Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-730/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki adı "xxxx" ASC) qarşı dəymiş zərərin ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 08.04.2021- ci il tarixli e2-2(113)-195/2021 nömrəli qətnaməsindən hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus kənd təsərrüfatı texnikası olan “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli və “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynların təmirinə tərəflərindən çəkilən 31.860 manat xərci, çəltik yığımı ilə bağlı ziyana düşdükləri 120.000 manat pulu, ödəmədən azad olunmalı 44726 manat pulu (44726 manat pulu vaxtaşarı ödənişdən azad etmək də olar), cəmi 196586 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 30.08.2017-ci il tarixli,1131-1\17 nomrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 7100420M91, zavod nömrəsi 585010376, dövlət qeydiyyat nişan nömrəsi AZ 90 N 986 olan “LAVERDA LVM 310 MCS” markalı çəltik biçən kombayn və 17.09.2017-ci il tarixli, 1268 L-17 nömrəli müqaviləyə əsasən İtaliya istehsalı olan, 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618, zavod nömrəsi 03010461, dövlət qeydiyyat nişan nömrəsi AZ 90 E 117 olan “LAVERDA LUM 310 MCS” markalı çəltik biçən kombayn 17.09.2017ci il tarixdə cavabdeh tərəfindən onlara təhvil verilmişdir. Təhvil verilən kombaynlar istismara başladığı vaxtdan qüsurlu və istismara yararsız olduğu aşkara çıxmışdır. Belə ki, AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn istismara buraxıldığı ilk gündən bir neçə saat işlədikdən sonra kombaynın sepini və bartovoyları saxlayan yastıqların bütün boltları qırılmış, kombayn bir neçə hissəyə bölünərək kombaynın digər hissələrini də zədələmişdir. Türkiyə Respublikasının Karataş firmasından gələn mütəxəssis kombaynın sınmasının səbəbini bağlanmış boltların keyfiyyətsiz olması ilə izah etmişdir. Həmin mütəxəssis həmçinin bildirmişdir ki, kombayn İtaliya istehsalıdır, kombaynın üzərində aşkarlanmış sınmış boltlarının isə İtaliyada bağlanmış boltlar deyildir. Məlum olmuşdur ki, həmin kombaynlar nəhəng olduğundan onun Azərbaycana daşınması üçün çox böyük həcmli daşıyıcı maşınlar lazımdır ki, onların da daşıma xərci çox baha olduğundan kombaynı üç hissəyə bölərək adi daşıyıcı maşınlarda daşımışlar ki, xərci az olsun. Kombaynlar hissələrə ayrılaraq daşınıb Azərbaycana gətirildikdən sonra Respublikada yığılarkən İtaliyada bağlanmış boltlar əvəzinə keyfiyyətsiz və həmin kombaynlar üçün nəzərdə tutulmamış başqa boltlar bağlanmışdır ki, həmin boltlar da ağır olan kombaynın hissələrini birləşmiş halda saxlanmasına dözməyərək qırılmışlar. Nəticədə kombayn zəminin içində üç yerə bölünmüşdür. Baş vermiş qəzanın nəticəsində çəltik biçinin qaynar vaxtında həmin kombaynın işləməməsi ucbatından çəltik biçilmədən qaldığından xarab olmuş, məhsuldarlıq əldə etmək mümkün olmamışdır. Kombayn isə Türkiyə mütəxəssislərinin köməyi ilə tərəflərindən təmir edilmişdir. Həmçinin 25.08.2018-ci il tarixdə çəltik biçininə başlanılan zaman yuxarıda göstərilən kombayn işə başlamış və yığılmış çəltiyin 3-cü bunkerini boşaldanda şnekin reduktoru dayanmış, kombayn yığılmış çəltiyi boşalda bilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Kombaynların istismarı zamanı heç bir texniki qayda pozuntusuna yol verilməmişdir. Kombaynların təmirinə tərəflərindən çəkilən xərc cəmisi 31860 manat onlara ödənilməlidir. Kombaynların sınaraq belə vəziyyətə düşməsi ilə əlaqədar çəltik yığımı adi halda 20 gün müddətində yığılmalı olduğu halda 45 gün ərzində böyük itki ilə başa çatmış və məhsuldarlıq aşağı düşərək nəzərdə tutulduğundan 300 ton az yığılmışdır ki, bununla da müəssisələrinə dəymiş zərər 120.000 manat təşkil edir. Bununla əlaqədar müəssisələri ziyanla işlədiyindən kombaynların ödənişinin həyata keçirməsində çətinliklə qarşılaşmışdır. Müəssisələri AZ 90 986 dövlət nişan nömrəli kombayn üzrə 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 3-cü rübü üzrə və AZ 90 E 117 dövlət nömrə nişanlı kombayn üzrə isə 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 2-ci rübü üzrə (cəmisi 44726 manat) ödənişlərdən azad olmalıdır. Aralarında bağlanmış müqavilələrin 2.1.1-ci bəndində göstərilir ki, lizinq verən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Müqaviləyə əsasən isə lizinq verən texnikaya texniki xidmətlərin göstərilməsinə, qorunub saxlanmasına nəzarət etməlidir. Verilmiş kombaynların qüsurlu olması faktı cavabdeh tərəfindən "xxxx" LP şirkətinə ünvanlanmış 17.09.2018-ci il tarixli, ASC\2- 4230 saylı və “Astara Çay” MMC-yə ünvcanmış 17.09.2018-ci il tarixli, ASC/2- 4229 saylı məktublarla öz təsdiqini tapmışdır. Dəymiş zərərin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə 07.08.2020-ci il tarixli AÇB\20-64 saylı pretenziya məktubu göndərilmişdir. Lakin hazırki vaxta kimi onlara cavab verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021- ci il tarixli e2-2(113)-195/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli və “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynların təmirinə çəkilmiş xərc kimi 31860 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən iddianın təmin olunmayan hissələrində ləğv edilərək həmin hissələrdə tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə özünün gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kombaynların sıradan çıxması nəticəsində 120.000 manat məbləğində zərər dəyməsini qeyd etməklə həmin vəsaiti tələb etsə də, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda kombaynların sıradan çıxması nəticəsində yetişdirilmiş məhsulun yığımının mumkünsüzlüyü barədə məhkəmə qeyd edir ki, iddiaçı çəltikyığan kombaynların təmiri zamanı əvvəlki illərdə çəltiyin yığılması üçün istifadə etdiyi digər texnikanın köməyindən istifadə edə bilərdi. Buna görə də iddiaçı kombaynların sıradan çıxması nəticəsində 120 000 manat məbləğində dəymiş ziyan tələb edə bilməz. Həmçinin iddiaçı 44 726 manat məbləğində lizing ödənişindən azad olunmasının tələb etsə də, məhkəmə hesab edir ki, sözügedən texnikalar güzəştli şərtlərlə verildiyinə görə həmin tələb əsassız olduğundan rədd olunmalıdır. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, çəltiyin yığılması zamanı digər texnikalardan istifadəsi böyük itkiyə səbəb olmuşdur. İddiaçı həmin kombaynları lizingə götürmüşdür ki, yığımda itkiyə yol verməsin. “LAVERDA” markalı kombaynlar isə sırf çəltik biçimi üçündür və yığım zamanı itki baş vermir. Kombaynların sınması nəticəsində isə məcburən başqa texnikadan istifadə məcburiyyətində qalınmış və nəticədə yığım böyük itki ilə başa çatmışdır. X4 İnkişaf Mərkəzinin verdiyi arayışdan da görünür ki, 2017-ci ildə iddiaçının çəltik əkini sahələrinə aqrotexniki qulluğun nəticəsi olaraq hər hektardan 6-7 ton çəltik məhsulunun yığımı proqnozlaşdırılmışdır. Texnikanın çatışmamazlığı üzündən çəltik yığımı noyabr ayına kimi uzanaraq yağışlara düşmüş və böyük itkiyə səbəb olmuşdur. Məhkəmə isə bu hala diqqət yetirməmişdir. İddianın lizing ödənişindən azadolma ilə bağlı məhkəmənin gəldiyi nəticə də düzgün deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 677.1.1-ci maddəsində “güzəştli şərtlərin” olmasından danışılmır. Məlumat üçün bildiririk ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə elektron qaydada 17.04.2021-ci il tarixdə imzalanmışdır. Beləliklə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamə qismən- 120.000 manat dəymiş ziyan və 44 726 manat vaxtaşırı ödənişdən azad olunma hissələrində ləğv edilməli və iddia ərizəsində göstərilən tələb tam təmin edilməlidir. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi-prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi, işin faktiki halları aydınlaşdırılmadığı, iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyi və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyi üçün Mülki-Prosessual Məcəlləsinin 385.1.1-385.1.4-cü maddələrinə əsasən aşağıdakı əsaslarla apelyasiya qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh ASC "xxxx" MMC-yə qarşı borc öhdəliklərinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Həmin iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə tələb olunan pul məbləği hazırki mübahisə predmetində də əks olunması barədə məhkəmə prosesində diqqətə çatdırılmasına baxmayaraq məhkəmə əhəmiyyət verməmişdir. Mübahisə predmeti olan texnikalar 2017-ci il 31 avqust tarixli 668 nömrəli və 2017-ci il 18 sentyabr tarixli aktlarla tam, komplektləşdirilmiş və saz vəziyyətdə "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci bəndinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmçinin bildiririk ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən lizinq alan "xxxx" MMC “Texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir”, və 2.2.5-ci bəndinə əsasən “texnikaya texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir”. Müqavilə şərtlərinə əsasən texnikaların idarə edilməsi müvafiq ixtisasa malik mexanizatora həvalə edilməmişdir. Belə ki, tam, komlektləşdirilmiş və saz vəziyyətdə "xxxx" MMC-yə təhvil verilmiş texnikalar lizinq verənin icazəsi alınmamış və müvafiq ixtisasa malik mexanizatora həvalə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən “Lizinq verənin icazəsi əsasında müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlamaqla texnikanın idarə olunmasını ona həvalə edir” Halbuki müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlanması barədə Cəmiyyətdə heç bir müraciət və məlumat olmamışdır. Bundan başqa iddia tələbində istinad olunan 30.08.2017-ci il tarixli 1131-L/17 nömrəli və 17.09.2017-ci il tarixli 1268-L/17 nömrəli müqavilələrin artıq qüvvədən düşməsi və xitam verilməsi barədə əmrlərin müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən əhəmiyyət verilməmiş və bu barədə qətnamədə münasibət bildirilməmişdir. 31.08.2017-ci il tarixli 668 nömrəli və 18.09.2017-ci il tarixli aktlarla tam, komlektləşdirilmiş və saz vəziyyətdə "xxxx" MMC-yə təhvil verilmiş texnikaların bir il sonra 2018-ci il avqust ayında sahədə “çəltik biçini zamanı” sıradan çıxmasına əsaslı şübhələr yaratması və bu barədə qarşı tərəfə verilmiş sualların cavabsız qalmasına məhkəmə əhəmiyyət verməmiş və maddi-prosessual pozuntuya yol vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Lənkəran X5 Mərkəzinin 2021-ci il 14 yanvar tarixli 1-4/1-01 nömrəli arayışından da görünür ki, "xxxx" MMC-nin çəltik sahələrinə 2017-ci ilin avqust ayı ərzində baxış keçirilərək hər ha 6-7 ton bioloji məhsuldarlıq müəyyən edilməsi proqnozlaşdırılmışdır. Buradan da bir daha görünür ki, sözügedən kombaynların sıradan çıxması zamanı (2018ci il avqust ayı) çəltik biçini mövsümü olmamış, digər taxıl məhsullarının biçini məqsədilə sahəyə çıxarılması əsasını yaratmışdır. Arayışda da göstərildiyi kimi çəltik biçini mövsümünün oktyabr-noyabr ayları göstərilməsi və avqust ayında çəltik biçən kombaynın hansı məqsədlə sahəyə çıxarılması barədə suallar məhkəmədə cavabsız qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza rəyində sıradan çıxmış texnikanın təmiri “əsaslı təmir hesab edilə bilər” hissəsinə əsaslanılsa da ekspertin gəldiyi nəticənin imperativ formada olmadığı və “edilə bilər” imkanının ehtimalını göstərmişdir. Digər tərəfdən məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə (lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır) əsaslansa da tərəflər arasında bağlanmış müqavilələrdə təmirlə bağlı ayrıca qayda nəzərdə tutulmasına əhəmiyyət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.3-cü bəndinə qeyd olunur ki, lizinq alan, “texnikaya texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir”. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddia ərizəsində göstərilən tələblərə dair iddiaçı hər hansı tutarlı sübut və sənəd təqdim etməmişdir. Beləliklə hesab edirik ki, irəli sürülən iddia tələbinin istər həcm istərsə də mahiyyət etibarilə tamamilə əsassızdır. Yuxarıda şərh olunan məsələlərin aydınlaşan mənzərəsindən göründüyü kimi iddiaçı öz iddiasında və irəli sürdüyü tələblərdə qətiyyən haqlı və əsaslı deyildir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021- ci il tarixli e-2-2(113)-195/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynın təmirinə çəkilmiş xərc kimi 14904 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 30.08.2017-ci il tarixli, 1131-L/17 nömrəli və 17.09.2017-ci il tarixli, 1268-L/17 nömrəli müqavilələr əsasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə hər biri 570000 manat dəyərində Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi 710842OM91 olan və Laverda LVM 310 MCS markalı, mühərrik nömrəsi D58618 olan çəltikyığan kombaynlar verilmişdir. Müqavilələrin 2.1.1-ci bəndinə əsasən lizinq verən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Müqavilələrin 2.1.3-cü bəndinə əsasən isə lizinq verən texnikaya texniki xidmətlərin göstərilməsinə, qorunub saxlanmasına nəzarət etməlidir. İddiaçı iddia edir ki, kombaynlar istismara başladığı vaxtdan qüsurlu və istismara yararsız olduğu üçün əsaslı təmir olunmuş, təmirə 31860 manat xərc çəkilmişdir. İddiaçı tərəfindən elektron sistemə yüklənmiş sənədlərdən görünür ki, iddiaçı 30.08.2018-ci il tarixdə LVM 310 MCS markalı 2 ədəd kombaynda istismara buraxılan ilk gündən texniki qüsurlar aşkar edilmiş və iddiaçının hesabına Türkiyənin Karataş firmasının əməkdaşları tərəfindən aradan qaldırılmışdır. Bir ədəd kombaynda boşaldıcı reduktor sıradan çıxmış və tam dəyişdirilməsinə ehtiyac vardır. Respublikada texnikanın təmiri və ehtiyat hissələrinin dəyişdirilməsi üçün heç bir servis xidməti yoxdur. Texnika lizinq verənin nəzarətində olduğundan çəltik kombaynına texniki baxış keçirilməsi və tələb olunan ehtiyat hissələrinin təmin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin iddiaçının müraciətinə 17.09.2018-ci il tarixli cavab məktubunda 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618Z03010461 olan çəltik yığan kombayna 11.08.2018-ci il tarixdə baxış keçirildiyi və yaranmış nasazlığın qısa müddətdə aradan qaldırılması barədə “Pfaro Azure” LP şirkətinə məlumat verildiyi qeyd edilmişdir. "xxxx" ASC-nin “Pfaro Azure” LP şirkətinin səlahiyyətli nümayəndəsi E.Hacıyevə ünvanlanmış 17.09.2018-ci il tarixli məktubunda 2017-ci il buraxılışlı, mühərrik nömrəsi 058618Z03010461 olan çəltik yığan kombaynın texniki təminat müddətində müəyyən hissələrinin yararsız hala düşdüyü qeyd edilərək aralarında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq nasazlıqların qısa müddətdə aradan qaldırılması xahiş olunmuşdur. Laverda LVM 310 MCS markalı, 90-b-117 dövlət nömrə nişanlı çəltikyığan kombayndakı qüsurlarla bağlı 11.09.2018-ci il tarixdə tərtib edilmiş, iddiaçının əməkdaşları ilə yanaşı "xxxx" ASC-nin Cəlilabad RN-nin direktor əvəzi T.Nəsirov tərəfindən təsdiq edilmiş aktdan görünür ki, texniki baxış keçirdilən zaman aşağıda sadalanan qüsurlar müəyyən edilmişdir:
1. Dən boşaldıcı şnekin reduktorunun sıradan çıxılıb;
2. Döymə barabanın 2 ədəd lezyasının sıradan çıxılıb;
3. Barabanın qayışı 2115 mm qırılıb-dəyişilib;
4. Difer saxlayan dəmir yastıqların sınıb-dəyişdilib;
5. Çəltik qəbuledici zəncirinin planklarının dəyişilməli;
6. Xeder şnekinin barmaqları (6 ədəd) sınıb-yenisi ilə əvəz olunub;
7. Kombaynın qabaq sol aparıcı zəncirin yönəldicisinin stupitsasının dağıdılıbyenisi ilə əvəz olunub;
8. Xederin bıçaq başlığı sınıb. LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynla çəltikbiçən kombayndakı qüsurlarla bağlı 25.09.2017-ci il tarixdə tərtib edilmiş akt yalnız iddiaçının öz işçiləri tərəfindən təsdiq edilmişdir. Aktda qeyd edilmişdir ki, 90-N-986 dövlət nömrə nişanlı kombayn da bir müddət işlədikdən sonra hissələrə bölündüyü üçün kombaynın istismarını dayandırılmışdır. Kombayn gələcəkdə təmir məqsədilə ilə sahədən çıxarılıb MMC-nin ərazisinə aparılmışdır. Kombaynlarda yaranmış qüsurlarla bağlı məhkəməyə 14 sentyabr və 25 sentyabr 2018-ci il tarixdə iddiaçının öz əməkdaşları tərəfindən tərtib edilmiş qüsur aktları təqdim edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçıya lizinqə verilmiş kombaynlarda qüsur və icra aktına əsasən dəyişdirilməli olan hissələrin əsaslı təmir hesab edilməsinin mümkün olub-olmaması, kombaynların təmiri üçün çəkiləcək xərcin nə qədər təşkil etdiyinin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, 01 fevral 2021-ci il tarixli, 9/5351 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, 14.09.2018-ci il tarixli və 25.09.2018-ci il tarixli qüsur və icra aktlarında, həmçinin 11.09.2018-ci il tarixli qüsur aktında qeyd olunanlar nəzərə alındıqda Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin Kollegiyasının “23 ’’sentyabr 2014-cü il di Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ına görə AZ 90 N-986 dövlət nömrə nişanlı kombaynın stupitsanın 2 ədəd poduşkasının, bortovoyun 2 ədəd flyanesinin, tırtıl bölməsindən 2 ədəd detalın, dən boşaldan şnekin reduktorunun, həmçinin 2 ədəd dəmir yastıq və 2 ədəd stupitsanın sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi, həmçinin Laverda markalı çəltik biçən AZ 90 E 117 dövlət qeydiyyat nişan nömrəli kombaynının dən boşaldıcı şnekin reduktorunun, döymə barabanın 2 ədəd lezvasının, barabanın 2115 mm qayışının, difer saxlayan dəmir yastıqların, çəltik qəbuledici zəncirinin planklarının, xeder şnekinin 6 ədəd barmaqlarının, qabaq sol aparıcı zəncirin yönəldicisinin stupitsasının və xederin bıçaq başlığının sınması, qırılması və sıradan çıxması nəticəsində yenisi ilə əvəz edilməsi sözügedən kombaynların əsaslı təmiri hesab edilə bilər. Həmçinin ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən təqdim edilmiş 25.09.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Laverda LVM 310 MCS” markalı, AZ 90-N-986 dövlət qeydiyyat nişanlı çəltik biçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14904 manat, 2017-ci il buraxılışlı “Laverda LUM 310 MCS” markalı, AZ 90-E-117 dövlət qeydiyyat nişanlı çəltik biçən kombaynın təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17000 manat müəyyən edilir. Kombaynların əsaslı təmirinə çəkilmiş xərcin lizinq verəndən tutulması barədə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.7-ci maddəsi təşkil edir. Həmin normaya əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları mötəbər və əsaslı şübhədən kənar sübutlarla təsdiq edilməlidir. İddiaçı tərəfindən məhkəməyə lizinqə verilmiş LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynda əsaslı təmiri zəruri edən qüsurların yarandığına dair akt yalnız iddiaçının öz əməkdaşları tərəfindən təsdiq edildiyindən və iddiaçının cavabdehə ünvanladığı 30.08.018-ci il tarixli məktubunda yalnız 90-b-117 dövlət nömrə nişanlı kombayndakı nasazlığın aradan qaldırılması xahiş olunduğundan məhkəmə kollegiyası hesab edir ki, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynda olan qüsurlar və təmirinə 14904 manat məbləğində xərc çəkilməsi hissəsində iddia sübut olunmadığından həmin hissədə qətnamə ləğv edilməli və iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Qalan hissədə iddianın əsaslı olduğu işdəki sübutlarla təsdiq edildiyindən həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Laverda LVM 310 MCS markalı, 90-b-117 dövlət nömrə nişanlı çəltikyığan kombaynda qüsurların mövcudluğu 11.09.2018-ci il tarixdə tərtib edilmiş və cavabdehin öz əməkdaşı tərəfindən təsdiq edilmiş aktla, cavabdehin iddiaçıya ünvanlanmış 17.09.2018-ci il tarixli məktubu ilə təsdiq edilmiş, 01 fevral 2021-ci il tarixli, 9/5351 nömrəli məhkəmə ekspertizasının rəyində həmin qüsurların aradan qaldırılmasının əsaslı təmir hesab edilə biləcəyi, aktda qeyd edilmiş qüsurların aradan qaldırılması üçün təxminən 17000 manat vəsait tələb olunduğu qeyd edilmişdir. Cavabdehin apelyasiya şikayətinin bir dəlili kombaynların komlektləşdirilmiş və saz vəziyyətdə "xxxx" MMC-yə təhvil verildiyi, texnikaların lizinq verənin icazəsi alınmaqla müvafiq ixtisasa malik mexanizatora həvalə edilməli olduğudur. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-cü bəndinə istiand edərək qeyd edir ki, lizinq verənin icazəsi əsasında müvafiq sürücülük vəsiqəsi olan mexanizatorla müqavilə bağlamaqla texnikanın idarə olunması ona həvalə edilməli idi. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində istinad etdiyi bu dəlillə bağlı, yəni lizinqə verilmiş kombaynın müvafiq sürücülük vəsiqəsi olmayan mexanizator tərəfindən idarə olunduğu və qüsurların məhz texnikanın düzgün idarə edilməməsi nəticəsində yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, o cümlədən iddiaçının müraciətinə 17.09.2018-ci il tarixli cavab məktubunda bu hala istinad etmədiyindən məhkəmə iddiaya etirazın və apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın MPM-nin 259.0.4-cü maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanılması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. İşə apelyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21.04.2021-ci il tarixli 2-2(106)- 19/2021 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə baxılmış və hüquqi qiymət verilmiş iddia tələbi "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı lizinq müqavilələri üzrə borcun və cərimənin tutulması barədə tələb olmuşdur. Qeyd edilən iş üzrə İddiaçı MMC tərəfindən qarşılıqlı iddia irəli sürməmişdir. İddiaçının birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş iddia tələbləri ilə bağlı hissədə məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin tələblərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. İddiaçı iddia edir ki, 20 gün ərzində 300 ton məhsul yığılmalı olduğu halda kombaynların sıradan çıxması nəticəsində məhsul yığımını 45 günə böyük itki ilə başa çatdırmış və nəticədə 120.000 manat məbləğində əldən çıxmış fayda qismində ona zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mülki Məcəllənin 749.1-ci maddəsinə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2016 və 2017-ci illərdə yığdığı məhsulun həcmi barədə iş materiallarına əlavə edilmiş arayışlar əldən çıxmış fayda tələbi ilə bağlı hissədə iddianın təmin edilməsi üçün kifayət deyil. İddiaçı tərəfindən məhkəməyə çəltik yığımına ilin hansı ayından başlandığı, 2018-ci ildə yığılmış çəltiyin həcmi və əvvəlki illərdə çəltik yığımından əldə etdiyi gəlirlərlə bağlı sübutlar təqdim edilmədiyindən əldən çıxmış fayda hissəsində iddia düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir. İddiaçının 44726 manat məbləğində lizing ödənişlərindən azad olunması ilə bağlı tələbinin qanuni əsası olmadığından məhkəmə hesab edir ki, həmin tələbin rədd edilməsinə dair hissədə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Qanunda və ya tərəflər arasında bağlanmış müqavilədə lizinq obyektində yaranmış qüsurlarla bağlı lizinq alanın lizinq ödənişlərindən azad olunduğuna dair müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021- ci il tarixli e-2-2(113)-195/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynın təmirinə çəkilmiş xərc kimi 14904 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021- ci il tarixli e-2-2(113)-195/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia “LAVERDA LVM 310 MCS” markalı, AZ 90 N 986 dövlət qeydiyyat nişan nömrəli kombaynın təmirinə çəkilmiş xərc kimi 14904 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.