Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-713/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-506/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli müqavilə üzrə 283788 manat əsas borcun, 56757 manat dəbbə pulunun və ödənilmiş 630,54 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-506/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 283788 (iki yüz səksən üç min yeddi yüz səksən səkkiz) manat əsas borc, 14000 (on dörd min) manat cərimə məbləği olmaqla ümumilikdə 297788 (iki yüz doxsan yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-506/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən "xxxx" X4 satmağı, Cavabdeh isə müqavilə üzrə razılaşdırılmış Malları qəbul edərək dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəflərindən məhkəmə qətnaməsində qeyd olunan müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. “X6" BM tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, alınmış mallar Cavabdeh MMC-yə tam şəkildə təhvil verilməmiş, təhvil verilən malların bir qismi qüsurlu olmuşdur. İddiaçıya dəfələrlə qüsurlu malları gəlib götürmələri barədə məlumat verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Malların hansı tarixdə və ya harada təhvil verilməsi barədə hər hansı sübutun olmaması bunun bariz göstəricisidir. Həmçinin, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Bakı Kommersiya məhkəməsi iş materiallarında təsdiqedici sənədlərin təhvil-təslim aktlarının mövcud olmaması nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksesuarları, qapılar, boyalar və sair malları cavabdehə satılmasını, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDD 828200 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 145039,86 manat, xx.xx.2023-cü il tarixli EBDD 827921 seriya və nömrəli elektron qaimə 143964,19 manat olmaqla ümumilikdə 289004,05 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir.
23. İddiaçı adıçəkilən iki elektron qaimə üzrə malların qalıq dəyərinin – 283788 manat məbləğində pulun tutulmasını tələb edir. Tələbin hüquqi əsası Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
24. Cavabdeh iddiaya etiraz etmiş və malların qismən təqdim edildiyini, təqdim edilən mallarında 70%-nin yarasız olduğunu və bu səbəbdən utilizasiya edildiyini bildirmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim edilən mallardan bir qisminin lazımi keyfiyyətdə olmaması və utilizasiya edildiyi ilə bağlı arqumentlərinə münasibətdə göstərilməlidir ki, Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri təsbit edilmişdir.
26. Belə ki, həmin maddəyə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin (587.1): alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (587.2): alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5). Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
27. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla, alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.
28. Göründüyü kimi, cavabdeh təqdim edilən məhsulların əhəmiyyətli dərəcədə yararsız olduğunu bildirsə də, bu barədə iddiaçıya hər hansı bildiriş verməmiş, şifahi qaydada məlumat verdiyini isə sübut edə bilməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən, qüsurlu əşyanı satıcıya qaytarmaq vəzifəsini alıcı daşıdığı halda, cavabdeh bu vəzifəsini də yerinə yetirməmiş, məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi 29 fevral 2024-cü il tarixli arayışında həmin malların utilizasiya edildiyini bildirmişdir.
29. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 2006cı il tarixdə nəşr etdiyi 4 cildlik Azərbaycan dilinin izahlı lüğətinin İV cildinin (Bakı şəhəri, “Şərq-Qərb” nəşriyyatı, 2006, 712 səh.) 409-cu səhifəsində “utilizasiya” sözü istifadə etmə (edilmə), səmərəli istifadə, tullantıların, yarımfabrikatların, yanacaq materiallarının və s.nin xammal kimi istifadə edilməsi kimi izah edilmişdir.
30. Belə olan halda, cavabdeh yararsız kimi istinad etdiyi malları utilizasiyası – səmərəli istifadəsi Mülki Məcəllənin 529.2-ci maddəsi baxımından da cavabdehin sübut etmə vəzifəsini müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Beləliklə, məhkəmə cavabdehin lazımi keyfiyyətdə olmayan məhsulların təqdim edilməsi barədə iddiaya etirazının dəlillərini əsassız sayır.
31. Cavabdehin digər dəlilləri isə xx.xx.2023-cü il tarixli EBDD 828200 və EBDD 827921 seriya və nömrəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilmədiyi, iş materiallarında hər hansı təhvil-təslim sənədinin olmaması ilə bağlıdır.
32. 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilənin 1.8-ci bəndinə əsasən, sifariş verilmiş mallar “Alıcı”ya elektron qaiməyə əsasən göndərilir.
33. Digər tərəfdən, iş materiallarına cavabdeh tərəfindən dəyəri ödənilən xx.xx.2022ci il tarixli EBBT 080893 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli EBBT 838819 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli EBBX 215691 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş) və s. elektron qaimələr də əlavə olunmuşdur ki, həmin qaimələrdə də hər hansı təhvil-təslim aktına istinad olunmamışdır.
34. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə malların elektron qaimə əsasında verilməsi şərtləşdirilmiş, işgüzar münasibətlər də bu yöndə inkişaf etmişdir. Belə ki, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh məhz həmin elektron qaimələrə istinad etməklə ödənişlər etmişdir. Həmçinin cavabdeh adıçəkilən 2 elektron qaiməni iddiaçıya düzəliş üçün də qaytarmamışdır.
35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
36. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli EBDD 828200 və EBDD 827921 seriya və nömrəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilməməsi ilə bağlı cavabdehin arqumentləri əsassızdır.
37. Tutulmalı məbləğ ilə bağlı isə göstərilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışa əsasən, ƏDV daxil olmaqla 30 elektron qaimə üzrə ümumilikdə 2 005 938,35 manat dəyərində mal verilmiş, iddiaçının bank hesabından adıçəkilən çıxarışa əsasən, ümumilikdə 1 459 449,45 manat əsas borc üzrə, “ƏDV sub-hesabı”ndan çıxarışa əsasən 262 700,89 manat ƏDV borcu üzrə olmaqla ümumilikdə 1 722 150,34 manat ödəniş edilmişdir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsi üzrə 283788 manat (2 005 938,35-1 722 150,34) məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.
39. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
40. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-506/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.