Məhkəmə qərarları › İş №2-2(103)-708/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-708/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-708/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 666/2025 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh MMC “Alıcı”, İddiaçı MMC “Satıcı” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli 13/22 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı müqaviləyə əlavə edilən və onun tərkib hissəsi sayılan X1 (01 saylı Əlavə) qeyd edilən malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi Elektron Qaimə-Faktura əsasında aparılır. Alıcı Müqavilə məbləğinin bu Müqavilənin qüvvəyə mindiyi gündən sonrakı 30 (otuz) bank günü ərzində Satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında hesabına köçürür. Tərəflərin razılaşması miqdarında əvvəlcədən avans olaraq ödəniş edilə bilər. Müqavilənin 4-cü bəndinə əsasən Mallar müvafiq qaimə-faktura və Təhvil-Təslim Aktı (02 saylı Əlavə) ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladıqdan sonra Satıcı tərəfindən Alıcıya təhvil verilmiş hesab olunur.

2. Dövlət Vergi Xidmətinin X2 Sistemindən göndərilmiş xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublardan və sistemdən çıxarışlardan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-ni üzləşmə olunmasına dəvət etmişdir.

3. "xxxx" MMC-nin nümayəndəsi Qubadov Miri və Cavabdeh MMC-nin nümayəndəsi Mehdizadə Pərvanə arasında imzalanmış NS 004 nömrəli, xx.xx.2023-cü il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il daxil olmaqla aparılmış əməliyyatların qarşılıqlı üzləşməsi aparıldı və aşağıdakı əməliyyatlar müəyyən olundu: Əvvələ Avans (xx.xx.2022-ci il)- 40414 manat; Cari tarixə qalıq borc-20428 (Cavabdeh MMC-nin "xxxx" MMC qarşısında öhdəliyi); Qeyd-1. xx.xx.2023 tarixinə olan geri qaytarma nəzərə alınmadan-5 708 AZN; Qeyd-2. Cari tarixədək ümumi geriqaytarma məbləği 9849azn təşkil etmişdir. Təmirdən geri qaytarılan məhsulların dəyəri 4 141 AZNdir; Qeyd-3. AKT001 zamanı "xxxx" MMC anbarında olan məhsulların dəyəri 1955 manat; Qeyd-4. İddiaçı MMC-dən icarəyə götürülən **-JA-*** nömrəli yük avtomobilinin icarə haqqı və Yasamal FSM mağazanın üzləşməsi qalıq borca daxildir; Qeyd-5. Gold TV stend (yararsız halda)-200 manat - VEGA-1 anbarda; Point masa-180 manat -VİONA anbarda; Larisa masa-140 manat - VİONA anbarda; Qeyd-5.1. Yuxarıda qeyd olunmuş məhsulların dəyəri hesablaşma zamanı nəzərə alınmışdır; Qalıq borc 20 428 (Viona MMC- Vega-1 qarşısında öhtəliyi).

4. Ödəniş tapşırıqlarından, ƏDV sub-uçot hesablardan köçürmənin aparılması haqqında bildirişlərdən və bu barədə cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda fərqli məbləğlərdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına cəmi 801785,86 manat əsas, 130480,28 manat ƏDV məbləği, ümumilikdə 932266,14 manat məbləğində pul ödənilmiş, xx.xx.2023-cü il tarixində isə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən avans ödənişi olaraq 41000 manat ƏDV məbləği ödənilmişdir.

5. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 118213 nömrəli elektron qaimə üzrə ******* manat əsas, 41422,68 manat ƏDV, cəmi 271548,68 manat, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 183012 nömrəli elektron qaimə üzrə 77104,36 manat əsas, 13878,78 manat ƏDV, cəmi 90983,14 manat, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 342071 nömrəli elektron qaimə üzrə 169446 manat əsas, 30500,28 manat ƏDV, cəmi 199946,28 manat, xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 556541 nömrəli elektron qaimə üzrə 52400 manat əsas, 9432 manat ƏDV, cəmi 61832 manat, xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 330562 nömrəli elektron qaimə üzrə 28540,5 manat əsas, 5137,29 manat ƏDV, cəmi 33677,79 manat, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 225932 nömrəli elektron qaimə üzrə 40000 manat əsas, 7200 manat ƏDV, cəmi 47200 manat, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 194372 nömrəli elektron qaimə üzrə 26677,77 manat əsas, 4802 manat ƏDV, cəmi 31479,77 manat, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 665484 nömrəli elektron qaimə üzrə 123322,25 manat əsas, 22198 manat ƏDV, cəmi 145520,25 manat dəyərində mallara görə ödəniş üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.

6. “Forest home concept” adına qaimə-fakturalarda fərqli tarixlərdə müxtəlif malların müxtəlif şəxslər tərəfindən təhvil verildiyi və müxtəlif şəxslər tərəfindən təhvil alındığı görünür.

7. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı MMC və "xxxx" MMC-nin təsisçiləri eyni şəxsdir. O, həm istehsal sahəsi üzrə, həm də maliyyə sahəsi üzrə təsisçinin köməkçisidir. Forest MMC-də direktor vəzifəsindədir. Tərəflər arasında münasibətlərdən xəbərdar idi. Cavabdeh MMC sifarişlərini verirdi və mallar hazır olduqda malları təhvil alırdılar. Qaimə üzrə sifarişlər yazılırdı, qaimənin bir nüsxəsi də cavabdehə verilirdi. Tərəflər arasındakı üzləşmə aktı, Əhməd Rəcəbli küçəsində Cavabdeh MMC-nin ofisində Pərvanə xanım var idi, həmin xanımla o, hesablamışlar, üzləşmə aktını imzalamazdan öncə Heydər Əliyev prospektində anbarlarına gedib, anbardarla malları yoxlamışlar. Anbardar siyahı məsələsində razılığını verdikdən sonra onların mühasibinin yoxlamasından keçirdi və ən sonda onlar tərəfdənimza çəkilirdi. Aktlar qarşı tərəfin ofisində özləri tərəfindən tərtib edilib imzalanmışdır. O, rəsmi olaraq İddiaçı MMC-nin işçisi olmamış, "xxxx" MMC-nin rəsmi işçisi olmuşdur. Üzləşmə aktında qeyd olunan münasibətlər "xxxx" MMC ilə Cavabdeh MMC arasında olan münasibətlərlə bağlı deyildi, İddiaçı MMC və Cavabdeh MMC arasındakı münasibətləri tənzimləyirdi. "xxxx" MMC ilə Cavabdeh MMC arasında heç bir alğı-satqı olmamışdır. Sadəcə hər iki şirkətin təsisçisi eyni şəxs olduğundan təsisçi özü ona istehsal sahəsində təcrübəli olmağı baxımından bu işi yerinə yetirmək öhdəliyi vermişdir. O, da təsisçinin fikrini nəzərə alaraq, üzləşmə aktını imzalamağa səlahiyyəti olan nümayəndə kimi getmişdir.

8. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, İddiaçı MMC-də anbardar işləmiş, hazırda işləmir. Cavabdeh MMC malların təhvil alınması üçün nəqliyyat vasitəsini onların ünvanına göndərmiş və müdiriyyətdən ona məlumat verildikdə o, da malları təhvil vermişdir. Qaimələrdə qeyd olunan imza ona məxsusdur. İddiaçı MMC-də anbardar olaraq işləmişdir. Müdiriyyətin göstərişinə əsasən "xxxx" MMC-nin adına olan qaimələrdən istifadə olunmuşdur. Onda olan məlumata görə başqa bir şirkətə mallar təhvil verilməmişdir.

9. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, 2021-ci ildə Cavabdeh MMC-də ilk dəfə anbardar köməkçisi, daha sonra anbardar işləmişdir. İddiaçı MMC-dən başqa digər şirkətlərdən də mallar təhvil almışlar. Şəxsən özü malların alınması üçün həmin şirkətlərin ünvanına, istehsal yerinə getməmiş, lakin mallar anbara gətirildikdə özü anbarda olmuşdur. Malları əksər vaxt İddiaçı MMC-nin əməkdaşları deyil, onların öz sürücüləri gətirmişdir. Onlar Binəqədidə işləyərkən İddiaçı MMC-dən ilk dəfə az sayda mal təhvil almışlar. Daha sonra ünvanları dəyişdikdə “Şəfa” stadionu tərəfə gəldikdə daha çox çeşiddə mal almağa başlamışlar, lakin say olaraq nə qədər aldıqları yadında deyildir. Malları qaimə əsasında təhvil almışlar. 1 ay ərzində İddiaçı MMC-dən alınan malların sayı yadında deyil, iddiaçı mal istehsal etdikdən sonra onlara məlumat verirdilər. Malları adətən qarşı tərəfin sürücüləri gətirib onlara təhvil vermişlər. Onun imzaladığı qaimələr olmamış, sürücü orada qaiməni imzalayıb daha sonra malları anbara gətirmişdir. Hətta qarşı tərəfin sürücüləri gəlib onlardan mal da götürmüşlər. İddiaçı malı istehsal edib onlara verirdilər. Daha sonra Bakıda, Sumqayıtda mağaza açdıqdan sonra iddiaçının sürücüləri onların anbarına gələrək Rusiyadan onlara göndərilən xarici mallardan da aparmışlar. Cavabdeh MMC-dən İddiaçı MMC-yə mallar satılarkən ən çox Yasamal və Həzi Aslanov mağazalarına daha çox göndərilirdi. İddiaçı MMC onlardan götürdüyü malların siyahısında onlara satdığı mallardan da ola bilər, dəqiq məlumatı yoxdur. İddiaçı MMC-nin sürücüləri onlara qaimələri verərkən həmin qaimələrdə "xxxx" MMC gördüyünü xatırlayır, onlara həmin malların İddiaçı MMC tərəfindən göndərildiyini bildirirdilər və onlar da malları təhvil alırmışlar.

10. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin dekabr ayına kimi Cavabdeh MMC-də sürücü kimi işləmişdir. Malları Suraxanıda fabrikdən qaiməyə imza çəkərək götürüb ya anbara, ya da birbaşa müştəriyə aparmışdır. O, qaimələrdə qeyd edilən imzaların ona məxsus olduğunu və İddiaçı MMC-də malları təhvil alarkən imzaladığını bildirir. "xxxx" MMC və İddiaçı MMC-nin təsisçiləri eyni şəxs olmalı idi. Sürücü olaraq ona İddiaçı MMC-nin mallarını təhvil almağı bildirmişlər. Odur ki, o, da qaimədə başqa şirkətin adı qeyd ediləndə onu mübahisələndirməmişdir. Malları götürüb öz anbarlarına təhvil verdikdə yenidən nəyəsə imza çəkməmiş, buna ehtiyac yox idi. Cavabdeh MMC-dən mal götürüb İddiaçı MMC-yə aparmağını xatırlamır. Qaimələrdə Forest MMC yazılsa da, o, oranın anbarında olmamış, həmişə İddiaçı MMC-yə məxsus anbardan malları təhvil almışdır.

11. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin fevral ayına kimi Cavabdeh MMC-də sürücü işləmişdir. Anbardar onlara göstəriş verirdi və gedib Suraxanıda anbardan malları qaimə əsasında götürmüşlər. Yerli malları İddiaçı MMC-dən götürmüşlər, başqa heç bir şirkətdən götürməmişlər. “Kontakt Home”a mal verilirdi. İddiaçı MMC-nin adına Kontact Home adına Qaimələrdə qeyd edilən imzalar ona məxsusdur və İddiaçı MMC-də malları təhvil alıb Cavabdeh MMC-yə aparmışdır. Malları təhvil alarkən qaimələrə imza çəkib daha sonra öz anbarlarına təhvil vermişlər. İmza çəkdiyi qaimələrdə "xxxx" MMC-nin adını gördüyünü xatırlamır. Artıq üzərindən 2 il keçib, Cavabdeh MMC-nin anbarından İddiaçı MMC-yə xarici mallar aparmağından dəqiq məlumatı yoxdur.

12. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, 2021-ci ildən 2023-cü ilin ortasına kimi Cavabdeh MMC-də fəhlə işləmişdir. Orda işlədiyi dövrdə Cavabdeh MMC İddiaçı MMC-dən mallar almışdır. Malların alınmasında iştirak etmişdir. Ayda 1-2 dəfə sürücü ilə gedib malları almışlar və onun vəzifəsi malları onlar dediyi yerə yerləşdirmək idi. Təhvil-təslim proseduru sürücü ilə anbardar arasında olurdu, onunla təhvil-təslim işləri aparılmırdı. Malları aldıqları anbarın İddiaçı MMC-nin anbarı olduğunu bilmirdi, həmin yer təsisçisinin adı kimi tanınırdı.

Birinci instansiya məhkəməsindəki icraat: a) İlkin iddia

13. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən əsassız varlanmaya görə 41000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 258 manat pulun, ümumilikdə isə pulun 56264 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Alıcı”) və İddiaçı MMC arasında (“Satıcı”) 23 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2022-ci ilin may aından dekabr ayınadək iddiaçı tərəfindən ümumilikdə 882187,95 manat (ƏDV ilə birlikdə) dəyərində müxtəlif mallar təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. Bundan sonra aralarında hər hansı müqavilə münasibətləri olmamışdır. Lakin xx.xx.2023cü il tarixdə İddiaçı MMC-nin ƏDV depozit hesabından Cavabdeh MMC-nin ƏDV depozit hesabına səhvən 41000 manat köçürülmüş, lakin bu günədək edilən çoxsaylı müraciətlərə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) baxmayaraq, həmin məbləğ geri qaytarılmamışdır. Bununla yanaşı, səhv köçürülmüş məbləğin vaxtında qaytarılmadığına görə vergi orqanı tərəfindən müvafiq hesablama aparılmış və əlavə olaraq 15006 manat məbləğində faiz hesablanmışdır ki, həmin faizin ödənilmə öhdəliyi iddiaçının üstündədir. Cavabdeh MMC qanuni əsas və ya müqavilə olmadan 41000 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına əldə edərək əsassız olaraq varlanmış, məhrum olanın tələbi ilə həmin məbləği qaytarmayaraq, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl - mülki hüququ pozuntusu (delikt) törətmiş, nəticədə iddiaçıya əlavə olaraq, 15006 manat (41000*0.1%*366 gün) məbləğində ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının həmin məbləğin ödəmə öhdəliyi yaranmışdır.

15. Daha sonra iddiaçı ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 72178,79 manat məbləğində pulun (borcun), 3608,94 manat məbləğində faizin, əsassız varlanmaya görə 41000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin və dövlət rüsumuna görə ödənilmiş 421,80 manat pulun, ümumilikdə isə 132215,53 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İlkin iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (“Alıcı”) və İddiaçı MMC arasında (“Satıcı”) 23 may 2022-ci il tarixli 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBBX seriyalı 118213 nömrəli elektron qaimə fakturaya əsasən 271548,68 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBBX seriyalı 183012 nömrəli elektron qaimə fakturaya əsasən 90983,14 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBBY seriyalı 342071 nömrəli elektron qaimə fakturaya əsasən 199946,28 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCA seriyalı elektron qaimə fakturaya əsasən 61832,00 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCB seriyalı 330562 nömrəli elektron qaimə fakturaya əsasən 33677,79 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 225932 nömrəli elektron qaimə fakturaya əsasən 47200 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 194372 nömrəli elektron qaimə fakturaya əsasən 31479,77 manat (ƏDV ilə birlikdə), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 665484 nömrəli elektron qaimə fakturaya əsasən 145520,25 manat (ƏDV ilə birlikdə) olmaqla, ümumilikdə 882187,91 manat (747616,87 manat əsas məbləğ + 134571,04 manat ƏDV) məbləğində müxtəlif mallar təqdim edilmiş, cavabdeh tərəfindən həmin elektron qaimə-fakturalar əsasında təqdim edilmiş mallara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 791616,86 manat bank hesabı vasitəsilə nağdsız qaydada, 134480,28 manat məbləğində əlavə dəyər vergisini isə ƏDV deposit hesabı vasitəsilə, ümumilikdə isə 926097,14 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. Bununla yanaşı, son rəsmi ödəniş tarixi olan xx.xx.2022-ci il tarixdən sonra iddiaçı tərəfindən “VİONA" MMC-yə hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında (müqavilənin 4.1ci maddəsinə əsasən) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ümumilikdə 89749,26 manat (ƏDV ilə birlikdə) məbləğində müxtəlif mallar təqdim edilmişdir. Tərəflər arasında keçrilmiş xx.xx.2023-cü il tarixli son üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında öhdəliyi 20428 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 20428 manat borcu olmuşdur. Tərəflər arasında tərtib edilmiş qaimələrdən görünür ki, üzləşmə aktının tərtib edildiyi xx.xx.2023-cü il tarixdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 51750,79 manat (ƏDV ilə birlikdə) məbləğində əlavə mallar təqdim edilmişdir. Nəticədə, Cavabdeh MMC-nin İddiaçı MMC-dən aldığı mallar görə 72178,79 manat (20428+51750,79) borcu yaranmışdır ki, həmin məbləğ bu günədək İddiaçı MMC-yə ödənilməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin ƏDV depozit hesabından Cavabdeh MMC-nin ƏDV depozit hesabına səhvən 41000 manat köçürülmüş, lakin bu günədək edilən çoxsaylı müraciətlərə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) baxmayaraq, həmin məbləğ geri qaytarılmamışdır. Bununla yanaşı, səhv köçürülmüş məbləğin vaxtında qaytarılmadığına görə vergi orqanı tərəfindən müvafiq hesablama aparılmış və əlavə olaraq 15006 manat məbləğində faiz hesablanmışdır ki, həmin faizin ödənilmə öhdəliyi iddiaçının üstündədir. Göründüyü kimi, iddiaçı (kreditor) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunan öhdəliyini vaxtında icra etmiş, lakin cavabdeh (borclu) həmin müqavilənin şərtlərini pozaraq, aldığı malların dəyərini tam ödəməmiş, bununla da cavabdeh (borclu) tərəfindən müqavilə şərtləri pozularaq, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməməklə, kreditorun (iddiaçı) 72178,79 manat məbləğində pul vəsaitini 1 ildən artıq müddətdə qanunsuz saxlamağa, qaytarmaqdan boyun qaçırmağa, ödənilməsini gecikdirməyə görə həmin vəsaitdən əlavə hər il üçün 5 faiz olmaqla, yəni 3608,94 manat məbləğində faiz ödəməlidir və kreditorun həmin faiz məbləğini tələb etmək hüququ vardır.

17. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən əsassız varlanmaya görə 54078,24 manat pul vəsaitinin, 2700 manat cərimə məbləğinin, həmçinin 260,34 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 23 may 2022-ci il tarixinda 13/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif mallar tədarük edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməyə əsasən, ümumi yekun məbləğ 882187,90 manat təşkil etmişdir. Cavabdeh tərəfindən isə müxtəlif dövrlərdə iddiaçıya ümumilikdə 936266,14 manat məbləğində vəsait ödənilmişdir. Bu ödənişlər nəticəsində cavabdeh tərəfindən artıq ödənilən məbləğ formalaşmış və həmin məbləğ 54078,24 manat təşkil etmişdir. Eyni zamanda AR Mülki Məcəlləsinin 439.3-cü və 449.1-ci maddələrinə əsasən iddiaçı cavabdehə 2700 manat dəyərində cərimə məbləği ödəməlidir. Cavabdeh tərəfindən sözügedən pul vəsaitinin üzləşdirilməsi məqsədilə iddiaçıya dəfələrlə şifahi müraciət edilməsinə, eləcə də müxtəlif vaxtlarda yazılı şəkildə pretenziya məktublarının göndərilməsinə baxmayaraq, iddiaçı üzləşmənin həyata keçirilməsi üçün heç bir tədbir görməmiş və hər hansı geri dönüş təmin etməmişdir. Beləliklə cavabdeh tərəfindən artıq ödənilmiş 54078,24 manat məbləği hələ də iddiaçının üzərində öhdəlik olaraq qalır və indiyədək ödənilməmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-386/2025 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilmiş, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20428 manat əsas borc, illik 5% ilə hesablanmış 1617 manat 28 qəpik vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun 156 manat 14 qəpiyinin əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edlmişdir, ilkin iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin nümayəndələrinin imzaladığı xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh həmin tarixə iddiaçıya 20428 manat borcu olduğunu təsdiq etmişdir. Tərəflər həmin aktın iddiaçı ilə cavabdehin nümayəndələri tərəfindən imzalanmasını mübahisələndirməmiş, qəbul etmişlər. Buna baxmayaraq cavabdehin nümayəndəsi izahatında həmin borc məbləğinin malların verilməsinə görə yaranmadığını, başqa öhdəliklərlə bağlı olduğunu bildirmişdir. Halbuki, həmin üzləşmə aktının ümumi məzmunundan tərəflərin həmin tarixə kimi aralarında olan bütün qarşılıqlı öhdəliklər barədə hesablamalar apardıqları və yekun nəticəyə gəldikləri aşkar görünür. Həmçinin cavabdehin nümayəndəsi tərəflər arasında başqa öhdəliklər olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Ümumiyyətlə işin faktiki hallarından görünən odur ki, tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş və ödənişlər edilmişdir. Cavabdeh tərəfindən elektron qaimələr üzrə təqdim edilmiş mallardan əlavə 43909,23 manat artıq ödənişlər edilməsi, iddiaçı tərəfindən isə bundan sonra cavabdehə 41000 manat ƏDV ödənilməsi və sonda üzləşmə aktı ilə cavabdehin iddiaçıya 20428 manat borcu olması barədə tərəflərin qarşılıqlı üzləşmə aparması, bütün bunlar onu deməyə əsas verir ki, tərəflər aralarında olan, lakin məhkəməyə tam açıqlamaq istəmədikləri münasibətləri barədə qarşılıqlı şəkildə razılaşmışlar. Çünki nə iddiaçının nümayəndəsi, nə də cavabdehin nümayəndəsi üzləşmə aktı imzalanarkən cavabdehin artıq ödənişlərinin və iddiaçının ƏDV ödənişinin həmin aktda ayrıca qeyd edilməməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişlər. Həmçinin cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab verərkən iddiaçı tərəfindən iddia qaldıralan qədər artıq ödənişlərinin geri tələb edilməsi barədə iddiaçıya qarşı iddia qaldırmamalarının səbəbini də ağlabatan şəkildə izah edə bilməmiş, sadəcə bunun hüquqları olduğunu qeyd etmişdir. Bütün bunlar isə onu göstərir ki, tərəflər həqiqətən, üzləşmə aktı imzalandığı xx.xx.2023-cü il tarixə kimi olan artıq ödənişlər, öhdəliklər, qalıq mallar və s. barədə hesablaşmalar apararaq ümumi razılığa gəlmişlər. Hətta üzləşmə aktını imzalamış və şahid qismində dindirilmiş Mirdamət Qurbanov da bir daha təsdiq etmişdir ki, tərəflər anbarda malları saymış, mühasibatlar hesabat aparmış və sonda cavabdehin ofisində yekun nəticəyə gələrək aktı imzalamışlar. Həmçinin iddiaçı cavabdehə ödədiyi 41000 manat ƏDV-yə görə vergi orqanı tərəfindən hesablanan 15006 manat (41000x0,1%x366gün) ziyan tələb etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi tərəflər aralarında olan artıq ödənişlər barədə qarşılıqlı razılaşdıqlarından və ödənişin ƏDV sub-uçot hesabına ödənilməsi iddiaçının seçimi olduğundan faiz hesablanmasının məsuliyyəti də iddiaçının üzərindədir. Buna görə də həmin hissədə ilkin iddia təmin edilməməlidir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixdə üzləşmə aktı imzalandıqdan sonra da cavabdehə cəmi 51750,79 manat dəyərində mal verdiyini, bu barədə hər iki tərəfin əməkdaşlarının əl ilə imzaladığı qaimələr olduğunu bildirmiş və həmin məbləği tələb etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda qeyd olunduğu kimi tərəflər arasında olan müqaviləyə və işgüzar adətə əsasən malların təhvil verilməsi elektron qaimələr əsasında olmuş, iddiaçı isə 51750,79 manat dəyərində mal verilməsi barədə elektron qaimələr verməmiş və iddiaçının nümayəndəsi bunun səbəbini ağlabatan şəkildə əsaslandırmamış, sadəcə vergi orqanı tərəfindən müəyyən hesablamalar aparılması, borc məbləği yaranması, yenidən elektron qaimənin vurulması əlavə öhdəlik yaradacağı ilə əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər tərəflər arasında alış-veriş olduğunu təsdiq etsələr də, konkret olaraq iddiaçı tərəfindən 51750,79 manat dəyərində cavabdehə mal verildiyini, həmin malların iddiaçının yoxsa "xxxx" şirkətinin olduğunu təsdiq edə, eyni zamanda qaimələrin "xxxx" adına olmasının səbəbini bilməmişlər. Habelə iddiaçı ilə "xxxx" şirkətinin anbarlarının eyni olduğunu qeyd etmişlər. Şahidlər, sadəcə, cavabdehin və iddiaçının işçiləri olaraq rəhbərliyin göstərişləri ilə malları təhvil vermiş, təhvil almışlar, hansı müqavilə əsasında, hansı şirkət adına olmasından məlumatsız olmuşlar. Hətta şahid Ç.Qasımov iddiaçının da cavabdehdən xaricdən gələn malları aldığını bildirmişdir. İddiaçının və "xxxx" şirkətinin təsisçilərinin eyni şəxs olması, onların eyni hüquqi şəxs olması anlamına gəlmir, hər bir hüquqi şəxs öz öhdəliyinə görə özü məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı 51750,79 manat dəyərində mal verilməsi barədə iddia tələbinin əsasını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 3608,94 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 20428 manat borcun ödənilməsini 1 ildən (üzləşmə aktı imzalandığı xx.xx.2023-cü il tarixdən iddia qaldırıldığı xx.xx.2024-cü il tarixə kimi 19 ay) artıq gecikdirdiyinə görə iddiaçının həmin borca hesablanmış illik beş faiz (20428 x 5% / 12ay x 19ay≈1617,28 manat) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tələbini qismən əsaslı, qarşılıqlı iddia tələbini isə tamamilə əsassız sayır və ilkin iddia tələbinin qismən, 20428 manat əsas borc, illik 5% ilə hesablanmış 1617,28 manat vəsait hissəsində təmin, qarşılıqlı iddianın isə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən ilkin iddia üzrə ödənilmiş 421,8 manat dövlət rüsumunun 156,14 manatının əvəzi alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 568.1, 579.1, 600.1, 600.4, 443.1-ci maddələrinə, məhkəmə xərcləri hissəsində isə AR Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

23. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində xx.xx.2023cü il tarixli üzləşmə aktına əsasən, Cavabdeh MMC-nin həmin tarixə İddiaçı MMC-yə 20428 manat borcu olduğunu, tərəflərin həmin aktın iddiaçı ilə cavabdehin nümayəndələri tərəfindən imzalanmasını mübahisələndirmədiyini və bu səbəbdən Cavabdeh MMC-dən 20428 manat borc pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsini qeyd etmişdir. Lakin qeyd olunan məsələ qətnamədə hüquqi baxımdan kifayət qədər əsaslandırılmamış və iddiaçı tərəfindən mübahisələndirilməyən sənədin məhkəmə tərəfindən sərbəst təfsiri əsasında formalaşmışdır. Belə ki, məhkəmə iddiaçının tələbinin dəqiq əhatə dairəsini nəzərə almadan üzləşmə aktındakı ümumi məbləği əsassız şəkildə konkret borc öhdəliyi kimi qiymətləndirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli üzləşmə aktının qeyd hissəsindən aydın olur ki, bu sənəd iddiaçının cavabdehə təqdim etdiyi malların üzləşməsini deyil, ümumi üzləşməni əks etdirir. Belə ki, üzləşmə aktında göstərilən məbləğ yalnız malların dəyərini deyil, həmçinin icarəyə götürülmüş avtomobilin icarə haqqını və Yasamal FSM mağazasının üzləşməsini də özündə birləşdirir. Bu isə göstərir ki, iddiaçının üzləşmə aktı ilə irəli sürdüyü tələblər müqavilə üzrə konkret malların təhvil verilməsiilə bağlı deyil və cavabdehə aidiyyəti olmayan digər öhdəlikləri də əhatə edir. Buna baxmayaraq, məhkəmə öz qənaətini üzləşmə aktında əks olunmuş, lakin iddia tələbində qeyd olunmamış məbləği cavabdehin borcu kimi tanıyaraq iddia çərçivəsindən kənara çıxmaqla formalaşdırmış, iddia predmeti ilə uyğunluğu araşdırmadan borcun miqdarını müəyyən etmişdir. Eyni zamanda məhkəmənin “Həmçinin cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab verərkən iddiaçı tərəfindən iddia qaldıralan qədər artıq ödənişlərinin geri tələb edilməsi barədə iddiaçıya qarşı iddia qaldırmamalarının səbəbini də ağlabatan şəkildə izah edə bilməmiş, sadəcə bunun hüquqları olduğunu qeyd etmişdir.” istinadı da əsassızdır. Belə ki, mübahisəyə səbəb olan öhdəliklər qarşı tərəflə uzun müddət ərzində davam edən işgüzar münasibətlər çərçivəsində yaranmışdır. Belə ki, tərəflər arasında mütəmadi olaraq mal alqısatqısı həyata keçirilmiş, qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri əsasında ticarət əlaqələri qurulmuşdur. Bu müddət ərzində İddiaçı MMC-nin Cavabdeh MMC qarşısında borc öhdəliyi yaranmış və həmin borcun ümumi məbləği 43909,23 manat təşkil etmişdir. Cavabdeh MMC tərəflər arasında mövcud kommersiya münasibətlərini nəzərə alaraq, qarşı tərəfin maliyyə çətinliklərini göz önündə tutmuş, ödənişin könüllü şəkildə həyata keçiriləcəyinə ümid edərək əlavə vaxt vermişdir. Lakin cavabdeh borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış, əksinə, məsuliyyətdən yayınmaq və öz öhdəliklərini ört-basdır etmək məqsədilə Cavabdeh MMCyə qarşı məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının da təsdiqlədiyi kimi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 43,909.23 manat məbləğində artıq ödəniş mövcuddur. Məhkəmənin üzləşmə aktında əks olunmuş digər qeydləri nəzərə almadan, onların konkret olaraq hansı mallara aid olduğunu sübuta yetirmədən qərar qəbul etməsi, habelə borcların qarşılıqlı şəkildə əvəzləşdirildiyini yalnız öz subyektiv mülahizəsinə əsaslanaraq müəyyən etməsi, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması ilə nəticələnmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.

26. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

27. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığ dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -543-cü maddəsinə görə əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

28. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Odur ki, kollegiya MPM-in 372.6cı maddəsinin tələblərini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində qətnaməni ilkin iddianın təmin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (satıcı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli 13/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 2022-ci ilin may-dekabr ayları arası dövrdə Cavabdeh MMC -yə mallar təqdim edilmiş, Cavabdeh MMC tərəfindən həmin mallara görə ödənişlər edilmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən həmin müqaviləyə istinad edilərək Cavabdeh MMC-yə avans ödənişi olaraq 41000 manat ƏDV məbləği ödənilmişdir. Hazırda ilkin iddiaçı "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə tərəfindən təqdim edilmiş malların dəyərinin ilkin Cavabdeh MMC tərəfindən tam ödənilmədiyini, 41000 manat ƏDV-ni səhvən ilkin cavabdehə ödədiyini, üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixə ilkin cavabdehin borcunun 20428 manat təşkil etdiyini, həmin tarixdən sonra da tərəfindən ilkin cavabdehə malların təqdim edildiyini əsas göstərərək 72178,79 manat məbləğində pulun (borcun), 3608,94 manat məbləğində faizin, əsassız varlanmaya görə 41000 manat pulun, mülki hüquq pozuntusu nəticəsində vurulmuş 15006 manat zərərin ilkin cavabdehdən tutulmasını tələb edir (Son iki tələb birinci instansiya məhkəməsi tərəfindən rədd edildiyindən və ilkin iddiaçı tərəfindən həmin hissədən apellyasiya şikayəti verilmədiyindən həmin tələblər apellyasiya baxışına daxil deyil). Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə alqısatqı müqaviləsi üzrə artıq ödəməsinin mövcud olmasına istinad etməklə ilkin iddianın rədd edilməsini, "xxxx" MMC-yə artıq ödənilmiş 54.078,24 manat pul vəsaitinin geri qaytarılması və 2700 manat cərimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər iki iddiaya münasibət bildirilməsi eyni faktiki halların araşdırılmasını tələb etdiyindən iddialara paralel şəkildə hüquqi qiymət verilməlidir.

35. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci, 597.1-ci maddələri, alqı-satqı müqaviləsi üzrə artıq ödənilmiş pulun qaytarılması hissəsində qarşılıqlı iddianın qanuni əsasını isə Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə mallar təqdim edildikdən və ödənişlər, o cümlədən "xxxx" MMC tərəfindən ƏDV ödənişi edildikdən sonra xx.xx.2023-cü ildə tərəflərin arasında qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edilmiş və həmin üzləşməyə əsasən tərəflərin bir-birinə qarşı pul öhdəlikləri nəzərə alınmaqla və həmin öhdəliklər qarşılıqlı əvəzləşdirilməklə xx.xx.2023-cü il tarixə Cavabdeh MMC-nin "xxxx" MMC-yə 20428 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Tərəflər həmin üzləşmə aktını adlarından imzalamış şəxslərin səlahiyyətlərini mübahisələndirməmişlər.

37. Həmin üzləşmə aktında “əvvələ avans (xx.xx.2022-ci il tarix)” qrafasında – Cavabdeh MMC-nin 40.414 manat avansının olmasının göstərilməsi, lakin göstərilən halın məhkəmə tərəfindən nəzərə alınmaması barədə Cavabdeh MMC-nin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən qrafa üzləşmə aktının əhatə etdiyi dövrün əvvəlinə olan qarşılıqlı üzləşmənin nəticələrini əks etdirir. Odur ki, həmin qrafada əks olunmuş 40.414 manat məbləğinin Veqa-1” MMC-nin Cavabdeh MMC qarşısında hesabat dövrünün sonuna olan (xx.xx.2023) öhdəliyi kimi nəzərə alınması üçün əsas yoxdur . Məhkəmənin göstərilən mövqeyi həmçinin onunla da təsdiq edilir ki, eyni məbləğ ( 40414 manat) tərəflər arasında əvvəlki üzləşmə aktında (xx.xx.2023-cü il) üzləşmənin sonuna "xxxx" MMC-nin Cavabdeh MMC qarşısındakı qalıq borcu kimi əks edilmişdir.

38. Bununla yanaşı üzləşmə aktında əks olunmuş borcun alqı-satqı müqaviləsi ilə yanaşı tərəflər arasında digər kommersiya münasibətləri üzrə qarşılıqlı öhdəlikləri də əhatə etməsi, alqı-satqı müqaviləsi üzrə isə artıq ödəmənin olması barədə ilkin cavabdeh, qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli üzləşmə aktının məzmunundan da göründüyü kimi tərəflər arasında həm alqı-satqı müqaviləsi, eləcə də həmin müqavilə ilə bağlı olan digər kommersiya münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər hər iki tərəfin razılığı ilə əvəzləşdirilməklə və əvəzləşdirilən hissələrdə öhdəliklərə xitam verilməklə, ilkin cavabdehin ilkin iddiaçıya 20428 manat məbləğində borcunun olması müəyyənləşdirilmişdir. Odur ki, qarşılıqlı iddiaçının üzləşmədən əvvəlki vəziyyətə istinad etməklə alqı-satqı müqaviləsi üzrə artıq ödəmənin mövcud olmasını iddia etməsi əsassızdır.

39. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin təsdiq etdikləri üzləşmə aktına əsasən tərəflər arasında alqı-satqı müqaviləsi üzrə ilkin cavabdehin ilkin iddiaçıya olan borcunun 20428 manat məbləğində olması, ilkin cavabdehin artıq ödəməsinin isə olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

40. İlkin iddia tələbinin 20428 manat məbləğində borcun gecikdirilməsinə görə faizlərin tutulması hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ilkin iddiaçı ödənilməsi gecikdirilmiş borca üzləşmə aktının imzalandığı tarixdən(xx.xx.2023)iddianın qaldırıldığı tarixədək (xx.xx.2024) olan 19 aylıq müddət üçün 1617,28 manat (20428x5%/12 ayx19 ay) məbləğində faizlərin tutulmasını tələb etməkdə haqlıdır.

41. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Eyni zamanda kollegiya qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə üzrə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinə dair hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 666/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar