Məhkəmə qərarları › İş №2-2(103)-70/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-70/2024

01.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-70/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 və X6 qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3722/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X1 2022-ci ilin sentyabr ayınadək yaranmış 39.333 manat məbləğində pul vəsaitinin və ödənilmiş 208 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 və X8 ilə işgüzar münasibətləri olmuş, uzun müddətdir tanışdılar. Cavabdeh X7 Azərbaycan Nəşriyyatında 1-ci müavin vəzifəsində işləyir və oğlu X8 ilə birlikdə qəzet kağızının alış-verişi ilə məşğul olurlar. Cavabdehlərlə aralarında biznes fəaliyyəti olmuş və onlar 2016-cı ildən başlayaraq ondan mütəmadi olaraq qəzet üçün kağızlar almışlar. Cavabdehlər ondan almış olduqları malın dəyərinin bir hissəsini ona ödəmiş, qalan hissəsini isə sonrakı alış-verişə saxlayırdılar. Beləliklə, cavabdehlərin 2022-ci ilin sentyabr ayınadək ümumilikdə 58.000 manat borcu yaranmışdır. Cavabdehlər həmin borc məbləğindən hissə-hissə 19.000 manat məbləğini ödəmiş və hazırda onların 39.333 manat məbləğində borcları qalmışdır. Dəfələrlə borcunu ödəməsi üçün cavabdehlərə müraciət etsə də, onlar yalan vədlər verərək hər dəfə ondan vaxt istəmiş, lakin heç bir ödəniş etməmişlər. Cavabdehlər hüquqdan sui-istifadə edərək hüquqlarını pozmuş və onların mübahisələrinin həlli yalnız məhkəmə qaydasında mümkündür. Cavabdehlərlə tanışlıqları uzun müddətə dayanmış və bu səbəbdən yazılı müqavilə bağlamamışlar. Bundan başqa, nəzərə çatdırmaq istəyir ki, o cavabdehlərdən pullarımın alınmasına dair hüquq mühafizə orqanlarına müraciət etmiş və onlar öz izahatlarında ona hazırda 39.333 manat məbləğində borclarının olmasını etiraf etmişlər. Şikayət üzrə çıxarılan cinayət işinin rədd edilməsi haqqında qərarı hazırki iddia ərizəsinə əlavə edir. Cavabdehlərin borcun etirafına dair izahatları orada öz əksini tapır.

3. Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3722/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 39.333 manat borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh X6 münasibətdə iddianın rədd edilməsi qət edilmişdir.

4. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3722/2023 saylı iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edərək, borcun hər iki cavabdehdən müştərək qaydada tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Həmin qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3722/2023 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin borcu müştərək qaydada yaranmışdır və bu səbəblə iddia tələbinin əsası olan borc məbləğinin müştərək qaydada hər iki cavabdehdən tutulması zəruridir. Cavabdeh X8 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, izahatında göstərilən məbləğdə borcunun olduğunu təsdiqləyib. Lakin, bu digər cavabdeh X2 məsuliyyətdən yayınması üçün əsas ola bilməz. Bu səbəbdən hesab edir ki, qətnamə ləğv edilməlidir və işə tam, hərtərəfli və obyektiv baxılaraq, bütün hallar araşdırılaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qətnamədə cavabdehin borclu olmamasına dair heç bir əlavə sübut təqdim edə bilmədiyi özü qeyd etmiş olsa da, hazırki iş üzrə onun xeyrinə qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmə yenidən araşdırma apararaq qətnaməni həmin hissədə dəyişməli və cavabdehi də məsuliyyətə cəlb etməlidir. Hazırki iş üzrə məhkəmə digər cavabdehin borca əlaqəsinin olmamasına dair heç bir əsaslı sübut təqdim etməməsinə baxmayaraq onun xeyrinə qətnamə çıxarmışdır. Pulun bütün hissəsi X5 düşməsi bir hissədə onun da hüquqlarının pozulması ilə nəticələnməsi anlamına gəlir. Bu onun apellyasiya şikayətinin əsaslı və qanuni olmasının bir başqa sübutudur. Bu səbəblə borcun müştərək qaydada hər iki cavabdehə yönəldilməsi zəruridir. İlkin olaraq qeyd etmək istərdim ki, mənim iddiamı təsdiq edən kifayət qədər sübutlarım vardır. Nəzərinizə çatdırmaq istərdim ki, mən cavabdehlərdən pullarımın alınmasına dair məhkəmədən əvvəl hüquq mühafizə orqanlarına müraciət etmişdim və onlar öz izahatlarında mənə hazırda 39.333 manat məbləğində borclarının olmasını etiraf etmişlər. Bu Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, cavabdeh X7 2016-cı ildən mənimlə aramızda biznes fəaliyyəti olduğunu bildirmişdir. Aramızda satış olduğunu və mənə borcunun yaranmasını özü izahatında bildirmişdir. Hazırda isə digər cavabdeh X8 görünür ki, atası olan cavabdehi işdən yayındırmağa çalışır. Məhkəmənin çıxardığı əsassız qərar və tutumun sadəcə X1 tutulması qanunvericiliyin tələblərinə ziddir. Əlavə olaraq qeyd etmək istərdi ki, məhkəməyə də tərəfindən təqdim olunan kağız satışından qalan borc hesabatı üçün ödəniş cədvəli formasına əsasən xx.xx.2022-ci ilə qalıq 58.332 manat təşkil etmiş və cavabdeh X7 öz imzası ilə təsdiq edərək xx.xx.2022-ci il tarixində 10.000 (on min) manat, xx.xx.2022-ci il tarixində isə 5.000 (beş min) manat ödəniş etmişdir. daha sonradan, xx.xx.2023-cü il tarixində son olaraq 4.000 (dörd min) manat pul ödəyərək cavabdeh öz imzası ilə təsdiqləmişdir. Göstərilənlərə əsasən borcun tutulmasının cavabdeh X6 yönəlməsi zəruridir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o İddiaçı uzun illər idi ki tanıyırdı və onun kağız biznesi ilə məşğul olduğunu bilirdi. O, 2021-ci ildə İddiaçıla nisyə olaraq qəzet üçün kağız alış verişi ilə məşğul olmuşdur. Bununla bağlı onların arasında rəsmi olaraq heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. O, İddiaçı nisyə olaraq müəyyən dəyərdə olan qəzet kaşızı götürmüşdür. Kağızı satdıqdan sonra onun pulunu İddiaçı gətirib ödəmişdir. İddiaçı ilə aralarında olan qarşılıqlı razılığa görə nisyə satılmış malın pulunun dəqiq ödənilmə müddəti müəyyən edilməmişdir. Bildirir ki, o İddiaçı nisyə olaraq götürdüyü kağızın pulunu əvvəllər malın pulunu alan kimi iddiaçıya ödəmişdir. Son illərdə iddiaçıdan nisyə olaraq götürdüyü kağızın alış-verişi ilə bağlı müflisləşmə oldu-yəni bankrot oldu. Buna görə də son aylarda iddiaçıdan nisyə olaraq götürdüyü kağızın pullarını satdığı şəxslərdən vaxtında toplaya bilmədi. Buna görə də iddiaçıdan nisyə aldığı malın pulunu ona ödəyə bilmədi. Bunları İddiaçı bildirdikdə o, dedi ki, bunların ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona dəqiq vaxt verdi və bildirdi ki, həmin vaxt tamam olana kimi aldığın malın pulunu ödəməlidir. O isə İddiaçı bildirdi ki, onun malının pulunu ödəməkdən imtina etmir, hal-hazırda pulu ödəməyə maddi imkanı yoxdur. Ona müəyyən müddətə möhlət ver, malın pulunu ödəyəcək. İddiaçı isə razılaşmadı. Tələb etdi ki, onun nisyə verdiyi malın pulunu ödəsin. O yenə də İddiaçı xahiş etdi ki, onun malının pulunu hissəhissə ödəməyə möhlət versin. İddiaçı isə onunla razılaşmadı. İddiaçı bununla bağlı ondan Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət etdi. O polis şöbəsində də eyni məzmunlu izahat verərək bildirdi ki, həqiqətən də İddiaçı onunla etdiyi alış-verişə görə ona pul borcu yaranmışdır və hal-hazırda həmin pul borcunu ödəmək qabiliyyətində deyil. O atası Ləbibov Ləbibin köməkliyi ilə İddiaçı olan pul borcundan 20.000 manatını ödədi. Və bildirdi ki, əlavə bir az da möhlət ver qalan pulları ödəsin. O, isə razılaşmadı. Onu da qeyd etmək istəyir ki, İddiaçıla onun arasında olan qəzet üçün kağız alışverişinə X13un heç bir aidiyyəti olmamışdır. Atası bu işlərdən xəbəri olmamışdır. X13 sonradan bir qohum kimi ona yardım edərək onun İddiaçı olan pul borcundan 20.000 manatının ödənilməsində ona kömək etmişdir. Bildirir ki, İddiaçı öz iddia ərizəsində əsassız olaraq X13u da cavabdeh kimi yazmışdır. Qeyd edirəm ki, o 29 saylı polis şöbəsində izahat verərkən İddiaçı olan pul borcunun məbləğinin səhvən 58.000 manat, ondan 20000 manatının ödənildiyini və qalan pul borcunun isə 39.333 manat olduğunu göstərmişdir. O sonradan dəqiqləşdirmişdir ki, onun İddiaçı olan qalan pul borcunun məbləği 39.333 manat deyil, 32.775 manat olmuşdur. O həmin vaxt həyacanlı olmuş və ona görə də qalan pul borcunun məbləği ilə bağlı qeyri-dəqiqliyə yolvermişdir. Həqiqətən də onun İddiaçı olan qalan pul borcu 32.775 manatdır. O Bakı Kommersiya məhkəməsində işə baxılarkən 29 saylı polis şöbəsində vermiş olduğu izahatla məhkəmədə verdiyim izahat arasında fərq yaranmasın deyə və bu gələcəkdə onun ziyanına olmasın deyə polis şöbəsində verdiyim izahatla eyni izahat verdi. Əslində isə onun iddiaçıya olan qalıq pul borcunun məbləği 32.775 manatdır. Onun hal-hazırda həmin pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin pulu hissə-hissə ödəməyə hazırdır. Bakı Kommersiya Məhkəməsi isə tam, ətraflı və obyektiv araşdırma aparmadan onun iddianı etiraf etməyini əsas götürərək iddiaçının iddiasını qismən təmin edərək 39.333 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etdi. Bakı Kommersiya Məhkəməsinin qeyd olunan 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh yəni o İddiaçı iddiasını etiraf etdiyi üçün iddiaçının iddiası qismən təmin olunaraq cavabdeh X1 39.333 manat borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, cavabdeh X6 münasibətdə iddianın rədd edilməsi qət edilmişdir. Düzdür o məhkəmədə iddianı etiraf etmişdir. O iddianı etiraf etməklə prosessual hərəkətlərin nəticələrini başa düşməmişdir. O elə başa düşmüşdür ki, məhkəmə tərəfindən araşdırma aparılacaqdır və onun iddaçıya olan pul borcunun yaranma səbəbləri və onun vaxtında ödənilməməsinin səbəbləri araşdırılacaqdır. O əgər iddianı etiraf etmənin prosessual nəticələrini başa düşmüş olsa idi, İddiaçı ona və atasına qarşı irəli sürdüyü iddianı etiraf etməzdi. Eyni zamanda bildirir ki, o sonradan dəqiqləşdirdi ki, onun İddiaçı olan qalan pul borcunun məbləği 39.333 manat deyil, 32.775 manat olmuşdur. O həmin vaxt həyacanlı olmuş və ona görə də qalan pul borcunun məbləği ilə bağlı qeyri-dəqiqliyə yol vermişdir. Bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Lakin Bakı Kommersiya Məhkəməsinin hakimi tərəfindən Azərbaycan Respublikası MPMnin 191.2-ci maddəsinin bu tələbləri ona izah edilməmişdir. Əgər hakim tərəfindən iddianı etiraf etmənin prosessual nəticələri ona əvvəlcədən izah edilsə idi, o iddianı etiraf etməzdi. O iddianin etiraf edilməsi ilə bağlı aldanmışdır. Ona görə də iddianın etiraf edilməsi ilə bağlı izahatını və bununla bağlı olan digər halları təsdiq etmir. Hazırki mülki mübahisə isə birinci instansiya məhkəməsində baxılarkən qeyd edilən mülki iş tam və hərtərəfli araşdırılmamış, mülki iş yalnız cavabdehin iddianı etiraf etməsi əsasında həll edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, borc məbləği hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

10. Məhkəmə iclasında iddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh X7 cavabeh Rəşad Ləbibov tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, onun hazırkı borc münasibətinə heç bir aidiyyəti yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsiə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

17. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

18. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

19. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

21. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir .

22. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

25. X10 Axundova kağız satışından qalan borc hesabatı üçün ödəniş cədvəli formasına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci ilə qalıq borc 58.332 manat təşkil etmiş, Ləbib Ləbibov öz imzası ilə təsdiq edərək 25 noyabr 2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5.000 manat ödəniş etmiş, nəticədə xx.xx.2023-cü ilə qalıq borc 43.332 manat təşkil etmiş, daha sonra Ləbib Ləbibov öz imzası ilə təsdiq edərək xx.xx.2023-cü il tarixdə 4.000 manat ödəniş etmişdir. 27 mart 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı Anar Əlizadənin qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Baş təhqiqatçı Anar Əlizadə aparmış araşdırma zamanı izahatını aldığı X8 bildirmişdir ki, 2016-cı il tarixdən Azərbaycan Nəşriyyatında işləyib və həqiqətən də onun İddiaçı ilə aralarında biznes fəaliyyəti olduğunu, qazet kağızının alış verişi ilə məşqul olmuşdular. Onların arasında alış veriş olduğu zaman onun İddiaçı 58.000 manat borcu yaranmışdır. Həmçinin R.Ləbibov qeyd etmişdir ki, onun İddiaçı ilə aralarında olan alış-veriş zamanı atası X7 iştirak etməmişdir və onun bu prosesdən heç bir xəbəri olmamışdır. Artıq borcunu ödəmək qabiliyyətində olmadığı üçün İddiaçıla birlikdə atasına bu haqda məlumat vermiş və atası L.Ləbibov hissə-hissə ümumi borcdan İddiaçı 19.000 manat pul ödəmişdir. Hal-hazırda onun İddiaçı 39.333 manat borcu qalmışdır. Eyni zamanda araşdırma zamanı izahatı alınmış X7 öz izahatında, 1985-cı il tarixdən Azərbaycan Nəşriyyatında iş fəaliyyətinə başlayıb və 2022 ci ilin fevral ayında təqaüdə çıxdığını, İddiaçı 2016-cı il tarixdən tanıdığını, həmin şəxs ilə heç bir biznes fəaliyyəti olmadığını bildirmişdir. 2022-ci ilin noyabr ayında İddiaçı oğlu Rəşadın iştirakı ilə onunla görüşmüş və söhbət zamanı oğlu Rəşad Ləbibovun qazet kağızı alış-verişinə görə İddiaçı 58.000 manat borcu olduğunu bilmişdir. Bu söhbətdən sonra X4 borcundan hissə-hissə İddiaçı 19.000 manat pul ödəmişdir və qalan 39.333 manat pulu isə bir neçə müddətdən sonra hissə-hissə qaytaracağına söz vermişdir. Hal-hazırda onların İddiaçı 39.333 manat borcları qalmışdır.

26. Göründüyü kimi İddiaçı ilə cavabdeh X12 arasında - şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.

27. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki-prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Lakin eyni zamanda, mülki prosessual qanunvericilik həmin qaydadan istisna da müəyyən etmişdir.

28. İş materiallarından görünür ki, cavabdeh X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində onun həmin alqı-satqı müqavilə üzrə İddiaçı 39.333 manat məbləğində borcunun olmasını göstərərək iddianı etiraf etmişdir.

29. Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

30. Göründüyü kimi, cavabdeh iddia tələbini etiraf etməklə və bu barədə ərizə təqdim etməklə, iddiaçını həmin faktları sübut etmə vəzifəsindən azad etmişdir.

31. Bunlarla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsindəki etirafına zidd olaraq apellyasiya şikayətində iddiaçıya 32.775 manat borcu olduğunu bildirmişdir ki, bu da onun şikayətinin formal xarakter daşımasını göstərir.

32. Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

33. Həmin maddədən də göründüyü kimi, cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi iddia tələbinin təmin edilməsi üçün yetərli sübut növü olmaqla, sonradan hər hansı formada şübhə altına alına bilməz.

34. İddiaçıya cavabdeh X3 şifahi alqı-satqı müqaviləsi üzrə yaranmış borcuna görə cavabdeh X2 da öhdəlik daşımasını müəyyən etmək üçün Mülki Məcəllənin 500-cü maddəsinin şərtləri əsasında yoxlanıla bilər.

35. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsaəsən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

36. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

37. Bu baxımdan X7 öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilməmişdir. Cavabdeh X7 müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsaslanan birgə öhdəliyi yoxdur.

38. Birinci instansiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində cavabdeh L.Ləbibovun digər cavabdeh Rəşad Ləbibovla birlikdə alıcı qismində iştirak etməsini və ya L.Ləbibovun R.Ləbibovun alqı-satqı müqaviləsi üzrə borcuna zamin durmasını və yaxud da L.Ləbibovun iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyinin yaranması üçün əsas ola biləcək sair halların mövcudluğunu sübuta yetirə bilməmişdir.

39. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh X1 39.333 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, cavabdeh X6 münasibətdə isə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

40. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3722/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar