Məhkəmə qərarları › İş №2-2(103)-717/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-717/2024

18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-717/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-2173/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan **********6 nömrəli abunə kodu (**********01052 uçot nöqtəsi) üzrə tələb etdiyi 10.000 manat borcun silinməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2173/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsini, iddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 10000 (on min) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-583/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməkdaşlar tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə NDQ 018141 saylı akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 10096 manat borc hesablanmışdır. 29 mart 2024-cü il tarixli KY232061559 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, iddiaçıya məxsus ünvanda sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə aparılacaq yoxlama (xx.xx.2023-cü il tarixdə) reyestrdə qeydə alınmışdır.Hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

7. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

8. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

9. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

11. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, 27 noyabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə NDQ 018141 saylı akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 10096 manat borc hesablanmışdır.

12. İddiaçı hesab etmişdir ki, təqsiri olmadan əsassız və qanunsuz olaraq ona borc hesablanmışdır.

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akt ilə müəyyən edilir ki, elektrik sayğacında mövcud qüsur (sayğacın qoşulma sxeminin düzgün olmaması və axan yükü tam qeydə ala bilməməsi) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

14. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, onlar tərəfindən cərimə deyil, ay üzrə enerji sərfiyyatı hesablanmışdır.

15. Halbuki iş materiallarda olan abonent saldosundan görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın nasaz olduğu müddətdə xx.xx.2023-cü il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

16. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

17. Göründüyü kimi cavabdeh tərtib etdiyi aktın əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktda qeyd edilməli idi. Cavabdeh şikayətdə aktın əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.

18. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2173/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar