Məhkəmə qərarları › İş №2-2(103)-716/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-716/2022

05.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-716/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 38917,20 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4534/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayət verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)- 4534/2021l saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə rəsmi əldə edilmiş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti “elektron hökumət portalı” vasitəsi ilə yerləşdirilmişdir. Apellyasiya şikayətinin nəticəsi ilə bağlı qeyd edilən portala daxil olduqda müəyyən edilmişdir ki, texniki problem səbəbi ilə apellyasiya şikayəti portala yüklənməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4534/2021 saylı qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 81-ci vərəqəsində olan qəbzdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4534/2021 saylı qətnaməsi 15 aprel 2022ci il tarixdə cavabdeh "xxxx" MMC-nin direktoru X2 qəbzə imza edilməklə rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 24 may 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 16 may 2022-ci il tarixdə (qeyri-iş günləri nəzərə alınmaqla) bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 24 may 2022-ci il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, texniki problem səbəbi ilə apellyasiya şikayəti portala yüklənməmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır. Çünki cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4534/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar