Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-72/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1155/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh MMC-nin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 MMC) məhkəməyə müraciət edərək, cavabdehlərdən GFA0161/31 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğdə əsas borc, 3.715,85 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 16.925,04 manat, GFA0161/32 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğində əsas borc, 800,03 manat məbləğdə faiz borcu, 8.740,11 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 37.721,41 manat, GFA0161/33 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğdə əsas borc, 236,63 manat məbləğdə faiz borcu, 2.354,12 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 10.597,19 manat, GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğdə əsas borc, 169,44 manat məbləğdə faiz borcu, 1.685,62 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 7.587,93 manat məbləğdə borcun birgə qaydada onun xeyrinə tutulması, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada GFA0161/31 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 13.209,19 manat məbləğdə əsas borcun, 1.300 manat məbləğdə dəbbə pulu olmaqla, cəmi 14.509,19 manat məbləğdə borcun, GFA0161/32 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 28.181,27 manat məbləğdə əsas borcun, 800,03 manat məbləğdə faiz borcunun, 2.800 manat məbləğdə dəbbə pulu olmaqla, cəmi 31.781,3 manat məbləğdə borcun, GFA0161/33 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 8.006,44 manat məbləğdə əsas borcun, 236,63 manat məbləğdə faiz borcunun, 800 manat məbləğdə dəbbə pulu olmaqla, cəmi 9.043,07 manat məbləğdə borcun, GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 5.732,87 manat məbləğdə əsas borcun, 169,44 manat məbləğdə faiz borcun, 500 manat məbləğdə dəbbə pulu olmaqla, cəmi 6.402,31 manat məbləğdə borcun, ümumilikdə, 61.735,87 manat məbləğdə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh MMC ondan apellyasiya şikayətləri verərək, iddiaçı cərimə borcunun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddianın tam təmin olunmasını, cavabdeh isə qismən - iddianın 45.000 manatdan artıq hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu tənasübsüz surətdə yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya ümumilikdə 45.000 manat məbləğdə borcu vardır. Hazırkı mülki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Həmçinin, tələb edilən pul məbləğinə əsas borcla bərabər faiz borcu və dəbbə pulu, eləcə də cərimə borcu hesablanıb. Faiz borcunun, dəbbə pulu borcunun hesablanması isə xüsusi bilik tələb edir. Ona görə də, iddia tələbindəki məbləğlə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə olduğu üçün, mühasibatlıq ekspertizasının ləyin edilməsi qaçılmazdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qarşı şikayəti qəbul etməyib, öz şikayətlərini müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri ilə qətnamənin qismən ləğvi xahiş edildiyi, mübahisənin predmeti isə bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə tərəflərin ləğvini istəmədiyi hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayətləri həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə cərimə (dəbbə) pulu rədd edilən və ümumi borcun 45.000 manatdan artıq hissəsi təmin edilən hissələrdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlama ilə işdən müəyyən edilir ki, iddiaçı və cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixdə GTC-155LE/2017 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X2 imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdeh MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş GFA0161 nömrəli xx.xx.2018-ci il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən MMC-yə xx.xx.2020-ci il tarixədək müddətə illik 14%-lə 80.000 manat məbləğdə invoysların diskontlaşdırılması və faktorinq limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixdə həmin ərizənin şərtlərinə dəyişikliklər edilərək cavabdehə ayrılmış limitin məbləği 140.000 manat məbləğədək artırılmışdır. Həmin limit çərçivəsində təqdim edilmiş xx.xx.2019-cu il tarixli GFA0161/31 nömrəli və xx.xx.2019-cu il tarixli GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən bank tərəfindən MMC-yə invoysların diskontlaşdırılması (maliyyələşdirilməsi) əməliyyatı üzrə illik faiz dərəcəsi 14% dərəcəsi ilə müvafiq olaraq 15.472,54 manat və 5.732,87 manat məbləğlərdə pul vəsaiti verilmişdir. Eyni zamanda, həmin limit çərçivəsində bank tərəfindən MMC-yə xx.xx.2019-cu il tarixli GFA0161/32 nömrəli və xx.xx.2019-cu il tarixli GFA0161/33 nömrəli ərizələrə əsasən faktorinq əməliyyatı üzrə illik faiz dərəcəsi 14% dərəcəsi ilə müvafiq olaraq 28.181,27 manat və 8.006,44 manat məbləğdə pul vəsaitləri verilmişdir. Hazırda cavabdeh MMC-nin iddiaçıya GFA0161/31 nömrəli ərizə üzrə 13.209,19 manat məbləğdə əsas borcu və GFA0161/34 nömrəli ərizə üzrə 5.732,87 manat məbləğdə əsas borc, 169,44 manat məbləğdə faiz borcu, eyni zamanda faktorinq əməliyyatı maliyyələşdirmə üçün ərizələr üzrə - GFA0161/32 nömrəli ərizə üzrə 28.181,27 manat məbləğdə əsas borc, 800,03 manat məbləğdə faiz borcu, GFA0161/33 nömrəli ərizə üzrə 8.006,44 manat məbləğdə əsas borc, 236,63 manat məbləğdə faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, cavabdehə invoysların diskontlaşdırılması və faktorinq əməliyyatları üzrə limitin ayrılmasını nəzərdə tutan maliyyələşdirmə üçün ərizələr mahiyyətinə görə tərəflər arasında imzalanmış və tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranmasına əsas təşkil edən yazılı əqdlərdir. Bu baxımdan, tərəflərin imzaladığı invoysların diskontlaşdırılması (maliyyələşdirməsi) əməliyyatı bank tərəfindən müştəriyə təklif edilən kredit xidmətlərindən biridir. Mahiyyət etibarilə invoysların diskontlaşdırılması əməliyyatı müştəri tərəfindən digər şəxsə borcluya təqdim edilmiş hesab-fakturaların (invoysların) əvvəlcədən maliyyələşdirilməsi məqsədilə müştəriyə kredit verilməsini nəzərdə tutur. Odur ki, invoysların diskontlaşdırılması əməliyyatlarından irəli gələn münasibətlərə borc (kredit) müqaviləsinə dair qanunvericilik normaları tətbiq edilməlidir. Faktorinq əməliyyatı üzrə ərizələrə gəldikdə isə, həmin ərizələr mahiyyətinə görə reqress hüququ ilə faktorinq müqaviləsidir. Reqress hüququ ilə faktorinq müqaviləsinin fərqləndirici cəhəti ondan ibarətdir ki, pul tələbinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirən faktor borclu tərəfindən pul tələbi icra edilmədikdə, maliyyələşdirdiyi pul vəsaitini reqress qaydada müştəridən tələb etmək hüququna malikdir. Hazırkı halda göstərilən şərt iddiaçı ilə cavabdeh MMC arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X2na 1 nömrəli Əlavənin Vİ bölməsi 2.1.7-ci bəndində öz əksini tapmışdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı invoysların diskontlaşdırılması əməliyyatları üzrə GFA0161/31 və GFA0161/34 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək MMC-nin borcluya (Maraqlı şəxs2 MMC-yə) təqdim etdiyi hesab-fakturaları əvvəlcədən maliyyələşdirmiş, lakin borclu qabaqcadan maliyyələşdirilmiş pul məbləğlərini ödəmədiyindən tərəflərin təsdiq etdikləri Şərtlər Toplusuna 1 nömrəli Əlavənin İV bölməsi 9.9-cu bəndinə əsasən iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçı faktorinq əməliyyatları üzrə GFA0161/32 və GFA0161/33 nömrəli maliyyələşdirmə üçün ərizələrə əsasən cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək MMC-nin borcluya (Maraqlı şəxs1 MMC-yə) qarşı pul tələblərinin güzəşti müqabilində maliyyələşdirməni həyata keçirmiş, güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyindən tərəflərin təsdiq etdiyi Şərtlər toplusuna 1 nömrəli Əlavənin Vİ bölməsinin 2.1.7-ci bəndinə əsasən həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Bununla da, iddiaçı sözügedən maliyyələşdirmə üçün ərizələr (müqavilələr) üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunduğu kimi, həmin məhkəmə mübahisəli maliyyələşdirmə üçün dörd ərizə üzrə cərimə məbləğlərini müvafiq ərizə ilə tələb olunan əsas borc məbləğinin təqribən onda biri miqdarına azaltmışdır ki, bu da Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmaqla yanaşı, əsaslı və ədalətli olmuşdur, cavabdeh cərimə məbləğlərinin əsas borc məbləğinin onda birinə azaldılmasını apellyasiya şikayətində mübahisə etmədiyi üçün, həmin məbləğin formalaşmış məhkəmə təcrübəsinə müvafiq qaydada daha aşağı miqdarda təyin oluna bilməsinin mümkünlüyünün müzakirə edilməsi hazırkı araşdırmanın hüdudlarından kənarda qalır. Cavabdeh MMC-nin də apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh MMC iddiaçıya ümumilikdə 45.000 manat məbləğdə borcunun qaldığını bildirsə də, öz arqumentlərini ümumi qaydada ifadə edərək, etirazını konkret faktlarla (əsas və faiz borcları üzrə ödəniş tarixləri və məbləğləri, əsas, faiz və dəbbə borcunun əslində nə qədər olmalı olması və sair) dəqiqləşdirməmişdir. Halbuki, qeyd olunan borc məbləğləri, aparılmış tədqiqatın müfəssəl təsviri, ona əsasən çıxarılmış nəticələr və məhkəmə kollegiyası tərəfindən məhz MMC-nin vəsatətinə əsasən təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası üzrə qoyulmuş suallara əsaslandırılmış cavablar verilən xx.xx.2022-ci il tarixli 9/553 nömrəli mötəbər ekspert rəyi ilə təsdiq olunur. MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməli, işə baxılması ilə əlaqədar məsrəf qismində ekspertə verilməli olan məbləğ cavabdeh MMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1155/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin və Cavabdeh1 MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğdə pul Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-72/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-72/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver