Məhkəmə qərarları › İş №2-2(103)-724/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-724/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-724/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X6 Cəmiyyətinin Cavabdeh Fərrux oğluna qarş iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, pretenziya tələbinə riayət edilməməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X3 və X2 ibarət tərkibdə xxxxnın Cavabdeh Fərrux oğluna qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 may 2025-ci il tarixli qərardadından Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

1. ASC "xxxx" Bank (iddiaçı) Cavabdeh Fərrux oğluna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 27 dekabr 2021-ci il tarixli DKM/001N17S00811021/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 4B nömrəli, 2 mərtəbəli, 226,5 m2 ümumi, 121,6 m2 yaşayış, 104,9 m2 köməkçi sahədən ibarət, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 27 dekabr 2021-ci il tarixli DKM/001N17S00811021 nömrəli kredit müqaviləsi üzrə cavabdehin onlar qarşısında 105 666,30 manat məbləğində əsas borc, 14 fevral 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 3518,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 14 fevral 2025-ci il tarixdən 16 may 2025-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1350,18 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 16 may 2025-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 31% dərəcəsi ilə hesablanmış 9887,44 manat məbləğində penya, cəmi 120 422,16 manat və 16 may 2025-cü il tarixindən əsas borcun tam şəkildə ödənildiyi tarixə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan əldən çıxmış fayda şəklində zərər və qətnamənin qəbuledildiyi tarixə qədər illik 31% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, həmçinin iddia ərizəsinin verilməsinə görə 410,42 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdeh onun xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən (“Roveks Konmark MMC, "xxxx" MMC,"xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 22 may 2025-ci il tarixli qərardadı ilə iddia ərizənin geri qaytarılması qərara alınmışdır.

3. Məhkəmə öz mövqeyini iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər həlli qaydasına (pretenziya) əməl etmədiyi, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə çatdırıldığına dair sənədin iddia ərizəsinə əlavə olunmadığı ilə əsaslandırmışdır.

4. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olan cavabdehin “Elektron məhkəmə” sistemində qeydiyyatının olub-olmamasını müəyyən etmək üçün alətlər mövcud deyil, sözügedən proqram təminatının funksionallığında qüsurlar var və qarşı tərəfin pretenziya alıb-almamasını müəyyən etmək mümkün olmur. Eyni zamanda, pretenziya məktubu Vergi Xidmətinin informasiya sistemi vasitəsilə cavabdehə çatdırılmışdır. Odur ki, sistemdəki texniki natamamlıqlar, çatışmazlıqlar şəxslərin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

6. Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

9. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir).

10. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı

11. Bənd 5.5. Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə: 5.5.2. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görsün.

Məhkəmə kollegiyasının mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə istinadla geri qaytarsa da, sözügedən prosessual hüquq normasının mənasına həddindən artıq formal yanaşmışdır.

14. Yuxarıda sadalanan prosessual hüquq normalarının MPM-də yer aldıqları fəslin tənzimlədiyi prosessual qaydalardan, habelə həmin normaların mənasından görünür ki, qanunvericinin kommersiya mübahisələri üzrə pretenziyanın qarşı tərəfə göndərilməsi tələbi, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsini təşviq etmək və məhkəmələrin lüzumsuz yerə yüklənməsinin qarşısını almaqdır - “Elektron məhkəmə” informasiya sistemi də bu prosesi sadələşdirmək və tərəflərin ədalət mühakiməsinə əlçatanlılığını artırmaq məqsədi ilə istifadə olunur.

15. Lakin bu özlüyündə tərəflərin, qanunvericinin ilkin məqsədini, yəni mübahisənin məhkəmədən kənar həll edilməsi üçün başqa vasitələrdən istifadəsinə məhdudiyyət qoymur və bunu istisna etmir. Odur ki, pretenziyanın “Elektron məhkəmə” informasiya sistemi ilə göndərilməməsi səbəbi ilə ərizənin geri qaytarılması həddindən artıq formal yanaşma olmaqla həmin məqsədə xidmət edən yanaşma sayıla bilməz.

16. MPM-ə müvafiq dəyişikliklərin məqsədi təhlil edilərkən nəzərə alınmalıdır ki, həmin dəyişikliklər şəxslərin konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Sözügedən dəyişikliklər son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatları kontekstində dəyərləndirilməli və nəzərə alınmalıdır ki, bu tədbirlərin məqsədi fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsini təşviq etməkdir. Bu isə həm Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad edilən Fərmanında, həmçinin MPM-ə sözügedən dəyişikliklər edilərkən Milli Məclisdə baş tutan müzakirələrdə də geniş şəkildə təsbit edilmişdir.1

17. Konstitusiya Məhkəməsinin Plenumu da hesab etmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.” (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarı).

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin.

1 Altıncı çağırış Azərbaycan Respublikasi Milli Məclisinin İclaslarının Protokolları və Stenoqramları, “Növbədənkənar altıncı və yeddinci sessiyalar”, 35-ci cild, 8 iyun – 3 avqust 2021-ci il (https://meclis.gov.az/documents/08.06.2021-03.08.2021.pdf ) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2025 saylı iş üzrə 22 may 2025-ci il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Elnur Həsənov

Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar