Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-735/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1229/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Facebook” və “İnstagram” sosial şəbəkələrdə cavabdeh tərəfindən İddiaçı MMC barəsində yayılmış məlumatlar onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində həmin sosial şəbəkələrdən silinməsi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində cavabdeh tərəfindən həmin məlumatların yayıldığı “Facebook” və “İnstagram” sosial şəbəkələrində İddiaçı MMC-dən üzr istənilməsi və həmin sosial şəbəkələrdə təkzib videosu yayılması, İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların qanunsuz olaraq yaydığına görə kompensasiya olaraq 10.000 manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat və mediasiyanın keçirilməsinə görə ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, o, uzun müddətdir ki, peşəkar şəkildə avtomobil alqı-satqısı ilə məşğul olmaqla bu biznes sektorunda öz yerini tutmuş sahibkarlardan biridir. Avtomobil alqı-satqısı ilə məşğul olan fərdi sahibkar Cavabdeh 22 noyabr 2023cü il tarixində İnstagram-da 102000 izləyicisi olan “Avtoal” səhifəsində (https:/www.instagram.com/p/Cz8ouyuMeK4/) “Zeecar” brendi altında fəaliyyət göstərən və avtomobil alqı-satqısı ilə məşğul olan İddiaçı MMC-ni dələduz şirkət kimi qələmə verərək işgüzar nüfuzuna zərbə vurmaq üçün onu müştəriləri aldatmaqla, avtomobili gec çatdırmaqla, qüsurlu avtomobil verməklə və ondan uzaq durmaqla bağlı yalan və əsassız ittihamlar irəli sürmüş və paylaşımlar etmişdir. Belə əsassız və böhtan xarakterli paylaşımlar nəticəsində peşəkar sahibkar kimi “Zeecar” brendi altında fəaliyyət göstərən İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl dəymişdir. Belə ki, avtomobil alqı-satqısı ilə bağlı bir neçə avtomobil almaq istəyən şəxslər ilkin razılaşmadan bu yayılmış məlumatlara istinad edib sövdələşməni pozmuşlar və İddiaçı MMC-nin ümumilikdə avtomobil sifarişləri əhəmiyyətli dərəcədə azalmışdır. Beləliklə, fərdi sahibkar kimi Cavabdeh həqiqətə uyğun olmayan ifadələri işlədərək İddiaçı MMC-nin işgüzar nüfuzunu sosial şəbəkə vasitəsilə kütləvi şəkildə alçaltmış və bununla da İddiaçı MMC-yə kifayət qədər maddi ziyan vurulmuşdur.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, yayılmış məlumatlar həqiqəti əks etdirir.
4. Bakı Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, e-2-2(113)-1229/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilən CD-disk yazıya baxış keçirilmiş və həmin CD-yə əlavə edilmiş video görüntüdə cavabdeh tərəfindən “Zeecar” və “Arazla Azər” adlı şəxslərin adları çəkilir və onlar tərəfindən edildiyini iddia etdiyi hallar səsləndirilmişdir. Lakin, hazırkı iş üzrə iddiaçı hüquqi şəxs qismində İddiaçı MMC çıxış edir və onun adına və ya işgüzar nüfuzuna xələl gətirəcək hər hansı ifadəyə, hərəkətlərə yol verilməsi video görüntüdə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən də sübuta yetirilmir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
11. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 12.Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 13.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 14.Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 15.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
18. Belə ki, işin mübahisəziz halı ondan ibarətdir ki, 22 noyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən İnstagram sosial şəbəkəsində (“Avtoal” səhifəsində) video yazı yayılmışdır.
19. Həmin video yazının 1:14-cü dəqiqəsində qeyd edilmişdir ki, “məsəl üçün Ağ şəhərdə ZeeCar açıblar. Arazla Azər.... Onlardan muğayat olun. Onlar 6 aya maşını gətirib çıxardıblar müştərilərə, maşınlar da zədəli, xarab, maşın orası qırıq, burası nə bilim nə....Bax belə camaatın başına oyun açırlar muğayat olun. Mən özümə görə demirəm....Şəhərdə 10-15 dənə Çindən avtomobil gətirən var onlara müraciət edin bizə etməyin amma ən əsası Zeecar açıblar ağ şəhərdə Camaatı aldadıb hələ Zeecar açıblar...Uje rəsmi aldadırlar camaatı. Muğayat olun özünüzdən”.
20. İşin mübahisəli halları həmin video yazıda səsləndirilən məlumatların doğru olubolmaması, habelə iddiaçının işgüzar nüfuzunu ləkələyib-ləkələnməmsindən ibarətdir.
21. Kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 23.1 və 23.6-cı maddələri təşkil edir.
22. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində isə göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə qeyd olunan hər üç hal mövcüddur.
24. Belə ki, qeyd edildiyi kimi həmin məlumatların yayılması işin mübahisəsiz halıdır.
25. Eyni zamanda, Mülki Məcəllənin 23.1-ci maddəsinin dispoziyasına şərtlərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarının 7-ci bəndinə əsasən işgüzar nüfuza xələl gətirən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür.
26. Cavabdeh isə yaydığı məlumatların doğru olmasını sübut edə bilməmişdir.
27. Belə ki, iddiaçı tərəfindən avtomobillərin gec gətirilməsini sübut etmək üçün cavabdeh tərəfindən “X3 X4 LTD” şirkətinə Avalon HEV Premium Edition markalı (şassi/ban № LFMAK54K1NS051880) avtomobilə görə 41.400 ABŞ dollarının köçürülməsi barədə sənəd və həmin avtomobilin Azərbaycan Respublikasına gətirilməsi barədə xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi təqdim edilmişdir. Lakin həmin sənədlərdə avtomobilin alıcısı (sifarişçisi) kimi iddiaçı deyil, "xxxx" MMC qeyd edilmişdir.
28. İddiaçı da həmin sənədlərə etiraz edir və qeyd edilən avtomobilin və sənədlərin ona aid olmadığını bildirir.
29. İddiaçı tərəfindən gətirilmiş avtomobillərin qüsurlu olmasını sübut etmək üçün isə cavabdeh tərəfindən fotoşəkillər (həmçinin şassi/ban № LFMAK54K1NS051880 əks olunan fotoşəkil) təqdim edilmişdir. Lakin fotoşəkillərdə qeyd edilən avtomobilin məhz iddiaçı tərəfindən təqdim edilən avtomobil olub-olmamasını təyin etmək mümkün deyil.
30. İddiaçı da cavabdeh üçün hər hansı avtomobil gətirmədiyini və fotoşəkillərdəki avtomobilin ona aid olmadığını bildirir.
31. Beləliklə, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş və yaydığı məlumatların doğru olmasını sübut edə bilməmişdir.
32. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçı barəsində yaydığı məlumatlar həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirilməlidir.
33. Eyni zamanda, kollegiya hesab edir ki, avtomobil satışı ilə məşğul olan hüquqi şəxs barəsində belə məzmunda məlumatların (müştərilərin sifarişlərinin gec yerinə yetirilməsi, satılmış avtomobillərin zədəli və yararsız olması, müştəriləri aldadılması) yayılması birmənalı olaraq hüquqi şəxsin işgüzar nufuzunu ləkələyən məlumatlardır. Çünki həmin məlumatlar iddiaçı tərəfindən keyfiyyətsiz xidmətlər göstərməsi nəticəsinə gəlməyə əsas verir. Sübuta ehtiyacı olmayan haldır ki, kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxs barəsində yayılmış belə məzmunlu məlumat onun fəaliyyətinə mənfi təsir göstərir. Bu isə öz növbəsində onun işgüzar nüfuzuna ləkə salır.
34. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 23.1 və 23.2-ci maddələrinə əsasən cavabdeh tərəfindən yayılmış məlumatların silinməsini və onların təkzib edilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbləri həmin hissədə əsaslı hesab edilməlidir.
35. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və yayılmış məlumatların iddiaçıya aid olmasının təsdiq olunmadığı nəticəsinə gəlmişdir. Halbuki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi avtomobillərin satış mağazasının “Zeekar” adı altında fəaliyyət göstərməsi və yayılmış məlumatların məhz İddiaçı MMC barəsində olması işin mübahisəsiz hallarıdır. Çünki birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili bu halları mübahisələndirməmiş, apellyasiya icraatında isə cavabdeh bu halları etiraf etmişdir.
36. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz.
37. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
38. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulmasına zərurət yoxdur. Çünki yayılmış məlumatların təkzib edilməsi ilə iddiaçının işgüzar nüfuzuna vurulmuş zərər ödənilmiş olur.
39. Həmçinin, vurulmuş zərərin əvəzi olaraq 10.000 manat məbləğində kompensasiyanın ödənilmsi barədə iddia da təmin edilə bilməz.
40. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
41. Hazırki işdə isə zərərin mövcüd olması öz təsdiqini tapmır.
42. Belə ki, iddiaçı istinad etdiyi halların (bir neçə avtomobil almaq istəyən şəxslərin ilkin razılaşmadan bu yayılmış məlumatlara istinad edib sövdələşməni pozmaları və iddiaçının ümumilikdə avtomobil sifarişlərinin əhəmiyyətli dərəcədə azalması) təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia əsaslı hesab edilən hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalı və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1229/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 may 2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və iddia qismən təmin edilsin. 22 noyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən İnstagram sosial şəbəkəsində (“Avtoal” səhifəsində) İddiaçı MMC (Zeekar mağazası) barəsində yaydığı məlumatlar İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzində həmin məlumatları onun yayıldığı sosial şəbəkələrdən silinməsi vəzifəsi və həmin sosial şəbəkələrdə təkzib edilməsi barədə video yazının yerləşdirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş cəmi 80 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində mediasiya xərci cavbdeh Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov