Məhkəmə qərarları › İş №2-2(103)-705/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-705/2020

23.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-705/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi barədə iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə Bakı Kommersiya Məhkəməsinin iddianın təmin etmə tədbiri barədə xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3157/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 22774,20 manat borc məbləğinin silinməsi və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının sahiblik etdiyi Salyan rayonu, Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 1,5 ha sahəsi olan istixana kompleksinə qaz verilişinin dayandırılmasının cavabdehə qadağan olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)-3157/2020 saylı qərardadı ilə iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizənin təmin edilməsi qərara alınmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin iddianın təmin etmə tədbiri barədə xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3157/2020 saylı qərardadını ləğv edilməsi, əks təqdirdə şikayəti iş ilə birlikdə Bakı Apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3157/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçıya məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən istixana icarə müqaviləsi əsasında X1 istifadəsində olmuşdur və istixananın təbii qazdan istifadəyə görə xx.xx.2020ci il tarixə 115335 manat borcu vardır. X2 iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksə təzyiqlə axması nəticəsində əsassız hesablanmış ümumilikdə 73663,34 manat pul məbləğinin silinməsi, iddiaçıya dəyən 169154,69 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 654154,69 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi Bakı Kommersiya məhkəməsinin icraatındadır. Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-373/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə qeyd olunan iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İddiaçı istixanada təbii qazdan istifadəyə görə yaranmış 115335 manat borcu ödəmədən istixananın qaz təchizatını bərpa etmək məqsədilə 22774,20 manat borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsinə mübahisəyə baxılıb yekun məhkəmə aktı qəbul olunanadək istixananın qazla təchizatının bərpa edilməsi ilə bağlı iddianı təmin etmə tədbiri barədə məhkəməyə ərizə vermişdir. İddiaçı 22774,20 manat borc məbləğinin əsassızlığı barədə hazırki dövrədək heç bir təşkilata, o cümlədən Cavabdeh İB-nə müraciət etməmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələrək hesab edir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırmamalı və əsaslı dərəcədə zərər dəyməsinə səbəb olmamalıdır. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında (Qərar) da öz təsdiqini tapmışdır. Belə ki, Qərarın 1-ci hissəsində qət olunmuşdur ki, “məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir”. Hesab edirik ki, mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının tələblərinə baxmayaraq, bəhs edilən qərardadların qəbul edilməsi neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən vicdansız istehlakçılar tərəfindən məhkəmə prosesinin aşkar surətdə uzadılmasına, məhkəmə prosesi başa çatanadək hətta istifadə etdiyi qaza görə yaranmış cari borcun ödənilməməsinə, mövcud borcun ödənilməsi müddətinin suni surətdə uzadılmasına və bununla əlaqədar Cavabdeh İB üzrə debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına, cari təmir bərpa işlərinin maliyyələşdirilməsində ciddi sıxıntıların yaradılmasına səbəb olur. Bununla yanaşı Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Antiinhisar və X3 Dövlət Agentliyi (AİBNDA) tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçmiş, üzərində AİBNDAnın və qaz paylayıcısının işlək vəziyyətdə olduğunu təsdiq edən (Qaydaların 4.6 bəndi) plombu olan sayğacın göstəriciləri üzrə müəyyən edilmiş hesab mübahisə doğurmamalıdır. Cavabdeh İB istehlakçı Famil Nəsibovdan yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinin 5-ci abzasına, Qaydaların 6.1.4-cü bəndinə, Qaydaların 3-cü əlavəsində təsdiq olunmuş, sənaye qaz qurğusu istifadəçiləri ilə bağlanmış qazın alqı-satqısı müqavilələsinin 2.2.7.4-cü yarımbəndlərinə əsasən sayğac üzərindən istifadə etdiyi və abonentin saldosunda təsbit olunmuş qaz sərfiyyatına görə müəyyən olunan borcun ödənilməsini tələb edir. Beləliklə, qeyd olunan sui-istifadə hallarına şərait yaradılmaması üçün qəbul edilən qərardad dövlət müəssisəsi olan Cavabdeh İB-nin maliyyə dayanaqlığını əsaslı surətdə sarsıdan “mütləq” qadağa deyil, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarının 1-ci hissəsinə görə irəli sürülmüş tələbə mütənasibliyi müəyyən edən məhdudlaşdırıcı meyar əsasında qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 3157/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3157/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar qaz təchizatının dayandırılması iddiaçının qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3157/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3157/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar