Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-708/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 may 2023-cü il tarixli e-2-2(113)-2104/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Qanuni nümayəndə birgə qaydada DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49922,25 manat əsas borc, 4957,85 manat faiz borcu, 1952,51 manat cərimə borcu olmaqla, cəmi 56832,61 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01345LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında X7 çərçivəsində xx.xx.2021-ci il tarixli, DCL00207141-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (günlük 0.0416%), kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% (gündəlik 0.0889%) olmaqla, 50000 (əlli min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə kredit xətti açılmışdır. Bundan başqa bank ilə borcalan "xxxx" MMC arasında bağlanmış DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli, DG**********97 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 255 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49922,25 manat əsas borc, 4957,85 manat faiz borcu, 1952,51 manat cərimə borcu olmaqla, cəmi 56832,61 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC və Qanuni nümayəndə birgə qaydada DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49922,25 manat əsas borc, 4957,85 manat faiz borcu, 11315,71 manat cərimə borcu olmaqla, cəmi 66195,81 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır .
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2104/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə birgə qaydada DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 49922,25 manat (qırx doqquz min doqquz yüz iyirmi iki manat iyirmi beş qəpik) əsas borc, 4957,85 manat (dörd min doqquz yüz əlli yeddi manat səksən beş qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 57780,10 manat (əlli yeddi min yeddi yüz səksən manat on qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsinin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd edilir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin nümayəndələrinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
13. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
19. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığı mübahisələndirilən – cərimə borcunun təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə əsaslıdır.
24. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01345LE/2019 saylı Razılaşma imzalanmışdır.
25. xx.xx.2021-ci il tarixli, DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% (günlük 0.0416%), kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% (gündəlik 0.0889%) olmaqla, 50000 (əlli min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə kredit xətti açılmışdır
26. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanan xx.xx.2021-ci il tarixli, DG**********97 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
27. 01.05.2023-cü il tarixli, PB/PBL-OUT-00265-2023 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DCL00207141-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49922,25 manat əsas borc, 4957,85 manat faiz borcu, 11315,71 manat cərimə borcu olmaqla, cəmi 66195,81 manat təşkil edir (gecikmə günün sayı - 466).
28. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin digər hissəsini cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Qanuni nümayəndə birgə qaydada DCL00207141- 01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11315,71 manat cərimə borcunun tutulması təşkil edir.
30. Birinci instansiya məhkəməsi tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Dəbbə pulu tələbinin qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2104/2023 saylı qətnaməsi mübahisələndirilən-cərimə borcunun təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
33. Həmçinin qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2104/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova