Məhkəmə qərarları › İş №2-2(103)-71/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-71/2024

24.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-71/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-2475/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin hallarından görünür ki, hər iki tərəf fərdi sahibkardır. İddiaçı eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisidir. İddiaçı tərəfindən cavabdehə şifahi razılaşma əsasında dəyərini hissə-hissə ödəmə şərti ilə 2020-2022-ci illər ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yetişdirilmiş göbələk təhvil verilmişdir. İddiaçı bu illər ərzində təhvil verilmiş göbələyə görə 63867 manat borcun ödənilmədiyini iddia edir.

2. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışma təqdim edilmişdir. Həmin yazışmadan görünür ki, cavabdeh özü iddiaçıdan aldığı malların hesabatını apararaq 2022-ci ilin sentyabr ayına 63867 manat borcu olduğunu göstərmişdir.

3. Eyni zamanda iddiaçı məhkəməyə üzərində cavabdehin imzası olan özünün təqdim etdiyi hesabatı təqdim etmişdir. (iş materialları 12-ci vərəq) Həmin hesabatda cavabdehin qalıq 63867,80 manat borcu olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdeh hesabatın üzərindəki imzanın ona məxsus olduğunu təsdiq etmişdir.

4. Cavabdeh iddiaçıdan dəyəri tələb edilən məhsulları aldığını qəbul etsə də, dəyərini tam ödədiyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 63 867 manat pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış, cəmiyyətin nizamnaməsi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydiyyatdan keçmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olur. Cəmiyyət Bakı şəhərinin Zirə qəsəbəsində ayrıca təsərrüfatda göbələk məhsullarının istehsalı və satışı ilə məşğul olur, əldə etdiyi məhsulları ayrı-ayrı fiziki və hüquqi şəxslərə sifarişlər əsasında satır. Cavabdeh ilə uzun müddət tanışlığı olduğundan iddiaçı işlədiyi cəmiyyətin istesal etdiyi göbələk məhsullarını almaqda ona köməklik göstərmiş, aralarında olan razılaşmaya əsasən iddiaçı cəmiyyətdən öz adına götürdüyü məhsulları Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 22 ünvanında yerləşən anbarda cavabdehə nisyə verməyi, cavabdeh isə məhsulu satdıqdan sonra pulunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin pul ilə iddiaçı da cəmiyyətə olan borcunu bağlamalı idi. Bu qaydada cavabdehlə iş birliyi yaratmağa başlanmışdır. İlk vaxtlar cavabdeh götürdüyü malların pulunu razılaşdıqları vaxtda ödəməklə iddiaçının etibarını qazanmış, aralarında narazılıq və ya problemlər yaşanmamış, bu qayda ilə bir neçə il problemsiz işləmişlər. Cavabdeh hər dəfə mal götürür, əvvəlki borclarının bir hissəsini ödəyir, bir hissəsini ödəməyi növbəti alış-verişə saxlayırdı. Bununla da onun ödənilməmiş borcları yaranır və növbəti aylarda borcunun məbləği artmaqda davam edirdi. Lakin son illərdə cavabdeh iddiaçıdan aldığı malların pulunu ödəməkdə ləngimələrə yol vermiş, səbəbini soruşduqda, özünün müştərilərinə verdiyi malların pulunu vaxtında ala bilməməsi ilə izah etməyə çalışmışdır. İddiaçı da cavabdehə etibar etmiş və qalan borclarını da ödəyəcəyinə inanmışdır. Cavabdeh 2020- 2022-ci illər üzrə iddiaçıya olan borclarını özü hesablayaraq telefon vasitəsi ilə sonuncuya göndərmiş, 2020-ci ilin dekabr ayına 38 019 manat borcu olmuş, sonradan borcların bir hissəsini ödəmiş, 2021-ci ilin dekabr ayına 17 295 manat və 2022-ci ilin sentyabr ayına son hesablanmış 63 867 manat borcunun qalmasını yazılı surətdə etiraf etmişdir. İddiaçıya olan borclarını qaytarması üçün edilən heç bir cəhd nəticə verməmiş, cavabdeh əvvəlcə borcun qaytarılması üçün qısa vaxt istəmiş, lakin bəhanə gətirərək ödəməkdən yayındığından münasibətləri korlanmış və əlaqələri kəsilmişdir. Məsələ ilə bağlı Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, orada razılıq əldə olunmamış, məhkəmədən kənar həll mümükün olmadığından məsələ ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuş, mediasiya prosesi üçün nəzərdə tutulmuş 400 manat rüsum onun tərəfindən tam ödənilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-2475/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh 58360 (əlli səkkiz min üç yüz altmış) manat 80 (səksən) qəpik məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında göbələyin şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında işgüzar münasibətlər cavabdeh tərəfindən hər ay üzrə yekun hesabatın tərtib olunaraq iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən yoxlanılması əsasında qurulmuşdur. Həmçinin müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə hesabat (səhifə 42) tərtib edilərək cavabdehin imzası ilə təsdiq edilmişdir (məhkəmə iclasında cavabdeh bu faktı təsdiq etmişdir). Həmin hesabata əsasən iddiaçı tərəfindən cavabdehə 3000 manat pul güzəşt olunaraq bağışlandıqdan və 30 manat ödəniş çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan qalıq borc məbləği 60837,80 manat olmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal alınmış (həmin hal iddiaçının təqdim etdiyi, iş materiallarının 70-ci səhifəsində olan hesabatda göstərilən 5888 manat dəyərində malların alınması faktının cavabdeh tərəfindən təsdiqi əsasında müəyyən olunur), cavabdehin borcundan 8395 manat (1150+1200+6045) ödənilmişdir (iddiaçının təqdim etdiyi iş materiallarının 70-ci səhifəsində olan hesabatla təsdiq olunur).

9. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh malları aldığını etiraf etmiş, lakin malların dəyərinin tam ödənildiyini bildirmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə hesabat tərtib olunduqdan sonra cavabdehin malları satdığı satış yerlərindən 8395 manat pulu aldıqlarını və cavabdehin borcundan sildiklərini etiraf etmişdir. Cavabdeh malların dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, iddiaçı isə qeyd olunan halı qəbul etməmişdir.

10. Məhkəmə malların dəyərinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iş üzrə cavabdehin etirazının əsası kimi istinad etdiyi hal iddiaçı tərəfindən satılan malların dəyərinin ödənilməsi təşkil edir. Sübutetmə yükü ilə bağlı qanunvericiliyin tələbi nəzərə alındıqda, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı, yəni aldığı malların dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh qeyd olunan halı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Cavabdehin özü tərəfindən tərtib olunan 2022-ci ilin oktyabr hesabatı isə birtərəfli tərtib olunmuş sənəd olmaqla mötəbər hesab edilə bilməz. İddiaçı da qeyd olunan hesabatı təsdiq etmir, borcun ödənildiyini qəbul etmir. Belə olan halda, malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin mövqeyi əsassızdır və iddianın rədd olunması üçün əsas hesab oluna bilməz.

11. Məhkəmə həmçinin nəzərə almışdır ki, cavabdeh hazırlıq iclaslarında aldığı malların dəyərinin ödənilməsi ilə bağlı etiraz irəli sürməmiş, iddiaçı tərəfindən ona edilməli olan 5% güzəştin edilmədiyinə, bu güzəşt edildikdən sonra hesablaşmanın aparılmasının mümkün olduğuna istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflərin öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsi vicdanlılığın tələblərinə ziddir. Hazırkı halda cavabdeh hazırlıq iclaslarında borcu ödədiyinə istinad etməmiş, güzəştlə bağlı fikirlər səsləndirmiş, baxış iclasında isə borcu ödədiyini bildirmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hesabat tərtib olunarkən 3000 manat borcu cavabdehə bağışlamaqla güzəşt etdiyini etiraf edir. Həmçinin məhkəməyə sübut qismində təqdim etdiyi xx.xx.2022-ci il tarixə olan hesabatda da qeyd olunan 3000 manat güzəşt məbləği nəzərə alınaraq hesabatın aparılmasının davam etdirildiyi görünür. Bundan başqa, xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, güzəşt olunduqdan sonra qalıq 60 867,80 manat borcdan 30 manat “sklad” üçün borc da ödəniş kimi çıxılmış, 60 837,80 manat borc qaldığı qeyd edilmişdir. 13.Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı cavabdehi 3000 manat borcun ödənilməsi hissəsində üzərinə düşən vəzifədən azad etməklə borcu bağışlamış, həmin hissədə cavabdehin öhdəliyinə xitam verilmişdir və belə olan halda iddiaçı tərəfindən yenidən qeyd olunan öhdəliyə istinad olunması hüquqdan sui-istifadə olmaqla qəbul edilməzdir. Cavabdehin hesabatlarda qeyd olunan “sklad” üçün 30 manat pulu həmişə ödədiyini etiraf etdiyini, xx.xx.2022-ci il tarixə 60 837,80 manat borcu qaldığını, xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal aldığını, borcundan 8395 manat ödənildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddia tələbi 58 360,80 manat (60 837,80 manat + 5888 manat + 30 manat = 66 755,80 manat - 8395 manat) pulun tutulması hissəsində əsaslıdır. 14.Məhkəmə İddiaçı "xxxx" MMC-nin işçisi olması, malları ondan alması ilə bağlı onlar arasında yaranmış hüquq münasibəti və hazırkı işə təsiri ilə bağlı qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, alqı-satqı münasibətləri iddiaçı ilə cavabdeh arasında yaranmışdır. "xxxx" MMC-nin nümayəndəsi cavabdehin MMC-dən mal almadığını, buna görə də hər hansı borcunun yaranmadığını bildirmişdir. Həmçinin İddiaçı MMC-nin işçisi kimi müəyyən şirkətlərə malı MMC-nin adından verdiyini, eyni zamanda MMC-dən öz adından mal alıb ayrı-ayrı şəxslərə satdığını və alınan malların dəyərini ödədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, aldığı malların dəyərini ödəməyə görə məsuliyyəti İddiaçı daşımışdır.

15. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında konsessiya müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı MMC-dən satın aldığı malları öz adından və öz hesabına cavabdehə satmışdır. Nəzərə alınsa ki, bəzi xidmət müqavilələri üzrə tapşıranla əmək müqaviləsi bağlamış şəxslərin (məsələn ticarət nümayəndəsi (agent) – MM 789.2.3) xidmət müqaviləsi üzrə tərəf olması istisna edilir, lakin konsessiya müqaviləsi üzrə belə bir məhdudiyyət nəzərdə tutulmamışdır, iddiaçının "xxxx" MMC-nin işçisi olması onunla "xxxx" MMC arasında mülki müqavilə konsessiya müqaviləsi olması faktını təkzib etmir. Belə olan halda iddiaçı ilə cavabdeh arasında olan alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin hər hansı hüquq və vəzifələri yaranmamışdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-2475/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, cavabdeh iddiaçı ilə alqı-satqı münasibətləri 20 ildir ki, mövcuddur. Hələ bundan əvvəlilkin olaraq "xxxx" MMC-nin rəhbəri ilə danışdığını, lakin ona malların İddiaçı alacağının bildirildiyini, alqı-satqının predmeti olan göbələyin təbii itkisinə görə 5 faiz güzəştlə satıldığını, lakin buna baxmayaraq İddiaçı tərəfindən həmin güzəştin ona verilmədiyini bildirsə də, məhkəmə bu hallarla bağlı ətraflı araşdırma aparmamış, göbələk məhsulunun satışında təbii itkinin müəyyən edilibedilmədiyi ilə bağlı dövlət standartının və hər hansı digər məcburi qaydaların olubolmadığını, ən mühüm məsələlərdən biri olaraq cavabdehin borcunun ilkin olaraq nə vaxtdan yarandığını və həmin vaxta münasibətdə tələbetmə müddətinin ötüb-ötmədiyini müəyyən etməmişdir. Bütün bunların nəticəsində cavabdeh iddiaçıya nisbətdə qeyribərabər vəziyyətə salınmış, mülki mühakimə icraatının qanun qarşısında bərabərlik prinsipi kobudcasına pozulmuşdur. Digər tərəfdən, məhkəmə iddianı qismən təmin edərkən iş materiallarında (səhifə 42) olan cədvələ istinad edərək həmin cədvəlin cavabdeh tərəfindən imzalandığını əsas götürmüş, lakin həmin cədvəldə öz əksini tapmış 09 oktyabr 2022-ci il tarixə olan 63,837.80 manat borcun haradan və nə vaxtdan etibarən yarandığı, iddia ərizəsində mübahisəli borcun 2020-2022-ci illər ərzində yaranmış olduğu göstərilsə də, həmin illər ərzində cavabdehə hansı miqdarda göbələk məhsulu verildiyinin və ondan nə qədər ödənildiyinin müəyyən edilməsi istiqamətində araşdırma aparmamış, buna və təbii itkiyə görə güzəştin müəyyən edilməsinə zərurət olduğu halda məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizsı təyin etməmiş, borcla bağlı iddiaçı bilavasitə öz hesabatını təqdim etmədiyi halda, ondan belə bir hesabatı tələb etməmiş, yuxarıda göstərilən cədvəldə əlyazma ilə əks olunmuş rəqəmlərin cavabdehin həmin cədvəldəki imzasından aşağıda yazıldığına, əgər cavabdeh həmin rəqəmi qəbul edirsə, nə üçün əlyazma rəqəmlərin altından imza etmədiyinə heç bir əhəmiyyət verməmiş və araşdırma aparmamışdır. Habelə məhkəmə, təbii itki olaraq 5 faiz güzəştin nəzərə alınacağı təqdirdə hər hansı bir borc məbləğinin mövcud olmayacağı barədə cavabdehin dəlillərini qətiyyən nəzərə almamışdır, hansı ki, həmin güzəştin tətbiq olunacağı təqdirdə iddia tələbinin təmin edilməməsi labüd idi. Habelə məhkəmə, məhsulun əsasən gecikdirilməklə verildiyi, bu səbəbdən lazımi fayda götürə bilməməsi barədə cavabdehin dəlillərini araşdırmadığı halda öz qətnaməsində mülki qanunvericiliyin alqı-satqıdan bəhs edən müddəalarına əsaslanaraq həmin müddəaları yalnız iddiaçının xeyrinə yozmuş, onun satıcı olaraq alqı-satqıdan irəli gələn vəzifələrini nəzərə almamışdır. Eləcə də tələbetmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələ də məhkəmə tərəfindən araşdırılacağı təqdirdə, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud olmayacaqdı. Apellyasiya şikayətində maddi hüquq pozuntusu olaraq MM-nin 581.2, 581.4, 584.1-ci maddələri, prosessual pozuntu olaraq 8.1, 88-ci maddələri göstərilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. İddiaçının nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 546-cı maddə- kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. 560.3.4-cü maddə- digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə- alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəlləsi:

77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddə- tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2475/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, .uzun müddət şifahi razılaşma əsasında alqısatqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda dəyərini hissəhissə ödəmək şərti ilə göbələk satılmışdır. Hazırda mübahisə nisyə satılmış 63867 manat dəyərində göbələyə görə yaranmış borcla bağlıdır. Cavabdeh həmin dəyərdə malın iddiaçı tərəfindən ona təqdim edildiyini qəbul etmiş, lakin borcun tam ödənildiyini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinə tərəflərin qarşılıqlı hesablaşmalarını əks etdirən hesabatlar təqdim etmiş, həmin hesabatlardakı qeydlərə əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin 2022-ci ilin sentyabr ayına 63867 manat borcu olsa da, 3000 manat pul iddiaçı təfəfindən güzəşt olunaraq bağışlanmış (həmin borcla bağlı öhdəlik MM-nin 546-cı maddəsinə əsasən xitam olunmuş), 30 manat anbar xərci olaraq çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan qalıq borcun məbləği 60837,80 manat olmuş, bundan sonra cavabdeh yenidən mal almış və ödənişlər etmiş (xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə 5888 manat dəyərində mal alınmış, 8395 manat ödənilmiş) və borc qalığı 58 360,80 manat təşkil etmişdir.

24. Məhkəmə hesab edir ki, cavabdeh aldığı mala görə 58 360,80 manat qalıq borcun ödənildiyinə dair nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. Cavabdehin satılmış malın iddiaçıya deyil, "xxxx" MMC-yə məxsus olması, iddiaçının MMC-nin işçisi olması, bu səbəbdən iddianı qaldırmağa subyektiv hüququ olmaması ilə bağlı dəlilləri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi H.Hüseynov birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, İddiaçı MMC-dən satış üçün götürdüyü göbələyin dəyərini tam ödəmiş, cavabdehlə isə MMC arasında hər hansı müqavilə münasibəti olmamışdır.

25. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən satılan malın dəyərinin 5 % məbləğində alıcıya güzəşt tətbiq edilməli olduğu nəzərə alınsaydı iddiaçıya hər hansı borc qalmayacaq, iddia rədd ediləcəkdi. Bununla cavabdeh özü də təsdiq etmiş olur ki, məhkəmə tərəfindən tutulmuş məbləğ cavabdeh tərəfindən halhazıradək ödənilməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında satılan malın dəyərinin 5 faizinin güzəşt edilməli olduğuna dair razılaşma olmadığından cavabdehin malı təhvil aldıqdan sonra satıcıdan belə bir güzəştin tətbiqini (ödənişin azaldılmasını) tələb etməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, MMnin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. MM-nin 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

26. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən tələb üzrə iddia müddətinin keçib-keçmədiyinin məhkəmə tərəfindən araşdırılmadığına istinad etsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermədiyindən və ümumiyyətlə iddiaya etirazında bu əsasa istinad etmədiyindən məhkəmə tərəfindən bu halın araşdırılmaması pozuntu hesab edilə bilməz. Belə ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

27. Apellyasiya şikayətində eyni zamanda qeyd edilir ki, məhkəmə cavabdehə iddiaçı tərəfindən nə qədər mal verildiyini, nə qədər ödəniş edildiyini müəyyənləşdirmək üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Apellyasiya şikayətinin bu dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, hazırkı halda cavabdehin özü tərəfindən təsdiq edilmiş hesabatda iddiaçı tərəfindən nə qədər mal verildiyi və nə qədər ödəniş edildiyi, o cümlədən qalıq borcun məbləği qeyd edildiyindən və işdə alqı-satqı müqaviləsi ilə bağlı təhvil-təslim aktları, qaimələr və ödəniş sənədləri olmadığından ekspertiza təyin edilməsi zərurət olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPMnin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

28. Apellyasiya şikayətində cavabdeh tərəfindən MM-nin satılan əşyanın keyfiyyəti ilə bağlı şərtləri nəzərdə tutan 581.2, 581.4, 584.1-ci maddələrinin pozulduğu qeyd edilsə də, cavabdeh iddiaya etirazında satılmış malın-göbələyin keyfiyyətsizliyi ilə bağlı hər hansı mülahizə irəli sürmədiyindən və bu mülahizə araşdırma predmeti olmadığından məhkəmə tərəfindən mübahisə üzrə qeyd edilən normaların tətbiq edilməməsi pozuntu hesab edilə bilməz. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən mübahisə işin faktiki hallarına uyğun həll olunmuş, hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2475/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2475/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar