Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-700/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: müqavilənin etibarsız hesab edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X7, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikasının Hesablama Palatası müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-866/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. 30 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, icraçı Cavabdeh1 sifarişçi Cavabdeh2 məxsus sahəni (Azərbaycan Respublikası Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən bağ sahəsinə) 1 set damla suvarma sistemi (bundan sonra mal adlandırılacaq) ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malların çatdırılması, quraşdırılması, gömrük rüsumları və o cümlədən yol xərci daxil olmaqla ümumi dəyəri 22500 manat təşkil edir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" ASC arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2021-ci il tarixli, 01 saylı müqavilənin 1.4-cü bəndinə əsasən Agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı borcalanların ilkin müraciətlərini qeydiyyata alır və onlara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır. Müqavilənin 3.5-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir. Müqavilənin 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatının öz öhdəliklərini icra etməməsi nəticəsində agentliyin tələbləri ilə bağlı çəkdiyi bütün xərclər müvəkkil kredit təşkilatının vəsaiti hesabına ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bir-birinə və üçüncü tərəfərə təqdim etdikləri sənədlərin, məlumatların düzgünlüyünə, aparılacaq əməliyyatların qanunverciliyə uyğunluğuna, habelə qaydada və bu müqavilədən irəli gələn öhdəliklərin tam şəkildə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
3. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performan) auditinin nəticələrinə dair Auditor hesabatı”ndan görünür ki, 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 'Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (Agentlik) səmərəlilik auditi həyata keçirilmişdir. Audit zamanı 2020-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq təsərrüfatı texnikalarının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi yoxlanılmışdır. Auditin gedişatında seçmə üsulla Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar qeyd edilmişdir. Müvafiq audit hesabatında Cavabdeh2 Qusar rayonu, Kuzunqışlaq kəndində, X2 Qusar rayonu, Balaqusar kəndində və X4 Qusar rayonu, Suvacal kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən damcılı suvarma sistemi ilə əlaqədar aşağıdakılar qeyd edilmişdir (hesabatdan çıxarış): "Auditlə əhatə olunan dövrdə 3 təsərrüfat üçün (o cümlədən, fermer Cavabdeh2 üzrə müvafiq torpaq sahəsində intensiv bağın 2019-cu ildə salındığı EKTİS-də bəyan olunduğu halda) maliyyələşdirilmiş güzəşt məbləği ümumilikdə 35020 manata (fermerlər Cavabdeh2 üzrə 2021-ci ildə 8500 manata, 2020-ci ildə X5 üzrə 18360.0 manata və X8 üzrə 8160.0 manata) bərabər olan damcılı suvarma sistemi avadanlıqlarının adlarının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur”. Eyni zamanda, hesabata əsasən damcılı tipli suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaimə-fakturaların mövcudluğu müəyyən edilməmişdir. Qanunvericiliklə maliyyələşmə daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamışdır.
4. xx.xx.2022-ci il tarixli “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditi çərçivəsində Qusar rayonu ərazisində güzəşt məbləği (40%) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Baxış Aktında qeyd edilmişdir ki, “Bitkiçilik sahəsində yem subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi”nin auditi çərçivəsində güzəşt məbləği (40%-i) dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş texnikalardan (damcılı suvarma sistemi) faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirinin müavini-sektor müdiri, Audit qrupunun rəhbəri Nümayəndə2, Hesablama Palatasının baş məsləhətçisi, Audit qrupunun üzvü X6 və Hesablama Palatasının böyük məsləhətçisi, Audit qrupunun üzvü X9 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X13 Mərkəzinin Heyvandarlıq sektorunun müdiri X3 iştirakı ilə Qusar rayonunun Kuzunqışlaq kəndində alıcı Cavabdeh2 7,09 hektar təsərrüfatına baxış keçirildi və aşağıdakılar müəyyən olundu: Alıcının faktiki əkin sahəsi 3,5 hektar olduğu qeyd edilmiş, damcılı suvarma sisteminin və intensiv meyvə bağının (gilas) 2018-ci ildə salındığı bildirilmişdir. Bundan əlavə, damcılı suvarma sisteminin güzəşt tətbiq olunan 40% dəyərinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş sənədlərində göstərilmiş damcılı suvarma sistemi üzrə avadanlıqların adlı siyahısı, markası və buraxılış ili üzrə yerində (əkin sahəsində) mövcudluğu təsdiqini tapmamışdır. Güzəşt tətbiq olunan məbləğ 8500 manat olmaqla 2021-ci ildə maliyyələşdirilmişdir.
