Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-734/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-98/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC Cavabdeh (3-cü şəxs "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 may 2019-cu il tarixli 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 39950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona edilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli 2-2(113)-98/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li kredit müqaviləsini imzalayaraq öz iradəsini ifadə etmişdir. Çünki həmin müqavilə kreditin restruktruzasiyası üçün bağlanmışdır. Kreditin restrukruzasiya məqsədilə verildiyi müqavilədə də öz əksini tapmışdır. Kreditin restrukruzasiyası üçün bağlanan kredit müqaviləsi üzrə pul vəsaiti də müştərinin hesabından kredit təşkilatının hesabına köçürülür. Yəni Cavabdeh 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li kredit müqaviləsini imzalayaraq pul vəsaitinin əvvəlcə onun hesabına, daha sonra isə onun hesabından təşkilatın hesabına köçürlməsinə razılıq vermiş və öz iradəsini müqaviləni imzalayaraq ifadə etmişdir. Köçürmə ərizəsindəki imzanın Cavabdeh məxsus olmaması heç nəyi dəyişmir. Ərizədəki imza Cavabdeh məxsus olsaydı belə, yenə də pul vəsaiti Cavabdeh hesabından təşkilatın hesabına köçürüləcək və əvvəlki kredit müqavilələri üzrə borcun silinməsinə yönəldiləcəkdi. Kredit müqavilələri restruktruzasiya olunarkən müştəri pul vəsaitini almır. Məhkəmə isə köçürmə ərizəsindəki imzanın Cavabdeh məxsus olmadığını, Cavabdeh pul vəsaitini əldə etmədiyini əsas götürərək iddia tələbini təmin etməmişdir. Məhkəmə prosesi zamanı Cavabdeh özü də kredit və ipoteka müqavilələrini imzaladığını, təşkilata borclu olduğunu etiraf etmişdir. İpoteka müqaviləsi imzalanan zaman onun notariat ofisində çəkilmiş fotoları da ipoteka müqaviləsində öz əksini tapmışdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən verilən təkrar ekspertizanın keçirilməsinə dair vəsatəti də təmin etməmiş, imzanı saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi, üçüncü şəxsin nümayəndəsi X3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən 17 may 2019-cu il tarixli 2019/00147-01 saylı kredit müqaviləsi təqdim olunmuşdur. Həmin müqaviləyə əsasən tərəflər arasında kredit müqaviləsi bağlanmış və bank tərəfindən kredit müqaviləsinin restruktruzasiyası üçün 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 17 may 2019-cu il tarixli 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi İddiaçı BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 39950 ABŞ dolları, faiz borcu 16937,02 ABŞ dolları, cərimə 24609,2 ABŞ dolları, cəmi borcu isə 81496,22 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, müqavilədə göstərilən pul vəsaiti ona verilməmiş və həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülməsi üçün əsas olmuş ərizə onun tərəfindən imzalanmamışdır. İmzanın ona məxsus olmadığı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlanması və 39950 ABŞ dolları məbləğində kreditin cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülməsi mübahisəsizdir. Hazırda cavabdehin yeganə mübahisələndirdiyi məqam ondan ibarətdir ki, həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən İddiaçı BOKT ASC-yə köçürülməsi üçün əsas olmuş ərizə Cavabdeh tərəfindən imzalanmamışdır. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, 39950 ABŞ dolları Cavabdeh ilə İddiaçı BOKT ASC arasında daha əvvəl bağlanmış 27 yanvar 2017-ci il tarixli 2017/00399-01 №-li və 16 avqust 2017-ci il tarixli 2017/00487-01 №-li kredit müqavilələri üzrə yaranmış borcdur və həmin borcun bağlanması məqsədilə 17 may 2019-cu il tarixli 2019/00147-01 №-li yeni krеdit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın "xxxx" ASC olan hesabına köçürülür. Həmin krеdit müqaviləsinə əsasən verilməli olan 39950 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı bankın adından olan 17.05.2019-cu il tarixli köçürmə ərizəsi əsasında İddiaçı BOKT ASC-nin "xxxx" ASC-də olan hesabından Cavabdeh həmin bankda olan hesabına köçürülmüş (i/v 156), eyni zamanda cavabdehin adından olan 17.05.2019-cu il tarixli 21 №-li köçürmə ərizəsi əsasında Cavabdeh "xxxx" ASC-də olan hesabından İddiaçı BOKT ASC-nin "xxxx" ASC-də olan hesabına köçürülmüşdür (i/v 305). Bununla da, əvvəlki kredit müqavilələri üzrə borclar bağlanmışdır. Kollegiya qeyd edir ki, göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış 17 may 2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Ona görə də, köçürmə ərizəsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 avqust 2021-ci il tarixli 4/1102 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, işin 305-ci vərəqəsində olan 17 may 2019-cu il tarixli 21 saylı köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza Nəsirova Fidan Yaqub qızı tərəfindən icra olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin adından olan köçürmə ərizəsindəki imzanın Nəsirova Fidan Yaqub qızı tərəfindən icra olunması müəyyən olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və məhkəməxətşünaslıq ekspertizasına cavabdehin adından olan köçürmə ərizəsini deyil, işin 156-cı vərəqəsində olan iddiaçının adından tərtib edilən köçürmə ərizəsini təqdim etmişdir. Halbuki həmin ərizə cavabdeh tərəfindən deyil, iddiaçının müvafiq əməkdaşı tərəfindən imzalanmalı və 06.11.2020-ci il tarixli 4/814 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, həmin ərizədəki imza cavabdehə məxsus deyildır. Beləliklə, iddiaçı tərəfindən 17 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə tam haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 24609,2 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 % həddində, yəni 3900 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-98/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 39950 ABŞ dolları əsas borc, 16937,02 ABŞ dolları məbləğində faiz borcu və 3900 ABŞ dolları dəbbə pulu, cəmi 60787,02 ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin ev açıq hərracda satılsın. İpoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh həmin evdən çıxarılsın. Qalan hissədə dəbbə pulunun tutulması iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-734/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-734/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver