Məhkəmə qərarları › İş №2-2(103)-737/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-737/2021

06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-737/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Mərdanova Xumar Afət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1728/2021 saylı qətnaməsindən (hakim L.Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin (hazırkı adı Cavabdeh MMC) üzərinə 2016-2017-ci illər üçün MMC-nin fəaliyyətin nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərinin ümumi yiğıncağının keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1728/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1728/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçının tələb etdiyi 2016-cı ilin 01 yanvarından 08 noyabradək təsisçi payı rəsmi olaraq 45%, 2017-ci ilin sentyabr ayının 15-nə kimi isə 25% olmuşdur. 2017-ci ilin sentyabr ayında öz payını məcburi şəkildə özgəninkiləşdirmiş və bu barədə əqdi məhkəmədə mübahisələndirmişdir. 2017-ci ilin sentyabr ayından "xxxx" MMC- dən divident almaq hüququ olmuşdur. Yəni iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən pay almaq hüququm olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1 və 90-1.2 ci maddələrinə əsasən məhdud məsuliyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmis xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məhdud Məsuliyyətli Cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. İş materiallarından göründüyü kimi 2016- 2017-ci illərdə cəmiyyətdə mənfəət bölgüsü ilə bağlı ümumi yığıncaq keçirilməmişdir. Cəmiyyətin nizamnaməsinin 10.5-ci bəndinə əsasən bütün vergilər və büdcəyə ödənişlər ödənildikdən sonra yerdə qalan xalis gəlirin təsisçilər arasında bölünməsi onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.2-ci maddəsinə əsasən MMC-nin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. İddiaçı Cavabdeh MMC-yə qarşı mənfəət tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2003 – 1729\2020 saylı 09 iyun 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə icraata xitam verilmiş və izah edilmişdir ki, ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməlidir və mənfəətin bölüşdürülməsi məsələsinə cəmiyyətin ümumi yığıncağında baxılmalıdır. Bu prosedura əməl etmədən bir başa məhkəməyə müraciət etməsi qanunsuzdur. Həmin qərardad qanuni qüvvəsini almış və iddiaçı ümumi yığıncağın keçirilməsi tələbi və ona çatacaq dividenti tələbi ilə müəssisəyə müraciət etmiş, müəssisə isə bundan imtina etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı məhkəmədə mübahisələndiridiyi əqd üzrə yalnız müəssisədəki payını satmışdır. Həmin alqı-satqı müqaviləsində eyni zamanda iddiaçının müəssisədən almalı olduğu dividentlərin də satılması ilə bağlı hər hansı bir şərt nəzərdə tutulmamışdır. Deməli iddiaçı dividentlərin alınması hüququnu özündə saxlamışdır. Bu hüququnun reallaşdırılması üçün isə mənfəətin bölüşdürülməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilmədən mümkün deyil. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı əvvəlki adı "xxxx" MMC olan Cavabdeh MMC-nin təsisçilərindən biri olmuşdur. İşdəki 14.09.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı müqaviləsindən görünür ki, iddiaçı İddiaçı həmin müəssisədəki 25% payını 800.000 manata digər təsisçi X1 (iş mat. səh.-63). Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülki Məcəllədə MMC-nin xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsinin, ümumi yığıncağının keçirilməsinin prosedura, ümumi yığıncağın keçirilməsi barədə tələb irəli sürmək hüququ olan şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi MM-nin 90-1, 91.1-2, 91.1.-3-ci maddələrinə istinad etməklə düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırda Cavabdeh MMC-nin iştirakçısı olmadığından onun MMC-nin təsisçilərinin ümumi yiğıncağının keçirilməsi barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğuna dair apelyasiya şikayətində qeyd edilən mülahizələrin qanuni əsası olmadığından məhkəmə şikayəti əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar