Məhkəmə qərarları › İş №2-2(103)-722/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-722/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-722/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-607/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin materillarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti arasında 3 kredit müqaviləsi imzalanmışdır: 03 noyabr 2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli. Hər bir müqavilə əsasında cavabdehə 200.000 manat olmaqla, ümumilikdə 600.000 manat məbləğində 5 il müddətinə kredit verilmişdir.

2. İşdəki iddiaçı tərəfindən təqdim edilmiş 31 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 03 noyabr 2015-ci il tarixli müqavilə üzrə 22.498,61 manat əsas borcu, 518,90 manat faiz borcu, 20.000 manat cərimə borcu, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 39.083,15 manat əsas borcu, 696,49 manat faiz borcu, 20.000 manat cərimə borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 100.277,58 manat əsas borcu, 1.645,97 manat faiz borcu, 40.000 manat cərimə borcu mövcud olmuşdur.

3. xx.xx.2022 tarixli 866593/01337 nömrəli ödəniş tapşırığına əsasən 300 manat Bakı şəhəri Mərkəz Vəkil bürosunun bank hesabına köçürülmüşdür.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli 06/02 nömrəli maliyyə arayışında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış kreditlər üzrə xx.xx.2022-ci il tarixə 10.249,88 manat, 26.916,56 manat, 38.027,68 manat, 38.027,68 manat məbləğində borc olduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini azaldaraq maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 manat əsas məbləğ üzrə borc, 322,90 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, bundan başqa, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 manat əsas məbləğ üzrə borc, 651,49 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcunun, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 manat əsas məbləğ üzrə borc, 1416,97 manat hesablanmış faiz borcu və 40000 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 dröd) yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 194.950,70 manat pul vəsaitinin cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 03 noyabr 2015-ci il tarixli, 10 mart 2016cı il tarixli və 04 aprel 2016-cı il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə Cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 22498,61 manat əsas məbləğ üzrə borc, 518,90 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcu, bundan başqa, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 39083,15 manat əsas məbləğ üzrə borc, 696,49 manat hesablanmış faiz borcu və 20000 manat cərimə borcu, eləcə də 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 100277,58 manat əsas məbləğ üzrə borc, 1645,97 manat hesablanmış faiz borcu və 40000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-607/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, "Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 manat əsas borc, 322,90 manat faiz borcu, 299,9 manat cərimə, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 manat əsas borc, 651,49 manat faiz borcu, 299,9 manat cərimə borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 manat əsas borc, 1416,97 manat faiz borcu, 2.258 manat cərimə borcu, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinin təmin edilməsi məqsədilə ayrılan vəsaitlərin məqsədyönlü və səmərəli istifadə edilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq əsasında müqavilələr imzalanmışdır. Həmin müqavilələr əsasında iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlar əsasında aqrar sahə üzrə sonuncu tərəfindən üçüncü şəxslərə verilmiş kreditləri maliyyələşdirmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etsə də cavabdeh müqavilə öhdəliklərini tam icra etməmişdir. Tərəflər arasında müqavilələr üzrə yaranmış borc məbləği cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, əsas borc məbləğini qəbul etmişdir.

9. Məhkəmə iddia tələbinin əsas borc hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən də əsas borc mübahisələndirilmədiyindən və iş materialları ilə də təsdiqini tapdığından təmin edilməli, xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 9998,61 manat əsas məbləğ üzrə borc, 10 mart 2016-cı il tarixli müqavilə üzrə yaranmış 26583,15 manat əsas məbləğ üzrə borc, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 75277,58 manat əsas məbləğ üzrə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən faiz borcunun da mübahisələndirilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi faiz borcu hissəsində də təmin edilməli, xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 322,90 manat hesablanmış faiz borcu, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 651,49 manat hesablanmış faiz borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 1416,97 manat hesablanmış faiz borcu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır.

11. Məhkəmə iddia tələbinin cərimə borcu hissəsinə münasibətdə bildirmişdir ki, 03 noyabr 2015-ci il tarixli müqavilənin 5.1-ci, 10 mart 2016-cı il tarixli müqavilənin və 04 aprel 2016-cı il tarixli müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, agentlik qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı agentlik qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 %, lakin kreditin 10 %-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2022-ci il tarixə 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə 299,9 manat, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 299,9 manat, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 2.258 manat cərimə məbləği cavabdehdən tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-607/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən öhdəliklərə vaxtı-vaxtında əməl edilmiş, cavabdeh təşkilat ağır pandemiya dövründən çıxdıqdan sonrakı müddətdə də ödənişləri vaxtı-vaxtında yerinə yetirməyə çalışmış, buna baxmayaraq iddiaçı ödənişləri cərimə borcuna silməyə və cərimə borcunu şişirtməyə başlamışdır. Təbii ki, götürülmüş kredit vaxtında da qaytarılmalıdır. Cavabdeh təşkilat götrüdüyü öhdəliklərdən heç vaxt yayınmamış, hər dəfə iddiaçıya müraciət edərək pandemiya və dünyada baş verən iqtisadi vəziyyətlə bağlı güzəşt edilməsini xahiş etsə də, bunun nəticəsi olmamışdır. Hətta cavabdeh məhkəməyə iddia verilməmişdən əvvəl, eləcə də məhkəmə araşdrıması dövründə də ödənişləri dayandırmamışdır ki, nəticədə iddiaçı ilkin olaraq şişirdilmiş cərimə borcu ilə birlikdə 245420,70 manat pul vəsaitini tutlmasını xahiş etsə də, sonradan tələbini azaldalaraq ümumilikdə 194950,70 manat məbləğində borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh öhdəliklərə riayət etməsəydi, məhkəmə araşdırması dövründə ödənişlərini davam etməzdi. Məhkəmə qanunları sadalasa da, işin faktiki hallarını nəzərə almamışdır. İş materiallarından görünür ki, iddiaçı 9998,61 manat əsas borca münasibətdə iki qat məbləğdə, yəni 20.000 manat cərimə, 26.583,15 manat əsas borca münasibətdə 20.000 manat cərimə, 75.277,58 manat borca münasibətdə 40.000 manat cərimə ödənilməsini tələb etmiş, məhkəmə isə ümumilikdə 2857,8 manat cərimə ödənilməsini qət etmişdir. Məhkəmə nəzərə almır ki, cavabdehin bir çox ödənişləri dəbbə pulunun silinməsinə çıxılmış, iddiaçı təşkilat əsas kredit borcundan da əlavə artıq məbləğlərdə faizlərin də ödənilməsini tələb etmiş, habelə borcun ödənilməsində pandemiya və dünyada baş verən iqtisadi vəziyyətlə bağlı gecikmələrin olmasını nəzərə almamışdır. Hesab edirik ki, məhkəmə qeyd olunan maddəyə əsasən və cavabdeh tərəfindən ağır vəziyyətdə olmasına baxmayaraq ödənişləri davam etməsini nəzərə alaraq cərimə borcunu tam ləğv etməli və ya ən azından simvolik məbləğdə cərimə tətbiq etməklə ədalətli qərar qəbul edə bilərdi. İddiaçı bank təşkilatı cəmi 245420, 70 manat borcun ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən iddia qismən təmin edilərək, cəmi 117108,5 manat kredit borcunun tutulmasını, yəni iddia tələbinin 50 faizindən aşağı hissəsini təmin etsə də, iddiaçı tərəfindən çəkilmiş bütün məhkəmə və vəkil xərclərini cavabdehdən tam tutmaqda haqlı olmamışdır. Ən azından qanunvercilyin tələblərinə uyğun olaraq iddia qismən təmin edildiyinə görə 400 manat rüsumu və 300 manat nümayəndəyə çəkilən xərcin 50 faizi iddiaçıya aid edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən borcun məbləğinin müəyyən edilməsi ilə əlaqədar kredit dosyeləri tələb edilməmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, nümayəndə əsas və faiz borcunu qəbul etmişdir. Halbuki, nümayəndə kredit müqaviləsi üzrə borcunun olmasını bildirmiş, lakin cavabdeh tərəfindən ödənişlər edildikdən sonra konkret hansı məbləğdə əsas və kredit borcunun qalmasını bilməmişdir. Cavabdehin nümayəndəsinin hüquqi savadının olmaması, işin ədalətli və obyektiv araşdırmasından imtina üçün əsas ola bilməz. Ən azından məhkəmə tərəflərə hansı kredit müqavilələri üzrə hansı məbləğdə ödənişlər edilməsi, hansı məbləğdə borcun qalmasını araşdırmalı, sonda ədalətli və qanuni qətnamə qəbul etməli idi. İddiaçı əvvəlcə 245420,70 manat tələb irəli sürmüş, sonradan iddia tələbini azaldaraq 194950,70 manat istəmiş, bu zaman cavabdeh tərəfindən hansı məbləğdə əsas, faiz və cərimə borclarından silinməsi məlum olmamışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən müəyyən edilmiş kredit borclarını hansı sənədlərlə öz təsdiqini tapması qətnamədə öz əksini tapmamış, məhkəmə yalnız tərəflər arasında bağlanmış kredit müqavilələrini sadalamış, işin obyektiv həlli ilə bağlı mühasibatlıq ekspertizası təyin etməmiş, kredit dosyelərini tələb etməmiş, cavabdehdən hansı məbləğdə ödənişlər edilməsini araşdırmamışdır. Halbuki, kredit dosyeləri tələb edildiyi halda, hansı məbləğlərdə ödənişlər edilməsi müəyyən edilər, iş üzrə xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin edilməklə tələb olunan əsas və kredit borclarının məbləğləri konkret qeyd edilərdi. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddə-borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə-borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1-ci maddə-bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-607/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür cavabdeh ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti arasında 03 noyabr 2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli kredit müqavilələri imzalanmışdır: Hər bir müqavilə əsasında cavabdehə 200.000 manat olmaqla, ümumilikdə 600.000 manat məbləğində 5 il müddətinə kredit verilmişdir.

20. İddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışına əsasən 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə qalıq əsas borcun 9998,61 manat, faiz borcunun 322,90 manat, 10 mart 2016-cı il tarixli müqavilə üzrə qalıq əsas borcun 26583,15 manat, faiz borcunun 651,49 manat, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə qalıq əsas borcun 75277,58 manat, faiz borcunun 1416,97 manat olduğu qeyd edilmişdir.

21. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbinə dəqiqləşmə verilməsi barədə ərizədə texniki səhvə yol verilərək 3 müqavilə üzrə cavabdehin ümumilikdə 111859,34 manat əsas borcunun xx.xx.2022-ci il tarixədək hesablandığı qeyd edilsə də, həmin borc xx.xx.2022-ci il tarixə olan (xx.xx.2022-ci il tarixdən sonra həyata keçirilmiş ödənişlər çıxılmaqla) qalıq borc olmuşdur.

22. Cavabdehin nümayəndəsi R.Nifətliyev işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əsas borcla bağlı hissədə iddianı qəbul etdiyini bildirmiş, cərimə ilə bağlı hissədə iddiaya etiraz etmişdir.

23. Apellyasiya şikayətində cavabdeh iş üzrə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə cavabdehin birinci instansiya məhkəməsində əsas və faiz borcunun məbləğini mübahisələndirmədiyini və apellyasiya instansiyası mərhələsində borcun düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq ekspertiza təyin edilməsi barədə vəsatəti əsassız hesab etmişdir. İddiaçının iddia tələbinin həcmini azaltması iddia ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərlə bağlı olduğundan bu hal iş üzrə ekspertiza təyin edilməsi üçün əsas ola bilməz.

24. Cavabdeh eyni zamanda apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi ilə əlaqədar kredit dosyeləri tələb edilməmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçının təqdim etdiyi sübutlar (kredit müqavilələri, cavabdehin kreditlə bağlı müraciətləri, hesabdan çıxarış, maliyyə arayışları) iddia tələbinin əsaslı olduğuna dair nəticəyə gəlmək üçün mötəbər sübutlar olduğu halda, cavabdeh iddianın əsassız olduğuna və borcun tam ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Kredit müqaviləsi bağlanarkən tərtib edilmiş hansı sənədin mübahisənin həlli üçün əhəmiyyətli olduğu halda məhkəməyə təqdim edilmədiyi apellyasiya şikayətində qeyd edilməmişdir.

25. Tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0.1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Hazırda ödənişlər cavabdeh tərəfindən gecikdirildiyindən müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə cərimə hesablanması qanuni və əsaslıdır. 03 noyabr 2015-cı il tarixli müqavilə üzrə yaranmış 299,9 manat cərimə, 10 mart 2016-cı il tarixli müqavilə üzrə 299,9 manat cərimə borcu, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə 2.258 manat cərimə borcu ağlabatan və əsas borca mütənasib hesab edildiyindən cərimə ilə bağlı hissədə də qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən olunmur.

26. Apellyasiya şikayətində eyni zamanda məhkəmənin pandemiya (Covid-19 virusunun yayılması) ilə əlaqədar borcların ödənilməsində gecikmələrin olmasının məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etsə də, pandemiya dövrünün onun bank olmayan kredit təşkilatı kimi fəaliyyətinə və gəlirlərinə hansı qaydada təsir etdiyi əsaslandırmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə fors major öhdəliyin xitamı və ya icranın gecikdirilməsinə görə məsuliyyətin azaldılmasının əsası kimi nəzərdə tutulmamış, o cümlədən cavabdeh MM-nin 448.4-cü maddəsində nəzərdə tutulmuş qaydada kreditora fors major hala görə öhdəliyin icrasında gecikmələrə yol verəcəyi barədə bildiriş göndərməmişdir. Qeyd edilənlərə əsasən cavabdehin bu mülahizəsi də məhkəmə tərəfindən əsassız hesab edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Hazırkı halda mübahisə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar yarandığından iddiaçı tərəfindən çəkilmiş mediasiya və hüquqi yardıma görə xərcləri tam həcmdə cavabdehdən tutmaqla məhkəmə hər hansı pozuntuya yol verməmişdir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)- 607/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-607/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar