Məhkəmə qərarları › İş №2-2(103)-717/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-717/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-717/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2366/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 03.05.2023-cü il tarixində təsdiq edilmiş bank xidmətlərinin göstərilməsinə dair X1nin kreditlə bağlı 7-ci hissəsinin şərtlərindən görünür ki, kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov (ipoteka) predmeti barədə məlumatlar müvafiq Ərizə-Razılaşmada qeyd olunur (1-ci bənd).

2. Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz) təqvim günü, illik isə 360 (üç yüz altmiş) gün hesabı ilə gündəlik olaraq hesablanır (4-cü bənd). Müştəri Krediti və Kredit Faizini Ödəniş Cədvəlinə (Ərizə-Razılaşmaya müvafiq Əlavə) uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür (5-ci bənd). Birdəfəlik kredit üzrə ödənişin akseptsiz silinməsi, Müqavilədə müəyyən edilən tarixlərdə və bu Müqavilə üzrə öhdəliklərin yaranması anından, aşağıdakı ardıcıllıqla həyata keçirilir: İ - Məhkəmə xərcləri və Bankın digər məsrəfləri (mövcud olduğu halda), İİ - Bank komissiyaları, İİİ - Gecikdirilmiş əsas və faiz məbləğinə hesablanmış dəbbə pulu və cərimələr, İV - Gecikdirilmiş faizlər, V - Gecikdirilmiş əsas borc məbləği, Vİ - Faiz borc məbləği, Vİİ - Əsas borc məbləği (8-ci bənd). Əgər «Kredit alan»ın ötən ay üzrə hər-hansı bir ödənilməyən borcu yaranarsa, o zaman «Kredit alan»ın Cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc bu fəslin 8-ci bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra, cari ayın ödənişlərinin silinməsi «Bank» tərəfindən həyata keçirilir (9-cu bənd).

3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə razılaşmasına əsasən, kreditin məbləği 7880 manat, kreditin müddəti 24 ay, illik faiz dərəcəsi 20 faiz, kreditin təyinatı dövriyyə vəsasitlərinin artırılması olaraq razılaşdırılmış, cavabdeh Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış olduğunu, ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıdığını təsdiq etmişdir.

4. xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il olmaqla hər ay 401,34 manat (sonuncu ay 395,81 manat) ödəniş edilməsi və ümumilikdə 7880 manat əsas borc, 1746,63 manat faiz borcunun qaytarılması razılaşdırılmışdır.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışın əsasən, xx.xx.2023-cü il tarixli 352322- CNS-46686 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc 4650,79 manat, faiz borcu 487,27 manat təşkil edir.

6. İddiaçı ASC-də olan AZ73VTBA**********2322AZN001 nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 7880 manat məbləğində pul 39,4 manat komissiya haqqı tutulmaqla xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit üzrə cavabdehin hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki ilk icraat və qəbul edilmiş məhkəmə aktları

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 iyul 2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsi üzrə 4650,79 manat əsas borc, 487,27 manat faiz və 404,28 manat cərimə borcu olmaqla ümumilikdə 5542,34 manat məbləğində pulun və ödənilmiş 75,42 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətinə 7880 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 5542,34 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: dövriyyə vəsaitlərinin artırılması) hazırkı kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

9. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 739.1-ci və s. maddələri göstərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2366/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 saylı kredit müqaviləsinə əsasən 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu, 404,28 manat cərimə olmaqla ümumilikdə 5541,69 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,42 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

11.1. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. 11.2. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. 11.3. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri saymışdır. Məhkəmə həmçinin göstərmişdir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir. 11.4. iddiaçı 24 yanvar 2025-ci il tarixli 165P nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edərək bütün əsas borcu, xx.xx.2025-ci il tarixə faiz borcunu tələb etmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə sonuncuya poçt rabitəsi vasitəsi ilə çatdırılmışdır. 11.5. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirmişdir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. 11.6. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2025-ci il tarixə olan faiz borcunu tələb edir. 11.7. Təqdim edilən xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 0,65 manat olaraq edilmiş həmin ödəniş faiz borcuna silinmişdir. 11.8. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə əsas borc 4650,79 manat, faiz borcu 487,27 manat qalmışdır. 11.9. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4650,79 manat, iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə edilmiş 0,65 manat ödəniş çıxılmaqla 486,62 manat təşkil edir. 11.10. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli 352322- CNS46686 nömrəli kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu kimi müəyyən edilməlidir. 11.11. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli 352322- CNS46686 nömrəli kredit müqaviləsi üzrə 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. 11.12. xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsinə əsasən gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə ödənilməlidir. 11.13. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. 11.14. Məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə olaraq 404,28 manat məbləğində pulun müəyyən edilməsi ağlabatan və ədalətlidir və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. 11.15. İddianın təmin edilməyən hissəsinin məhkəmə icraatı zamanı edilmiş 0,65 manat ödənişlə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,42 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 739.1,739.2, 741, 447.1,447.2, 44.2.2, 447.2.3, 462.1,467, 269.1, 269.4, 270.1, 309.1, 317-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 41, 47.5, 39.3.3, 1.0.9, 4-cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 4.6, 107, 115.0, 115.0.4, 115.0.9, 119.1, 119.3, 216-220, 222, 227, 233, 360-cı maddələrini, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarını tətbiq etmişdir. Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2366/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında keçirilməsi barədə məhkəmə bildirişi göndərilməmişdir. Göndərilsə belə cavabdehə çatdırılma olmamışdır. Məhkəmə tərəfindən iddiaya cavabdehin münasibəti öyrənilmədən, işin həqiqi halları aşkara çıxarılmamış, iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. İddia tələbinə gəlincə cavabdeh ödənişlərini vaxtlı-vaxtında ödəməyə çalışmışdır. Müəyyən vaxtlarda ödənişləri nəzərə alınmamış, borcdan çıxılmamışdır. Halbuki danışıq yolu ilə tərəflər arasında hər hansı mübahisə və ya anlaşılmazlıq oluna bilərdi. Hesablanmış faiz və cərimə borcu da əsassız olmuşdir. Belə ki, ödənişin qəsdən gecikdirilməsi halı baş verməmişdir. Sahibkarlıq fəaliyyətində durğunluq yarandığı üçün ödənişdə gecikmə yaranmışdır. İddiaçı məhkəməyə müraciət etmək hüququndan sui-istifadə etmişdir. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Belə ki, cavabdeh müqavilə öhdəlikləri yerinə yetirmiş və ödənişlərinin icrasını davam etdirməyə çalışmışdır. İddiaçının məhkəməyə müraciəti üçün ciddi əsaslar olmamışdır Həmin maddədə göstərilir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. İddiaçı öz istəyilə kredit müqviləsinin qüvvədə olduğunu nəzərə almadan maliyyə vəziyyətinin pisləşməsi nəzərə alınmadan faiz və cərimə borcu iddia etməsi açıq-aşkar əsassızdır. Bu tərəfin vəziyyətini ağırlaşdırmaq, krediti vaxtından əvvəl qaytarmaq məqsədi güdmüşdür. İddiaçı tərəfindən müqaviləni tam və vaxtında yerinə yetirməyə şərait yaradılmamışdır. Məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçı məhkəməyə qeyri-dəqiq məlumatlar təqdim etmiş, çəkişmə prinsipi təmin edilməmiş, ən əsası cavabdehin iştirakı olmadan əsassız qətnamə çıxırılmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

17. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh ona məxsus elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məcburi köçkün olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumundan azaddır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

22. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

36. Maddə 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

41. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı qətnamədən şikayət vermədiyindən, iddia təmin edilməyən hissədə yoxlanılmır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2366/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

44. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

45. Məhkəmə kollegiyası borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdüklərinə münasibətdə qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinə təqdim edilmiş hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları və izahlı maliyyə arayışı ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, xx.xx.2023-cü il tarixli 352322-CNS-46686 nömrəli kredit müqaviləsi üzrə əsas borc 4650,79 manat, iddiaçının tələb etdiyi tarixə gecikdirilmiş faiz borcu isə edilmiş 0,65 manat ödəniş çıxılmaqla 486,62 manat təşkil edir.

46. Birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli 352322-CNS46686 nömrəli kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla və edilən ödənişlər çıxılmaqla 4650,79 manat əsas borc, 486,62 manat faiz borcu kimi müəyyən edilməlidir.

47. İş materialları ilə müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbi üzrə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

48. Məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışa (iş materialları, vərəqə 63) və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişə (iş materialları, vərəqə 64) əsasən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. İş üçün əhəmiyyətli olan sənədlərin və digər sübutların, iddia tələbinə etirazın məhkəməyə təqdim edilə bilməsi üçün lazımi imkanının olmasına baxmayaraq, cavabdeh mübahisəyə prosessual maraq göstərməmişfir.

49. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, sahibkarlıq fəaliyyətində yaranmış durğunluqla əlaqədar öhdəliyini icra edə bilmədiyindən öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyət daşımır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, apellyatorun qeyd etdiyi bu hal heç bir halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsindən imtina üçün əsas ola bilməz.

50. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

51. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti X3 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən Cavabdeh 1992-ci ilin may ayında Laçın rayonunun Hacılar kəndindən məcburi köçkün düşmüş hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40 manat Cavabdeh qaytarılmalıdır.

53. Həmçinin mübahisələndirilən iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2366/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu apellyatora qaytarılsın. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar