Məhkəmə qərarları › İş №2-2(103)-725/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-725/2021

01.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-725/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin hesaba qaytarılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-128/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə əsassız hesablanmış mübahisəli 531.998,58 manat borcun onun **********00020 nömrəli abonent kodundan silinməsi və 70.729,82 manat məbləğin onun **********00020 nömrəli abonent koduna artıq ödəmə kimi bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ona məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 10/76 ünvanda yerləşən 840.000 kv.m. istixana kompleksində kənd təsərrüfatı məhsullarının yetişdirilməsini həyata keçirir. Müəssisənin qazla təmin edilməsi cavabdeh tərəfindən müqavilə əsasında aparılır. İstixana komplekslərinin 698.000 kv.m. sahəsinin qaz təminatı əvvəllər 29.12.2019-cu il tarixədək “Buzovna” QPS üzərindən həyata keçirilmişdir. 2020-ci ilin yanvar ayının 17-də daha 142.000 kv.m. sahədə yeni istixananın tikintisi başa çatdırılıb, istifadəyə verildikdən sonra həmin QPS-də qazın həcmi yetərincə olmadığından əlavə qaz təminatı “Albalılıq” QPS üzərindən həyata keçirilmişdir. “Buzovna” QPS-də Elster G-1600 TRZ EK-220 tipli, “Albalılıq” QPS-də isə Rok-107 tipli sərf ölçən cihaz mövcuddur. Cavabdeh tərəfindən 2020-ci ilin yanvar, fevral və mart aylarında 840.000 kv.m. sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanmasına dair müəssisəyə elektron qaimə təqdim edilmişdir: Yanvar - 1.046.580,02 manat, fevral – 929.296,21 manat, mart - 832.129,62 manat. Qeyd edilməlidir ki, 2019-cu ilin noyabr və dekabr ayları üzrə 698.000 kv.m. sahədə qazdan istifadəyə görə müvafiq olaraq 561.209,21 manat və 548.485,21 manat hesablanmışdır. Göründüyü kimi, qaz istifadəsi 1 kv.m. sahə üçün ortalama 0,8 manat olmuşdur. Yeni tikilmiş 142.000 kv.m. sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarı məntiqlə 698.000 x 0,8 + 142.000 x 0,8 = 672.000 manat hesablanmalı olduğu halda, bu məbləğin xeyli artıq hesablanması cari ilin yanvar, fevral və mart ayları üzrə sayğac göstəricilərinin düzgün olmamasına əsas yaradır, nəticədə bu aylar üzrə hesablanmış - ümumilikdə 2.808.005,85 manat vəsait həqiqəti əks etdirmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracatı üzrə ölkənin qabaqcıl şirkətlərindən biri olan bu müəssisə tərəfindən əkilmiş məhsulların tələf olması riskinə görə, mübahisəli aylar üzrə əsassız hesablanmış qaz sərfiyyatına dair müəyyən edilmiş məbləğlər təqdim edilmiş elektron qaimələrə əsasən ödənilməkdədir. “Albalılıq” QPS-in göstəricilərinin düzgün olmaması səbəbindən mövcud vəziyyətin araşdırılması məqsədilə bir neçə dəfə Cavabdeh İB-yə müraciət edilmiş və ayrı-ayrı vaxtlarda (21.02.2020, 29.02.2020, 01.03.2020 və sair tarixlərdə) Rok-107 tipli sayğaca mütəxəssislərin iştirakı ilə texniki baxış keçirilmiş və hər baxışa dair tərtib edilmiş aktlardan da göründüyü kimi sayğacda nasazlığın olması göstərilmiş və sonda müəyyən günlərin qaz sərfiyyatına dair müəssisənin xeyrinə müəyyən cüzi düzəlişlər edilmişdir. Nəticədə, bu güzəştin məbləği yalnız sayğaca texniki baxış keçirilən gün nəzərə alınmaqla müəyyənləşdirilmişdır. Lakin digər günlərin (yəni sayğaca baxış keçirilməyən günlər) uyğunsuzluğu nəzərə alınmır. Halbuki, nəzərə alınsa idi, külli miqdarda pul vəsaitinin əsassız olaraq alınması faktı ortaya çıxardı. İstixanalarda quraşdırılmış qazanların, günlük metroloji göstəricilər nəzərə alınmaqla, texniki xarakteristikaları əsasında mütəxəssislər tərəfindən aparılmış ilkin araşdırmalar qaz sərfiyyatının cari ilin yanvar, fevral, mart ayları üçün toplam 531.020,2 manat artıq hesablandığını göstərir. Mövcud vəziyyətin belə davam etməsi müəssisəni ağır maliyyə vəziyyəti ilə üz-üzə qoymaqla, digər şəxslər qarşısındakı öhdəliklərinin yerinə yetirməsində ciddi problemlər yaratmış və şirkəti ziyanla işləməyə vadar etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının **********00020 abonent koduna hesablanmış 531.998,58 manat məbləğdə borc silinmiş və 70.729,82 manat məbləğdə artıq ödənilmiş pul vəsaitinin **********00020 abonent koduna bərpa edilməsi və məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi, təbii qazın dəyəri istehlakçının istismarında olan qaz sayğacının gəstəricilərinə əsasən müəyyən edilmişdir. Qətnamədə yalnız ekspert rəyinə əsaslanaraq iddia təmin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 olğu qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı öz tələbini qaz istifadəsinin 1 kv.m. sahə üçün ortalama 0,8 manat olması, yeni tikilmiş 142.000 kv.m. sahədə qazdan istifadəyə başladıqdan sonra ümumi qaz istifadəsinin miqdarının məntiqlə 698.000 x 0,8 + 142.000 x 0,8 = 672.000 manat hesablanmalı olması, lakin buna zidd olaraq, 2020-ci ilin yanvar, fevral və mart aylarında 840.000 kv.m. sahədə qazdan istifadəyə görə əvvəlki aylara nisbətən təqribən iki dəfəyə yaxın artıq məbləğin hesablanması, bu hesablamanın isə əsassız olması ilə əsaslandırmışdır. Tərəflərin nümayəndələrinin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlardan və abonentin saldosundan isə məlum olur ki, iddiaçının artıq hesablama apardığını irəli sürdüyü ROK-107 tip qaz sayğacı 2021-ci ilin aprel ayına qədər işlək vəziyyətdə olub, istehlak olunan qazın sərfiyyatını hesablamış, cavabdeh də həmin sayğacın göstəricilərinə əsasən iddiaçıya borc hesablamışdır. İzahatlardan həmçinin müəyyən olunur ki, iddiaçı konkret olaraq hazırda istifadə etdiyi ROK-107 tip qaz sayğacından deyil, ümumilikdə bu tip (ROK-107) sayğacların düzgün işləməməsindən narazılıq edir, cavabdeh isə respublikada yüksək təzyiqli müəssisələrdə yalnız bu tip sayğaclardan istifadə olunduğunu bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qаzdаn istifadə Qaydaları”nın: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır; 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.3. Qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin “Abşeron” MQKSnin əməkdaşları tərəfindən tərtib edilmiş “Sərf ölçən cihazın yoxlanılması akt”larına, elektron qaimələr, abonent saldoundakı qaz sərfiyyatlarının göstəricilərdə olan fərqlərinə və iddiaçının ərizəsində qeyd olunanlara görə, “Albalılıq” PS-də quraşdırılmış mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında sayğacın termosensorunda nasazlıqlar aşkar edilmiş və həmin nasazlıqların aradan qaldırılması üçün təmirlər aparılmışdır. Həmin nasazlıqlar qaz sayğcının qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur. Həmçinin ekspert rəyində qeyd olunduğu kimi mübahisəli dövr üzrə iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatını (2981748 m3) və işləmə rejimini nəzərə aldıqda, iddiaçı (ROK-107) abonentin saldosunda (abonent kodu **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan ******* m3 miqdarında (602728,4 manat dəyərində) qaz sərfiyyatı artıq hesablanmışdır.” Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni yalnız ekspert rəyi ilə əsaslandırmışdır. Sözügedən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli 10/3357 saylı rəyini nəzərdən keçirdikdə isə məlum olur ki, ekspert mübahisəli ROK-107 tipli ******* nömrəli qaz sayğacında (sayğacın termosensorda) aşkar edilmiş nasazlıqlar sayğacın qaz sərfiyyatının düzgün ölçülməsinə təsir göstərməklə, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola biləcəyi, qaz sayğacı orta təzyiqli qaz kəmərinin üzərində quraşdırlmalı olduğu halda, yüksək təzyiqli qaz kəmərinin üzərində quraşdırıldığı üçün ROK-107 qaz sayğacının qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə gətirə biləcəyi ehtimallarından hərəkət etmiş, iddiaçıya məxsus istixana kompleksində ROK tipli qaz sayğacından qazla təchiz edilmiş 20 ədəd “CRONE” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatının (2.981.748 kub.m) və işləmə rejimini nəzərə aldıqda, abonentin saldosunda (abonentin kodu: **********00020) 2020-ci ilin yanvar, fevral və mart aylar üçün göstərilmiş sərfiyyatlardan 3.013.642 kub.m. miqdarında (602.728,4 manat dəyərində) qaz sərfiyyatının artıq hesablandığı nəticəsinə gəlmişdir. Halbuki, MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Qаzdаn istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdeh iddiaçının mübahisə etdiyi qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesablamışdır, eyni sayğac hazırda da işlək vəziyyətdədir və 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə təqribən yarıbayarı az qaz istehlakı qeydə almışdır (4.377.764+3.930.955 kub.m-ə qarşılıq 2.274.620+2.151.581 kub.m). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh mübahisəli qaz istehlakı məbləğini sayğacın göstəricilərinə əsasən hesabladığından, onun hərəkətlərində qanunsuzluq aşkar edilmir və bu səbəbdən əsassız varlanma da mövcud deyil, cavabdehin iddiaçıya zərər vurması müəyyən edilimir və mübahisəli hallarda artıq hesablandığı güman olunan istehlak dəyərinin silinməsi barədə götürdüyü müqavilə öhdəliyi yoxdur. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir (MPM-in 385.1.4-cü maddəsi). Bu səbəbdən şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməli (MPM-in 384.0.2-ci maddəsi), iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-128/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı iddiaçının **********00020 abonent koduna hesablanmış 531.998,58 manat məbləğdə borcun silinməsi və 70.729,82 manat məbləğdə artıq ödənilmiş pul vəsaitinin **********00020 abonent koduna qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid edilsin. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar