Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-704/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1564/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X4” (fərdi sahibkar üçün) imzalanmışdır.
2. X1 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Yuxarıda qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. Müştəriyə yalnız müvafiq ərizə formasında qeyd etdiyi xidmət təqdim olunacaq. Bu ərizə formaları 2 (iki) nüsxədə olacaq və hər iki tərəfin imza və möhürü ilə təsdiqləndiyi andan qüvvəyə minəcək və həmin xidmət üzrə müəyyən olunan müddətdə qüvvədə olacaq. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan Ərizə formalarında öz əksini tapacaq. Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq Ərizə forması və Müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə formasındakı şərtlər üstünlük təşkil edəcək.
3. X1 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir; 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
4. xx.xx.2019-cu il tarixli, PK0076 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%-dək (gündəlik 0,1111%), 2.500 (iki min beş yüz) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır.
5. xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00267-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2165,08 manat əsas borc, 476,69 manat faiz borcu, 1187,95 manat cərimə borcu olmaqla, cəmi 3829,72 manat təşkil edir (gecikmə günün sayı - 616, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə cərimə borcu 19,35 manat, gecikmə günün sayı – 1072).
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PK0076 (41040AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc, 476,69 manat faiz borcu, 1187,95 manat cərimə borcu olmaqla, cəmi 3829,72 manat pul vəsaitinin, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı bank xidmətlərinin göstərilməsinə dair X4 imzalanmışdır. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - PK0076 saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı plastik kart üzrə) üzrə 2165,08 manat əsas borc, 909,3 manat faiz borcu, 2421,55 manat cərimə borcu olmaqla, cəmi 5495,93 manat, gecikmə günün sayı – 1071, - 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 15,57 manat cərimə borcu təşkil edir; gecikmə günün sayı – 986. X1 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını banka ödəmək müştərinin vəzifəsidir. Eyni zamanda X3 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 100 (yüz) manat məbləğində xidmət haqqı ödəmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1564/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axudova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh PK0076 (4140AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat (iki min yüz altmış beş manat səkkiz qəpik) əsas borc, 476,69 manat (dörd yüz yetmiş altı manat altmış doqquz qəpik) faiz borcu, 130 (yüz otuz) manat cərimə, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat (on doqquz manat otuz beş qəpik), 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 2891,12 manat (iki min səkkiz yüz doxsan bir manat on iki qəpik) məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, GTC-1310PE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 (fərdi sahibkar üçün) adlı müqavilə bağlanmış, eyni zamanda həmin şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli PK0076 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%-dək (gündəlik 0,1111%), 2.500 (iki min beş yüz) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. İddiaçı həmin müqavilə üzrə krediti verərək öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
11. İddia tələbinin əsas və faiz borcu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh PK0076 (4140AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc və 476,69 manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
12. Cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 130 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
13. Texniki overdraft əməliyyatı üzrə cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və Cavabdeh 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-1564/2023 nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, , İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli GTC-1310PE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 və həmin X4 çərçivəsində çərçivəsində xx.xx.2019-cu il tarixli PK0076 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Lakin, cavabdeh PK0076 saylı maliyyələşdirilməsi üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 1072 gün gecikdirmişdir. Odur ki, cavabdehdən 1.187,95 manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X2 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək iddianın cərimə borcu hissəsində tam təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən qismən – cərimə borcunun təmin edilmədiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1564/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşə apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar iddiaçının iştirakı ilə bir daha araşdırılmış və müəyyən edilmişdir ki, apellyasiya şikayət formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
22. Məhkəmə tərəfindən Cavabdeh PK0076 (4140AZNSK********** saylı) saylı maliyyələşdirmə üçün ərizə üzrə 2165,08 manat əsas borc, 476,69 manat faiz borcu, 41040AZNSK********** saylı kart öhdəliyinə əsasən texniki overdraft əməliyyatı üzrə 19,35 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur.
23. İddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 1187,95 manat cərimə hesablamış, məhkəmə MPM-nin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq 130 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası əsas borc məbləğinin 2165,08 manat olduğunu nəzərə alaraq hesab edir ki, tutulmuş cərimə məbləği əsas borca mütənasib olmaqla məhkəmə təcrübəsinə uyğundur.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1564/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1564/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.