Məhkəmə qərarları › İş №2-2(103)-704/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-704/2021

27.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-704/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-502/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən ofisdə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00010) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2140,40 manat məbləğində borcun silinməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları 27.01.2020-ci il tarixində iddiaçının iştirakı olmadan ona məxsus ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacda müəyyən nasazlığın olmasını əsas gətirərək akt tərtib etmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə müvəqqəti sayğac ilə əvəz etmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Birliyin əməkdaşları həmin sayğacda bir sıra nasazlıqlar aşkar olunduğunu əsas gətirərək 04.03.2020-ci il tarixində qüsur aktı tərtib etmişlər. Sözügedən ünvandan çıxarılmış müvəqqəti qaz sayğacı isə 24.06.2020- ci il tarixində yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Sonradan iddiaçıya o da məlum olmuşdur ki, Birliyin əməkdaşları qaz sayğacında guya mövcud olmuş nasazlıqların baş verməsində onu təqsirli bilmiş, ona görə də iddiaçının abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 2140,40 manat məbləğində əsassız borc hesablamışdır. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı obyektdən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteoroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı problemlərə görə heç bir halda iddiaçı cavabdehlik daşımamalıdır. Qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-502/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-25 markalı, 75115880 nömrəli qaz sayğacı 24.06.2020-ci il tarixində Cavabdehn əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq qaydada akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Laboratoriyada sayğac yoxlanılan zaman sayğacın elektron göstəricisinin mexaniki göstəricidən geri qaldığı müəyyən edilmişdir. Bu səbəbdən mexaniki göstəriciyə əsasən sərf edilən lakin dəyəri hesablanmamış qaz həcminin dəyəri 2140,40 manat müəyyən edilərək istehlakçının qaz hesabına yüklənmişdir. Bütün bunlardan aydın olur ki, silinməsi qət edilmiş borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və birinci instansiya məhkəməsi işi obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki mübahisə edilməyən hallarına düzgün hüquqi qiymət verməmişdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin istehlakçıdan tələb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2. bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 oğlu məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-502/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki 15.07.2020-ci il tarixli SS № 29/1640-01285 “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, G25 markalı 75018989 nömrəli rotor tipli Elster qaz sayğacı 24.06.2020 tarixdə xətdən çıxarılmış və 09.07.2020-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın daxilinin çirkli olduğunun müəyyən edildiyi, impuls ötürücüsünün qulaqcığının yapışqanla öz yuvasının bərkidildiyi, göstəricilər arasında fərq olduğu və elektron göstərici V mexaniki göstəricisindən 9641 kub.m. az olduğu, yoxlamanı nəticəsi kimi xətaların normaya uyğun olduğu və impuls otürücüsu tələb olunduğu qeyd olunmuşdur. 04.03.2020-c il tarixli 09116 saylı qüsur aktına əsasən 29/1670-00161 dövlət yoxlamasına 23.01.2020-ci ildə daxil olmuş 6-25 rotor tipli zavod nömrəsi 75115880 olan sayğacın batereyası, kotoru, yastığı sıradan çıxdığı üçün yenisi ilə əvəz edilməli olduğu qeyd olunmuşdur. Abonent saldosuna əsasən İddiaçı akt əsasında 12.04.2021-ci il tarixə 3112,70 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, qaz sayğacında aşkar edilmiş qüsurların iddiaçının təqsiri ucbatından yarandığını, habelə sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilmədiyindən cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə hesablanmış əlavə sərfiyyat və həmin sərfiyyata görə borc qanuni sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. İş materiallarından görünür ki, Cavabdeh İB sayğacda yaranan qüsurla bağlı qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Məhkəmə eyni zamanda düzgün olaraq hesab etmişdir ki, cavabdehin həyata keçirdiyi yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı üçün hüquqi nəticəsi olmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş akt əsasında iddiaçıdan borc tələb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-502/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-502/2021 saylı, 13.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar