Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-726/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə4 iştirakı ilə kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2012-ci il tarixli 01K/12 nömrəli Təminatsız kredit xətti müqaviləsinə görə, iddiaçı cavabdehə 428.150 manat məbləğdə 12 ay müddətə illik 12%-lə kredit xətti açmağı, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit xətti müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavə ilə eyni şərtlərlə 12 ay müddətə, xx.xx.2014-cü il tarixli 2 nömrəli əlavə ilə yenidən eyni şərtlərlə 12 ay müddətə uzadılmışdır.
3. İddiaçının xx.xx.2019-cu il tarixli **********164 nömrəli maliyyə arayışına əsasən, cavabdehin 01K/12 nömrəli kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2015) əsas borcu 242.530,68 manat, faiz borcu 37.096,57 manat, cərimə borcunun isə olmadığı, maliyyə arayışının tarixinə (xx.xx.2019) faiz borcu 75.658,02 manat, cərimə borcu 36.170,85 manat, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu (5%) 15.798,18 manat qeyd olunmuşdur.
4. xx.xx.2011-ci il tarixli 1-13916-3 nömrəli hesabdan çıxarışa görə cavabdehin qalıq borcu 2.667.090,99 manat, xx.xx.2012-ci il tarixli 1-13916-40 nömrəli hesabdan çıxarışa əsasən 53.416,88 manat, xx.xx.2015-ci il tarixli 1-13916-44 nömrəli hesabdan çıxarışa əsasən 36.170,85 manat, xx.xx.2015-ci il tarixli 1-13916-42 nömrəli hesabdan çıxarışa görə 75.658,02 manat qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 17941 nömrəli rəyində qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla, ümumilikdə 161.656,16 manat, xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin verilmə tarixinə) 5%-lə hesablanmaqla faiz borcu 9.292,30 manat, əsas borcunun isə olmadığı müəyyən edilir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 9/114 nömrəli rəyində göstərilmişdir ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixə əsas borc üzrə 158.910,68 manat, faiz borcu üzrə 2.745,48 manat olmaqla, ümumilikdə 161.656,16 manat, xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin verilmə tarixinə) 5%-lə hesablanmaqla faiz borcu 33.545,37 manat, əsas borcunun isə olmadığı müəyyən edilir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 9/2525 nömrəli rəyində qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45.977,24 manat olmaqla, ümumilikdə 288.507,92 manat, xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin verilmə tarixinə) 5%-lə hesablanmaqla faiz borcu 61.775,42 manat, əsas borcunun isə olmadığı müəyyən edilir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 9/7408 nömrəli rəyində qeyd olunmuşdur ki, cavabdehin iddiaçıya olan borcu: xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45.977,24 manat olmaqla, ümumilikdə 288.507,92 manat, xx.xx.2016-cı il tarixə əsas borc üzrə 242.530,68 manat, faiz borcu üzrə 45.977,24 manat, faiz borcu (illik 5%-lə) 15.090,80 manat olmaqla, 303.598,72 manat; xx.xx.2016-cı il tarixə əsas borc 0,00 manat, faiz borcu üzrə 45.977,24 manat, faiz borcu (illik 5%-lə) 15.090,80 manat olmaqla, 61.775,42 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır.
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 nömrəli iş üzrə dərhal icraya yönəldilən xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2012-ci il tarixli 01K/12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə faiz borcu 75.658,02 manat, cərimə borcu 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 15.798,18 manat, cəmi 127.627,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 01K/12 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətə 12%-lə 428.150 manat məbləğdə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədilə cavabdehə borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə xx.xx.2019-cu il tarixə cavabdehin iddiaçı qarşısında faiz borcu üzrə 75.658,02 manat, cərimə borcu üzrə 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 15.798,18 olmaqla, ümumilikdə 127.627,05 manat borcu yaranmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 11 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğdə pul vəsaitinin 110 manat məbləğdə hissəsinin cavabdehdən, 190 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, “İşin hallarından görünür ki, müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyi müqavilə müddəti bitənə qədər tam icra edilmişdir, iddiaçı tərəfindən müqavilə üzrə yalnız faiz borcunun ödənilməsi öhdəliyi icra edilməmişdir və həmin borc ekspert rəyinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində 45977,24 manat təşkil edir. Lakin iddiaçı tərəfindən mülki qanunvericilik normalarının tələblərinə zidd olaraq yalnız faiz borcunun mövcud olduğu təqdirdə həmin borca əsassız olaraq müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmununda faizdən faiz ödənilməsinin yolverilməz olması imperativ olaraq qeyd olunmuşdur. ... ... öhdəliyin icrasının təmin olunması barədə götürülən öhdəlik xüsusi növ öhdəlik olmaqla, əsas öhdəliyə münasibətdə əlavə xarakter daşıyır. Hazırkı iş üzrə yuxarıda göstərildiyi kimi əsas borc müqavilə müddəti dövründə tam olaraq ödənilsə də, əsas borc mövcud olmadığı halda iddiaçı tərəfindən cərimə hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanan faiz borcu və cərimənin ödənilməsi hissəsində təmin edilə bilməz.”
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 462.1, 466.1, 166.1-ci, 398.1-ci, 399.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarınınşərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-97/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 182/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - cərimə borcu və dəbbə pulu hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Ali Məhkəmənin qərarında göstərilmişdir: “45. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni kredit xətti müqaviləsinin xx.xx.2015-ci il tarixdə bitdiyi halda əsas borcun xx.xx.2016-cı ildə tam ödənilməsinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün olan cərimə və dəbbə borcu hissəsində düzgün olmayan nəticəyə gəlmişdir.
46. Belə ki, işin hallarından görünür ki, müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə əsas borc üzrə 288.507,92 manat, 45.977,24 manat isə faiz borcu vardır.
47. İş materiallarında olan 29 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən kredit üzrə son ödəniş tarixi xx.xx.2016-cı il tarixdə olmuşdur. ...
59. 06 yanvar 2012-ci il tarxlii müqavilənin 5.1-ci bəndindən görünür ki, borc alan üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsinə və ya müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir.
60. İş materiallarından görünür ki, borc alan üzərinə düşən öhdəlikləri müqavilə müddətində müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.”
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
20. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər.
a) İddiaçının apellyasiya şikayətinin dəlilləri
21. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi maliyyə arayışına uyğun olaraq müəyyən edilmiş, AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 5% borcu təmin edilməmişdir. Doğrudur, cavabdehin əsas borc məbləği Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixli qərarına əsasən silinmişdir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixdə bitmişdir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əsas borc məbləğindən faiz dərəcəsi 5% olmaqla borcun hesablanması tamamilə qanunauyğundur. Buna baxmayaraq, məhkəmə tərəfindən iddia tələbinin faiz dərəcəsi 5% ilə hesablanan hissəsi tamamilə rədd edilmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən iddia tələbinin cərimə borcu hissəsində rədd edilməsi qanunsuzdur. Belə ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin 5-ci maddəsində qeyd edilir: bu müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləndirilmiş müddətdə irca etməməsinə görə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Borc alan bu müqavilənin 3.5-ci bəndində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitmə tarixinə kimi kredit vəsaiti tam şəkildə bağlanmadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olunan illik faiz dərəcəsi iki dəfə artırılır. Göründüyü kimi, kredit müqaviləsi bağlandığı tarixdən əsas borc ödənilənədək cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Bu müddət ərzində haqlı olaraq cərimə borcu hesablanmışdır. Əsas borcun kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilmiş olması cərimə borcunun silinməli olması mənasını ifadə etmir. Uzun müddət ərzində cavabdeh tərəfindən ödəniş edilməməsi bankın marağına ciddi şəkildə ziyan vurmuşdur.
b) Cavabdehin apellyasiya şikayətinin dəlilləri
22. Ali Məhkəmənin iş üzrə xx.xx.2021-ci il tarixli qərarı qəbul edildikdən sonra, cavabdeh də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
23. Şikayəin dəlillərinə görə, işin materiallarına əlavə edilmiş və eləcə də ekspert rəyləri və məhkəmə qətnaməsi ilə təsdiqi tapan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, kredit müqaviləsinin dəyəri 428.150 manat təşkil etmişdir. Keçirilmiş bir necə məhkəmə mühasibatlıq ekspertizaları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə əsas borca görə 659.270 manat pul vəsaiti ödənilmişdir. Belə olan təqdirdə götürülmüş 428.150 manat kredit məbləğinə görə cavabdeh tərəfindən 659.270 manat pul vəsaiti yalnız əsas borca görə ödənilmişdir. Beləliklə borclu kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini tam olaraq, hətta artıqlaması ilə icra etmişdir. Məhkəmə qeyd edilən faktiki halları aydınlaşdırmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflərin vəkil və nümayəndələri öz apellyasiya şikayətini müdafiə edib, qarşı apellyasiya şikayətini qəbul etməyərək, hər biri öz şikayətlərinə uyğun izahat vermişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: “Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. ... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.”
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Apellyasiya şikayətləri ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi də həmin andan 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız dəbbə və cərimə məbləğlərinin tutulması hissəsi təşkil etməklə, məhkəmə aktı da eyni hissədə qismən yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
32. İlk olaraq, Ali Məhkəmənin iş üzrə xx.xx.2021-ci il tarixli qərarının “45. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni kredit xətti müqaviləsinin xx.xx.2015-ci il tarixdə bitdiyi halda əsas borcun xx.xx.2016-cı ildə tam ödənilməsinə əsaslanaraq müqavilə müddətinin bitdikdən sonrakı dövr üçün olan cərimə və dəbbə borcu hissəsində düzgün olmayan nəticəyə gəlmişdir.” məzmunda hüquqi mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və xx.xx.2021-ci il tarixli ekspert rəyi alınmışdır. Həmin rəylə müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2016-cı il tarixədək (son ödənişin tarixinə) faiz borcu (illik 5%-lə) 15.798,18 manat təşkil edir.
33. Həmin ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəyin mötəbər sayılmaması üçün hər hansı əsas iş üzrə müəyyən edilmir.
34. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, iddia Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə müvafiq qaydada həmin hissədə də təmin olunmalı idi. Çünki, cavabdehin pul məbləğinin ödənilməsi ilə bağlı müqavilə öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi iş materialları ilə təsdiqini tapır, iddiaçının digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsi isə sübut olunmur. Belə ki, iddiaçı 2016-cı ilin fevral ayından müflis elan edilib, barəsində iflas proseduruna başlandığından, onun tərəfindən yeni kreditlərin verilməsi məhdudlaşdırılmışdır. Bu baxımdan, iddiaçı yalnız iş üzrə kredit müqaviləsinin müddətinin son tarixi xx.xx.2015-ci il tarixi ilə müflis elan edildiyi xx.xx.2016cı il tarixədək yeni kredit müqavilələrinin bağlanması yönündən əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim edə bilərdi ki, belə sübutlar da təqdim olunmamış, AR Konstitusiya Məhkəməsi Plenumu isə xx.xx.2014-cü il tarixli Qərarında şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
35. İddiaçının apellyasiya şikayətinin cərimə borcu (dəbbə pulu) tələbinə dair dəlili isə əsassızdır. Belə ki, birincisi, iddiaçı apellyasiya şikayətində də bu dəlilini ümumi ifadələrlə qeyd etmiş, dəbbə pulunun hansı tarixdən nə vaxtadək neçə müddətə necə hesabladığı barədə açıqlama verməmişdir. İkincisi, işdə də bununla bağlı izahedici arayış yoxdur. Üçüncüsü, xx.xx.2021-ci il tarixli ekspert rəyində də bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatlarının təqdim edilmədiyi göstərilmişdir. Dördüncüsü, AR Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında aydın şərh etmişdir ki, kreditor kredit müqaviləsi bitəndən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə müqavilə ilə nəzərdə tutulan faiz və cərimələr hesablana bilməz, onlar yalnız zərər qaydasında tələb edilə bilər. Beşincisi, iddiaçı özü xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərmişdir ki, cavabdehin kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu olmamışdır, sonuncuya 36.170,85 manat məbləğdə cərimə borcunu isə kredit müqaviləsinin bitmə tarixi ilə maliyyə arayışının tarixi aralığına hesablamışdır.
36. Cavabdehin də apellyasiya şikayəti əsassızdır. Belə ki, məhkəmə kollegiyasının mötəbər qəbul etdiyi xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2016-cı il tarixə faiz borcu üzrə 45.977,24 manat, faiz borcu (illik 5%-lə) 15.090,80 manat təşkil edir. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, istifadə olunan kreditin məbləği 659.270 manat, cavabdehin xx.xx.2015-ci il tarixə əsas borcunun məbləği 242.530,68 manat olmuş, sonuncu məbləğ xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Başqa sözlə, xx.xx.2015-ci il tarixə cavabdehin iddiaçıya 242.530,68 manat məbləğdə ödənilməmiş əsas borcu qaldığı dövrdə onun iddiaçıya xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən 37.096,57 manat məbləğdə, xx.xx.2021-ci il tarixli ekspert rəyinə görə isə 45.977,24 manat məbləğdə ödənilməmiş qalan faiz borcu (12%) var idi. Əsas borc məbləğinin cəminin 659.270 manat olması, bu məbləğin hansı hissəsinin faiz borcuna və cərimə borcuna (dəbbə puluna) çıxılması sırf xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə kollegiyasının yekun qənaətinə görə, mübahisə ekspert rəyinin məlumatlarına istinadən həll edilməlidir.
52. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə iddia rədd olunan hissədə qanuni və əsaslı olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia müzakirə olunan qaydada qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri cavabehə aid edilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi iddia rədd olunan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr tarixli qərarına əsasən 5% ilə hesablanan 15.798,18 manat (on beş min yeddi yüz doxsan səkkiz manat on səkkiz qəpik) məbləğdə faiz borcu (zərər) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Elnur Həsənov