5. xx.xx.2023-cü il tarixli, 449277 nömrəli elektron qaiməyə əsasən 13000 manat Cavabdeh1 tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir.
6. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2020-ci ilin noyabr ayında fərdi sahibkar Cavabdeh1 tərəfindən Cavabdeh2 məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 7.0925 ha torpaq sahəsinin 7.0927 ha-da 22500 manat dəyərində 1 dəst damlama sulama sistemi quraşdırılaraq təhvil verilmişdir və Cavabdeh2 təhvil almışdır.
7. 23 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Cavabdeh1 hesabına 9000 manat ödəmişdir.
8. 13 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Cavabdeh1 hesabına 5000 manat ödəmişdir.
9. **********7796 nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “Masna Plastik ve Metal İml.Nak.San. Ve Tic.AŞ.” tərəfindən Cavabdeh1 kənd təsərrüfatı və ya bağçılıq üçün suvarma qurğuları damla sulama sistemi 4 dəst göndərilmişdir.
10. xx.xx.2020-ci il tarixli “Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyəlşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizama əsasən Cavabdeh2 agentlyin vəsaiti hesabına ona verilən Türkiyə istehsalı 1 dəst Masna Plastik markalı damlama suvarma sistemini təyinatı üzrə istifadə edəcəyinə və tələbləri pozduqda ona verilmiş güzəşt məbləğinin qaytarılması barədə xəbərdarlıq edilmişdir.
11. "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla AKİA-ya müraciət edərək qeyd etmişdir ki, Cavabdeh2 həmin bankda olan heabına Türkiyə istehsalı 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin alınması məqsədi ilə onun ümumi dəyəri olan 22500 manatın 60%-i həcmində vəsait, yəni 14.000 manat ilkin ödəniş kimi daxil edilmişdir. Bunu nəzərə alaraq fiziki şəxs Cavabdeh2 həmin suvarma sisteminin alınması üçün 8500 manat subsidiyanın ayrılması məsələsinə baxasınız.
12. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 5 saylı Vəkil Bürosunun hesabına 500 manat ödəmişdir.
13. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyi 100 manat mediasiya xərci ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli 16 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, 8500 manat məbləğində pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 100 manat mediasiyaya dair xərcin, cəmi 9100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8500 manat məbləğində vəsait ayrılmışdır. Vəsait müvəkkil kredit təşkilatı olmuş "xxxx" ASC vasitəsilə təchizatçıya ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmişdır. Baxış zamanı damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin, hesabata əsasən damcılı suvarma sisteminin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturaların mövcudluğu müəyyən edilməmişdir. Eləcə də, auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əslində agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə Agentliyə 8500 manat ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş ləğv prosesində olan "xxxx" ASC tərəfindən isə “Qaydalar”ın 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh2 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-866/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh2 iddiaçı tərəfindən kənd təsərrüfatı texnikasının – damcılı suvarma sistemi avadanlığının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 8500 manat məbləğində subsidiya ayrılmış, müvəkkil kredit təşkilatı "xxxx" ASC vasitəsilə ödənilmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsulla Cavabdeh2 təsərrüfatına baxış keçirilmiş, baxış zamanı damlama suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Eləcə də, hesabata əsasən damlama suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturanın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilənin uydurma, əhəmiyyətsiz olduğunu bildirsə də, bu fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi təhvil-təslim aktından, iltizamdan, bankın məktubundan, həmçinin cavabdehlərin nümayəndələrinin təqdim etdiyi ödəniş tapşırıqlarından, gömrük bəyannamələrəindən və e-qaimədən Cavabdeh2 tərəfindən Cavabdeh1 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin həqiqətən alındığı məlum olur. İddiaçı Hesablama Palatasının aktına və arayışına istinad edərək cavabdehlər arasında müqavilədə nəzərdə tutulmuş damlama suvarma sisteminin alqı-satqısının olmadığını bildirmişdir. Halbuki, Hesablama Palatasının audit yoxlamasına rəhbərlik etmiş nümayəndəsi Nümayəndə2 məhkəmədəki izahatında həqiqətən Cavabdeh2 məxsus sahəyə baxış keçirilməsi və müqavilədəki damlama suvarma sisteminin olmamasını təsdiq edə bilməmişdir. Nümayəndə2 baxış keçirdiyi sahəyə girişin Qusar rayon X13 Mərkəzinin nümayəndəsi tərəfindən təşkil olunduğunu, sahənin sahibinin orada olmadığını, DAİM nümayəndəsinin təqdim etdiyi sistemin müqavilə üzrə sistemə uyğun gəlmədiyini, başqa sistem olmasını araşdırmadıqlarını bildirmişdir. Göründüyü kimi Cavabdeh2 sahəsinə baxış keçirilməsi və orada müqavilə üzrə nəzərdə tutulmuş damlama suvarma sisteminin olmaması sübuta yetirilməmişdir. Hətta cavabdehlər arasında imzalanmış müqavilədə alınacaq damlama suvarma sisteminin konkret markası, ili və s. qeyd edilməmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi təhvil-təslim aktını, iltizamı nəzərə alaraq məhkəmə hesab edir ki, artıq iddiaçıya subsidiya ayrılması barədə müraciət edilərkən damlama suvarma sistemi cavabdehin sahəsində olmuş və iddiaçı tərəfindən müraciət əsasında müvafiq araşdırma aparılaraq fakt öz təsdiqini tapdığı üçün müraciət təmin edilərək subsidiya verilmişdir. Çünki iddiaçı ilə "xxxx" ASC arasında imzalanmış müqavilənin 3.5-ci bəndinə əsasən "xxxx" ASC müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri AKİA-ya təqdim edir. AKİA 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. AKİA ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə "xxxx" ASC-yə rəsmi məlumat verir. Hazırkı vəziyyətdə Cavabdeh2 subsidiyanın verilməsi AKİA tərəfindən aparılmış ekspertiza nəticəsində müraciətin təmin olunduğunu göstərir. Qanuni tərifdən də göründüyü kimi uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1- əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır, 2- Uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır.
19. Əlavə olaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi eibarsız olmadığı üçün tələb olunan pulun cavabdehlərdən tutulmalı olması məsələsinə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-866/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlərin etirazını əsaslı hesab edərək və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd hesab olunması üçün hüquqi əsasın və sübutun mövcud olmamasına əsaslanaraq iddianın rədd edilməsi qənaətinə qəlir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır. Belə ki, məhkəmə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçının qeyd etdiyi kimi uydurma əqd olmasını təsdiq edən hər hansı hal/sübut müəyyən edilmədiyini qeyd etmişdir. Lakin Cavabdeh2 təsərrüfatına keçirilən baxış zamanı damlama suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci illərdəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi aşkar olunmuşdur. Həmçinin hesabata əsasən damlama suvarma sistemlərinin alqı-satqı müqaviləsi üzrə təchizatçıdan alışını təsdiqləyən elektron qaiməfakturanın mövcudluğu müəyyən edilməmişdir. Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunması öz təsdiqini tapmamışdır. Bütün bunlar sübut edir ki, müqavilə Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Beləliklə, məhkəmə tərəfindən iddianın rədd edilməsi əsassız olduğuna görə qətnamə ləğv edilməli və cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd hesab olunması barədə yeni qətnamə çıxarılmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
23. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
24. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
26. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 337.1-ci maddə- bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə-əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddə-əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddə-əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddə- uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
27. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-866/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin hallarından görünür ki, iddiaçı güzəşt məbləği tətbiq edilməklə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilmiş damla suvarma sisteminin alqı-satqısına dair cavabdehlər arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirərək həmin əqdin əhəmiyyətsiz, görünüş üçün bağlanmış əqd olduğunu iddia etmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinin tələbinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğundan iddianın əsaslı hesab edilməsi üçün mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan texnikanın satıcı tərəfindən alıcıya təhvil verilmədiyi və alıcı tərəfindən həmin müqavilə üzrə hər hansı ödəniş edilmədiyi müəyyən edilməli idi.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, 30 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olduğu məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş təhviltəslim aktı, ödəniş tapşırıqları, gömrük bəyannaməsi və elektron qaimə əsasında satıcı Cavabdeh1 tərəfindən Türkiyə Respublikasından alınaraq gətirilmiş 1 dəst Masna Plastik markalı damlama suvarma sisteminin alıcı Cavabdeh2 həqiqətən satıldığı və dəyərinin alıcı tərəfindən satıcıya ödənildiyi (əqdin hüquqi nəticəsi olduğu) təsdiq olunur. Müqavilənin 3.1-ci bəndində malların dəyərinin 13.000 manatının ilkin ödəniş olaraq müqavilə imzalandıqdan sonra 10 iş günü ərzində ödənilməsi, qalan 9500 manatı Türkiyə Respublikasından çıxdıqda ödənilməli olduğu müəyyən edildiyi halda suvarma sisteminin artıq müqavilə bağlananadək Respublikaya daxil olması (Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsinin məhkəmə iclaslarında istinad etdiyi hal) müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.
32. İddianın əsassız olduğu cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında təsdiq edilsə də, cavabdehin nümayəndəsi və vəkili işə apellyasiya qaydasında baxılarkən məhkəməyə Qusar rayonu, Kuzunqışlaq kəndində cavabdeh R.Məstənova məxsus torpaq sahəsində alqı-satqı müqaviləsinin predmeti olan suvarma sisteminin həqiqətən quraşdırıldığı və istifadə edildiyini əks etdirən video görüntü təqdim etmiş, həmin video görüntüyə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə məhkəmə iclas zalında baxış keçirilmişdir.
33. Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il 01 fevral tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələrinə dair Auditor hesabatı” ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 satılmış damcılı suvarma sistemi avadanlığının adının, markasının, buraxılış ilinin və cari vəziyyətinin 2021-ci ildəki alışlara uyğunluğunun faktiki təsdiqlənməməsi barədə hesabatda qeyd edilənlər iddianın əsaslı olduğunu təsdiq etmir. Belə ki, müqavilədə alqı-satqının predmeti olan suvarma sistemi avadanlığının markası, buraxılış ili və cari vəziyyəti qeyd edilmədiyindən Palatanın nümayəndəsi tərəfindən yerində baxış keçirilmiş avadanlığın markasının və digər göstəricilərinin hansı alış sənədinə uyğunluğunun yoxlanıldığı aydın deyil. İkincisi, müqavilədə texnikanın bütün göstəriciləri nəzərdə tutulmuş olsaydı belə satılmış malın razılaşdırılmış çeşidə uyğun olmamasının nəticələri MM-nin 579-cu və 580-ci maddələri ilə tənzimlənir və bu zaman alıcının MM-nin 580.2-ci maddəsində nəzərdə tutulmuş hüquqları yaranır.
34. MM-nin 579.1-ci maddəsində qeyd edilir ki, əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 579.2-ci maddədə qeyd edilir ki, əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Alıcıya müqavilə ilə razılaşdırılmış çeşidə uyğun olmayan mal satıldığı halda belə alqı-satqı ilə bağlı hüquqi nəticə baş vermiş olduğundan bu hal əqdin uydurma əqd hesab edilməsi üçün əsas ola bilməz. Bu halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi deyil, ləğv edilməsi barədə tələb irəli sürülə bilər.
35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 866/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-866/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.