Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-73/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-225/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı ASC-nin Rabitə filialı arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 260 saylı Kredit müqaviləsinə əsasən 50.155 ABŞ dolları 63 sent əsas, 2842 ABŞ dolları 15 sent cərimə borcu və 30 dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin “Rabitə” filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi əsasında Cəmiyyətə 48 ay müddətinə illik 10 faiz olmaqla 6.496.491 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən cavabdeh hər ay müəyyən məbləğ ödəniş etməli olduğu halda, o bu öhdəliyi normal yerinə yetirmir. xx.xx.2018-ci il tarixə qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin banka 50.155 ABŞ dolları 63 sent əsas, 2842 ABŞ solları 15 sent cərimə borcu qalmışdır. Kredit müqaviləsinin şərtlərinə normal əməl edilməsi ilə bağlı cavabdehə bildiriş məktubu göndərilsə də, müqavilə üzrə öhdəliklər yerinə yetirilmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-225/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə yaranmış 50.155 ABŞ dolları 63 sent əsas borc, 200 ABŞ dolları cərimə borcu, cəmi 50.355 ABŞ dolları 63 sent məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə, ekspertiza xərcinin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normalarını sadalamaqla əsaslandırılmış və həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən yuxarı məbləğ qeyd etmiş yanlış ekspert rəyinə əsaslanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Teymur Aydınov şikayətə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinə münasibətdə təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətinin tələb hissəsində qətnamənin təmin edilmiş hissəsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarına olan : - İddiaçı ASC-nin “Rabitə” filialı və Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 6.496.491 (altı milyon dörd yüz doxsan altı min dörd yüz doxsan bir) ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. - Müqavilənin 1.2-ci maddəsinə əsasən, Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətə və qaydada Kreditora qaydatmağı öhdəsinə götürür. - Müqavilənin 1.3-cü maddəsinə əsasən, Kredit Borcalana fəaliyyətinin genişləndirilməsi məqsədilə verilir. - Müqavilənin 1.4-cü maddəsinə əsasən, kredit 48 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. - Müqavilənin 2.1-ci bəndinə əsasən, kreditdən istifadəyə görə Borcalan illik 10% ödəməyi öhdəsinə götürür. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. - xx xxxxx 2014-cü il 260 saylı kredit müqaviləsinə əlavədən görünür ki, xx xxxx 2014, xx xxxxxxx 2014, xx xxxxxx 2015, xx xxxxx 2015, xx xxxx 2015, xx xxxxxxx 2015, xx xxxxxx 2016, xx xxxxx 2016, xx xxxx 2016, xx xxxxxxx 2016, xx xxxxxx 2017, xx xxxxx 2017, xx xxxx 2017, xx xxxxxxx 2017, xx xxxxxx 2018 və xx xxxxx 2018-ci il tarixlərin hər birində 497.624,64 ABŞ dolları olmaqla, cəmi 7.961.994,24 ABŞ dolları Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə ödənilməli idi. - İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2014-cü il 260 saylı Kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə olan 50.155 (əlli min yüz əlli beş) ABŞ dolları 63 (altmış üç) sent əsas, 2486 (iki min dörd yüz səksən altı) ABŞ dolları 88 (səksən səkkiz) sent cərimə borcunun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı ASC-nin xx xxxxxxxx 2018-ci il tarixli 135000/7265 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2018-ci il tarixə Cavabdeh MMC-nin banka 50.155 ABŞ dolları 63 sent əsas, 2842 ABŞ dolları 15 sent cərimə borcu var. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli 7485 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx xxxxxxxx 2018-ci il tarixədək banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən, xx.xx.2018-ci il tarixə əsas borcu üzrə-66.536,94 ABŞ dolları, faiz borcu üzrə-2513,62 ABŞ dollarıdır. - 4991 nömrəli xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli 7485 nömrəli ekspert rəyində xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx xxxxxxxx 2018-ci il tarixədək banka 66.536,94 ABŞ dolları əsas, 2513,62 ABŞ dolları faiz borcu olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Rabitə” filialı və Cavabdeh MMC arasında xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalan 48 ay müddətinə illik 10 faiz ödənilməsi şərti ilə 6.496.491 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. Tərəflər arasında xx xxxxx 2014-cü il 260 saylı kredit müqaviləsinə əlavə imzalanmış, xx xxxx 2014, xx xxxxxxx 2014, xx xxxxxx 2015, xx xxxxx 2015, xx xxxx 2015, xx xxxxxxx 2015, xx xxxxxx 2016, xx xxxxx 2016, xx xxxx 2016, xx xxxxxxx 2016, xx xxxxxx 2017, xx xxxxx 2017, xx xxxx 2017, xx xxxxxxx 2017, xx xxxxxx 2018 və xx xxxxx 2018-ci il tarixlərin hər birində 497.624,64 ABŞ dolları olmaqla, cəmi 7.961.994,24 ABŞ dollarının Cavabdeh MMC tərəfindən “xxxx” ASC-yə ödənilməsi razılaşdırılmışdır. Lakin İddiaçı ASCnin xx xxxxxxxx 2018-ci il tarixli 135000/7265 nömrəli maliyyə arayışına əsasən, xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2018-ci il tarixə Cavabdeh MMC-nin banka 50.155 ABŞ dolları 63 sent əsas, 2842 ABŞ dolları 15 sent cərimə borcu olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə 6.496.491 ABŞ dolları məbləğində kredit verilməsi işin mübahisəsiz halıdır. Bu baxımdan sözügedən əqd üzrə qalıq kredit borcunun “Bank”a qaytarılması zəruridir. Çünki MM-in 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilmişdir ki, xx xxxxx 2014-cü il tarixli 260 saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam icra etməmiş və banka borcu qalmışdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi əsas borca münasibətdə düzgün olaraq iddianı təmin etmiş və əsas borc kimi 50.155 ABŞ dolları 63 sent məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçının xeyrinə ödəməsi qət etmişdir. Həmçinin iddianın cərimə borcuna münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhz göstərilən normaları nəzərə alaraq birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, cərimənin 200 ABŞ dolları həddinədək azaltmaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən yuxarı məbləğ qeyd etmiş yanlış ekspert rəyinə əsaslanmışdır” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsindən də göründüyü kimi ekspert rəyində iddia tələbindən artıq məbləğ qeyd edilsə də, məhkəmə tərəfindən iddia tələbində qeyd edilmiş məbləğdə qətnamə çıxarıldığından apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-225/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-73/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-73/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver