Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-734/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və üşüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1570/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 301.763,51 manat məbləğində borcun və ödənilmiş 400 manat mediasiya xərci, 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, İddiaçı MMC ilə əvvəlki tələbkar "xxxx" ASC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli №TH001 saylı tələbin güzəşti çərçivə müqaviləsi (tələb hüququnun satılması haqqında) əsasında Cavabdeh MMC-nin banka olan borc qalığı yeni tələbkara yəni İddiaçı MMC-nə satılmışdır. 12 iyun 2023-cü il tarixli №TH001 saylı müqavilənin 7.2-ci bəndinə əsasən bütün hüquqlar, vəzifələr və sairə yeni tələbkara keçir. Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli KTC0053 saylı Maliyyələşdirmə üçün ərizə (müqavilə) üzrə 290,000.00 manat pul vəsaitini illik 11.7% olmaqla 12 ay müddətinə "xxxx" ASC tərəfindən kredit verilmişdir. Kredit müqaviləsi və ona əlavə sənədlər Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər tutulan AsanDoc “Asan İmza” mobil elektron imza ilə imzalanmışdır. Cavabdeh öhdəliyin bir hissəsini icra etdikdən sonra qalan borcu ödəməmişdir. 12 iyun 2023-cü il tarixli №TH001 saylı tələbin güzəşti (tələb hüququnun satılması haqqında) Çərçivə Müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə № 01 əsasında İddiaçı MMC cavabdehin 290.000 manat əsas borcu, 8261,76 manat faiz borcu və 3501,75 manat cərimə borcu olmaqla cəmi 301.763,51 manat borcunu əvvəlki tələbkara ödəyərək kredit müqaviləsi üzrə tələbin güzəşti hüququnu əldə etmişdir.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi etibarsız əqd olduğu üçün onunla bağlı olan bütün müqavilələr etibarsızdır. Belə ki, "xxxx" ASC ilə kredit müqaviləsi imzalamış onların direktoru bu barədə təsisçilərin razılığını almamış, öz səlahiyyətlərini aşaraq kredit götürmüşdür. Bundan əlavə, həmin müqavilə direktorlarının asan imzası ilə imzalanmış, həmin vaxt asan imza isə onların mühasibatlıqla bağlı məsələrini həll edən digər şirkətdə olmuşdur. Həmin müqaviləni imza etmiş direktor hazırda işdən azad edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1570/2024 saylı qərardadı ilə "xxxx" ASC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
5. Birinci instansiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi bildirdi ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində cavabdehin təsisçisi ilə əlavə olaraq girov müqaviləsi imzalanmışdır. Kredit (290000 manat vəsait) müqavilə bağlanan kimi cavabdeh şirkətin hesabına köçürülmüş, həmin məbləğin bir qismi müqavilənin tələbləri üzrə cavabdehin "xxxx" ASC ilə olan əvvəlki kredit müqaviləsi üzrə yaranmış borca silinmişdir. Bundan əlavə, həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənişlər (25499,83 manat) edilmiş, həmin ödənişlər faiz borca silinmişdir. "xxxx" ASC ilə iddiaçı arasında tələb hüququnun ötürülməsi barədə razılıq əldə edilmiş, həmin razılıq barədə cavabdehə də məlumat verilmişdir. Kredit müqaviləsi cavabdehin həmin vaxt qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən asan imza vasitəsilə imzalanmış, onun cavabdehin direktoru olması tərəflərindən kommersiya qurumlarının dövlət reyestrində olan məlumatlar əsasında öyrənilmişdir. Odur ki, həmin kredit müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas yoxdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1570/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən 20 oktyabr 2023-cü il tarixdə arayış verilmişdir. Həmin arayışdan məlum olur ki, mediasiya təklifi göndərən hazırki iş üzrə İddiaçı MMC olmuş və ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə tələb hüququnun güzəşt edilməsinə dair bildiriş 01 dekabr 2023-cü il tarixdə göndərilmişdir. Həmçinin, Cavabdeh MMC-nin nizamnaməsinin 9.1.1-ci bəndinə əsasən, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərin ümumi yığıncağıdır. Lakin, 07 iyul 2022-ci il tarixli KTC0053№-li kredit müqaviləsini bağlamaq üçün Cavabdeh MMCnin nə təsisçilərin razılığı, nə də ki, Cəmiyyətin ümumi yığıncağının protokoldan çıxarış, qərar məhkəməyə təqdim olunmamışdır, eyni zamanda məhkəmə prosesində "xxxx" ASC-nin nümayəndəsi bununla bağlı açıqlama verə bilməmişdir. 1ci instansiya məhkəməsi iddia ərizəsini təmin edərək, yalnız kreditin bağlanılması üçün elektron qaydada ərizənin olması və elektron qaydada direktor tərəfindən həmin kredit müqaviləsinin təsdiq olunmasını əsas götürmüşdür. Cavabdeh MMC-nin nizamnaməsinin 9.2.1, 9.2.2 və 9.2.2.4-cü bəndlərə əsasən, Cəmiyyətin direktoru təsisçilərin ümumi yığıncağının qərarı ilə razılıq verilmiş Cəmiyyətin adından əqdlər bağlayır və rəsmi sənədləri imzalayır. İş materiallarından görünür ki, 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsinin bağlanılması üçün Cavabdeh MMC-nin təsisçilərin ümumi yığıncağının razılığı olmamışdır. Bundan əlavə, Cavabdeh MMC "xxxx" MMC arasında 08 dekabr 2021-ci il tarixli, 01/08/12-21 №-li xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən "xxxx" MMC-i Cavabdeh MMC-nin bütün maliyyə işlərin aparılmasına öhdəlik götürmüşdür. Cavabdehə məxsus olan «ASAN» imza "xxxx" MMC-nin məsuliyyətli işçisində saxlanılmış və 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsinin alınması üçün elektron qaydada ərizə və həmin kredit müqaviləsinin elektron qaydada təsdiq olunması üçün cavabdehin ümumiyyətlə məlumatı olmadan "xxxx" MMC-nin məsuliyyətli işçisi tərəfindən təsdiq edilmişdir. 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsinin olması barədə cavabdeh ilkin mediasiya sessiyasına dəvət olduğu vaxtda məlumatı olmuşdur. Bu da məhkəmənin gəldiyi nəticəni müqavilənin etibarsızlığının cavabdeh tərəfindən 1 illik kəsici müddəti ötürməsi tam təkzib edir. Beləliklə, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 07 iyul 2022-ci il tarixli KTC0053 №-li kredit müqaviləsi qanun pozuntusu ilə bağlanılarkən etibarsız hesab olunmalıdır və həmin kredit müqaivləsi üzrə olan hüquqi nəticələr də etibarsız hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi cavabdehin müqavilə bağlanan zaman qanuni təmsilçisi olmuş Qanuni nümayəndə2 tərəfindən elektron qaydada imzalanmış, kredit müqaviləsi üzrə vəsait bank tərəfindən cavabdehin hesabına tam şəkildə köşürülmüş, cavabdeh tərəfindən həmin müqavilə üzrə 30.000 manat civarında ödənişlər edilmişdir. Bundan əlavə cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı qanunla müəyyənləşdirilmiş bir illik kəsici müddəti ötürmüşdür.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və üşüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdilər.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir TƏTBİQ EDİLƏN HÜQUQ
12.Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 13.Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 14.Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
15. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.
18. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli OnGTC04661LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşmaya əsasən bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir.
23. "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTC0053 nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2021ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən 290000 manat kredit illik 11,7% olmaqla 12 ay müddətinə verilmişdir. Kreditin məqsədi K4636 saylı kredit öhdəliyinin bağlanmasıdır.
24. Yeni tələbkar İddiaçı MMC ilə tələbkar "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən tələbkar Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli KTC0053 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borc üzrə 290.000 manat, cərimə borcu 3501,75 manat, faiz borcu üzrə 8261,76 manat olmaqla, cəmi 301.763,51 manat məbəğində pul tələbinə dair irəli sürülə biləcəyi bütün hüquqlarını yeni tələbkara satır, yeni tələbkar isə bunun müqabilində borc qalıqlarının razılaşdırılmış dəyərini tələbkara ödəyir.
25. Qeyd olunanlardan müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanan bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli KTC0053 saylı maliyyələşdirmə üçün ərizə üzrə illik 11,7% olmaqla 12 ay müddətinə 290000 manat məbləğində kredit verilmişdir.
26. xx.xx.2023-cü il tarixinə həmin kredit müqaviləsi üzrə əsas borc üzrə 290.000 manat, cərimə borcu 3501,75 manat, faiz borcu üzrə 8261,76 manat olmaqla, cəmi 301.763,51 manat məbəğində borc yaranmışdır.
27. Kollegiya qeyd edir ki, cavabdeh borcun məbləğini mübahisələndirmədiyinə görə qeyd olunan borc məbləği işin mübahisəsiz halı kimi qəbul edilir.
28. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən həmin məbləğdə pul tələbinə dair hüquqlar iddiaçıya keçmişdir.
29. Kollegiya qeyd edir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023cü il tarixli, TH001 saylı çərçivə müqaviləsinə əsasən tələbin iddiaçıya keçməsi "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanan kredit müqaviləsinin mahiyyətinə və şərtlərinə, habelə qanunvericiliyə zidd deyil.
30. Qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 194.1, 194.2, 462.1, 739.1 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddia tam əsaslıdır. 31.Tələbin güzəştindən məlumatsız olması barədə cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
32. Əqdin etibarsızlığı ilə bağlı dəlillər də əsassızdır. Belə ki, Mülki Məcəllənin 350.1-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. 33.Hazırki işdə isə "xxxx" ASC-nin iddiaçının nizamnaməsindən və iddiaçının istinad etdiyi əqdlərin bağlanması ilə bağlı məhdudiyyətlərdən məlumatlı olması təsdiq olunmur. Çünki cavabdeh bunula bağlı sübutları təqdim etməmiş, "xxxx" ASC-nin nümayəndəsi isə belə məhdudiyyətlərdən məlumatsız olduqlarını bildirmişdir.
34. Bundan əlavə, işin mübahisəsiz hallarına görə kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) elektron imza ilə imzalanmış və həmin müqavilə üzrə verilməli olan kredit məbləği borcalan Cavabdeh MMC-nin hesabına köçürülmüş, cavabdeh tərəfindən həmin müqavilə üzrə 30000 manat civarında ödənişlər edilmişdir. Lakin, cavabdeh tərəfindən hazırkı günə qədər müqavilənin bağlanması və kreditin ayrılması ilə bağlı "xxxx" ASC-yə hər hansı irad bildirilməmiş, müqavilə onun tərəfindən hər hansı qaydada mübahisələndirilməmişdir.
35. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
36. Elektron imza ilə bağlı dəlillər də həm qeyd olunanlara əsasən, həm də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 20.3 və 20.6-cı maddələrinə əsasən elektron imzanın saxlanılması və ondan istifadə ilə bağlı məsuliyyət tam olaraq cavabdehin üzərinə düşdüyünə görə əsassızdır.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1570/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov