Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-713/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müstəqil tələb irəli sürən üçüncü şəxs, iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X3 və X1 ibarət tərkibdə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" MMCyə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində bağlanılmış hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 may 2025-ci il tarixli qərardadından Həmidzadə Vüsal Silahəddin oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Həmidov Silahəddin Sadəddin oğlu tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Fətəli xan Xoyski küçəsində 0,027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 99,17 kv.m olan 32 nömrəli fərdi yaşayış evinin və X2 tərəfindən ipoteka qoyulmuş Şəki şəhəri, Yunuslar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv.m ümumi, 225 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilməsi barədə protokolun cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunaraq işin məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Həmidzadə Vüsal Silahəddin oğlunun vəkili vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Həmidov Silahəddin Sadəddin oğlunun hüquq varisi Həmidzadə Vüsal Silahəddin oğlu ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək adı çəkilən şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
5. Həmidzadə Vüsal Silahəddin oğlunun vəkili daha sonra məhkəməyə ərizə və iddia ərizəsi ilə müraciət edərək adı çəkilən şəxsin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb olunması və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Həmidzadə Vüsal Silahəddin oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizənin təmin edilməməsi və onun tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
7. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər – üçüncü şəxs isə iddia ərizəsini işin 3-cü baxış iclası mərhələsində təqdim etmişdir.
8. Məhkəmə həmçinin vurğulamışdır ki, iddia ərizəsi kağız daşıyıcıda tərtib edilmiş və skan edilməklə sistemə yüklənmiş, bundan əlavə, işdə iştirak edən digər şəxslərə çatdırılmamışdır.
9. Həmin qərardaddan Həmidzadə Vüsal Silahəddin oğlunun nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericiliyin istinad olunan normalarını analoji əsaslarla müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təqdim edilməsi vaxtına tətbiq etdikdə müəyyən olunur ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəldikdə və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda, belə iddianın məhkəmə baxışında verilməsi mümkün hesab edilir. 1. Vüsal Həmidzadə məhkəmənin xx.xx.2025-ci iltarixli qərardadı ilə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulmuş, belə qoşulmadan sonra iş materialları və prosessual sənədlərlə tanış olmaq, həmin sənədlərlə bağlı dəlillərini bildirmək, sübut toplamaq imkanı əldə etmiş, işə qoşulmuş olduğu ilk iclasda isə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınma barədə ərizəsini və iddia ərizəsini təqdim etmişdir. Doğrudur, MPM-in 55.1-ci maddəsində prosessual qayda kimi müstəqil tələb irəli sürən üçüncü şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər işə qarışması nəzərdə tutulmuşdur. X6 Silahəddin oğlunun iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Həmidov Silahəddin Sadəddin oğlunun hüquq varisi kimi sonradan məhkəmə prosesinə cəlb olunduğunu, iş materialları və ilkin tələblə bu minvalla sonradan tanış olduğunu nəzərə alaraq sözügedən prosessual hərəkətlərin məhkəmədə işin baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilməsi ondan asılı olmayan səbəblərdən baş tutmamışdır. Odur ki, V.Həmidzadə hazırki məhkəmə işinin hazırlıq iclaslarına cəlb olunmadığından, habelə məhz öncəki baxış iclasında, yəni xx.xx.2025-ci il tarixli baxış iclasında işə qoşulduğundan onun belə prosessual imkanı məhz xx.xx.2025-ci il tarixli baxış iclasında mümkün olmuşdur ki, sonuncu da bu imkandan vaxtında istifadə etmişdir. MPM-in 55.2-ci maddəsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər həmin Məcəllənin 4.3-4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi daşımırlar (məhkəməyə qədər nizamlama (pretenziya) qaydası, mediasiya). Bu baxımdan məhkəmənin iddia ərizəsinin ərizə kağız daşıyıcıda tərtib edilib skan edilməklə sistemə yüklənməsi və iddia ərizəsinin işdə iştirak edən digər şəxslərə çatdırılmaması ilə bağlı dəlilləri əsaslı deyildir. Mülki prosessual qanunvericilikdə ilkin tələbə qarşı yönəldilmiş qarşılıqlı tələbin, habelə ilkin iddia tələbi üzrə qarşılıqlı iddia tələbinin, o cümlədən müstəqil tələb irəli sürən şəxsin işə qoşulmaqla iddia ərizəsinin verilməsi üçün ilkin pretenziya və ya iddia ərizəsinin işdə digər iştirak edən şəxslərə çatdırılması proseduru və tələbi nəzərdə tutulmamışdır. Belə tələb qarşılıqlı tələbin və ya müstəqil tələbin verilməsinin mahiyyətinə ziddir. İddia ərizəsinin forması və formal tələblərlə bağlı məhkəmənin iradları ilə əlaqədar qeyd olunmalıdır ki, elektron məhkəmə informasiya sistemində müstəqil tələb irəli sürən şəxsin iddia ərizəsinin verilməsi üçün ayrıca funksionallıq nəzərdə tutulmamış, bunun üçün yeganə texniki üsul məhz müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin pdf formatında skan edilməklə müvafiq iş üzrə sənədlərlə şəxsi elektron kabinetə əlavə edilməsi olmuşdur. Həmçinin skan olunmuş iddia ərizəsinin pdf versiyası da vəkilin/nümayəndənin gücləndirilmiş elektron imzası ilə imzalanmışdır ki, bu da onun imzasına bərabər tutulur. Təsadüfi deyildir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi sistem tərəfindən də geri qaytarılmamış və bu barədə də hər hansı səbəb göstərilməmişdir. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni "qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, "qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. Həmçinin Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hazırki işə qoşulma tarixi, hansı baxış iclasında qoşulması, onun müstəqil tələb irəli sürməsi üçün zəruri imkanlarının mövcud olub-olmaması, iş materialları ilə tanışlıq və iddia ərizəsinin verilməsi üçün zəruri vaxt imkanlarının yaranması və digər bu kimi hallar aydınlaşdırılmamışdır. Məhkəmə elektron məhkəmə informasiya sistemində şəxsi elektron kabinet vasitəsilə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin skan edilməklə pdf formatında iş üzrə elektron kabinetə əlavə olunmasından qeyri üsulunub mövcud olub-olmamasını, bununla bağlı sistemdə əlahiddə funksionallığın olub- olmamasını aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə hazırlıq iclaslarında və ya əvvəlki baxış iclaslarında V.Həmidzadə tərəfindən müstəqil tələb irəli sürmək imkanına malik olması sübuta yetirilməmişdir. Belə ki, V.Həmidzadə məhz xx.xx.2025-ci il tarixli iclasda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə qoşulmuş, məhz bundan sonra iş materialları tanış olmaq, iddia ərizəsi hazırlamaq, tələb irəli sürmək imkanı qazanmış, iştirak etdiyi ilk baxış iclasında, yəni xx.xx.2025-ci il tarixdə də iddia tələbini irəli sürmüşdür. Məhkəmə bir tərəfdən formal mülahizələr əsasında müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin forma tələblərinə uyğun olmadığını qeyd edir, digər tərəfdən isə həmin iddia ərizəsinin qanunvericiliyin tələbinə cavab verməyən vaxtda, yəni 3-cü baxış iclasında verildiyini irad bildirir.
Apellyasiya baxışı
11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
13. Maddə 4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər.
14. Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur
15. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
16. Maddə 55.2. Onlar bu Məcəllənin 4.3‒4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas yaratmır.
20. Xüsusilə qeyd olunmalıdır ki, işin hallarından Vüsal Həmidzadənin ailə üzvləri tərəfindən müxtəlif prosessual imkanlardan istifadə olunaraq işin icraatının uzun müddətdir uzanmasına səbəbiyyət verildiyi, Vüsal Həmidzadəni təmsil edən nümayəndənin həmin ailə üzvlərini də təmsil etdiyi aydın olur – belə olan halda, Vüsal Həmidzadə müvafiq iddia tələbini məhkəmə baxışı başlananadək irəli sürmək imkanına sahib olmuşdur.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-369/2025 saylı iş üzrə 15 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva