Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-722/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-483/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməklə, cavabdehdən ödənilmiş iki aylıq icarə haqqı olaraq 25866 manatın (ƏDC xaric), müqavilə şərtlərinə uyğun olaraq 50408,40 manat çəkilmiş xərclərin, mediasiya prosesinə görə çəkilmiş xərcin 50 %-i, yəni 200 manatın, eyni zamanda ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə 76594,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-483/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Mülki Məcəllənin 700.1, 700.2, 144.1, 146.2, 146.3-cü maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, hazırkı iş üzrə icarə müqaviləsi qanunvericiliyin tələbinə zidd olmaqla notariat qaydasında təsdiqlənməmişdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, tərəflər icarə müqaviləsini bu növ əqdlər üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş imperativ forma (notariat təsdiqi) şərtinə əməl etmədiklərindən İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, İcarə Müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir. Bu baxımdan hər iki mübahisə tərəfinin iddia və etirazlarının əsası kimi İcarə Müqaviləsinin müvafiq bəndlərinə istinad etməsi yuxarıda sadalanan maddi hüquq normaları ilə yanaşı, həm də Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllədə daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən imperativ norma mövcud deyil. Digər normativ hüquqi aktlarda da belə qayda müəyyən edilməmişdir. Yalnız “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin müddəa isə torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən də bu nəticəyə, yəni qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiqlənməsi nəticəsinə gəlmək olmur. Belə ki, həmin maddənin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun anlayışı isə Mülki Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Lakin əmlakın icarəyə verilməsi onun hüquqi müqəddəratını təyin etmək anlamına gəlmir. Çünki əmlakın icarəyə verilməsi yalnız ona sahiblik və istifadə edən şəxsin dəyişməsinə səbəb olur, bilavasitə əmlakın hüquqi müqəddəratı isə dəyişməz qalır. Məhkəmənin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi də daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən etmir. Belə ki, həmin maddənin tələblərinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Qeyd olunanlardan müəyyən edilir ki, daşınmaz əmlakın icarəyə verilməsi (xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi istisna olmaqla) barədə müqavilələr notariat qaydasında təsdiq edilmədən də bağlanıla bilər. Belə olan halda isə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 337.3 və 337.4cü maddələrinə əsaslanaraq tərəflər arasında bağlanmış icarə müqaviləsini etibarsız müqavilə kimi qiymətləndirilməsi düzgün olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instasiya məhkəməsi qanunu səhv təfsir etməklə maddi hüquq normalarını düzgün tətbiq etməyib və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilmiş əsaslara görə ləğv edilməlidir. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, icarəyə verən "xxxx" MMC (hazırki adı İddiaçı MMC) ilə icarəçi İddiaçı MMC arasında 20 may 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ona məxsus olan və Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakın 2-ci mərtəbəsində 1437 m2 sahəni, orada yerləşən əşya və avadanlıqlarla birgə icarəçiyə icarəyə verməyi, icarəçi isə vergilər və ƏDV xaric aylıq 12933 manat icarə haqqını öz öhdəsinə götürmüşdür. İcarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına avans qismində 25866 manat ödənilmişdir. İddiaçı bildirir ki, müqavilə bağlandıqdan sonra iki ay ərzində iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində şüşə arakəsmələr quraşdırılmış, obyektin mühafizə edilməsi üçün işçilərlə əmək müqaviləsi bağlanmış, tərəflərindən kameralar quraşdırılmış, reklam-dizayn işləri həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, obyekti müqavilə şərtlərinə uyğun vəziyyətdə onlara təqdim etməmişdir. Belə ki, qaldırıcı kranlar onlara təhvil verilməmişdir. Bu səbəbdən onlar iddiaçıya pretenziya ünvanlamış, xx.xx.2021-ci il tarixdən müqaviləyə xitam vermək istədiklərini bildirmişlər və iddiaçı tərəfindən cavabdehə 25866 manat iki aylıq icarə haqqının, o cümlədən 50408,40 manat çəkilmiş xərclərin, eyni zamanda cavabdehin təqsiri səbəbindən Cəmiyyətə dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Bundan əlavə, obyektdə quraşdırılmış reklam lövhəsi, şüşə arakəsmələr ayrılması mümkün olan yaxşılaşdırmalar olmasına baxmayaraq, məhz həmin yerdə istifadə edilməsi üçün nəzərdə tutulmuş, bu səbəbdən həmin yaxşılaşdırmaların dəyərinin ödənilməli və çəkdiyi digər xərclər qaytarılmalıdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icarə obyektindən istifadə ilə bağlı iddiaçıya hər hansı maneə yaradılmayıb, həmin sahə hazırda da boşdur, nə iddiaçı, nə də başqa şəxs tərəfindən istifadə edilmir. Bundan əlavə, iddiaçı ona hansı ziyanın vurulmasını da göstərə bilmir. İddiaçının sübut qismində təqdim etdiyi əmək müqavilələri bildirişləri üzrə həmin işçilərə ödədiyi əmək haqlarını da ziyan qismində tələb edir. Lakin həmin bildirişlərdən də göründüyü kimi, obyektdə təmir aparılması üçün hər hansı işçi ilə əmək müqaviləsi bağlanmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələr hələ də sahədədir, iddiaçı həmin yaxşılaşdırmaları ayırıb özünə götürə bilər. Əlavə olaraq, müqavilənin ləğv edilməsinə etiraz etmirlər, belə ki, artıq münasibətlərin davam etdirilməsi mümkün deyildir. Lakin iddia ərizəsində göstərildiyi kimi xx.xx.2021-ci il tarixdən deyil, ümumiyyətlə ləğv edilməsinə etiraz etmirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfində irəli sürülmüş birinci tələb xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi ilə bağlıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsində isə təsbit edilmişdir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunan maddi hüquq normallarının məzmunundan da görünür ki, müqavilənin məhkəmə qaydasında ləğvi o halda mümkün olur ki, tərəflər arasında bağlanmış müqavilənin ləğvi ilə bağlı razılıq əldə olunmasın, habelə Mülki Məcəllədə və yaxud tərəflərin razılaşması ilə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtinaya yol verilməsin. Hazırki işdə isə tərəflər arasında bağlanmış müqaviləyə məhkəmə qaydasında xitam verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi hazırki müqaviləyə icarəyə verən tərəfindən öz öhdəliklərindən hər hansı birini pozduqda aşağıdakılar daxil olmaqla, müqaviləyə xitam verə bilər: icarəçi əmlakın yenidən bərpasına əsaslı şəkildə ehtiyac görərsə və bu 30 gündən çox çəkəcəyi gözlənilirsə; icarəyə verəni 30 təqvim gün öncə yazılı şəkildə və səbəb göstərmədən xəbərdar edərək. Hazırki işin də mübahisəsiz halıdır ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsini bildirmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə icarəçi tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı şərt müəyyən olunmuş və iddiaçı da bu hüququndan istifadə edərək, 30 təqvim günü əvvəlcədən xəbər verməklə icarə müqaviləsinə xitam verməsi ilə bağlı öz iradə ifadəsini cavabdehə bildirişlə çatdırmışdır. Belə olan halda isə Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinə artıq xx.xx.2021-ci il tarixdən xitam verilmiş hesab edilməlidir. Ona görə də kollegiya hesab edir ki, həmin müqaviləyə məhkəmə qaydasında xitam verilə bilməz və həmin hissədə iddia tələbləri rədd edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş ikinci tələb avans kimi iki aylıq icarə haqqı məbləğində ödənilmiş 25866 manatın geri qaytarılmasından ibarətdir. Kollegiya hesab edir ki, həmin tələb qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də bu əsaslar müəyyən olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilə imzalandığı tarixdən və hesab-faktura təqdim edildiyi tarixdən etibarən 5 iş günü ərzində icarəçi 2 aylıq icarə haqqı həcmində icarəyə verənə avans ödəniş edəcək. Bu avans məbləği icarəyə verən tərəfindən 01 iyul 2021-ci il tarixdən hesablanacaq icarə haqqından çıxılmalıdır. Hazırki işin də mübahisəsiz halıdır ki, İddiaçı MMC tərəfindən icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin hesabına avans qismində 25866 manat ödənilmişdir. Eyni zamanda yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin tarixdən sonra icarə obyektindən istifadə etmədiyini bildirir, cavabdeh isə bu halı mübahisələndirməmiş və əksini təsdiq edən sübutları təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əvvəlcədən 2 aylıq icarə haqqı avans kimi ödənilmiş, lakin 1 ay 8 gün sonra icarə müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə geri qalan 22 gün üçün ödənilən icarə haqqı öhdəlikdən kənar ödənilmiş pul vəsaiti kimi iddiaçıya geri qaytarılmalıdır. Həmin məbləğ isə 9484,2 manat təşkil edir. Belə ki, 1 gün üçün icarə haqqı – 431,1 manat (12933 / 30 = 431,1); 8 gün üçün icarə haqqı – 3448,8 manat (431,1 x 8 = 3448,8); 1 ay 8 gün üçün icarə haqqı – 16381,8 manat (12933 + 3448,8 = 16381,8); 22 gün üçün icarə haqqı 9484,2 manat (25866 - 16381,8 = 9484,2 və ya 431,1 x 22 = 9484,2) təşkil edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, həmin iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 9484,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş üçüncü tələb isə 50408,40 manat çəkilmiş xərclərin tutulmasından ibarətdir. İddiaçı həmin xərclərə icarə obyektində görülmüş təmir işləri və işçilərə ödənilən əmək haqlarını aid etmişdir. İcarə müqaviləsi ləğv edildikdən sonra təmir işlərinə görə ödənilmiş pul vəsaitinin geri qaytarılması üçün Mülki Məcəllənin 700.3, 680.2, 1090.1-ci maddələrinin dispozisiya şərtlərinin mövcudluğu tələb olunur. Həmin maddələrin tələblərinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3) Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir (680.2). Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur (1090.1). Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması üçün işlərin aparılması yalnız sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyi təqdirdə icraçı həmin xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırki işdə isə iddiaçının çəkdiyi xərclər əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmaları ehtiva edir və cavabdeh də bildirir ki, iddiaçı tərəfindən quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələr hələ də sahədədir, iddiaçı həmin yaxşılaşdırmaları ayırıb özünə götürə bilər, buna etirazları yoxdur. Göründüyü kimi kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması üçün işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə deyildir. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələb özü-özlüyündə əsassızdır və ona görə də rədd edilməlidir. İşçilərə ödənilən əmək haqlarının geri tələb edilməsi də əsassızdır. Çünki həmin xərclər yalnız zərər kimi tələb oluna bilər. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı tərəfindən cavabdehin öz öhdəliklərinin pozması (iddia ərizəsinə əsasən icarə obyektinin təhvil verməməsi) hər hansı sübutla təsdiq olunmur. Eyni zamanda nəzərə alınır ki, müqaviləyə xitam verilməsi barədə bildirişdə də müqavilənin 5.1.2-ci bəndinə (30 gün öncə yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam vermək) istinad olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən məhkəmə xərclərinin 80,6 faizi iddiaçıya, 12,4 faizi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-483/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 9484,2 manat və ödənilmiş dövlət rüsumlarına görə 80,6 manat məbləğində pul vəsait tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-722/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-722/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver