Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-737/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X5 Azərbaycan”QSC-nin cavabdehlər "xxxx" Firması, X2 və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-479/2024 saylı qətnaməsindən iddiaçı “X5 Azərbaycan”QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı “X5 Azərbaycan” QSC ilə cavabdeh "xxxx" firması arasında 13 mart 2009-cü il tarixdə kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanılmışdır.
2. Müqavilənin şərtlərinə görə "xxxx" firmasına 31 mart 2010-cü il tarixinədək, illik 19% dərəcəsi olmaqla 300.000 avro məbləğində pul ayrılmışdır.
3. Borcalan kredit xətti üzrə almış olduğu hər bir kredit borcunun tamamını 3 ay ərzində, faizləri isə hər növbəti ayın sonuncu iş günündən gec olmayaraq Banka ödəməyi öhdəsinə görürmüşdür.
4. Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə cavabdeh Qanuni nümayəndə və Cavabdeh2 ilə iddiaçı arasında 13 mart 2009-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır.
5. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər.
6. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(85)-211/2010 nömrəli qətnaməsi ilə iddiaçı “X5 Azərbaycan” QSC-nin "xxxx" Firmasına, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası təmin edilərək, cavabdehlərdən iddiaçının xeyrinə 13 mart 2009-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış 299.999,26 manat məbləğində əsas kredit borcu, 2375 manat məbləğində faiz borcu, hər gecikdirilmiş gün üçün hesablanmış 76711,51 manat məbləğində cərimə borcu, cəmi 379085,77 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.
7. Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli 2(85)-211/2010 nömrəli icra sənədi xx.xx.2011-ci ildə icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı “X5 Azərbaycan” QSC cavabdehlər "xxxx" Firması, Cavabdeh2 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (birgə) müştərək qaydada 299.999.26 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 205.207,83 manat, mediasıya xərci əvəzi 410 manat və 85,21 ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən (birgə) müştərək qaydada kredit müqaviləsi üzrə əsas borcdan qalan 299.999,26 manatın ödənilməsinin 1018 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 42.416,56 manat, 76.599,26 manatın ödənilməsinin 47 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 500,02 manat, 76.543,26 manatın ödənilməsinin 30 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 318,93 manat, 76.487,26 manatın ödənilməsinin 62 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 658,64 manat, 76.431,26 manatın ödənilməsinin 86 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 912,93 manat, 76.375,26 manatın ödənilməsinin 110 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 1.166,84 manat, 76.223,38 manatın ödənilməsinin 3583 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 37.931,72 manat, 76.223,38 manatın ödənilməsinin 72 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 762,23 manat, ümumilikdə isə dəymiş zərərin əvəzi kimi 84.667,87 manat, mediasıya xərci əvəzi 410 manat və ödənilmiş dövlət rüsumu 85,21 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, qanuni qüvvədə olan Sumqayıt Yerli İqtisad Məhkəməsinin 03 may 2010-cu il tarixli, 2(85)-211/2010 saylı qətnaməsi ilə cavabdehin xx.xx.2010-cu il tarixə əsas borc üzrə 299.999,26 manat ödənilməmiş borcunun qalması təsdiq edilmişdir. Cavabdeh xx.xx.2010-cu ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icra sənədi üzrə tutulmalı borcun əksər hissəsi ödənilmiş, tam icra edilməməsinin səbəbi isə cavabdehlərin mülkiyyətində hər hansı əmlak və pul vəsaitinin olmamasıdır. Eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş edir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-479/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər "xxxx" Firması, Qanuni nümayəndə və Cavabdeh2 birgə (müştərək) qaydada 12657,08 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 12742,08 manat məbləğində pulun tutularaq iddiaçı “X5 Azərbaycan” QSC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. İddiaçı «X5 Azərbaycan» QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki tələb “kredit müqaviləsindən irəli gələn öhdəliklərlə” və ya “vaxtaşırı icra edilməli öhdəliklə” deyil, vurulmuş ziyanla bağlıdır. Məhkəmə iddia tələbinə Mülki Məcəllənin 373.3-cü maddəsində nəzərdə tutulmuş “vaxtaşırı icra edilməli öhdəlik” kimi qiymət verərək, 3 illik iddia müddəti tətbiq etmiş və buna görə də iddianı yalnız “xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər müddət” üçün təmin etmişdir. Halbuki, ödənilməmiş məbləğin üzərinə faizlər “vaxtaşırı” deyil, fasiləsiz davamedən zaman üçün (gecikdirmənin başlandığıandan, məbləğin ödənilməsinə kimi) hesablanır. İddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalı olan 76.223,38 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə qanunla nəzərdə tutulmuş faizləridir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən, “məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir” bu halda, nə qədər ki, qətnamə ilə qət edilmiş borc ödənilməyib, qətnamənin çıxarıldığı tarixdən həmin qətnamə ilə yaranmış tələbin qüvvəsini itirməsi tarixinə kimi, borclu şəxs qanuni faizlərin ödənilməsi vəzifəsini daşıyır. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğ kreditorun (borcluda qalmış) mülkiyyətidir və həmin məbləğin ödənilməsinin gecikdirilməsi üçün illik 5% ödənilməsi də borclunun vəzifəsi kimi müəyyən edilmişdir və hesablanmış faizlər də həmin məbləğə əlavə olunmaqla kreditorun mülkiyyəti hesab olunmalıdır, bu halda da həmin tələbə iddia müddətinin tətbiq edilməsi qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdeh Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
17. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
23. Həmin Məcəllənin 445.7-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
27. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
28. Belə ki, iddiaçı “X5 Azərbaycan” QSC ilə cavabdeh "xxxx" firması arasında 13 mart 2009-cü il tarixli kredit müqaviləsinin bağlanılması və həmin kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə olan əsas kredit borcunun 299.999,26 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır.
29. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli 3-16/2-9/1287/2024 saylı ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdən sonra xx.xx.2013-cü il tarixdə 223.650 manat, xx.xx.2013-cü il tarixdə 56 manat, xx.xx.2013-cü il tarixdə 56 manat, xx.xx.2013-cü il tarixdə 56 manat, xx.xx.2013-cü il tarixdə 56 manat, xx.xx.2013-cü il tarixdə 56 manat məbləğində ödənişlər edilmiş və sonuncu tarixdən sonra hər hansı ödəniş edilməmişdir. Ödənilməyən əsas kredit borcunun məbləği isə 76.069,26 manat təşkil edir.
30. Göründüyü kimi ödənilməyən əsas kredit borcuna münasibətdə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış zərərin tutulması barədə iddia əsaslı hesab edilə bilər.
31. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün əsas borcun ödənilməsinin gecikdirilməsi üçün zərər kimi hesablanmış faiz borcu tutula bilməz.
33. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsində öhdəliyin icrasının gecikdirilməsi zamanı borclunun kreditor qarşısında məsuliyyəti, 445.7-ci maddədə isə xüsusi olaraq pul məbləğinin ödənilməsi öhdəliyinin icrasını gecikdirən borclunun məsuliyyəti müəyyən edilmişdir. Həmin maddədə müəyyən edilən faiz isə əslində pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirmə nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi məqsədilə kreditorun tələb etdiyi pul kompensasiyasıdır.
34. Kollegiya qeyd edir ki, pul məbləğinin ödənilməsi öhdəliyi Mülki Məcəllənin 386.1-ci maddəsində göstərilən istənilən əsasdan (zərər vurulma, əsassız varlanma, müqavilə) irəli gələ bilər. 35.Ona görə də, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsi öhdəliyinin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb üzrə iddia müddətinin keçib-keçməməsinin müəyyənləşdirilməsi zamanı öhdəliyin, yəni pul məbləğinin ödənilməsi öhdəliyinin əsası və məhz bundan asılı olaraq mübahisəyə konkret olaraq hansı iddia müddətinin tətbiq edilməli olması müəyyən edilməlidir.
36. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdehlərin pul məbləğinin ödənilməsi öhdəliyi kredit müqaviləsindən yaranmışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi öhdəliyin yaranması əsasının dəyişməmişdir.
37. Çünki Mülki Məcəllənin 386.1-ci maddəsində göstərilən istənilən əsasdan yaranan öhdəliyin icrası ilə bağlı məhkəmə qətnaməsinin qəbul edilməsi öhdəliyin yaranması əsasının dəyişməsinə deyil, həmin öhdəliyin məcburi icrasına səbəb olur.
38. Bu baxımdan, kollegiya hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilən müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilməlidir.
39. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2010-cu il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixlədə ödənişlər edilmiş və sonuncu tarixdən sonra hər hansı ödəniş edilməmişdir. Sonuncu ödəniş tarixindən hesablandıqda isə müəyyən edilir ki, üç illik iddia müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
40. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 03 may 2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış zərərin tutulması hissəsində iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X5 Azərbaycan» QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-479/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov