Məhkəmə qərarları › İş №2-2(103)-70/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-70/2025

22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-70/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Əliyevanın sədrliyi və məruzəsi ilə, X5 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1183/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Daşınmaz əmlakın icbari sığortası” RPA********** seriyalı şəhadətnaməsinə əsasən X2 istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə, 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixinə kimi 65500 məbləğində sığortalanmışdır.

2. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən sığortalı X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş verdiyi, dəymiş ziyan 26859 manat müəyyən edildiyi, hesablanmış sığorta ödənişi 26204 manat müəyyən edildiyi qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********043-06301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə, 29 ünvanında yerləşən obyektin ümumi sahəsi 7169.6 kv.m ibarət olan qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə A tikilisindən 72.0 kv.m, F tikilisindən İ mərtəbə 3.5 kv.m (1 saylı sahə) Montazeri Mirzadeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 5 nömrəli reyestr kitabının 525 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. “İcarəyəverən” Vatadi Hassan (İran vətəndaşı) ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış 24 fevral 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə, 29 ünvanında yerləşən obyektin ümumi sahəsi 7169.6 kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə on(lar)a məxsus A tikilisində yerləşən 72 kv/m sahəni 24 yanvar 2019-cu il tarixədək müddətə icarəçiyə icarəyə vermişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”-nın 07 mart 2019-cu il tarixli, 1903 rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 2199-cu məhəllə, Babək prospekt 29 ünvanında yerləşən yağdəyişmə sexində yanğının mənbəyi, sexin birinci mərtəbəsində daxil olduqda sağ tərəfdə tavan səviyyəsində olmuşdur. Sexin daxilində yerləşən əşyaların, eləcə də sexin əsas konstruktiv hissələri üzərində yaranmış yanğın izlərinin mexanizminə və nisbi xarakterinə görə müəyyən edilmiş mənbə zonasında, yəni tavan hissədə istilik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini və hadisə ərəfəsində naqillərin gərginlik altında yəni sexin işıqlarının yanılı vəziyyətdə olduğunu, eləcə də baxış zamanı tavan hissədə yerləşən naqillər ətraflı öyrənildikdə, onların cərəyandaşıyıcı damarları üzərində elektrik qəza halı olan ilkin qısa qapanmaya xarakterik izlərin aşkar edildiyini nəzərə alaraq, yanğın mənbə zonasında yerləşən elektron naqilində qəza halı olan qısa qapanmadan yaranan istilik mənbəyinin təsirindən bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verməsi xarakterikdir (birinci və ikinci suallar üzrə). Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərinin pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, 2199-cu məhəllə, Babək prospekti 29 ünvanında yerləşən yağdəyişmə sexinin elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiəsi təmin edilmədiyi üçün, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələbləri yağdəyişmə sexinin icarədarı tərəfindən pozulmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 01 aprel 2019-cu il tarixli, 1902 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu 2199-cu məhəllə Babək prospekti 29 ünvanında yerləşən yağdəyişmə məntəqəsinin yanması nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və itifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 39000 manat olduğu müəyyən edilmişdir.

7. “X13” MMC tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli PD055/19 (BA-886859) nömrəli qiymətləndirmə haqqında rəydən görünür ki, 06 aprel 2019- cu il tarixində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllə, 29 ünvanında yerləşən X1 məxsus obyektə baxış keçirilmiş, araşdırmalar nəticəsində qısa qapanma nəticəsində yanığın baş verərək obyektə zərər dəydiyi təsdiqlənmişdir. Qiymətləndirilən yekun məbləğ 26589 manat olmuşdur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 iyul 2023-cü il tarixli, 10/1713 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllə, 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9324 manat məbləğində müəyyən olunur.

9. 13 may 2019-cu il tarixli bank çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən X3 məxsus olan bank hesabına 26204 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

10. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə edilmiş müstəqil ekspertlərin reyestrində olan məlumatlardan görünür ki, xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış “X13” MMC hüquqi şəxs olan müstəqil ekspertlərin siyahısında 19-cu sırada qeyd edilmişdir.

11. "xxxx" MMC tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, ƏEM/D 11-834/25 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199-cu məhəllə, 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün tələb edilən iş və materialların 2019-cu ilə olan bazar qiyməti 9696 manat məbləğində müəyyən olunur.

12. Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı, mayor X10 10 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199- cu məhəllə 29 ünvanda yerləşən X4 məxsus avtomobillər üçün yağdəyişmə sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilməsi barədə qərara gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, “ Beləliklə yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, Cavabdeh Eidar oğlu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə 29 ünvanda yerləşən yağdəyişmə sexinin icarədarı kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları" nın 4.6 bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları-nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyini təmin etməmişdir. Bu səbəbdən də 17 yanvar 2019-cu il tarixdə, saat 20 radələrində sexin daxili elektrik naqilində qəza halı olan qısa qapanmadan yaranan istilik mənbəyinin təsirindən bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

13. İddiaçı "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş 26204 manat sığorta ödənişinin, ödənilmiş 168,61 manat dövlət rüsumunun əvəzinin və 0,40 bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə, 29 ünvanında yerləşən, Montazeri Mirzadehə məxsus qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. Qeyd edilən əmlak xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsi” əsasında Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. xx.xx.2019-cu il tarixində həmin ünvanda baş vermiş yanğın nəticəsində sığortalı əmlaka zərər dəymişdir. Yanğın hadisəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydə alınmışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 26 204 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, yanğın Cavabdeh tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərinin pozulması nəticəsində baş vermişdir. Göründüyü kimi cavabdehin təqsirinə görə yanğın hadisəsi baş vermiş və nəticədə sığortalıəmlaka maddi ziyan dəymişdir. “X13” MMC tərəfindən Daşınmaz əmlaka dəymiş zərər məbləğinin qiymətləndirilməsinə dair akta əsasən zərər məbləği 26 859,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən müəyyən edilmiş zərər məbləğindən 655,00 manat azadolma çıxılmış və 26 204,00 manat məbəğində vəsait isə zərərçəkən şəxsin şəxsi hesabına köçürülmüşdür.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2-ci maddələrinə, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2-ci, 2.3.5-ci bəndlərinə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 4.6-cı bəndinə istinad olunmuşdur.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-73/2023 saylı qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

17. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Paşa Sığorta ASCnin Cavabdeh qarşı 26204 manat sığorta ödənişinin geri qaytarılması barədə iddia tələbi vardır. Mübahisə üzrə iddia müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətini tətbiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1132/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 26204 manat məbləğində pul vəsaiti, ödənilmiş 168 manat 64 qəpik dövlət rüsumunun və 40 qəpik bank xərcinin əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməli olduğu müyyən edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş qəzada (yanğın) Cavabdeh təqsirinin olması Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat – İstintaq İdarəsinin 19 aprel 2019-cu il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”-nın 07 mart 2019-cu il tarixli, 1903 rəyindən müəyyən olunur. Həmin qərar və rəydə qeyd edilmişdir ki, həmin yağdəyişmə sexinin icarədarı kimi Cavabdeh “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyini təmin etməmiş, nəticədə onun təqsirindən yanğın baş vermişdir. İkinci məsələ yanğın nəticəsində əmlaka dəymiş ziyanın məbləğinin müəyyən olunmasıdır. Bununla bağlı məhkəmə icraatı gedişində iki dəfə ekspertizanın keçirilməsi ilə bağlı qərardad qəbul edilmiş, birinci olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 iyul 2023-cü il tarixli, 10/1713 rəyi ilə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9324 manat məbləğində müəyyən edilmiş, 20 may 2024cü il tarixli 10/1942 saylı ekspertin məktubuna əsasən tikinti-texniki ekspertizasının aparılmasının və rəyin verilməsinin mümkün olmadığından ekspertizanın aparılmasından imtina edildiyi qeyd olunmuşdur. Göründüyü kimi birinci dəfə yanğın hadisəsindən sonra fakitiki görülən işlərin dəyəri müəyyən olsa da, ümumi dəymiş ziyan göstərilməmiş, ikinci dəfə isə yanğın nəticəsində əmlaka dəyən zərərin miqdarını hazırkı vəziyyətdə, yəni obyekt hadisəsindən dərhal sonrakı vəziyyətində saxlanılmadığından müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə “İcbari sığortalar haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən zərər dəymiş əmlak sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlanılmadıqda zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələri qəbul edilməlidir. "xxxx" ASC tərəfindən MM-nin 925-1.1-ci maddəsinə, həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq, 01 aprel 2019-cu il tarixli, 1902 saylı ekspert rəyi ilə razılaşmayıb, sığorta hadisəsi nəticəsində dəyən zərərin qiymətləndirilməsi üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən hüquqi şəxsə, “X13” MMCyə müraciət etmiş, sonuncunun qiymətləndirməsi nəticəsində obyektə 26589 manat məbləğində zərərin dəyməsi müəyyən olunmuşdur. Beləliklə məhkəmə qeyd olunan normaları və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, baş vermiş sığorta hadisəsində, yanğında cavabdeh təqsirkar olduğundan və iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş sığorta məbləğinin cavabdehdən tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia təmin olunmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, həmin ərizədə müqavilə üzrə üç illik iddia müddətinin bitdiyi, buna görə də iş üzrə icraata xitam verilməsi qeyd olunsa da, həmin müddətinin hansı müqavilə üzrə yaranması, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin olması, müddətinin axımının nə vaxtdan başlaması və nə zaman bitməsi barədə məlumat qeyd edilməmişdir. İddiaçının hazırkı tələbi hər hansı müqavilə üzrə deyil, subroqasiya hüququ nəticəsində yaranmış tələbdir və bu tələbə münasibətdə ümumi 10 illik iddia müddəti tətbiq olunmalıdır ki, iddiaçı da həmin müddəti ötürməmişdir. Digər tərəfdən iddia müddətinin keçməsi iş üzrə icraata xitam verilməsi üçün deyil, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə xərcləri hissəsində məhkəmə iddianın tam təmin edildiyini nəzərə almışdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 17, 21, 372, 373.1, 373.2, 375.2, 377.1, 883.1, 897.1, 897.4, 922, 925.1, 925.2, 925-1.1, 926.1, 926.2, 926.3, 927.2, 927.4, 933.1, 933.1.3, 934.1, 936.1, 936.2, 936.5-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10 və 95.3-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 16.2, 16.3, 20.1, 25.2, 35.1, 35.2, 36.1, 36.1.1, 41.1, 76-cı maddələrinə istinadıla əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işdə olan sübutlar və yeni sübutlar əsasında iş üzrə iddianın təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş prosessual formaya riayət edilmədən tərtib olunmuşdur. Belə ki, Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələn təhqiqatçı X12 40000 manat dəyərində maddi ziyanın dəyməsini göstərsə də, həmin ziyanın müvafiq məhkəmə qarşısında mülki qaydada tələb etmək hüququnun olmasını şəxsə izah etməmişdir. Bundan əlavə əməldə cinayət tərkibinin olmaması barədə nəticəyə gəlmiş təhqiqatçı şəxsin əməlində digər hüquq pozmaların, o cümlədən inzibati xəta tərkibinin olubolmamasını araşdırmalı, yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə zəruri tədbirləri görməli olduğu halda bunu etməmişdir. Bundan başqa təhqiqatçı baş vermiş yanğın hadisəsi üzrə obyektiv həqiqətin müəyyən edilməsini və əmələ düzgün hüquqi qiymət verilməsini təmin edəcək bütün mümkün dəlilləri əldə etməmiş, zəruri araşdırma aparmamışdır. Belə ki, yanğın hadisəsi baş vermiş obyektdə 2018-2019-cu illərdə Nizami RETSİ-yə aid olan sayğacın quraşdırılıb-quraşdırılmaması da təhqiqatçı tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası FHN-in Əməliyyat İstintaq İdarəsinin böyük təhqiqatçısı Nuruyev Rüfət Babaş oğlu icraatına qəbul edilmiş şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmişdir. Qətnamənin qanuni və əsaslı olması üçün sübut öz əhəmiyyətini itirdiyinə görə, həmin toplanmış sübutlar da Qətnamənin qəbul edilməsi üçün kifayət etmir. Məhkəmə əvvəlki ekspert rəylərinə fikir verməmişdir, istinad etdiyi qərarın qanuni olubolmamasını yoxlamadan iddianı təmin etmişdir. Halbuki həmin qərar Cavabdeh tərəfindən mübahisələndirilmiş və xx.xx.2024-cü il tarixində Yasamal Rayon Məhkəməsinə ( aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir) qərarın ləğv edilməsi barədə şikayətlə müraciət edilmişdir. Bu barədə Cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixində e-2-2(113)-1183/2024 saylı iş üzrə icraatın dayandırılması barədə vəsatət verilmişdir. Bakı Kommersiya Məhkəməsi həmin vəsatətə heç bir hüquqi qiymət verməmiş, sonuncu iclasda (xx.xx.2024 16:00) cavabdeh tərəfin iştirakını təmin etmədən yekun məhkəmə aktı Qətnamə çıxarılmışdır. Yanğına həmin qeyri-yaşayış sahəsində qısaqapanma səbəb olmuşdur. Buna da səbəb həmin obyektdə elektrik sayğacının olmaması olmuşdur. Belə ki, hadisə yerinə "xxxx" ASC-nin və ekspertlərin iştirakı ilə baxış keçirərkən müşahidə edilmişdir ki, həmin sahədə ümumiyyətlə sayğac yoxdur və hadisə zamanı da olmadığını icarədar (Cavabdeh) bildirmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-nin Bakı RETSİ X8 ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İcarədarın elektrik təminatı başqa bir şəxsə məxsus olan abonent elektrik enerjisindən nəzarət sayğacı qoymaqla istifadə edir. Yanğın olan sahədə 2018-2019-cu illərdə Nizami RETSİ-yə aid olan sayğac quraşdırılmamışdır. Şikayətçinin Nizami RETSİ ilə müqaviləsi yoxdur. Göründüyü kimi baş vermis hadisə məhz həmin qeyri-yaşayış sahəsində sayğacının olmadığından qısaqapanma səbəbindən olmasına baxmayaraq təqsirli olaraq yalnız Cavabdeh hesab edilmişdir. Halbuki baş vermis bədbəxt hadisədə Cavabdeh təqsiri yoxdur. Vəsatətə hüquqi qiymət verilməməsi nəticəsində hüquqi əsası olmayan, heç bir sübuta əsaslanmayan qanunsuz və əsassız qərar çıxarılmasına gətirib çıxarmışdır. Nərimanov Rayon Məhkməsinin 6(005)-174/2024 saylı xx.xx.2024-cü iltarixli Qərarı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Qətnamənin çıxarılması üçün əsas olan və Cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsində mübahisələndirilən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1183/2024 xx.xx.2024-cü il tarixli Qətnaməsinin heç bir hüquqi əsası qalmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətə heç bir əhəmiyyət vermədən cavabdeh tərəfin iştirakı olmadan Qətnamə qəbul etmişdir.

23. Sığorta müqaviləsində nəzərdə tutulan sığorta növü isə subroqasiya hüququ vermir. Subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Halbuki Cavabdeh təqsiri yoxdur, onun təqsirli olmasını sübut edən hər hansı əsas da yoxdur. Həmçinin obyektdə sayğacın olmaması Cavabdeh deyil, Mülkiyyətçinin təqsiridir, o almalı olmasına baxmayaraq almamışdır. X11 obyekti sadəcə icarə obyekti olaraq istifadə edir. Məhkəmə qərarж əsasında məhkəmə tikinti ekspertizasının rəyi verilmişdir. Hakim həmin rəyi qəbul etməyərək yeni ekspertiza təyin etmişdir. Ekspert rəy verə bilməməsini qeyd etsə də məhkəmə iddianı ekspert rəyi olmadan tam təmin etmişdir. Məhkəmə cavabdehin təqsirsizliyinı dair təkzib edilməz şübhələr olduğu halda, iddiaçının həmin sığorta növü üzrə iddia verməyə subyektiv hüququ olmadığı halda, sığorta qanunverciliyə dair maddi hüquq normaları nəzərə almadan qətnamənin nəticə hissəsinni təsviri hissədə qeyd edilən hallarla əsaslandıra bilməmiş, nəticə hissəni təsdiq edən sübutlar olmadan iddianın tam təmin edilmsi nəticəsinə gəlmişdir.

24. Apellyator Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarıxli Qərarları, Avropa Məhkəməsininməhkəmələrin yekun qərarlarının hüquqiliyiilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cıil, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.

27. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və şikayətin rədd edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasında nümayəndə və vəkil məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyində müəyyən edilmiş zərər məbləği ilə razılaşdığını bildirdi.

Tətbiq edilən hüquq:

28. Mülki Məcəllənin: - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. “İcbari Sığortalar haqqında” AR Qanununun: -23.1.6-ci maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarına daxildir. - 36.1-ci maddəsinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi.

30. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə Cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən ləğv edilməli və iddia qismən təmin edilməlidir.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə, 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsi RPA********** seriyalı sığorta şəhadətnaməsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmışdır. 17 yanvar 2019-cu il tarixdə, yəni sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə baş vermiş yanğın hadisəsi nəticəsində sığortalanmış qeyri-yaşayış sahəsinə zərər dəymişdir. İddiaçı "xxxx" ASC-nin xx.xx.2019cu il tarixli sığorta aktına əsasən qeyri-yaşayış sahəsinə dəymiş zərərin dəyəri 26.859 manat məbləğində müəyyən edilmiş (X13” MMC tərəfindən Daşınmaz əmlaka dəymiş zərər məbləğinin qiymətləndirilməsinə dair aktı əsasında), zərər məbləğindən 655,00 manat azadolma çıxılmış və 26.204 manat məbləğində vəsait iddiaçı tərəfindən zərərçəkən şəxsin şəxsi hesabına köçürülmüşdür.

36. Hazırda iddiaçı "xxxx" ASC yanğın hadisəsinin Cavabdeh təqsirindən baş verdiyini əsas göstərərək sığortalıya ödənilmiş 26204 manat sığorta ödənişinin Mülki Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir.

37. Cavabdeh isə yanğın hadisəsinin baş verməsində təqsirli olmadığını, eləcə də yanğın hadisəsi nəticəsində dəymiş zərərin düzgün müəyyən edilmədiyini əsas göstərərək iddiaya etiraz edir.

38. Kollegiya əvvəla qeyd edir ki, hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.

39. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.

40. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalı və həmin tələb hüququ sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində sığorta ödənişi həddində sığortaçıya keçməlidir.

41. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməlidir.

42. Bununla bağlı kollegiya qeyd edir ki, yanğın hadisəsinin cavabdeh tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində baş verməsi Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin 10 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapır. Belə ki, həmin qərarda göstərilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə 29 ünvanda yerləşən yağdəyişmə sexinin icarəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları" nın 4.6 bəndinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”-nın 2.3.3.2 və 2.3.5-ci bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyini təmin etməmiş, nəticədə sexin daxili elektrik naqilində qəza halı olan qısa qapanmadan yaranan istilik mənbəyinin təsirindən bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir.

43. Yanğın nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin məbləğinə gəldikdə kolllegiya qeyd edir ki, iş materiallarında zərərin məbləğini müəyyənləşdirən bir neçə ekspertiza və qiymətləndirmə rəyləri mövcuddur.

44. Kollegiya ilk növbədə yanğın faktı üzrə FHN Əməliyyat İstintaq İdarəsində aparılmış araşdırma çərçivəsində alınmış 01 aprel 2019-cu il, 1902 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə bağlı qeyd edir ki, həmin rəylə qeyri-yaşayış sahəsinin yanğından əvvəlki vəziyyətə qaytarılmasına sərf edilməli olan vəsaitin qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsinin hər kvadrat metrinə 200 manat, 2-ci mərtəbəsinin hər kvadrat metrinə 300 manat olması və tikilinin 1-ci mərtəbəsinin 78km. (78x200=15600 manat) və 2-ci mərtəbəsinin 78 kv.m. (78x30=23400 manat) təşkil etməsi əsas götürülərək qeyri-yaşayış sahəsinə dəymiş zərər 39.000 manat (ümumilikdə 156 kv.m sahə üçün) olaraq qiymətləndirilmişdir.

45. Digər tərəfdən iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan da göründüyü kimi, mübahisəli ünvanda yerləşən qeyri-yaşayış binası bütövlükdə deyil, həmin binanın yalnız 75,5 kv.m. (A tikili ü.s.72 kv.m. və F tikilisi 1ci mərtəbə 3,5 kv.m. hissə) hissəsi sığortalı Montazeri Mirzadehenin mülkiyyətində olmuş, belə olan halda isə sonuncu ilə iddiaçı arasında bağlanmış mübahisəli sığorta müqaviləsi üzrə sığorta predmetini də elə məhz sığortalıya məxsus 75,5 kv.m. qeyri-yaşayış sahəsi təşkil etmişdir.

46. Beləliklə, mübahisəli sığorta müqaviləsinə əsasən 75,5 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi sığortalandığı halda yuxarıda istinad edilən ekspertiza rəyi ilə ümumi sahəsi 156 kv.m. olan qeyri-yaşayış sahəsinə dəymiş zərərin məbləği müəyyən edilmişdir. Göstərilən hal isə sığortalanmış əmlaka dəymiş ziyanın yuxarıda göstərilən rəy əsasında müəyyənləşdirilməsini istisna edir.

47. 08 aprel 2019-cu il, “X13” MMC-nin PD055/19 saylı qiymətləndirmə rəyinə gəldikdə kollegiya qeyd edir ki, birincisi, həmin qiymətləndirmə tərəflərdən birinin, yəni iddiaçı "xxxx" ASC-nin sifarişi ilə aparılmışdır. İkincisi, cavabdeh sözügedən rəydəki ziddiyyətli məqamlara diqqəti çəkməklə həmin rəyin əsaslılığını mübahisələndirmişdir. Belə ki, cavabdehin mövqeyinə görə həmin rəydə göstərilmiş qeyri-yaşayış sahəsinə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan materialların miqdarı qeyri-yaşayış sahəsinin ölçülərinə uyğun gəlmir. Kollegiya bu hissədə cavabdeh tərəfin dəlilləri ilə razılaşır ki, sığortalanmış qeyri-yaşayış sahəsinin ölçüsü 75,5 kv.m. olduğu halda rəydə göstərildiyi kimi həmin qeyri-yaşayış sahəsinin tavanına vurulması üçün 350 kv.m. alçıpan, döşəməsi üçün həm 80 kv.m. laminat, həm də 80 kv.m. metlax, həm də 80 kv.m. taxta tələb edilməsi ağlabatan və inandırıcı görünmür.

48. Yuxarıda göstərilən uyğunsuzluqlar nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən yanğın nəticəsində qeyri-yaşayış sahəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, lakin ekspert yanğından sonrakı vəziyyətin saxlanılmaması, tikililərin konstruktiv elementləri üzərində təmir-bərpa işləri aparıldığı və belə olan halda tikililərin hansı hissələrinin yanğına məruz qaldığını müəyyən etmək mümkün olmaması əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir.

49. Bundan sonra məhkəmə tərəfindən tikinti-texniki ekspertizasının keçirilməsinin qeyri-mümkün olması nəzərə alınaraq “X13” MMC-nin qiymətləndirmə rəyi əsas götürülməklə (material və işlərin siyahısı) qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün tələb edilən iş və materialların 2019-cu il üçün orta bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Əmlak Ekspert Mərkəzi MMC-nin qiymətləndirmə rəyi ilə sığorta predmeti olan daşınmaz əmlakın ölçüləri nəzərə alınmaqla qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün tələb edilən iş və materialların 2019-cu il üçün orta bazar qiyməti 9696 manat məbləğində dəyərləndirilmişdir. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi işə birinci instansiya məhkəməsində baxılarkən Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 iyul 2023-cü il, 10/1713 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətinə uyğun təqribi dəyəri 9324 manat təşkil etməsi müəyyən edilmişdir. Kollegiya 01 aprel 2019-cu il, 1902 saylı ekspertiza və “X13” MMC-nin PD055/19 saylı qiymətləndirmə rəylərində yuxarıda istinad edilən ziddiyyətlərin mövcudluğunu, eləcə də digər rəylərlə (Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 iyul 2023-cü il, 10/1713 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və Əmlak Ekspert Mərkəzi MMC-nin qiymətləndirmə rəyi) müəyyən edilmiş zərər məbləğləri arasında kəskin fərqlərin mövcud olmamasını (müvafiq olaraq 9324 və 9696 manat ) nəzərə alaraq sığortalanmış daşınmaz əmlaka dəymiş zərərin məbləği Əmlak Ekspert Mərkəzi MMC-nin verdiyi qiymətləndirmə rəyləri əsasında 9696 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir.

50. Göstərilən hallar belə nəticəyə gəlməyə əsas verir ki, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə əsasən Mirzadeh Montazerinin Cavabdeh qarşı yanğın nəticəsində əmlakına dəymiş zərərin əvəzi olaraq 9696 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Mübahisəli sığorta müqaviləsinə əsasən həmin zərər məbləğindən azadolma məbləği çıxılmaqla zərərin yalnız 9041 (9696-655) manat hissəsi iddiaçı tərəfindən qarşılanmalı olduğundan sığorta ödənişinin ödənilməsi nəticəsində həmin tələb hüququ 9041 manat həddində subroqasiya qaydasında iddiaçıya keçmişdir.

51. Odur ki, iddiaçının Cavabdeh qarşı iddiası yalnız 9041 manat hissəsində əsaslı olmaqla təmin edilməlidir.

52. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qətnamə qismən - cavabdehdən 17.163 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 60 manat məbləğində müəyyən edilməlidir.

54. İş birinci instansiya məhkəməsində baxılarkən çəkilmiş ekspertiza xərcləri hissəsində dəyişdirilməli, keçirilmiş tədqiqatının dəyəri olan 100 manat məbləğin 35 manat hissəsi iddiaçıdan, 65 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

55. Qiymətləndirmə rəyinin verilməsinə görə ödənilməli olan 350 manat pul vəsaiti 90 manat hissəsi cavabdehdən, 260 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMCnin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X ödənilməlidir.

56. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə (təxminən 65%) mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi iddiaçıdan tutularaq apellyatora ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə apellyatorun özünə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1183/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - Cavabdeh 17163 manat pul vəsaitinin tutulması hissəsində- ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğin 35 manat hissəsi iddiaçıdan, 65 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qiymətləndirmə rəyinin verilməsinə görə ödənilməli olan 350 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehdən, 260 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMCnin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 55 manat hissəsinin əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, qalan hissədə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar