmiş və bu məbləğlə razı olmuşdur. Hazırda İddiaçı MMC lizinq avadanlıqlarının dəyərini mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Sözügedən müqavilə üzrə İddiaçı MMC tərəfindən bu günədək ******* manat pul məbləği ödənilsə də, sonradan cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri icra etməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə müracət edilmiş və 18 may 2021-ci il tarixə yaranmış borcun İddiaçı MMC-dən tutulması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3713/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra İddiaçı MMC müqavilə üzrə yenə də heç bir ödəniş etməmişdir. İlk iddiadan görünür ki, İddiaçı MMC ümumiyyətlə müqavilə üzrə digər öhdəliklərini də icra etmək fikirində deyildir. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı o, müqavilə üzrə ödənilməli olan bütün vəsaiti vaxtından əvvəl İddiaçı MMC-dən tələb etmək hüququna malikdir. Beləliklə, 30 dekabr 2013-cü il 37-LA/13 nömrəli müqavilə üzrə “A-Alyans" MMCnin 30 mart 2022-ci il tarixə olan ümumi əsas borcu 736051,25 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu isə 35932,68 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1742/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, İddiaçı ilə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli, 37-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində dəyişiklik olunaraq lizinq obyektinin ümumi dəyərinin 1255332,92 manat məbləğində müəyyən edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində İddiaçınə dəymiş zərər 296615,83 manat məbləğində müəyyən olunaraq, Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmuş 411350,43 manat borcdan silinməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilsin. Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə borc tam ödənildikdən sonra 30 dekabr 2013-cü il tarixli, 37- LA/13 nömrəli müqavilə üzrə lizinq obyekti İddiaçı mülkiyyətinə verilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçınə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi.

12. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 398.2-ci maddəsinə görə müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

14. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

15. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.

23. Belə ki, həmin iddia üzrə irəli sürülmüş birinci tələb lizinq obyektinin ümumi dəyərinin 1253355,33 manat məbləğində müəyyən edilməsi və bununla bağlı tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi ilə bağlıdır.

24. Kollegiya hesab edir ki, həmin tələb özü-özlüyündə əsassızdır.

25. Belə ki, Mülki Məcəllənin 398.2-ci maddəsindən müəyyən edilir ki, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə 2 halda – müqavilədə və ya Mülki Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

26. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində, habelə Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində müqavilə bağlandıqdan sonra lizinq obyektinin ümumi dəyərinin və ya lizinq ödənişlərinin cəmi məbləğinin dəyişdirilməsi ilə bağlı hallar və qaydalar müəyyən edilməmişdir.

27. Eyni zamanda, Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyən və ümumi normalar hesab edilən 421-422-ci maddələrindən müəyyən edilir ki, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə aşağıdakı hallarda yol verilir: - tərəflərin razılaşması ilə; - tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - şərait əhəmiyyətli dərəcədə dəyişdikdə.

28. Hazırkı işdə isə tərəflər arasında bağlanmış lizinq müqaviləsində lizinq obyektinin ümumi dəyəri və ya lizinq ödənişlərinin cəmi məbləğinə dair şərtlərin dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan heç biri mövcud deyil.

29. Eyni zamanda iddiaçı da həmin əsaslardan hər hansı birinə istinad etməmiş, yalnız qeyd etmişdir ki, lizinqə verilən avadanlıqların dəyərinin müqavilədə iki dəfə artıq göstərilərək süni şəkildə şişirdilməsi sonradan ona məlum olmuşdur.

30. İlk olaraq kollegiya qeyd edir ki, həmin dəlillər yuxarıda qeyd olunan müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarına aid olmadığına görə heç bir halda müqavilənin dəyişdirilməsi əsası kimi çıxış edə bilməz.

31. Bundan əlavə, kollegiya qeyd edir ki, müqavilə azadlığı Mülki Məcəllənin prinsiplərinə aiddir və müqavilənin şərtlərini tərəflər özləri müəyyən edir.

32. İşin hallarından da görünür ki, İddiaçı MMC lizinq müqaviləsində müəyyən edilən lizinq obyektinin ümumi dəyəri və lizinq ödənişlərinin cəmi məbləği ilə razılaşmış, həmin müqaviləni imzalamış və müqavilə üzrə ödənilməli olan cəmi məbləğin yarısından çoxunu (1217380 manat) ödəmişdir. Bu hal isə onun tərəfindən həmin müqavilənin şərtlərini tam qəbul etməsi mənasına gəlir. Ona görə də, lizinq obyektinin ümumi dəyərinin "xxxx" ASC tərəfindən süni şəkildə şişirdilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.

33. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı həmin tələbi lizinq müqaviləsi bağlandıqdan 8 il 3 ay keçdikdən sonra irəli sürmüş, keçən bu müddət ərzində tərəflər arasında eyni müqavilə üzrə borcun tutulması tələbinə dair məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)- 3713/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh İddiaçı MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia təmin edilmişdir.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, həmin iddia tələbləri özüözlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir.

35. İlk iddiada irəli sürülmüş digər tələblərə dair qeyd olunur ki, həmin tələblər müqavilə şərtinin dəyişdirilməsi ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn (törəmə) tələblərdir.

36. Ona görə də, müqavilə şərtinin dəyişdirilməsi ilə bağlı tələblər əsassız olduğuna görə ilk iddiada irəli sürülmüş digər tələblər də təmin edilə bilməz.

37. Əlavə olaraq qeyd olunur ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini pozmadığına görə Mülki Məcəllənin 443.1-ci maddəsi baxımından ona qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülməsi tam əsassızdır.

38. Lizinq obyektinin iddiaçının mülkiyyətinə keçməsi isə Mülki Məcəllənin 748-2.5-ci maddəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.6-cı bəndinə əsasən lizinq obyektinin dəyəri tam ödənildikdən sonra mümkündür.

39. Beləliklə, kollegiya hesab edir ki, ilk iddia tam rədd olunmalıdır.

40. Qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

41. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.

42. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan iddiaçıya aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

43. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddia tam təmin edilə bilməz.

44. Belə ki, tərəflər arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli, 37-LA/13 saylı lizinq müqaviləsinin müddəti 10 il müəyyən edilib və onun müddəti 2023-cü ilin dekabr ayında bitir.

45. Həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixə yaranmış borcun və həmin borcun gecikdirilməsinə görə hesablanmış cərimə borcunun tutulması ilə bağlı mübahisə artıq həll olunmuşdur (Bakı Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-3713/2021 saylı qətnaməsi).

46. Hazırda isə cavabdeh həmin müqavilə üzrə ödənilməli olan bütün vəsaiti vaxtından əvvəl İddiaçı MMC-dən tutulması tələbini irəli sürmüşdür.

47. Halbuki nə tərəflər arasında bağlanmış lizinq müqaviləsində, nə də Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində müqavilə üzrə ödənilməli olan bütün vəsaitin vaxtından əvvəl tutulmasına imkan verən müddəa nəzərdə tutulmamışdır.

48. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdeh yalnız xx.xx.2021-ci il tarixdən qarşılıqlı iddia ərizəsində qeyd edilən tarixə (xx.xx.2022) qədər olan müddət üçün lizinq ödənişlərinin tutulmasını tələb etmək hüququna malikdir.

49. Lizinq verən cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə lizinq alan tərəfindən edilmiş cəmi ödənişlərin məbləği, cərimə hesablanan məbləğ, gecikdirilmiş günlərin sayı və cərimə məbləğləri dəqiq göstərilmişdir) ilə təsdiq olunur ki, 30 dekabr 2013-cü il tarixli, 37-LA/13 saylı lizinq müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər yaranmış lizinq ödənişləri üzrə cəmi borcun məbləği 200741,25 manat təşkil edir.

50. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 200741,25 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir.

51. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

52. İşin hallarını, yəni lizinq müqaviləsi üzrə ödənişlərin gecikdirildiyi günlərin sayını, əsas borcun məbləğini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, cavabdehin tələb etdiyi 35932,68 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olan dəbbə pulu kimi qiymətləndirilməli və həmin məbləğ azaldılaraq, əsas borcun 5 faizinə yaxın məbləğdə, yəni 10000 manat məbləğində müəyyən edilməlidir.

53. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almayaraq və istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, ilk iddia tələbi açıqaşkar əsassız olduğu halda, həmin iddianın təmin edilməsi, lizinq müqaviləsindən irəli gələn və qismən əsaslı olan qarşılıqlı iddianın isə rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1742/2022 saylı qətnaməsi ləğv edilsin. İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı MMC-dən 200741,25 manat məbləğində əsas borc, 10000 manat dəbbə pulu, cəmi 210.741,25 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə qarşılıqlı təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar