Məhkəmə qərarları › İş №2-2(103)-731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-731/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-731/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sağlamlıq mərkəzinə) vurulmuş maddi zərərin əvəzi olaraq 56.238 (əlli altı min iki yüz otuz səkkiz) manat məbləğinin, işçilərə ödənilmiş əmək haqqı məbləğinin əvəzinin, mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manatın, həmçinin mediasiya rüsumunun əvəzi olaraq 400 (dörd yüz) manatın cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, cavabdehin öz vəzifə borcunu layiqincə yerinə yetirməməsi, balansında və istismarında olan yeraltı su boru kəmərinə vaxtı-vaxtında keyfiyyətli xidmət göstərməməsi nəticəsində sahibkarlıq fəaliyəti dayanmış və ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, ona məxsus sağlamlıq mərkəzində yerləşən 39 avadanlıq, ləvazimatlar və quraşdırılmış elektron cihazlar suyun altında qalmaqla yararsız hala düşmüşdür və bununla da ona 56.238 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, ona məxsus elektron avadanlıqların sıradan çıxması ilə yanaşı, obyektə suyun dolması sahibkarlıq fəaliyyətinin ondan asılı olmayan səbəblərdən dayanmasına, sağlamlıq mərkəzinə cəlb etdiyi müştərilərin itirilməsinə, fəaliyyət göstərmədiyi müddət ərzində maddi gəlirdən məhrum olmağına və işçilərə əmək haqqı ödənilməsinin mümkünsüz hala gəlməsinə səbəb olmuşdur və eyni zamanda işgüzar nüfuzunun zədələnməsinə gətirib çıxarmışdır.

3. Cavabdeh iddianı qismən – 22.553 manat hissəsində etiraf edir, qalan hissədə isə iddiaya etiraz edir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-67/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş ziyanın əvəzi olaraq 49.320 (qırx doqquz min üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilməsi, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilməsi, ekspetiza xərcinin əvəzi olaraq 150 (bir yüz əlli) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin ədalətli və obyektiv araşdırılmasını həyata keçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 9/3905 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/8805 nömrəli ekspert rəylərində yalnız avadanlıqlara dəyən ziyanın bazar qiyməti müəyyənləşdirilmişdir. Bununla belə, həmin ekspert rəylərində ziyan dəymiş avadanlıqların təmir olunması və təmir olunacağı təqdirdə nə qədər vəsaitin tələb olunacağı barədə sualların cavablandırılmasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmeti olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin ziyan dəymiş avadanlıqların tibbi-kosmetoloji avadanlıqlar olmaqla onların istifadəyə yararsız olduğu halda təmir edilməsinin insanların həyat və sağlamlıqları üçün mənfi nəticələrə gətirib çıxara biləcəyini barədə dəlili də əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi hər hansı ekspert və ya mütəxəssis rəyi almadan bu nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 15.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərinə görə su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır.

17. Həmin Qaydaların 1.2.8-ci bəndinə görə balans mənsubiyyəti sərhədi – STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 istifadəsindədir. xx.xx.2022-ci il tarixdə “Bakı Sukanal” İdarəsinin istismar etdiyi 1400 mm-lik magistral su boru kəmərində baş vermiş qəza nəticəsində iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə su dolmuş və nəticədə İddiaçı2 məxsus sağlamlıq mərkəzində yerləşən avadanlıq və əşyalara zərər dəymişdir.

21. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

22. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin madənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir.

23. Beləliklə, hazırki iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, hadisə cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

24. Hazırkı mübahisədə hüquqa zidd əməl nəticəsində iddiaçıya zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Bakı Sukanal” İdarəsinin istismar etdiyi 1400 mm-lik magistral su boru kəmərində baş vermiş qəza nəticəsində iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə su dolmuş, bununla da ona məxsus sağlamlıq mərkəzində yerləşən avadanlıq, eləcə də əşyalara zərər dəyməsi işin mübahisəsiz halıdır və cavabdeh bu faktı mübahisələndirmir.

25. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, baş vermiş subasma hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıyır.

26. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci bəndlərində müəyyən edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək vəzifəsini daşıyır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə gurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Açiq Səhmdar Cəmiyyətinin balansına verilmişdir.

28. Göründüyü kimi magistral su boru kəməri cavabdehin balansındadır. Belə olan halda isə, o həmin boru kəmərinin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə məsuliyyət daşıyır. Cavabdeh bu faktı da mübahisələndirmir.

29. Bu baxımdan, kollegiya hesab edir ki, baş vermiş subasma hadisəsinə görə cavabdeh obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına əsasən həmin hadisə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin cavabdehdən tələb etməkdə haqlıdır.

30. Bununla belə, tərəflər dəymiş zərərin məbləği ilə bağlı razılaşmadıqlarına görə və cavabdehin apellyasiya şikayətinin dəlilləri məhz həmin məbləğin müəyyən edilməsində birinci instansiya məhkəməsinin əsaslandırılmasına yönəldiyinə görə məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakıları qeyd edilməsinin zəruri hesab edir.

31. İddiaçı tərəfindən təqdim olunmuş “X1” MMC-nin 23 noyabr 2022-ci il tarixli MQM 23-xx-xx/2022 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyinə əsasən əmlakın mövcud vəziyyəti, xərcləri, analoq əmlakla müqayisəli satışı, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsində yerləşmiş daşınar əmlakın (ümumilikdə 42 ədəd) ədalətli dəyəri 23 noyabr 2022-ci il tarixinə 56.238 (əllialtı min iki yüz otuz səkkiz) manat təşkil edir.

32. Cavabdeh tərəfindən təqdim olunmuş “Uniprice Consulting”in ("xxxx" MMC -nin) qeyri-yaşayış sahəsinə dəymiş ziyanın müəyyən edilməsi barədə 2022-ci il tarixli hesabatında ümumilikdə 11 avadanlıqdan yalnız 2 ədədinin yararsız olduğu müəyyən edildiyi, avadanlıqların bərpa dəyəri və yararsız hala düşən digər 2 ədəd əmlakın real bazar dəyərinin 22.553 manat təşkil etdiyi qeyd olunmuşdur.

33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1741/2023 saylı qərardadı ilə ünvan 3 ünvanında su boru kəmərində baş vermiş qəza nəticəsində İddiaçı2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan əşyalara dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin, eyni zamanda cavabdehin vəsatəti üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-1741/2023 saylı qərardadı əsasında ekspert qarşısında əlavə suallar qoyularaq iddiaçının istifadəsində olan subasma nəticəsində ziyan dəymiş avadanlıqların təmirinin mümkün olub-olmamasının, mümkün olduğu təqdirdə həmin avadanlıqların təmiri üçün nə qədər vəsait tələb olunduğunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 9/3905 saylı rəyinə əsasən ekspert baxışına təqdim edilən və edilməyən istifadədə olmuş əşyaların istifadəyə yararlı vəziyyətdə olmağını nəzərə almaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56.238 manat müəyyən edilmişdir.

35. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1741/2023 saylı qərardadı ilə ünvan 3 ünvanında su boru kəmərində baş vermiş qəza nəticəsində İddiaçı2 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan subasma nəticəsində ziyan dəymiş avadanlıqların təmirinin mümkün olubolmamasının, mümkün olduğu təqdirdə həmin avadanlıqların təmiri üçün nə qədər vəsaitin tələb olunduğunun və mümkün olmadığı təqdirdə əşyalara dəymiş ziyanın məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

36. Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli məktubuna əsasən məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilmiş, 04 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert baxışına təqdim edilən və edilməyən istifadədə olmuş əşyaların istifadəyə yararlı vəziyyətdə olmağını nəzərə almaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 56.238 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş 13 sentyabr 2023-cü il tarixli, 9/3905 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsinin təsdiq edildiyi, təqdim edilən 13 adda malların dəyəri - 48.100 manat, təqdim edilməyən 25 adda mallar nəzəri qaydada dəyəri - 8.138 manat müəyyən edilmişdir.

37. Birinci instansiya məhkəməsi ekspert rəyinin 1-ci hissəsi, yəni təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat olması ilə razılaşmış, lakin təqdim edilməyən 25 adda malların nəzəri qaydada dəyərinin 8.138 manat müəyyən edilməsi halı ilə razılaşmamışdır. Məhkəmə hesab etmişdir ki, faktiki olaraq təqdim edilməyən mallara zərər dəyib-dəyməməsini müəyyən etmək mümkün olmamaqla yanaşı həmçinin də, zərər dəymiş olsa da, belə, onun dəyərinin nəzəri qaydada müəyyən edilməsi doğru deyildir.

38. Məhkəmə “Uniprice Consulting” tərəfindən tərtib olunmuş ("xxxx" MMC) 2022-ci il tarixli hesabatla Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli ekspert rəyini müqayisəli şəkildə tədqiq edərək müəyyən etmişdir ki, təqdim edilməyən 25 adda mallardan yalnız ikisi - 01 ədəd termo yorğan və 02 ədəd LED lampalar hadisə zamanı İddiaçı2 məxsus sağlamlıq mərkəzində həqiqətən mövcud olmuş və rəydə 01 ədəd termo yorğanın dəyəri 1.000 manat, 02 ədəd LED lampanın dəyəri 220 manat qeyd olunmuşdur.

39. Məhkəmə həmçinin, cavabdehin ekspert rəyində “istifadəyə yararsız” kimi qeyd edilən əşyaların istifadəyə təmir edildikdən sonra istifadəyə yararlı olması ilə bağlı etirazının dəlini də, əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəf bu barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı həm də, nəzərə alınmalıdır ki, qeyd edilmiş avadanlıqlar tibbi-kosmetoloji avadanlıqlar olmaqla, onların istifadəyə yararsız halda olduğu halda “təmir edilməsi” insanların həyat və sağlamlıqları üçün mənfi nətəcilərə gətirib çıxara bilər. Bu baxımdan, məhkəmə ekspert rəyində qeyd edilmiş avadanlıqların istifadəyə yararsız olması halı ilə razılaşmışdır.

40. Göstərilənlərə əsasən, məhkəmə təqdim edilən 13 adda malların ümumi dəyərinin 48.100 manat, 01 ədəd termo yorğanın dəyərinin 1.000 manat, 02 ədəd LED lampaların dəyərinin 220 manat olduğunu nəzərə alaraq (48.100 + 1.000+ 220=49.320) hesab etmişdir ki, dəymiş ziyanın əvəzi olaraq 49.320 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan sübutlara obyektiv, hərtərəfli və tam araşdıraraq səlahiyyətləri daxilində düzgün qiymət vermiş, sübutların qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

42. Məhkəmə kollegiyasının da həmin qiymətləndirmə ilə razılaşdığını nəzərə alaraq kollegiya hesab edir ki, işin hallarına, sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə təkrarən qiymət verilməsinə zərurət yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-67/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar