Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-703/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2- 2(113)-2206/2022 saylı qarşılıqlı iddianın geri qaytarılmasına dair qərardadından (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, "xxxx" MMC-dən 01 mart 2022-ci il tarixinə olan əsas icarə haqlarının- 138848,92 manat (ƏDV daxil), pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə- 109737,21 manat dəbbə pulunun, kommunal xərclər 12844,96 manat, vəkilə çəkilmiş xərclər- 1200 manat, cəmi 262631,09 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi və dövlət rüsmunun 552,63 (152,63 + 400) manat pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin 040-OB\18 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə bir tərəfli qaydada xitam verilməsinə dair Ç21-055 saylı xx.xx.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini, qapanma və müharibə dövründə (44 gün müharibə (2020-ci ilin oktyabr-noyabr), 2020-ci ilin mart, aprel, dekabr, 2021-ci ilin yanvar) yerində xidmət dayandırılığı müddət fors major halı hesab edilsin və həmin dövr üçün (6 ay müddətinə) "xxxx" MMC 040-OB\18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə icarə haqqı ödənilməsi öhdəliyindən azad edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi və icarə sahəsindən istifadə qoyulmuş məhdudiyyətinin aradan qaldırılması və icarə obyektinin normal vəziyyətdə "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC-nin 040-OB\18 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərinin bir tərəfli qaydada yerinə yetirməməsi nəticəsində 12600 manat təhvil verilmədiyi 42 kv.m. sahəyə görə artıq icarə haqqı ödənişinin qaytarılması, 2021-ci ilin 4-cü rüb üzrə boş dayanma dövründə ödənilmiş 10817,24 manat əmək haqqının, 2021-ci ilin 4cü rüb üzrə hesablanan dövlət sosial müdafiə fonduna hesablanmış ödəmələrə və digər ödənişlərə görə yaranmış 9308,45 manat borcun cəmi 32725,69 (otuz iki min yeddi yüz iyirmi beş manat 69 qəpik) manat maliyyə vəsaiti "xxxx" MMC-yə ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddianı icraata götürülməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC fəaliyyətini dayandırdığından ASAN imzası aktiv olmamışdır. Məhkəmə barədə xəbər tutduqda ASAN imzanı aktivləşdirərək müdafiə olunması məqsədilə vəkil tumaq üçün hazırlıq iclası təxirə salınmışdır. Prosessual müddət az olduğundan, cavabdeh elektron məhkəmə informasiya sisteminə qarşılıqlı iddianı yerləşdirmişdir. 20 gün ərzində mediasiyadan keçmək və digər prosessual hərəkətləri həyata keçirmək demək olar ki, mümkün deyildir. Belə olan halda prosessual tələb özündə ziddiyət yaradır. İddia qarşılıqlı olduğundan mediasiyada hər bir halda həllini tapmadığından və elektron kabinetə yerləşdirildiyindən iddiaçı "xxxx" MMC həmin iddiadan xəbərdar olmuş hesab edilir ki, bu hal Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsinə zidd deyildir. Qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqə mövcuddur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qarşılıqlı iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin ərizəsinin surəti MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada qarşı tərəfə çatdırılmamışdır. MPM-nin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddələrinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən normaların tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardadı qanuni və əsaslıdır. İşdən eyni zamanda görünür ki, qarşılıqlı iddia ərizəsinə pretenziya məktubu və mediasiya prosesində iştirak barədə arayış da əlavə edilməmişdir. "xxxx" MMC-nin vəkili apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsi verilərkən yol verilmiş nöqsanlar aradan qaldırıldığı üçün mübahisələndirilən qərardadın ləğv edilməsini, qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izah edir ki, qarşılıqlı iddia ərizəsi verilərkən yol verilmiş nöqsanların ərizə qaytarıldıqdan sonra aradan qaldırılması qanuni və əsaslı olan məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsində nəzərdə tutulur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2206/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-703/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-703/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver