Məhkəmə qərarları › İş №2-2(103)-707/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-707/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-707/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “qarantiya müqaviləsi üzrə muzdun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1338/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli qarantiya müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Qarant” “Prinsipal”ın xahişi ilə “Prinsipal”ın xx.xx.2019-cu il tarixli 4 saylı Diler müqaviləsi üçün benefisiara icra zəmanəti (qarantiya) verir.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən prinsipal qarantın xidmət haqqını, qarant tərəfindən benefisiara qarantiya şərtlərinə əsasən ödənilmiş məbləği və qarantiya üzrə öhdəliklərin icrası ilə bağlı çəkilmiş xərcləri qaranta ödəməyi öhdəsinə götürür.

4. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini lazımınca icra etməsini təmin edir. 3.1.2-ci bəndinə əsasən qarantiya qarant tərəfindən təhvil aktı əsasında prinsipala təhvil verilir. 3.2-ci bəndinə əsasən qarantiya 100.000 manat məbləğinə verilir. 3.3-cü bəndinə əsasən qarantiya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər müddətdə etibarlı hesab olunur.

5. Həmin müqavilənin 4.3.1-ci bəndinə əsasən qarantiya verildiyi gündən qarantiyada göstərilən müddətin bitdiyinədək illik 2% məbləğində, faizlər hər ay ödənilmək şərti ilə qaranta 100 manat komissiya haqqını ödəmək, prinsipal qarantiya üzrə komissiya haqqını qarantiyanın təqdim edildiyi gün qarantın hesabına köçürmə yolu ilə ödəyir. Qarant tərəfindən müvafiq tələb təqdim edildikdən sonra iki gün ərzində, qarantın qarantiya üzrə öhdəliklərinin icrası ilə yaranan bütün xərcləri və itkiləri qaranta ödəmək prinsipalın öhdəlikləri kimi qeyd olunmuşdur.

6. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə Cavabdeh2 arasında 04 mart 2020-ci il tarixli 2020/Q120 saylı zaminlik müqaviləsi bağlanmışdır.

7. xx.xx.2020-ci il tarixli, 2020/Q-121 nömrəli bank qarantiyasında qeyd olunmuşdur ki, prinsipal Cavabdeh1 Firması ilə qarantiyanın sərəncamçısı "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli No.4 saylı Diler müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə No.3 imzalanmış və müqavilənin şərtlərinə əsasən "xxxx" QSC-nin xeyrinə Bank ödəniş qarantiyası təqdim etməlidir. Bank qarantiyasına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti prinsipal adından "xxxx" QSC qarşısında cavabdeh olaraq, cəmi 100.000 manat məbləğindən artıq olmayan məbləği prinsipal tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi haqqında bildirişi aldıqdan sonra istənilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bu qarantiya 04 mart 2020-ci il tarixində qüvvəyə minir və 02 mart 2021-ci il tarixədək qüvvədədir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2020-ci il tarixli 2020/Q- 120 nömrəli Qarantiya müqaviləsi üzrə cəmi 1.994,44 manat məbləğində komissiya haqqının, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 39,94 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmişdir. Hal-hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 1.994,44 manat məbləğində ödənilməmiş komissiya haqqı borcu qalmışdır.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında 11 ay 29 günlük bağlanmış müqavilə üçün 1.994,44 manat məbləğində komissiya haqqının ödənilmədiyini və 100 manat komissiya haqqını ödəmək hissəsinin texniki səhv olaraq qeyd olunduğunu, 100.000 manat qarantiyanın 2%-ni tələb etdiklərini bildirmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, benefisiara ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) ləğv edilmiş bank tərəfindən qarantiya məktubunun təqdim edilməmiş və həmin cəmiyyətlə qeyd edilən bank qarantiyası sayəsində hər hansı bir maliyyə əməliyyatının aparılmamışdır. Eyni zamanda iddiaçı qarantiya müqaviləsi üzrə iddia müddətini ötürmüşdür.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1338/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli qarantiya müqaviləsinə əsasən 306,84 manat məbləğində pulun "xxxx" Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli Qarantiya müqaviləsinin 3.3-cü bəndindən görünür ki, qarantiya xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər müddətdə etibarlıdır. Yəni, tərəflər müqavilənin etibarlı olduğu müddəti əvvəlcədən şərtləşdirərək öz aralarında konkret muzd müəyyən etdikləri üçün həmin məbləğin hansısa şərt və ya xüsusi istisna ilə subyektiv mülahizələrə əsaslanan maliyyə kalkulyasiyası ilə azaldılmasına icazə verilmir. Göründüyü kimi, tərəflər 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli Qarantiya müqaviləsi üzrə cəmi 1.994,44 manat məbləğində komissiya haqqının ödənilməsini əvvəlcədən öz aralarında razılaşmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsalandırılmışdır ki, Bank qarantiyası xx.xx.2020-ci il tarixdə verilmiş və elə həmin ilin xx.xx.2020-ci il tarixində bank müflis elan edilmişdir. Həmin qarantiya müqaviləsi üzrə qarantiya məktubundan istifadə edilmədən qarantiya məktubu bankın ləğv edilməsi səbəbi ilə geri qaytarılmışdır. Bu səbəbdən Benefisiara ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) ləğv edilmiş bank tərəfindən verilmiş qarantiya məktubu təqdim edilməmiş və həmin cəmiyyətlə qeyd edilən bank qarantiyası sayəsində hər hansı bir maliyyə əməliyyatı aparılmamışdır. Lakin iddiaçı bankın ləğv edilməsinə qədər qüvvədə olmuş yalnız 56 gün üçün istifadə olunmamış və geri qaytarılmış bank qarantiyası üçün 3 ildən sonra formal olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ədalətli qərar qəbul edərək bankın yəni qarantın bank fəaliyyəti göstərə bildiyi (lisenziyası qüvvədə olan müddət ərzində) 56 gün üçün xidmət haqqını hesablayıb prinsipialdan tutmuşdur. Həmçinin, əsas öhdəliyin icrası müddəti və öhdəliyin təminatı kimi imzalanmış zaminlik müqaviləsinin müddəti 2021-ci il ilə məhdudlaşdırıldığı halda, iddiaçı tərəfindən pul tələbi ilə məhkəməyə müraciət olunması tamamilə əsassız olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi.

18. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

20. Həmin Məcəllənin 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.

21. Həmin Məcəllənin 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hisəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Belə ki, iddiaçı onunla “Cavabdeh1 MMC arasında bağlandığı qeyd olunan 04 mart 2020-ci il tarixli 2020/Q-120 nömrəli müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.

25. Həmin müqaviləyə görə “Qarant” “Prinsipal”ın xahişi ilə “Prinsipal”ın xx.xx.2019-cu il tarixli 4 saylı Diler müqaviləsi üçün benefisiara icra zəmanəti (qarantiya) vermiş, prinsipal isə qarantın xidmət haqqını, qarant tərəfindən benefisiara qarantiya şərtlərinə əsasən ödənilmiş məbləği və qarantiya üzrə öhdəliklərin icrası ilə bağlı çəkilmiş xərcləri qaranta ödəməyi öhdəsinə götürmüşdür.

26. Lakin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir.

27. Mülki Məcəllənin 478, 479.1, 479.2-ci maddəsinnin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı Bank xx.xx.2020-ci il tarixdə müflis elan olunduğundan, qeyd edilən tarixdən sonra Bank fəaliyyəti ilə bağlı fəaliyyətlə məşğul ola və icra edə bilməyəcəyinə görə qarantiya müqaviləsi üzrə muzdu tələb edə bilməz.

28. Odur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən sonra qarantiya müqaviləsi üzrə muzdun ödənilməsinin tələb edilməsi əsassızdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hisədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1338/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar