Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-720/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Həsən Hüseyn oğlu Əhmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1057/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Bakı Dövlət Sirki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr ayından hal-hazırkı dövrədək olan müddət üçün əsassız olaraq hesablanmış 1472 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.04.2021-ci il tarixli e-2-2(113)-1057/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC tərəfindən iddiaçı Bakı Dövlət Sirkinə 20.11.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək olan müddət üçün hesablanmış 1289,6 manat (bir min iki yüz səksən doqquz manat altmış qəpik) məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. 20 oktyabr 2020-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Bakı Dövlət Sirkinə məxsus 14001470 nömrəli su sayğacına baxış keçirilmiş və sayğacın işlək vəziyyətdə olmaması aşkar olunmuş və bu barədə Cavabdeh ASC-nin abonent haqqında məlumatların yerləşdirildiyi proqrama məlumat daxil edilmişdir. Həmin tarixdən başlayaraq Cavabdeh ASC tərəfindən abonentin sərfiyyatı əvvəlki 12 aylıq dövrdə (2019-cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) istifadə etdiyi suyun orta aylıq sərfiyyatı əsas götürülməklə hesablanmışdır. İddiaçı bildirir ki, suölçən cihazın pozuntusu halı noyabr ayının 24-də aşkar olunmasına baxmayaraq, yeni cihazın quraşdırılması hal-hazırki dövrə qədər təmin edilməmiş, üstəlik noyabr ayında su sərfiyyatı hesablanmışdır. 2020-ci ilin noyabr ayında və dekabrın sonlarında, müəssisə tərəfindən rəsmi olaraq Nəsimi rayon su və kanalizasiya idarəsinə məktub göndərilmiş, suölçən cihazın yenilənməsinin tezləşdirilməsi tələbinə baxmayaraq, bu günə qədər Cavabdeh ASC tərəfindən hər hansı addım atılmamış və nəticə etibarilə əsassız olaraq, su sərfiyyatının orta istehlak normasına əsasən hesablanması davam etməkdədir. Əlavə olaraq, 2020-ci ilin mart ayından başlayaraq Bakı Dövlət Sirkinin işləməməsi hamıya bəlli olan haldır. Cavabdeh müraciətlərinə baxmayaraq artın 6 aydır ki, işlək vəziyyətdə olmayan sayğacı təmir olunması və ya dəyişdirilməsinə ilə bağlı hər hansı tədbir görmür və onlara əsassız borc hesablayır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya sayğacın işləmədiyi dövr üzrə sərfiyyatın hesablanması aşağıdakı qaydada aparılmışdır: 20.10.2020-ci il tarixindən 18.12.2020-ci il tarixinədək olan dövr üzrə (cəmi 59 gün təşkil edir) 359 kub - 718 manat; 18 dekabr tarixindən 23 yanvar tarixinədək olan dövr üzrə (36 gün təşkil edir) 219 kub - 438 manat; 23 yanvar tarixindən 18 fevral tarixinədək olan dövr üzrə (26 gün təşkil edir) 158 kub - 316 manat; 18 fevral tarixindən 29 mart tarixinədək olan dövr üzrə (39 gün təşkil edir) 238 kub - 476 manat. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus su sayğacının işləməməsinin 20.10.2020-ci il tarixdə cavabdehə məlum olması, iddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin sayğacın təmin olunması, dəyişdirilməsi, laboratoriyaya göndərilməsi ilə bağlı hər hansı bir tədbir görülməməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “X2”nın 6.10-ci bəndinə görə isə zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi Cavabdeh ASC-nin “X2”nın 6.10-cu bəndində nəzərdə tutulmuş yuxarıda göstərilən vəzifəsini həmin qaydalarda müəyyən edilmiş müddətdə icra etməməsi nəticəsində iddiaçı Bakı Dövlət Sirkinə 20.10.2020-ci il tarixdən başlayaraq 5 aydan artıq müddət ərzində “X2”nın 7.9-cu bəndinə əsasən əvvəlki 12 ayın orta aylıq su sərfiyyatına uyğun borc hesablanır. Halbuki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin elan edilməsi ilə əlaqədar Bakı Dövlət Sirkinin 2020-ci ilin mart ayının ikinci yarısından başlayaraq fəaliyyət göstərməməsi hamıya bəlli olan haldır. İddiaçının orta aylıq su sərfiyyatının hesablanması üçün əsas götürülmüş müddətin (2019cu ilin oktyabr ayı-2020-ci ilin oktyabr ayı) birinci 6 ayı isə Bakı Dövlət Sirkinin fəaliyyət göstərdiyi - koronavirus (COVİD-19) pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilənədək olan dövrü əhatə edir ki, həmin dövrdə Bakı Dövlət Sirkinin orta su sərfiyyatı hal-hazırkı dövrdə sərfiyyatdan dəfələrlə çox olmasını abunə haqqında məlumatdan da açıq-aşkar müşahidə etmək olar. Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi Cavabdeh ASC tərəfindən 5 aydan artıq müddət ərzində işlək vəziyyətdə olmayan Bakı Dövlət Sirkinə məxsus su sayğacının təmir edilməsi (və ya dəyişdirilməsi) istiqamətində heç bir tədbir görülməməsi, nəticədə iddiaçıya sudan və kanalizasiya sistemindən istifadəyə görə borcun orta aylıq su sərfiyyatına uyğun hesablandığı dövrün müddətinin süni surətdə uzadılması MM-in 425-ci maddəsində nəzərdə tutulmuş müqavilə üzrə hüquq və vəzifələrini həyata keçirərkən tərəflərin əməl etməli olduqları vicdanlı hərəkət etmək prinsipinin tələblərinə cavab vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən orta aylıq su sərfiyyatına əsasən 20.10.2020-ci il – 18.02.2021-ci il tarixli müddət üçün hesablanmış borcun yalnız sayğacın təmir edilməsi (dəyişdirilməsi və s.) üçün “X2”nda nəzərdə tutulmuş 15 günlük müddət üçün hesablanmış hissəsi (iddiaçının etirazında göstərdiyi formulaya əsasən 6,08x15x2 manat) - 182,4 manat hissəsi saxlanılmalı, qalan 1289,6 manat hissəsi isə əsassız hesablandığından silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1057/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Həsən Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-720/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-720/2021
13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver