Məhkəmə qərarları › İş №2-2(103)-71/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-71/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-71/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2782/2022 saylı qətnaməsindən Azərbaycan Notariat Palatası tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Notariat Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Notariat Palatasından xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 19.294,23 manat əsas borc məbləğinin və mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Notariat Palatası məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, artıq ödənilmiş 3.403,72 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və xidmət haqqının İddiaçı MMC-dən tutularaq Azərbaycan Notariat Palatasına ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2782/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən Azərbaycan Notariat Palatası apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2782/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2782/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Notariat Palatasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, eyni amanda bildirmişdir ki, Azərbaycan Notariat Palatası notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidrəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsi olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmiş, işin kommersiya mübahisəsi olub-olmamasına hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan mübahisənin kommersiya mübahisəsi olduğunu bildirmiş və iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2-2(113)-2782/2022 saylı qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərardadın 22-ci bəndinə əsasən, məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı kommersiya qurumu olsa da, cavabdeh qeyri-kommersiya qurumu olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və iddiaçı ilə bağlanmış subicarə müqaviləsinə əsasən icarəyə götürdüyü obyekti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə deyil, öz fəaliyyətini həyata keçirmək məqsədi ilə icarəyə götürmüşdür. Azərbaycan Notariat Palatasının iş materiallarına əlavə edilmiş, 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin qeydiyyatı üzrə Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən qeydə alınmış nizamnaməsindən görünür ki, istiqamət fəaliyyəti notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi olan qurum fəaliyyətini özünüidrəetmə prinsipi əsasında həyata keçirən və notariusların məcburi üzvlüyü əsasında yaranan qeyri-kommersiya hüquqi şəxsdir. Mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi zəruri olduğundan məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə ümumi məhkəmə tərəfindən baxılmalı idi. Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini icraata qəbul edib baxmaqla mübahisənin məhkəmə aidiyyəti ilə bağlı prosessual normaların tələblərini pozduğundan mübahisələndirilən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyri-Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən, Azərbaycan Notariat Palatasının hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2782/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərаrааldı: Cavabdeh Azərbaycan Notariat Palatasının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2782/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar