Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-718/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Habil Çingiz oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1582/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 34665 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.05.2021-ci il tarixli e-2-2(113)-1582/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 05.09.2019-cu il tarixli 229 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən İddiaçı bu müqaviləyə əlavədə göstərilən teleskopik dəmir dirəklər və taxta materialları tikinti, təmir, bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi, icarəçi "xxxx" MMC isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh tərəfindən 20.06.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokolu ilə icarəyə götürülmüş 1200 kv.m-lik betonaltı qəlib materialları geri qaytarılmışdır. Lakin cavabdeh icarə müqaviləsi öz öhdəliklərini tam yerinə yetirməmiş və 34665 manat məbləğində icarə haqqını ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, həmin müqavilə bağlandıqdan sonra müqavilə üzrə ödənilməli məbləğin əvəzinə İddiaçı "xxxx" MMC tərəfindən 16-cı mərtəbədə inşa edilən bir otaqlı mənzil təklif edilmiş, iddiaçı bu təkliflə razılaşdıqdan sonra bununla əlaqədar tərəflər arasında 17 dekabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə əsasən "xxxx" MMC icarəyə götürdüyü ləvazimatların əvəzində ümumi sahəsi 56,1 kv.m, dəyəri 33600 manat olan 1 otaqlı mənzil verməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin məbləği icarəyə verdiyi materialların dəyəri ilə əvəzləşdirməyi və qalan 5600 manat məbləği nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh MMC-nin icarəyə götürdüyü materiallarla əlaqədar heç bir məbləğdə borcu qalmamış, lakin müəyyən səbəblərdən tikinti işləri baş tutmamış, səlahiyyətli orqanların qərarı ilə tikilmiş tikili sökülmüşdür. Yəni Cavabdeh MMC icarəyə götürdüyü materialların dəyəri qismində iddiaçıya verməli olduğu mənzili verə bilməmiş, lakin söküntü işləri ilə əlaqədar zərərçəkmiş şəxslərə dəymiş zərər səlahiyyəti orqanlar tərəfindən ödənilmişdir. Bununla əlaqədar İddiaçı "xxxx" MTK tərəfindən mənzil təklif edilmiş, lakin o, mənzili götürməkdən imtina etmişdir. Halbuki, həmin mənzil iddiaçıya onunla bağlanmış icarə müqaviləsi üzrə ona dəymiş zərərin əvəzi olaraq təklif edilmişdir. Ona görə də, İddiaçı qeyd edilən müqavilə üzrə Cavabdeh MMC-dən hər hansı bir məbləğdə pul vəsaiti tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən icarə haqlarının tam ödənilməməsi və qalıq borcun 34665 manat təşkil etməsi faktı etiraf edilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 34665 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə ödənilməli olan icarə haqqının mənzillə əvəzləşdirilməsi ilə bağlı qarşılıqlı razılığın olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh özü etiraf edir ki, tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC icarəyə götürdüyü ləvazimatların əvəzində ümumi sahəsi 56,1 kv.m, dəyəri 33600 manat olan 1 otaqlı mənzil verməyi öhdəsinə götürsə də, müəyyən səbəblərdən tikinti işləri baş tutmamış, səlahiyyətli orqanların qərarı ilə tikilmiş tikili sökülmüş, Cavabdeh MMC icarəyə götürdüyü materialların dəyəri qismində iddiaçıya verməli olduğu mənzili verə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 12.04.2021-ci il tarixli ********* nömrəli məktubda da göstərilmişdir ki, MMC tərəfindən inşa edilmiş mərtəbələrdə yerləşən 323 M nömrəli mənzil üzrə İddiaçı adı "xxxx" MTK-ya göndərilməsinə baxmayaraq, sonuncu həmin mənzili qəbul etməkdən imtina etmişdir. Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə ödənilməli olan icarə haqqının mənzillə əvəzləşdirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndinə görə icarə haqqı bu müqaviləyə əlavədə (qiymətlərin razılaşdırma protokolunda) göstərilir. Həmin müqaviləyə aid qiymətlərin razılaşdırma protokolunda qiymətlər manatla müəyyən edilmiş, tərəflər arasında 26 may, 26 iyun, 26 iyul, 28 avqust 2020-ci il tarixli üzləşdirmə aktları tərtib olunmuş və həmin aktlarda da cəmi borcun 34665 manat təşkil etməsi razılaşdırılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1582/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Habil Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-718/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-718/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver