Məhkəmə qərarları › İş №2-2(103)-734/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-734/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-734/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Firmasının Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1236/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Samqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov küçəsi, 3 ünvanında olan 1400 kv.m sahəni cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəyə qəbul edib əvəzində iddiaçıya ƏDV xaric aylıq 10000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

2. İcarə müddəti marketin satış üçün açıldığı tarixdən etibarən 10 il müəyyən edilmişdir.

3. Həmin müqaviləyə xx.xx.2013-cü il tarixli əlavə ilə icarə obyektinin ölçüsünün artırılaraq 1650 kv.m., icarə haqqının isə xx.xx.2013-cü il tarixdən aylıq 12000 manat olması razılaşdırılmışdır.

4. Həmin müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə ilə aylıq icarə haqqı xx.xx.2016-cı il tarixdən ƏDV daxil olmaqla 14160 manat şərtləşdirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" Firması Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 dekabr 2012ci tarixli icarə müqaviləsi üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi – icarə obyektini vaxtında tərk etməməsi səbəbindən iddiaçıya dəymiş 70597,5 manat zərər, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 604 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 1500 manat xərc olmaqla ümumilikdə 72701,5 manat maddi zərərin və iddianın verilməsi üçün ödənilmiş 309 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1236/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı "xxxx" Firması apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. İlk növbədə qeyd edək ki, iddiaçı "xxxx" Firmasının məhkəməyə müraciət etməsindəki əsas səbəb cavabdehin öz vəzifə öhdəliklərinin icra etməməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsidir. Normalda cavabdehlə bağlanmış icarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitsə də, cavabdeh müqavilə üzrə öhdəliyinin icra edilməsinə biganə münasibət göstərərək icarə obyektini geri qaytarmamış, istifadəsinə davam etmişdir. İddiaçı cavabdehin icarə obyektini müqavilədə nəzərdə tutulan razılaşdırılmış vaxtda tərk edəcəyini ehtimal edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təkidi ilə X9 ilə xx.xx.2022-cü il tarixində həmin icarə obyektinə dair yeni icarə müqaviləsi bağlamışdır. Lakin cavabdeh icarə obyektini müqavilə də müəyyən edilmiş müddətdən daha gec, yəni 6- 7 ay sonra tərk etmişdir. Qeyd edək ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsində icarə obyektinin təhvil verilmə müddətinin xx.xx.2023-ci il tarix götərilməsinin cavabdehin öz öhdəliklərinin icra etməməsinə, yəni icarə obyektini vaxtında təhvil verməməsinə haqq qazandıra bilməz. Belə ki, X6 obyektin xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023- cü il tarixində təhvil verilməsinə xüsusi bir etirazı olsa idi, həmin dövr ərzində məhkəməyə müraciət edərdi. X16 15 mart 2023-cü il tarixindən sonra, yəni 10 avqust 2023-cü il tarixində rəsmi qaydada məhkəməyə müraciət etmişdir. Burdan belə nəticəyə gəlmək olur ki, Aydınzadə Qulam öz öhdəliklərini icra etməsi üçün iddiaçıya kifayət qədər vaxt vermişdir. Əgər cavabdeh vaxtında icarə obyektini təhvil versə idi, iddiaçı icarə obyektini X7 təhvil verərdi və nəticədə də iddiaçıya bu qədər böyük bir məbləğdə zərər dəyməzdi. Məhkəmə qeyd edir ki, iddia tələbini əsasını təşkil edən zərərin yaranmasındakı əsas səbəb iddiaçının xx.xx.2012-ci iltarixli müqavilənin müddəti bitmədən, Qulam Aydınzadə ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlaması və mülki dövriyyənin vicdanlı iştirakçısı kimi çıxış etməməsidir. Halbuki məhkəmənin bu mövqeyi mülki dövriyyənin azadlığı prinsipinə tamamilə ziddir. Belə ki, xx.xx.2022- ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı icarə obyektini xx.xx.2023-cü il tarixində təhvil verməyi, Qulam Aydınzadə isə xx.xx.2023ci il tarixinən etibarən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin üçüncü şəxslərə heç bir aidiyyatı yoxdur, yalnızca müqaviləni bağlayan tərəflərin üzərinə öhdəlik qoymuşdur. Qeyd edək ki, sözügedən icarə obyekti kifayət qədər böyük həcmdə olduğundan iddiaçının qısa müddət ərzində yeni icarəçi tapması və həmin obyekti yenidən icarəyə verməsi mümkün deyilirdir. Bu isə iddiaçının uzun bir müddət öz gəlirindən məhrum olmasına səbəb olacaqdır. Həmçinin bildirik ki, iddiaçının xx.xx.2022-ci il tarixində müqavilə bağlaması onun cavabdehə qarşı öz öhdəliklərinin icra etməsinə heç bir maneə törətməmiş və ya iddiaçı tərəfindən icarə obyektinin vaxtından əvvəl təhvil verilməsi ilə bağlı tələb irəli sürülməmişdir. Belə olan halda necə olur ki, iddiaçı mülki dövriyyənin vicdanlı iştirakçısı sayılmır. Məhkəmə tərəfindən qeyd edilən digər bir məsələyə, yəni iddiaçının eyni obyektlə ilə bağlı bir neçə şəxslə müqavilə bağlamasındakı və onların hər birindən ödəniş almasındakı əsas məqsədin əlavə gəlir əldə etmək olmasına istinadən bildiririk ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müddətinin bitməsindən həm əvvəl, həm də sonra iddiaçı müqavilənin müddətini uzadılmayacağı barədə dəfələrlə cavabdehi xəbəbdar etmişdir. X3 ilə bağlanmış müqavilədəki əsas məqsəd əlavə gəlir əldə etmək idisə, nəyə görə iddiaçı cavabdeh ilə bağlanmış müqavilənin uzadılmasında maraqlı deyil, əksinə tez bir zamanda obyektin təhvil verilməsini tələb etmişdir. Cavabdeh iddiaçının xəbərdarlığına etinasız yanaşmış və vaxtında obyekti təhvil verməmişdir. Məhkəmə iddiaçı ilə X10 arasında bağlanmış müqavilənin yalan əqd olmasının əsassız olduğunu və iddiaçının həm X4, həm də X5 avans ödənişi aldığını qeyd etmişdir. Halbuki tərəfimizdən təqdim edilmiş yazılı mülahizədən də aydın şəkildə göründüyü kimi, Qulam Aydınzadə Cavabdeh MMC (AZƏRSUN HOLDİNG) ilə aralarında iş əlaqələri olduğundan rəhbərlik tərəfindən adının bilinməsini istəməmişdir. Bu səbəbdən müqavilədə tərəf kimi Cəfərov Vüsalın adı qeyd edilmişdir. "xxxx" MMC sadəcə olaraq Qulam Aydınzadənin özü tərəfindən təqdim edilən şəxs, X10 ilə müqaviləni formal olaraq bağlamışdır. Eyni zamanda qeyd edək ki, indiyə qədər Vüsal Cəfərov tərəfindən "xxxx" MMC-yə heçbir ödəniş edilməmişdir. Müqavilədə nəzərdə tutulan 70.000 (yetmiş min) manat məbləğində olan avans Aydınzadə Qulam tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Lakin sonradan X9 problem çıxa biləcəyini düşünərək özü ilə müqavilə bağlamağı təklif etmişdir. Vüsal Cəfərovla bağlanmış müqaviləyə xitam verilmiş, 1 gün sonra iddiaçı ilə müqavilə bağlanmışdır. Ali Məhkəmənin 2-2(102)-435/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da bu halların hər biri qeyd edilmişdir. Həmçinin qeyd edək ki, iddiaçı əlavə gəlir əldə etmək məqsədilə həm X10, həm də X9 ilə ayrı-ayrı icarə müqavilələri bağlayıb hər ikisindən avans ödənişi almışdırsa, necə olur ki Vüsal Cəfərov xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ödədiyi avans ödənişi ilə bağlı iddiaçıya qarşı indiyə kimi heç bir tələb irəli sürməmişdir. Bu heç də ağlabatan deyildir. Bütün bunların hamısı iddiaçı ilə Vüsal Cəfərov arasında bağlanmış müqavilənin yalan əqd olmasını bir daha sübut edir. Vurğulamalı olduğumuz digər bir məsələ odur ki, məhkəmə iddiaçının iddia faktının əsası kimi X6 iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğə istinad etməsinə baxmayaraq, həmin iş üzrə qətnamədə iddianın təmin olunmasının əsası qismində icarə obyektinin hazırki iş üzrə cavabdeh tərəfindən vaxtında təhvil verilməməsi olduğunun qeyd edilmədiyini bildirmişdir. Halbuki həmin qətnamədə bu məsələyə toxunulmasına ehtiyac yoxdur. Belə ki, iddia X9 tərəfindən "xxxx" Firmasına qarşı irəli sürülmüşdür və buradakı əsasə məsələ "xxxx" Firmasının icarə obyektini vaxtında təhvil verə bilməməsi ilə bağlıdır. Düzdür "xxxx" Firmasının icarə obyektini vaxtında təhvil verə bilməməsindəki əsas səbəb hazırkı iş üzrə cavabdehin öz öhdəliklərini icra etməmiş olmasıdır, bu iki hal bir biri ilə birbaşa şəkildə bağlıdır. Lakin Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair qəbul edilmiş qətnamədə əsas kimi hazırki iş üzrə cavabdehin icarə obyektini təhvil verməməsinin göstərilməsi tamamilə absurd və heç bir məntiqi izahı olmayan bir əsaslandırmanın yaranmasına səbəb olardı. Yuxarıda qeyd olunan hər bir haldan aydın şəkildə görünür ki, iddiaçıya dəymiş zərər ilə cavabdehin icranı gecikdirməsi arasında birbaşa əlaqə vardır. Belə olan halda məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi, iddiçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hazırki iş üzrə məhkəmə işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli dəyərləndirməmişdir. Bu isə qeyd edilən prosessual normanın tələblərinin ciddi şəkildə pozulduğunu deməyə əsas verir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinə etriaz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

15. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

17. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

18. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

29. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Samqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov küçəsi, 3 ünvanında olan 1400 kv.m sahəni cavabdehin icarəsinə verməyi, cavabdeh isə icarə obyektini istifadəyə qəbul edib əvəzində iddiaçıya ƏDV xaric aylıq 10000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddəti marketin satış üçün açıldığı tarixdən etibarən 10 il müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2013-cü il tarixli əlavə ilə icarə obyektinin ölçüsünün artırılaraq 1650 kv.m., icarə haqqının isə xx.xx.2013-cü il tarixdən aylıq 12000 manat olması razılaşdırılmışdır. Həmin müqaviləyə xx.xx.2016cı il tarixli əlavə ilə aylıq icarə haqqı xx.xx.2016-cı il tarixdən ƏDV daxil olmaqla 14160 manat şərtləşdirilmişdir.

30. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2728/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1600 m2 olan qeyri-yaşayış sahəsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılması və iddiaçı "xxxx" Firmasına təhvil verilməsi, Cavabdeh MMC-dən 77880 manat məbləğində pulun, 20 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 130,6 manat olmaqla cəmi 78030,6 manat məbləğində pulun iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir;

31. X9 "xxxx" Firmasına qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1400 kv.m qeyriyaşayış binasının istifadəyə verilməsinə dair 2022-ci il 6 may tarixli icarə müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyinə görə 70000 manat avans ödənişinin iki mislindən geri qaytarılmış 35000 manat çıxılmaqla 105000 manat və ona hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə 5621,15 manat, mediasiya ilə əlaqədar ödənilmiş 405 manat məbləğində mediasiya xərci və dövlət büdcəsinə ödənilmiş 401,22 manat dövlət rüsumu olmaqla, cəmi 111 427,37 manat pul vəsaitinin "xxxx" Firmasından tutularaq X7 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2023-cü il 17 noyabr tarixli e-2- 2(119)-1067/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış müqaviləyə 2023- cü il 11 aprel tarixindən xitam verilmiş hesab edilməklə, "xxxx" Firmasından 105 000 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 202,5 manat məbləğində mediasiya xərci və 395 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 597,5 manat məbləğində pul vəsaitinin tutularaq X7 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir;

32. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş və hazırkı iş üçün preyudisial olan xx.xx.2023-cü il tarixli e-2-2(113)-2728/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 10 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmiş, daha sonra tərəflərin razılaşması əsasında müqaviləyə dəyişiliklər edilmiş, sonuncu edilmiş dəyişikliyə uyğun olaraq, 1650 kv.m icarəyə verilmiş əraziyə görə 14160 manat məbləğində sabit aylıq icarə haqqının ödənilməsi və həmin icarə haqqının 01 iyun 2016-ci il tarixindən hesablanması razılaşdırılmışdır. İcarə müqaviləsinin müddəti 2023-cü ilin mart ayının 15-də bitmişdir. İddiaçı icarə obyektinin boşaldılmasını tələb etsə də, cavabdeh icarə obyektini boşaltmamış, mart ayından sonrakı aylar üçün də aylıq icarə haqlarını ödəmiş, lakin ödənilən məbləğlər iddiaçı tərəfindən geri qaytarılmışdır.

33. İddiaçının qeyd etdiyi mülahizədə və iddia ərizəsində əsaslandırdığı fikirlər Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin 46, 47, 49, 50, 55, 56-cı bəndlərində məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı X9 ilə bağladığı formal müqavilənin predmetinə diqqət edilsə, icarəyəverənin hansı əmlakının Qulam Aydınzadəyə verildiyi tam olaraq qeyd edilməmiş, həmçinin icarə obyektinin xx.xx.2023-cü ildə icarəçiyə təhvil verilməsi göstərilmişdir. Əgər həmin müqavilə üzrə predmet olaraq Cavabdeh MMC-yə verilmiş icarə obyektindən söhbət gedirsə, ilk növbədə həmin əmlakın ölçüləri və ünvanı uyğun gəlmir. Habelə icarəyəverən olan "xxxx" Firması icarə obyektinin hüquqi və faktiki olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-nin istifadəsində, icarəsində olduğunu bildiyi halda bir neçə kontragentə yalan vədlər verərək, icarə obyekti ilə bağlı yalan, heç bir hüquqi qüvvəyə malik olmayan əhəmiyyətsiz əqdlər bağlamış və xx.xx.2023-cü ildə obyekti təhvil verəcəyini bildirmişdir. İddiaçının X11 ilə bağladığı müqavilənin şərtlərini düzgün müəyyən etməməsi, kortəbii şəkildə müqavilə bağlaması, faktiki olaraq təhvil vermədiyi əraziyə görə təzminatın ödənilməsi və nəticədə məhkəmə qətnamələri üzrə "xxxx" Firmasının əleyhinə qərarın çıxarılmasının Cavabdeh MMC ilə əlaqəsi yoxdur və kontragentlərə yanlış verdiyi vədlərə görə zərərə uğradığı vəsaitin cavabdeh tərəfdən ödənilməsi ağlabatan deyildir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində X6 iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi iddianın təmin olunmasının əsası qismində icarə obyektinin hazırkı iş üzrə cavabdeh tərəfindən vaxtında təhvil verilməməsinə istinad olunmadığını bildirərək, bu hala istinad olunarsa absurd və məntiqi izahı olmayan bir əsaslandırma olacağını qeyd etməklə əslində zərərlə cavabdehin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqənin olmadığını etiraf etmişdir. Həmçinin iddiaçı iddiasının əsası kimi X6 iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğə istinad etsə də, həmin iş üzrə qəbul olunmuş məhkəmə qərarlarından görünür ki, iddianın təmin olunmasının əsası qismində icarə obyektinin hazırkı iş üzrə cavabdeh tərəfindən vaxtında təhvil verilməməsinə istinad olunmamışdır.

35. Bundan başqa Sumqayıt Kommersiya Məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, X6 digər icarəçi X10 ilə müqavilə olmasından məlumatı olmamış, məlumatlı olsa idi, hazırkı müqaviləni bağlamayacağını, X10 ilə "xxxx" Firması arasında bağlanmış müqavilədən məlumatlı olduqdan sonra tərəflər pulun tam qaytarılması ilə bağlı razılaşsalar da, cavabdeh pulun yarısını qaytarmış, tərəflər arasında artıq müqavilənin pozulması ilə bağlı qarşılıqlı razılaşma olmuşdur.

36. X9 müqavilədən imtinasının əsası kimi onunla müqavilə bağlanmamışdan əvvəl icarəyə verənin X10 ilə müqavilə bağlamasına istinad etmişdir.

37. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsinin müddəti bitmədən iddiaçı eyni icarə obyekti üzrə X10 ilə 23 aprel 2022-ci il tarixli icarə müqaviləsi, daha sonra X9 ilə 06 may 2022-ci il tarixli icarə müqaviləsi bağlamış, bir müqavilə üzrə aylıq ödənişlər əldə etmiş, digər müqavilə üzrə əvvəlcədən avans məbləği əldə etmiş, həmin müqavilənin mövcudluğu şəraitində üçüncü kontragentlə, yəni X9 ilə də müqavilə bağlamış, bundan əlavə yenə avans məbləği əldə etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından zərərlə cavabdehin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqə müəyyən edilmir.

39. Belə ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

40. Bu mənada səbəbli əlaqə ilə hərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyil, məhz həmin zərəri şərtləndirməsi, həmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1236/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar