Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-726/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-203/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən birgə qaydada DC00395945-01 saylı kredit müqaviləsinə əsasən 160,521.26 (bir yüz altmış min beş yüz iyirmi bir manat iyirmi altı qəpik) manat əsas borc, 43,179.58 (qırx üç min bir yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat faiz borcu, 10,459.27 (on min dörd yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 214,160.11 (iki yüz on dörd min yüz altmış manat on bir qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 105 (bir yüz beş) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı ASC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X10” MMC və X5 birgə qaydada DC00241888R saylı maliyyələşdimə üçün ərizəyə əsasən 189143,50 manat əsas borc, 26023,13 manat cərimə borcu olmaqla, cəmi 215166,63 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 106 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, DC00395945-01 saylı kredit müqaviləsinə əsasən 160,521.26 manat əsas borc, 47,995.21 manat faiz borcu, 13,117.05 manat cərimə borcu olmaqla, cəmi 221,633.52 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 112 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-203/2024-015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, DC00395945-01 saylı kredit müqaviləsinə əsasən 160521.26 manat əsas borc, 47995.21 manat faiz borcu, 8000 manat cərimə, cəmi 216516,47 manat məbləğində borc, dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 195,38 manat məbləği cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada, qalan 4,62 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-203/2024 nömrəli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: xx.xx.2023-cü il tarixdə X1 getmişəm və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respunlikasına geri qayıtmışam. (Pasportumu qoşmada əlavə etmişəm) İddiçının tələbinə əsasən, məhkəmə tərəfindən araşdırılma aparılan zaman mən ölkədə olmamışam və iddiaçının iddia tələbindən, iddia ərizəsinin mahiyyətindən, məhkəmədə gedən proseslərdən və məhkəmə iclaslarından xəbərsiz olmuşam. xx.xx.2023-cü il tarixdə ölkəyə geri qayıtdıqdan sonra, BakıKommersiya Məhkəməsinin qətnaməsindən xəbərim olmuşdur. İddiaçının, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman elektron məhkəmə sisteminə əladə etdiyi sənədlərə baxış keçirərkən, xx.xx.2021-ci il tarixli, DG**********850 saylı zaminlik müqaviləsinin mövcudluğundan xəbərim olmuşdur. Həmin günə kimi zaminlik müqaviləsinin mövcudluğundan xəbərim olmayıb. İddiaçı ilə mənim aramda mövcud öhdəliyin icrasını təmin etmək üçün zaminlik müqaviləsi imzalanmamışdır. Zaminlik müqaviləsindəki imza və “Cavabdeh2” yazısı mənim tərəfimdən icra edilməmişdir. Müqavilədəki yazı və imza mənə aid deyil. İddiaçı ilə mənim aramda hər hansı bir kredit müqaviləsi üzrə öhdəliyin icra olunması üçün zaminlik müqaviləsi imzalanmamışdır. Zaminlik müqaviləsində ki, imza və “Cavabdeh2” yazısının mənimyerimə kimin tərəfindən icra edilməsindən məlumatsızam. Ölkədə olmamağım və məhkəmə proseslərindən xəbərsiz olmağım, məhkəmə araşdırmasında iştirakımımümkünsüz etmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsində zaminlik müqaviləsinə münasibətdə araşdırma aparılmasını və müvafiq xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatətlə çıxış edə bilməmişəm. əhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə bütün sübutları araşdırmalı, qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə X1 getmişəm və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respunlikasına geri qayıtmışam. Bu səbəbdən də, iddiaçının tələbindən, məhkəmə araşdırmasından, məhkəmə bildirişlərindən xəbərsiz olmuşam. Hesab edirəm ki, məhkəmə mülki işi hərtərəfli araşdırmalıdır. Məhkəmə məsələyə hüquqi qiymət verməklə qətnamə qəbul etməli və ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipini həyata keçirməsi üçün zaminlik müqaviləsindəki imza və yazının mənə aid olmaması həqiqiliyinin müəyyən olunmasına nail olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
9. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
10. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
11. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinin yalnız zaminlik müqaviləsinə dair hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsinin zaminlik müqaviləsinin qanuniliyi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, işin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh TRİLLİANT” MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05934LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X8 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00395945- 01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023- cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 180,000 (bir yüz səksən min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir.
18. Borcalan Cavabdeh1 MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında DC00395945-01 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********850 saylı zaminlik müqaviləsi bağlanmışdır.
19. Maliyyələşdirmə üçün ərizələr, zaminlik müqaviləsi və ödəniş planları tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
20. Məhkəmə kollegiyası etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. İşdən görünür ki, iddiaçı Cavabdeh1 MMC-yə kredit vermiş, kreditin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı kredit müqaviləsinə əsasən 160,521.26 manat əsas borc, 47,995.21 manat faiz borcu, 13,117.05 manat cərimə borcu olmaqla, cəmi 221,633.52 manat məbləğində borcun cavabdehlərdən tutulmasını xahiş etmiş, lakin Cavabdeh2 zaminlik müqaviləsini mübahisələndirərək, imzanın ona məxsus olmamasını iddia etmişdir. O, apellyasiya şikayətində imzanın məxsusluğu barədə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirmiş və apellyasiya icraatında buna dair vəsatət təqdim etmişdir.
22. Göründüyü kimi apellyasiya baxışının predmeti yalnız zaminlik müqaviləsinin qanuniliyi təşkil edir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator ilk məhkəmə iclasında iştirak etməmiş, lakin imzanın ona məxsus olmamasını iddia edərək, imza nümunələrini elektron kabinetə yerləşdirərək, məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmişdir. Bundan sonra verdiyi vəsatətin cavabdehin iştirakı ilə müzakirə edilməsi üçün məhkəmə iclası təxirə salınmış, Cavabdeh2 xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və imza nümunələrini şəxsən təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən imza nümunələri kserosurət olduğundan xətşünaslıq ekspertizasının təyin edilməsi mümkün olmadığından kollegiya tərəfindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
24. Zaminlik müqaviləsinin etibarlılığı və qanuniliyi barədə məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşmasını hüquqi şəxsin direktoru kimi cavabdeh olan Cavabdeh2 tərəfindən elektron qaydada imzalanmışdır. Kredit razılaşması ilə eyni gündə iddiaçı və Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminə göndərilmiş xəbərdarlıq məktubunun çatdırılması qəbzində onun imzası vardır. Qeyd edilənlər göstərir ki, apellyatorun zaminlik müqaviləsindən xəbəri olub və imza edib. Onun zaminlik müqaviləsindən xəbəri olmaması inandırıcı olmamaqla işin halları ilə təkzib edilir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır. Zaminlik müqaviləsi qanuni və etibarlıdır. Qeyd edilənlərə əsasən kredit borcunun cavabdehdən tutulması qanunidir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-203/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.