Məhkəmə qərarları › İş №2-2(103)-710/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-710/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-710/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cavabdeh qarşı ilkin, Cavabdeh X5 qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, subicarə, icarə müqaviləsinin ləğvi, birgə nikah dövründə əldə olunmuş əmlak, ər-arvadın birgə gəliri, öhdəliyin lazımca icrası, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə X4 Cavabdeh qarşı “əmlakın boşaldılaraq təhvil verilməsi və pulun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh X5 qarşı “təmirə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən, sahəsi 47 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, onun mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 mart 2005ci il tarixdə qeydə alınmışdır.

2. Dadaşov X2 Tahirə Möhübbət qızı ilə 1986-cı ildə nikaha daxil olmuşdur, ünvan 2, sahəsi 47 m2 olan mənzil nikah dövründə əvəzli əqd əsasında əldə olunmaqla onların birgə əmlakıdır.

3. İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında imzalanmış 20 fevral 2019-cu il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2, sahəsi 47 m2 olan mənzili icarəçiyə icarəyə verməyi, icarəçi isə aylıq 200 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

4. Müqavilənin 3-cü bəndinə görə, icarə müddəti müqavilə imzalandığı andan 20 fevral 2021-ci il tarixinədək müəyyən edilmişdir.

5. Müqavilənin 6-cı bəndinə görə, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz; 7-ci bəndinə görə, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir; 8-ci bəndinə əsasən, “icarəçi” “icarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz; 9-cu bəndinə görə, “İcarəyə götürən” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir.

6. Müqavilənin 10-cu bəndinə əsasən, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir; 11-ci bəndinə görə, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi” tərəfindən ödənilir.

7. İcarə müqaviləsində icarə haqqı 200 manat göstərilsə də, icarəçi hər ay 500 manat ödəniş etmiş, ödənişlər 2022-ci ilin yanvar ayına qədər icarəyə verənə, 2022-ci ilin yanvar ayından etibarən isə Şahid1 həyata keçirilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh 19 oktyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu (pretenziya) ünvanlanmış, məktubda, ünvan 2 sahəsi 47 m2 olan əmlakın 3 iş günü müddətində boşaldaraq təhvil verilməsi xahiş olunaraq, əks təqdirdə əmlakın boşaldılaraq təhvil verilməsi və obyektin qanunsuz saxlandığı müddət üçün dəymiş zərərin, həmçinin vəkil xərclərinin, poçt xərclərinin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun və digər xərclərin ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. İddiaçı ilə Şahid1 nikahları pozulmamışdır, lakin onlar bir müddətdir (İddiaçı bildirməsinə görə 5 il, Şahid1 bildirməsinə görə 1-2 ay) ayrı yaşayırlar.

10. İddiaçı tərəfindən təqdim olunmuş 05 dekabr 2024-cü il tarixə aid video görüntülərdən görünür ki, Cavabdeh icarəyə verilmiş obyektdə təmir işləri aparılır, divar kağızları soyulmuşdur.

Birinci instansiya məhkəmələrində icraat və qəbul olunmuş məhkəmə aktları

11. X7 (ilkin iddiaçı) Cavabdeh (ilkin cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2019-cu il tarixli icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verildiyi üçün xitam olunan müqavilə üzrə icarəçi Cavabdeh tərəfindən ünvan 2 sahənin boşaldılaraq ona təhvil verilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Əlövsət Dadaşov iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 20 fevral 2019-cu il tarixdə icarə müqaviləsi bağlayaraq tam mülkiyyət üzrə ona məxsus ünvan 2, sahəsi 47 m2 olan mənzili Cavabdeh icarəyə vermiş, icarə müddəti 20 fevral 2021-ci il tarixinədək müəyyən edilmiş, müqavilə müddətinin bitməsinə baxmayaraq icarəçi əmlakı boşaldıb təhvil verməmişdir.

13. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu Ə.Əbdülrəhmanov küçəsi ev 18, mənzil 44-də yerləşən qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 27 000 manatın, habelə iddianın verlməsi üçün ödədiyi 271 manatın X3 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhmanov küçəsi ev 18, mənzil 44-də yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış, icarə müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi təmirsiz olduğundan, təmirə ehtiyacının olmasını ilkin iddiaçı qeyd etmiş, aralarında belə razılıq olmuşdur ki, qeyri-yaşayış sahəsi cavabdehin hesabına təmir olunsun, icarə müqaviləsi bitdikdən sonra, qeyri-yaşayış saəsindən çıxarkən təmir xərcini iddiaçı cavabdehə ödəsin, bundan sonra cavabdeh qeyri-yaşayış sahəsini tərk etsin. Qeyri-yaşayış sahəsini təmir etmiş, təmirə 27 000 manat xərcləmişdir. İddiaçı özü də həmin məbləğdə xərc çəkildiyini bilmiş, bu xərci ödəyəcəyini bildirmişdir. Təmir etdikdən sonra uzun müddət qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Hazırda iddiaçı müqavilənin bitdiyini bildirərək qeyri-yaşayış sahəsindən çıxmasını tələb edir, icarə müqaviləsi bağlandıqdan sonra razılaşdıqları kimi mübahisəli sahəyə çəkdiyi xərci tələb etdikdə isə, iddiaçı xərci ödəməkdən imtina etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur.

16. Qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 29 may 2024-cü il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv olunaraq iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.

17. İşə Bakı Kommersiya Məhkəməsində baxılarkən ilkin iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim etmiş, ünvan 2, icarəyə verilmiş 47 kvadratmetr icarə sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona təhvil verilməsi, əmlakın boşaldılması, Cavabdeh həmin ünvandan çıxarılması və əmlakın ona təhvil verilməsi, 06 yanvar 2022ci il tarixindən 10 aprel 2025-ci ilədək hər ay üçün icarə haqqı 800 manat olmaqla ümumilikdə 31 200 manat məbləğində icarə haqqının, illik 5% itirilmiş fayda qismində 5090 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 198,87 manatın, ümumilikdə 36 488,87 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İlkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Müqavilənin müddətinin 20 fevral 2021-ci il tarixində bitməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, bu günə qədər cavabdeh tərəfindən əmlak boşaldılaraq təhvil verilməmişdir. Belə ki, Cavabdeh sonuncu ödənişi 2022-ci ilin yanvar ayında ödəmişdir. Həmin ilin fevral ayından 2025-ci il aprel ayına kimi heç bir ödəniş olunmamışdır. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozmuş, faydanın itirilməsinə səbəb olmuşdur. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% ilə hesablanmaqla faiz borcunun da cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 2022-ci il fevral ayından müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı 2022 ci il fevral ayından-hesablanmaqla iddia ərizəsi verilən 2025-ci il aprel ayının tarixinə qədər həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıİdıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ (31 200 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 1191 gün (gecikdirilən gün sayı) təşkil edir. 20 fevral 2019-cu il tarixli müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 200 manat icarə haqqı ödəməsi müəyyən edilmişdir. Lakin əmlakın yeri və mövcud bazar qiymətləri nəzərə alınaraq müaviləyə xitam verildikdən sonra sözügedən qeyri-yaşayış sahəsi üçün 800 manat məbləğində icarə haqqının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən əmlak geri qaytarılmamış və icarə haqları da ödənilməmişdir. Bu səbəbdən icarəçi qismində iddiaçının əldə edə biləcəyi icarə faydalan da cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, icarəçinin bu günədək əmlakdan istifadə etməsini nəzərə alaraq icarə müqaviləsinə xitam verildiyi tarixdən, yəni 06 yanvar 2022-ci il tarixindən başlayaraq bu günədək hər ay üçün 800 manat olmaqla, ümumilikdə 31 200 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 455.2-ci maddəsinə uyğun olaraq 2022-ci il yanvar ayından müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5% ilə hesablanan məbləğ 5090 manat (31 200*5%/365(l günün faizi)* 1191 (gecikdirilən gün sayı)) təşkil edir”.

19. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin 44 saylı qeyri-yaşayış sahəsinin divarlarında mövcud olan divar kağızının vurulması üçün yerinə yetirilmiş təmir işlərinə sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.”

20. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdehə təmiz, səliqəli obyekt vermişdir. Obyekt əsaslı şəkildə təmir olunmamış, cavabdeh sadəcə divarlara qara divar kağızı vurmuş, hazırda isə həmin divar kağızlarından əsər-əlamət qalmamışdır. Müqavilədə hər hansı təmir işlərinin görülməsi qeyd olunmamışdır. Tərəflər arasında da hər hansı əlavə saziş, razılaşma olmamışdır. 2019-cu ildə icarə müqaviləsi bağlanılmış, həmin dövrdə pandemiya olduğu üçün müqavilədə 200 manat qeyd etmişlər. Pandemiya dövründən sonra tərəfə bildirmişdir ki, buranın qiyməti 200 manat deyildir. Dəfələrlə danışıqlar apardıqdan sonra obyektin icarə haqqını 2022-ci ilin yanvarından 500 manata qaldıra bilmişdir. Həmin dövrdən sonra ona heç bir məbləğ verilməmiş, hər dəfə cavabdeh bildirmişdir ki, icarə haqqını ailə üzvlərinə ödəmişdir. İcarə müqaviləsi onunla bağlandığı üçün icarə haqqının ona ödənilməsini tələb etmiş, bununla da münasibətləri korlanmış və iş məhkəməyə kimi gəlib çıxmışdır. İcarə haqqının arvadına verilməsi barədə onunla cavabdeh arasında belə bir söhbət olmamışdır, icarə haqqı ona verməli idi. Arvadı ilə birgə nikahda olsalar da, gəlirləri ayrıdır, arvadı ilə 2019-cu ildən ayrı yaşayırlar və yoldaşı ona qarşı qərəzlidir. Məhkəməyə 25 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir. İlk öncə sahə müvəkkilinə müraciət etmiş, bildirmişdir ki, tərəflə müqavilə bitsə də, icarə obyektini tərk etmir, çıxmaq istəmir. Lakin sahə müvəkkili cavabdehdən pul alaraq müxtəlif bəhanələrlə onu aldatmış və 6 ay süründürməçilik etmiş, onun işinə baxmamışdır. Belə olduğunu gördükdə 16-cı bölmə rəisinin yanına getmiş, vəziyyəti ona danışmış, sonuncu da bildirmişdir ki, sahə müvəkkilinə tapşıracaq. Lakin yenidən 2-3 ay işinə baxmayaraq uzatmışlar, daha sonra demişlər ki, məhkəməyə müraciət edərək qarşı tərəfdən haqqını tələb etsin. Odur ki, məhkəməyə gec müraciət etmişdir. Müqavilənin vaxtı bitdiyi zaman eyni icarə müqaviləsi bağlaması üçün cavabdehə müraciət etmiş, sonuncu müqavilə bağlamaqdan imtina etmiş, o da obyektdən çıxmasını tələb etmişdir. Müqavilənin ləğv edilməsi barədə 1 ay qabaqcadan yazılı ərizə ilə cavabdehə müraciət etməmiş, şifahi şəkildə müraciət etmişdir. İcarəyə verilən vaxdan 2022-ci ilin yanvar ayına kimi tam olaraq cavabdeh hər ay ödənişini etmiş, aralarında heç bir problem olmamışdır. Lakin 2022-ci ilin yanvar ayından sonra cavabdeh pul ödəməmişdir. 2022-ci ilin yanvar ayına kimi cavabdeh ödənişləri nağd da vermiş, karta da köçürmüş və bəzən də poçtla göndərmişdir. Müqavilə 2 il müddətinə, 2019-cu ilin fevral ayından 2021-ci ilin fevral ayına kimi bağlanmışdır. 2021-ci ildən sonra da icarə münasibətləri 2022-ci ilin yanvar ayına kimi davam etmişdir. 2021-ci ilin fevral ayında müddət bitdiyi üçün ləğv etmədikləri üçün eyni şərtlərlə, eyni müddətə müqavilə bağlanmış hesab olunur. Hazırda cavabdeh həmin obyektdə fəaliyyət göstərir, ondan götürdüyü obyekti hazırda başqasına icarəyə vermişdir. Həmin dövrdə ondan başqa arvadına və ya oğluna cavabdehin ödəniş etdiyi hallar olmamış, bütün ödənişləri onun özünə etmişdir. Cavabdeh pandemiyadan sonra 500 manat ödəniş etməyə başlamış, vergidən yayınmaq üçün müqavilədə 200 manat yazılmasını ondan xahiş etmişdir. 2022-ci ilin yanvar ayından sonra qiymətlər qalxdığı üçün o, cavabdehə bildirmişdir ki, icarə haqqını 800 manat etsinlər. Cavabdehi də götürüb yeni icarə müqavilə bağlamaq üçün notariusa getmişlər. Müqavilənin bağlanması üçün 100 manat dövlət rüsumu ödəməli idi və müqavilə şərtinə görə də aylıq icarə haqqı 800 manat olacaqdı. Lakin cavabdeh razılaşmamış, müqavilədə formal olaraq 200 manat qeyd olunmasını tələb etmişdir. Bununla da münasibətləri yavaş-yavaş korlanmağa başlamışdır. Cavabdehi çıxardıb obyekti özü işlətmək istəyir, çünki cavabdeh ödənişlərini etmir. Heç kəsə söz verməmişdir ki, buranı təmir et, daha sonra obyektdən çıxdıqda ödənişi edəcəkdir. Obyektdə aptek işlətmiş, ora daş sexi olmamışdır.

21. Məhkəmə iclasında iştirak edən ilkin cavabdehin nümayəndəsi ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, icarə obyekti əsaslı təmir edilmiş, hər şey dəyişdirilmişdir. Bu hal şahid ifadələrində də təsdiqlənmişdir, lakin qarşı tərəf yalnız divar kağızının dəyişdiyini əsas gətirir. Obyekti icarəyə götürdükdən sonra orada təmir işləri aparılarkən iddiaçı tərəfin razılığı alınmışdır. Ekspertiza təyin edilərkən icarə obyektində təmir işləri aparılması barədə məlumatı yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin ona verdiyi məlumata əsasən hazırda özü həmin obyektdən istifadə edir. Müqavilənin müddəti artıq bitmişdir və müqavilədə də aylıq icarə haqqı 200 manat nəzərdə tutulmuşdur. Qanunvericilikdə vicdanlı alıcı deyilən anlayış var. Obyekt birgə nigah dövründə icarəyə verilmiş, iddiaçının özünün razılığı olduğu üçün ödənişlər onun yoldaşına verilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqı olaraq 200 manat deyil, daha artıq - 500 manat ödəniş etmişdir. Təmir işləri tərəfin özünün xəbəri ola-ola aparılmış və obyektdən çıxarkən təmir xərclərinin cavabdehə ödənilməsi barədə tərəflər arasında şifahi razılıq əldə edilmişdir. Müqavilə müddəti bitdiyi üçün qarşı tərəf əlavə məbləğ tələb edə bilməz.

22. İştirak etdiyi məhkəmə iclasında cavabdeh ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, ilk dəfə oranı icarəyə götürmək istədikdə iddiaçını tanımamış, iddiaçının oğlu ilə tanış olub həmin yerə baxmışdır. Ora əvvəl daş sexi olmuş, icarəyə götürərkən bərbad gündə olmuşdur. Daha sonra iddiaçı gəlmiş və icarə müqaviləsi bağlanarkən ona bildirmişdir ki, müqavilədə 200 manat qeyd olunsa da, aylıq 400 manat ödəniş etməlidir. Razılaşmış, həmçinin icarəyə götürdüyü qeyri-yaşayış sahəsi pis gündə olduğu üçün oranı təmir etdirmiş, təmir barədə iddiaçının şifahi razılığını almışdır. Ora təmir üçün pul vəsaiti qoyduqdan sonra iddiaçı bildirmişdir ki, “nə zaman buradan çıxsan, çəkdiyin xərclərin qarşılığını ödəyəcəm”, o da qarşılığında bildirmişdir ki, “buradan çıxmaq üçün girmir, öz obyekti kimi buranı təmir etmək istəyir”. Çox gözəl münasibətləri olmuşdur. İddiaçının özü də həmin məbləğdə xərcin çəkildiyini bilmiş, həmin xərci ödəyəcəyini bildirmişdir. Pandemiya dövründə işləyə bilməmiş, iddiaçı ona bildirmişdir ki, icarə haqqını verməsə oranı bağlayacaqdır. Ödənişləri həm iddiaçının övladına, həm də yoldaşına etmişdir. Bu günkü gündə də ödənişləri edir. Əgər iddiaçı onunla işləmək istəmirsə, onda çəkdiyi xərcləri ödəsin. İddiaçının yoldaşı Şahid1 pulun ödənilməsi və oranın təmir olunması halını təsdiq edəcəkdir. X9 isə oranı təmir edən şəxsdir. Son zamanlarda iddiaçının yoldaşı gəlib ona demişdir ki, bundan sonra icarə haqqını ona ödməlidir, o da bildirmişdir ki, “qoy ağsaqqal özü gəlib ona desin”. Daha sonra iddiaçı özü də gəlmiş və ödnişi yoldaşına verəcəyini bildirmişdir. Bu söhbətlər 2022ci ilin fevral-mart aylarında olmuşdur. Onun üçün icarə haqqının kimə verilməsinin heç bir önəmi yox idi, hər bir halda o, ödənişlərini etmişdir. Bir müddət keçdikdən sonra ailə daxili münaqişləri olduğu üçün iddiaçı gəlib ona bildirmişdir ki, ödənişləri yoldaşına etməsin. O da razılaşmış və yoldaşına yığıb məsələni demişdir. İddiaçının yoldaşı obyektə gəlmiş, bu zaman iddiaçı da gəlmiş, tərəflər arasında mübahisələr yaşanmışdır. İddiaçının yoldaşı bildirmişdir ki, 3 uşağa baxır və bundan sonra da ödənişləri ona ödənilməsini xahiş edir. Buna görə bir müddət sonuncuya ödəmiş, daha sonra iddiaçı özü gəlmiş, iddiaçının yanında onun oğluna zəng edərək bundan sonra ödənişlərin kimə olunacağını soruşduqda, oğlu anasına ödəməli olduğunu bildirmişdir. Həmin an dava-qırğın yaşanmış, iddiaçı da onu polisə vermişdir. Etdiyi ödənilşərlə bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. İddiaçı müqavilə bağlayarkən bildirmişdir ki, müqavilədə formal olaraq 200 manat ödəniş olunmasını qeyd etsinlər, lakin aylıq 400 manat ödəniş etsin. Bir müddət sonra 400 manat 450-500 manata qədər yüksəlmiş, daha sonra da hər ay 500 manat ödənilmişdir. İddiaçıya heç bir borcu yoxdur, bütün ödənişləri iddiaçının yoldaşına etmişdir. 2022-ci ilin yanvar ayına kimi ödənişləri iddiaçıya və oğluna etmiş, nağd şəkildə də vermiş, bəzən poçtla da göndərmiş, oğlunun kartına da atmışdır. İddiaçının yoldaşına 2022-ci ilin fevral-mart ayından sonra ödənişlər etməyə başlamışdır. İcarə müqaviləsi bağlanarkən obyekt tam yararsız olmuşdur, çünki ora əvvəllər daş sexi idi. Orada 2 aydan çox təmir işləri getmişdir. Müqavilədə bu barədə qeyd yoxdur. Təmir işləri gedərkən iddiaçının özünə bu barədə məlumat vermişdir, iddiaçı özü də obyektə hər dəfə gələndə görülən işlərə nəzər yetirmişdir. Hazırda həmin obyekti o işlədir, ikinci bir şəxsə obyekti icarəyə verməmişdir

23. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, “ilkin iddiaçı onun əridir, obyekt cavabdeh Nadirə icarəyə verilmişdir. Bir müddət icarə haqqını ilkin iddiaçı almışdır, artıq xeyli müddətdir ki, o, alır. Oranın təmirindən xəbəri olmuşdur, obyektin damı, divarı düzəlmiş, kafel vurulmuşdur. 2022-ci ildən bu günkü günə kimi icarə haqqını alır, ona görə ki, iddiaçı ilə bir ailədirlər, 1986-cı ildən evlidirlər. Obyekt birgə nigah dövründə alınmışdır, onun da haqqı var ki, icarədarlardan aylıq məbləği götürsün. İcarə müqaviləsi əri ilə bağlanmış, əri özü cavabdehdən icarə haqqının alınmasına razılıq vermişdir. İddiaçının orada 3 obyekti vardır və icarəyə vermişdir, 2 obyektin icarə haqqını özü götürür və razılığa gəlmişlər ki, digər obyektin, yəni mübahisəsi gedən obyektin icarə haqqını o götürsün. Çünki dolanışığı üçün pula ehtiyacı var idi. Hazırda iddiaçı ilə bir evdə yaşamır, 1 il olar ayrı yaşıyırlar. Digər obyektlərin pulunu almamış, Nadirdən 500 manat almışdır. Təmir işləri başlayarkən iddiaçının razılığı olmuş, Nadirin təmir söhbətləri evdə də danışılmışdır. İcarə haqqının verilməsində tərəflər arasında qarşılıqlı razılıq olmuşdur”.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “obyekt “Gənclik”də Tennis Akademiyası tərəfdədir. 2019-cu ilin yaz-yay aylarında orada söküntü və təmir işləri görmüşlər. Onlar ora Nadirin dəvəti ilə iş görməyə getmişlər, briqadanın rəhbəri olmuş, ilk öncə mərhələli şəkildə qiymət danışmışlar. Söküntü işləri, döşəmə, divarlara görüləcək işlərə fərqli qiymətlərlə razılaşmışlar. Oranı sıfırdan təmir etmişlər, arakəsmələrin dəyişdirilməsi, mebelləri onlar gətirmişlər, ora daş sexi olduğu üçün ilk öncə bütün daşlar sökülmüş, girişi də sökmüşlər. Sanitar qovşağında su xəttləri dəyişdirilmiş, borular quraşdırılmışdır. Ora 5 kvadrat olardı, material elə çox qiymət tutmurdu, işçi qüvvəsi çox tuturdu. Materiallarla 1000 manata yaxın məbləğ olurdu. Kafel metlax dəyişməmişlər, aldıqları materialların qəbzlərini illər keçdiyi üçün saxlamamışlar. Onlardan əvvəl orada usta işləmiş, daha sonra aralarında narazılıq olmuş, iş yarımçıq qalmışdır. Çünki onlar ora gəldikdə qapının giriş hissəsi yarımçıq sökülmüş, onlar da geridə qalan hissəsini sökmüşlər. Ora əlavə mebel yığmışlar, Nadirin sifarişi əsasında mebelləri alıb gətirmişlər. O, briqadir olaraq tərəf nə istəyirdisə alıb gətirmişlər. Döşəmə qapının girişindən başqa digər yerlər laminat idi. Otaq tam olaraq sökülmüş, elektrik xəttləri əlavə olunmuş, işıqlandırma çox zəif olduğu üçün əlavə işıq xəttləri çəkilmişdir. Divarlar qaşınmış, şpaklyovka vurulmuş və divar kağızları çəkilmiş, döşəmədə qapıdan giriş hissədə daş işləri görülmüşdür. Xırda işlərlə birgə təmir işləri 1 aydan daha artıq zaman çəkmişdir. Qapıdan girişdə döşəməyə daş düzülmüş, tavan rənglənmişdir. Su xətti çöl tərəfdən, arxa tərəfdən dərzinin yanından gəlirdi”.

25. Birinci instansiya məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, icarəyə verilmiş 47 m2 əmlakdan Cavabdeh çıxarılması və həmin əmlakın boşaldılaraq X5 təhvil verilməsi, Cavabdeh cəmi 19 500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpiyinin əvəzinin tutularaq X5 ödənilməsi, ilkin iddianın qalan hissədə, eləcə də Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

26. Məhkəmə ilkin iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

26.1. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq qeyri-yaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti iki illik müəyyən edilsə də, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi üçün müqavilə ardıcıl olaraq iki il müddətinə uzadılmış hesab edilmişdir. Həmçinin 2022-ci ilin yanvar ayına kimi icarə haqqı ödənişləri ilə bağlı tərəflər arasında mübahisənin olmaması da, icarə müqaviləsinin davam etdiyini təsdiq edir. İddiaçı cavabdehə 19 oktyabr 2023-cü il tarixində xəbərdarlıq məktubu təqdim edərək obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. 26.2. Mülki Məcəllənin 447.1-ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra 2022-ci ilin fevral ayından icarə haqqı ödənilməmiş, həmin vaxtdan uzun müddət keçəməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə 19 mart 2024-cü il tarixində pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış 20 fevral 2019-cu il tarixli icarə müqaviləsinə 19 oktyabr 2023-cü il tarixdən xitam verilmişdir. 26.3. İddiaçı ilk iddiaya əsasən icarə müqaviləsi üzrə 06 yanvar 2022-ci il tarixindən 10 aprel 2025-ci il tarixədək hər ay üçün icarə haqqı 800 manat olmaqla ümumilikdə 31 200 manat məbləğində icarə haqqının ödənilməsini tələb etmişdir. 20 fevral 2019-cu il tarixli icarə müqaviləsində icarə haqqı 200 manat göstərilməsinə baxmayaraq, tərəflər 2021-ci ildən sonra icarə haqqının 500 manat olmasını təsdiq etdikləri üçün icarə haqqının 500 manat olması işin mübahisəsiz halıdır. Həmçinin 2022-ci ilin yanvar ayından ödənişləri iddiaçının arvadına ödədiyini cavabdeh təsdiq etdiyindən, həmin tarixdən iddiaçıya ödəniş olunmaması da işin mübahisəsiz halıdır. Cavabdeh bu günə kimi ödənişləri iddiaçının arvadına ödədiyini, buna görə də öhdəliyini pozmadığını, icarə haqqı borcu olmadığını bildirmişdir. Lakin məhkəmə iclasında iddiaçının və şahid qismində dindirilmiş arvadının izahatlarından məlum olur ki, onlar rəsmi olaraq ər-arvad olsalar da, faktiki olaraq ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, normal ailə münasibətləri mövcud deyildir. Belə olan halda isə cavabdehin icarəyə verən S.Dadaşovun arvadına ödədiyi icarə haqqından fayda götürmədiyi aşkardır. 26.4. Həmçinin cavabdeh iddiaçının icarə haqqının sonuncunun arvadına verilməsinə razılığının olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu faktı yalnız şahid qismində dindirilmiş Şahid1 təsdiq etmişdir ki, yuxarıda qeyd edildiyi kimi onun da iddiaçı ilə faktiki ər-arvad münasibətləri yoxdur, birgə yaşamırlar. Həmçinin Şahid1 iddiaçı ilə olan hazırkı münasibətinə görə qərəzli ifadə verməsi də istisna deyildir. Buna görə də cavabdehin iddiaçının arvadına icarə haqqını ödəməsi icarə haqqını ödəmək öhdəliyini yerinə yetirməsi kimi qəbul edilə bilməz, çünki buna iddiaçının razılığı olmamış və bu icradan iddiaçı fayda götürməmişdir. Odur ki, iddiaçının cavabdehdən MMnin 700.1-ci maddəsinə əsasən ödənilməmiş icarə haqqını tələb etmək hüququ vardır və onun bu tələbi haqlıdır. 26.5. Cavadehin iddiaçının arvadına icarə haqqı ödəməyə başladığı 2022-ci ilin yanvar ayından iddiaçı tərəfindən preteziya məktubunun təqdim edildiyi 2023-cü ilin oktyabr ayına qədər 21 aylıq müddət keçmişdir. İddiaçı ödənilməmiş icarə haqqının 800 manat hesablamış və onunla əsaslandırmışdır ki, əmlakın yeri və mövcud bazar qiymətləri nəzərə alınaraq müaviləyə xitam verildikdən sonra sözügedən qeyri-yaşayış sahəsi üçün 800 manat məbləğində icarə haqqının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı əmlakı 800 manat icarəyə vermək barədə başqa şəxslə razılaşma olması və ya cavabdehin bu məbləğə razılığının olması barədə məhkəməyə sübut təqdim etməmişdir. 26.6. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin icarə haqqı borcu 2022-ci ilin yanvar ayından müqaviləyə xitam verildiyi tarixədək, yəni 2023-cü ilin oktyabr ayınadək aylıq 500 manat məbləğində hesablanmaqla, 21 ay müddət üçün 10 500 manat müəyyən olunmalıdır. 26.7. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə 2023-cü ilin oktyabr ayından etibarən xitam verilmiş hesab olunduğundan, həmin müddətdən sonrakı dövrə cavabdeh tərəfindən əmlakın geri təhvil verilməyərək saxlandığı müddət üçün (2023 oktyabr - 2025 aprel = 18 ay) müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini icarəyə verən, iddiaçı MM-in 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq tələb edə bilər. Bu səbəbdən də iddiaçının qalan 18 ay üçün kompensasiya olaraq icarə haqqının ona ödənilməsi tələbi haqlıdır. Həmçinin həmin 18 ayın aylıq icarə haqqısı da 500 manatdan hesablanmaqla, 9000 manat müəyyən olunmalıdır. 26.8. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək 21 aylıq icarə haqqını, yəni 10 500 manat pulu ödəmədiyini, həmçinin 18 ay müddətinə əmlakı iddiaçıya qaytarmadığını, belə olan halda isə iddiaçının icarə haqqı və kompensasiya tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 10 500 manat icarə haqqı və 9000 manat kompensasiya olmaqla cəmi 19 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 26.9. Bundan başqa iddiaçı icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə tələb etdiyi 31 200 manat icarə haqqının 1191 gün gecikdirilməsinə görə illik 5% ilə hesablanmış 5090 manat vəsait tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh icarə haqqı ödənişlərini aybaay gecikdirmiş, yəni iddiaçının tələb etdiyi 31 200 manat icarə haqqının hamısı 1191 gün gecikməmiş, iddiaçı isə illik 5% vəsaiti qeyrimüəyyən qaydada hesablayaraq tələb etmişdir. Odur ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin xitam verilmiş sayıldığını və bu zaman Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən cavabdehin icarəyə götürdüyü obyekti qaytarmağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia, cavabdehin ünvan 1 ünvanında yerləşən, icarəyə verilmiş 47 m2 əmlakdan çıxarılması və boşaldılaraq təhvil verilməsi hissəsində də təmin olunmalıdır. Eyni zamanda iddiaçı ilkin iddia tələbində əmlakın əvvəlki vəziyyətə gətirilməsini tələb etsə də, əvvəlki vəziyyətlə indiki vəziyyət arasında hansı fərqlər olduğunu bildirməmiş, həmçinin izahatında əmlakın əvvəlki vəziyyətə gətirilməsinə zərurət olmadığını qeyd etmişdir. Buna görə də həmin hissədə ilkin iddia təmin olunmamalıdır.

27. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi qənaəti aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

27.1. Cavabdeh qarşılıqlı iddia tələbində icarəyə götürdüyü obyektə 27 000 manat təmir xərci çəkdiyini, çəkilmiş xərci geri qaytarmağa iddiaçının razılaşdığını bildirmiş və həmin məbləği iddiaçıdan tələb etmiş, lakin qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 27.2. Belə ki, tərəflər arasında imzalanmış 20 fevral 2019-cu il tarixli müqavilənin şərtinə əsasən cavabdeh obyekti təmir edərkən iddiaçının razılığını almalı idi, ancaq belə bir razılığın olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının təmirdən sonra çəkilmiş xərci qaytarmağa razı olması barədə sübut da təqdim edilməmişdir. 27.3. Habelə cavabdeh obyektə 27 000 manat xərc çəkilməsini təsdiq edən zəruri sənədləri (smeta, layihə, qəbzlər və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Şahid2 birqada rəhbəri olaraq obyektə təmir işləri apardıqlarını bildirsə də, görülən işlər və çəkilmiş xərclər barədə ətraflı məlumat verə bilməmiş, ümumi sözlərlə təmir olduğunu bildirmişdir. Hətta onun sadaladığı işlərin görülməsinə 27 000 manat xərc çəkilməsi də real görünmür. 27.4. Həmçinin iddiaçı, cavabdeh tərəfindən yalnız divar kağızlarının dəyişdirilməsini qəbul etdiyi üçün həmin işlərin görülməsinə nə qədər vəsait xərclənməsini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmiş, lakin cavabdeh sonradan ekspertiza müddətində obyektə yenidən təmir işləri apardığından çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır. 27.5. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 27.6. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən icarə oyektinə 27 000 manat təmir xərci çəkildiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə məhkəmə, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, qarşılıqlı iddia tələbini tamamilə əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir.

28. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 421.2-ci, 425.1-ci, 433-cü, 442-ci, 445.7-ci, 447.1-ci, 684.1-ci, 685.2-ci, 685.2.1ci, 685.2.2-ci, 697.1-ci, 697.2-ci, 700.1-ci, 700.3-cü, 705-ci maddələrinə istinad etmişdir.

29. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, cavabdeh tərəfindən ilkin iddiaçının arvadına ödəniş olunmasının, cavabdehin qeyriyaşayış sahəsini əsaslı təmir etdiyinin nəzərə alınmadığını, ekspert rəyinin natamam olduğunu, məhkəmənin qeyri-yaşayış sahəsinin təmirinə çəkilən xərci müəyyən etməyə səy göstərmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

31. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, ilkin iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

34. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

40. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

45. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.

46. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

47. Maddə 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

48. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

49. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.1. İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə

50. Maddə 685.4. Kirayəyə verilmiş yaşayış otağına bu Məcəllənin 685.2-ci maddəsindən əlavə, aşağıdakı göstərişlər tətbiq edilir: 685.4.1. bu Məcəllənin 685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak kirayəsi haqqının ödənilməmiş hissəsi yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış otağı yalnız müvəqqəti istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq edilmir);

51. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

52. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

53. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

54. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

55. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

56. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

57. Maddə 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

58. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

59. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

67. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

68. Kollegiya birinci instansiya məhkəməsinin “ünvan 1 ünvanında yerləşən, icarəyə verilmiş 47 m2 əmlakdan Cavabdeh çıxarılması və həmin əmlakın boşaldılaraq X5 təhvil verilməsi” barədə gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, həmin hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

69. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

70. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır”.

71. İşin hallarından göründüyü kimi, icarə müqaviləsində tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmış, İddiaçı məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırmışdır.

72. Başqa sözlə, tərəflər arasında bağlanmış icarə müqaviləsi İddiaçı birtərəfli iradə ifadəsi əsasında ləğv olunmuşdur və bu səbəblə də artıq Cavabdeh, icarə obyekti olmuş ərizəçinin mülkiyyətindəki əmlakda fəaliyyət göstərməsinin qanuni əsası mövcud deyildir.

73. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi “Cavabdeh cəmi 19 500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi” nəticəsinə gəlməkdə səhvə yol vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

74. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

75. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

76. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

77. İddiaçı “06 yanvar 2022-ci il tarixindən 10 aprel 2025-ci ilədək hər ay üçün icarə haqqı 800 manat olmaqla ümumilikdə 31 200 manat məbləğində icarə haqqının ona ödənilməsi” tələbini belə əsaslandırmışdır ki, Cavabdeh icarə haqqını sonuncu dəfə 2022ci ilin yanvar ayında ödəmiş, bundan sonra heç bir ödəniş həyata keçirməmişdir.

78. Bununla belə, işin İddiaçı özünün də bildirdikləri əsasında müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, icarə predmeti olan əmlak İddiaçıla Şahid1 nikahları dövründə əldə etdikləri birgə əmlakdır və Cavabdeh icarə haqqlarını 2022-ci ilin yanvar ayından etibarən Şahid1 həyata keçirilmişdir.

79. İddiaçı icarə haqqının həyat yoldaşına ödənilməsinə razılıq vermədiyini iddia etsə də, işin halları bu iddianın həqiqiliyinə şübhə yaradır; əksinə, 2022-ci ilin yanvar ayından icarə haqqı almayan İddiaçı əmlakın boşaldılması barədə icarəçiyə xx.xx.2023cü il tarixdə pretenziya göndərməsi, eləcə də hazırda qiymət verilən iddia tələbini 2024-cü ilin iyun ayında irəli sürməsi o qənaətə gəlməyə əsas yaradır ki, məhz o özü icarə haqqının həyat yoldaşına ödənilməsinə razılıq vermiş, beləliklə də Cavabdeh müvafiq öhdəliyinə xitam verilmişdir (§ 40).

80. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı razılığının olub-olmamasından asılı olmayaraq, Cavabdeh icarə haqqını onun həyat yoldaşına ödəməsi, sonuncunu öhdəliyindən azad edir; belə ki, icarə obyekti nikah dövründə əldə edilmiş birgə əmlak olması etibarilə ondan götürülən gəlir ər-arvadın ümumi əmlakı sayılır və bu əmlakı verməli olan şəxs onu ərə, yaxud arvada verdiyi zaman onun öhdəliyinə lazımi icra nəticəsində xitam verilir (§ 33, 34, 39, 40, 58, 59).

81. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə “Cavabdeh cəmi 19 500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi” hissəsində ləğv olunmalı, həmin iddia tələbi təmin edilməməlidir.

82. Bununla belə kollegiya, qarşılqılı iddia tələbi üzrə gəlinən nəticə ilə razılaşır; belə ki, qarşılıqlı iddiaçı icarə obyektində əsaslı təmir işləri apardığına dair mötəbər sübutlar, eləcə də icarə obyektində təmir işləri aparması üçün İddiaçı icarə müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuş razılığı aldığına dair sübut təqdim etməmişdir.

83. Xüsusilə qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçı icarə müqaviləsinin yazılı bağlanmasının səbəbini məhz təmir məsələsi ilə əlaqələndirmişdir (“iddiaçı ilə razılaşdıq ki, obyekti təmir edim, çıxanda mənim pulumu versin. Dedim təmir etdirərəm, birdən məni burdan çıxararsan, o da dedi ki, onda gəl müqavilə bağlayaq”); belə olan halda isə, müqavilədə nəzərdə tutulmuş “icarəçi” “icarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz” şərtinin yerinə yetirilmiş olduğu qənaətinə gəlinməsi üçün təkzibolunmaz sübutlar olmalı idi.

84. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 60, 61, 62).

85. Birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə də düzgündür; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi isə İddiaçı alınıb apellyatora ödənilməlidir.

86. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-264/2025 saylı iş üzrə 11 aprel 2025-ci il tarixli qətnaməsi “Cavabdeh cəmi 19 500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq X5 ödənilməsi” hissəsində ləğv edilsin. X4 Cavabdeh qarşı iddia tələbi “19 500 (on doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi” hissəsində də təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissələrdə, yəni “ünvan 1 ünvanında yerləşən, icarəyə verilmiş 47 m2 əmlakdan Cavabdeh çıxarılması və həmin əmlakın boşaldılaraq X5 təhvil verilməsi, Cavabdeh dövlət rüsumunun 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpiyinin əvəzinin tutularaq X5 ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, eləcə də Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi İddiaçı alınıb Nədir Səfərova ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar